Artkaspi.az Ziyadxan Əliyevin "Cümhuriyyətə məhəbbətlə" adlı yazısını təqdim edir:

Türkiyədə yaşayan Azərbaycanlı rəssamların yubiley sərgisi haqqında
Bu gün xəyalən hamımızın qürurla xatırladığı
1918-ci ilə qayıtmalı olsaq, onda öncə o vaxt müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin gələcəkdə
mövcudluğunun Bakının erməni-bolşevik qoşunları tərəfindən işğalı nəticəsində
sual altına alındığını, belə ağır günlərdə Türkiyədən Azərbaycana qardaş
köməyinin gəldiyini söyləməliyik.
Görkəmli sərkərdə Nuru Paşanın başçılığı altında xilaskar Qafqaz İslam
Ordusu çox qısa müddətdə düşmənlərin məkrli niyyətlərini alt-üst etdi və yeni
hökumət üzvlərinin Gəncədən Bakıya
köçməsi ilə onun fəaliyyəti bərpa olundu.
Çox təəssüf ki, bu hökumətin 23 aylıq
mövcudluğu və çox qısa bir zaman kəsiyində gördüyü müsbət işlər sovet dönəmində
qadağalı mövzuya çevrildi və baş verənlər cəmiyyətdən gizlədildiyindən demək
olar ki, unuduldu. Yalnız ölkəmizin ikinci dəfə müstəqillik qazanması 1918-ci
il hadisələrinin üzərindən sirr qatını götürdü və bir qədər gec olsa da kimin
kim olduğu hamıya məlum oldu. Bu ilin ölkə prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə "Cümhuriyyət ili” elan olunması da keçmiş tariximizi
şərəfləndirənlərin xatirəsinə ehtiramın ifadəsi oldu. Türkiyədə yaşayan təsviri
və tətbiqi sənət ustalarımızın Azərbaycan
Xalq Cümhuriyyətinin 100, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 95 illiyinə həsr olunmuş sərgisi də bu günlər qeyd etdiyimiz
yubileylərə ehtiramın yeni ifadəsi oldu. Yeri gəlmişkən deyək ki, bu sərginin
təqdimatı günü Maltəpə bələdiyyəsində "Azərbaycan Xalq Cümhuriyyətini 100
illiyi” parkının açılışı baş tutdu, Azərbaycan və Türkiyə alimlərinin iştirakı
ilə elmi konfrans keçirildi.
İstanbulun Maltəpə bələdiyyəsinin Professor
Türkan Saylan adına Mədəniyyət Mərkəzinin iri salonunda təşkil olunan sərgidə qırxa
yaxın Azərbaycan təsviri sənət ustasının müxtəlif mövzulu əsərləri göstərilir.
Onlarda çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan milli
incəsənətimizin ənənə və müasirlik probleminin həlli kontekstində inkişafının
müasir durumunu qabarıq əks olunur. Əminliklə demək olar ki, bu gün müxtəlif
mövzulu və janrlı əsərlərinin bədii-estetik tutumunu dünyaya özünəməxsus
mənəvi dəyər kimi təqdim edən çağdaş Azərbaycan təsviri sənət ustalarının sələflərinin onlara yadigar qoyub getdikləri
zəngin bədii ənənələri uğurla davam etdirdiklərini söyləməyə tam haqları çatır.
Hazırda
Türkiyənin müxtəlif şəhərlərində tədrislə məşğul olan bu rəssamların
əsərlərində xalqımızın uzaq-yaxın keçmişinə qiyabi səyahətin bədii ifadəsini
görmək mümkündür. Yubiley tədbirlərinin Türkiyədə keçirilməsində böyük əməyi
olan Əməkdar rəssam Teymur Rzayevin çəkdiyi "Xudadat bəy Məlik-Aslanovun
portreti” əsərində Azərbaycan Xalq Cümhuriyyətinin ilk rabitə naziri təsvir
olunmuşdur. Duyulası reallıqla ifadə olunmuş bu portretdə Xudadat bəyə məxsus
cizgilərin inandırıcılıqla ifadə olumasının nəticəsidir ki, portret təzadlarla
dolu zamana tutulmuş "bədii güzgü”nün yaddaqalan əksi kimi qəbul olunur. Yeri
gəlmişkən qeyd edək ki, sərginin açılışı günü bu portretin ilk tamaşaçıları
sırasında Cümhuriyyət nazirinin nəvəsi – Xalq artisti, dirijor Ramiz
Məlik-Aslanov da var idi...
Tanınmış
fırça ustası Sərhəd Rzayevin əsərləri də bizi xəyalən ötən günlərə qaytarır.
Onun yağlı boya ilə çəkdiyi "Xatirə” əsəri tamaşaçısını bu gün fəxrlə
xatırlanan Xalq Cümhuriyyətinin hakimiyyəti illərinə şahidlik etmiş nənəsi ilə
tanış edir. Tünd boyalarla işlənmiş portretin cəlbediciliyini obrazın işıqlandırılmış
çöhrəsinə yönəldən rəssam, kommunist rejimi dönəmini əsl müstəqillikdən
fərqləndirməyi bacaran insanın yaşantılarını psixoloji çalarlarının
qabardılması ilə vəhdətdə göstərməyə nail olmuşdur.
Gənc
rəssam Elçin Mustafayevin "Cümhuriyyət gülləri” əsərində də tamaşaçını nostalji
hisslərinə toxuna biləcək lirik məqamlar duyulandır. Şaquli kompozisiyada
"salxımlanan” qızılgüllərin yaratdığı duyğulandırıcılıq kifayət qədər cəlbedici
və yaddaqalandır.
Sənətsevərlərə
daha çox qrafik əsərləri ilə tanış olan Rasim Nəzirovun yağlı boya ilə çəkdiyi
"Hayqırtı” tablosunda azadlıq uğrunda aparılan mübarizənin gərginliyini duymaq
mümkündür. Ərlərini itirmiş qadınların onları mübarizə meydanında
əvəzləmələrini əks etdirən kompozisiyada arzulanan əzmkarlıq və dinamika
forma-biçim ekspressiya ilə ifadə olunmuşdur.
İstedadlı
rəngkar kimi tanınan Əbülfəz Fərəcoğlunun "Faytonda söhbət”, Ədalət Qaranın
"Qarabağ maralı”, Faiq Ağayevin "Orta Mahur”, Fikrət Haşımovun "Unudulmuş”,
İlham Ənvəroğlunun "Dədəmin dəvəsi”, Məhəmməd Yüzbaşyevin "Qaçqınlar”, Məmməd
Şirzadovun "Novruz bayramı”, Rəhim Məmmədovun "Məhəmməd Füzuli” və Pərvanə
Əlizadənin "Pəncərə” əsərlərində xalqımızın şərəfli tarixinə göstərilən bədii
münasibət kifayət qədər çoxçalarlıdır. Burada sevinc də var, kədər də... Belə
ki, görünənlər – müxtəlif ölçülü və janrlı əsərlərin məna-məzmun daşıyıcıları
elə müəlliflərin məlum hadisələrə, insanlara və motivlərə fərqli yanaşmalarının
nəticəsidir...
Rəsul
Rzayevin "Avtoportret”ində, Rasim Nəzirovun "Qətliam”ında, Sadıq Babayevin
"Barış”ında, Sabir Mehdiyevin "Ordubad”ında, Tariyel Əlizadənin "Kədər”ində,
Şahin Məmmədovun "Barış baş tutdu” və Sərhəd Rzayevin "Bayrama hazırlıq”
tablolarında yaşanan həyat hadisələrinə özünəməxsus müəllif yanaşması mövcud olduğundan, onlar tamaşaçını
duyğulandıran estetik qaynaq kimi qəbul olunurlar.
Vahid
Novruzovun "Folklor”, Ziyad Sultanovun "Gecəqondu”, Yusif Əlizadənin "Gəlin”,
Məhər Bayramovun "Müdaxilə” və s. əsərlərdə isə görünənlərin bədii-fəlsəfi
tutumda təqdimatına üstünlük verildiyini görmək mümkündür...
Azərbaycanlı
rəssamların İstanbul sərgisinin tarixiliyini şərtləndirən amillərdən biri də
ekspozisiyada keçmiş və indiki nəsilləri mənən qovuşdurulmasıdır. Sərginin
ekspozisiyasında Azərbaycan bayrağının ideya müəllifi olan Əli bəy
Hüseynzadənin (Turan) və onun rəssam
övladlarının – Məhəmmədsəlim və Feyzavər xanımın (o, sağdır) əsərlərinin
yanaşı nümayişi, qənaətimizcə, sərgi təşkilatçılarının yubileyə özünəməxsus
rəng qatmaq istəklərinin əyani təsdiqidir. Zamanında Avropanın ən məşhur sərgi
salonlarının tamaşaçılarını heyrətləndirən Məhəmmədsəlim Turanın və İstanbulda
yaşamaqla tez-tez fərdi sərgiləri ilə sənətsevərlərin görüşünə gələn Feyzavər
Alpsarın bu sərgidə çox maraqlı əsərləri nümayiş olunur. 1910-cu ildən
Azərbaycanı tərk edən atanın və ata yurdunu bir dəfə də olsa görməyən
oğul-qızının bir sərgidə mənəvi "görüşü”, doğrudan da, çox yaddaqalan hadisə
oldu. Düşünürük ki, artıq tarixiləşən bu ekspozisiyanı bir qədər də
genişləndirilmiş şəkildə Hüseynzadələrin və digər sərgi iştirakçılarının
vətənində – Azərbaycanda nümayişi çox yerinə düşərdi...













