Biz imzaları yox, əsərləri dərc edirik...

Covid-19-lu dünya – Sona Vəliyevanın yeni şeirləri
1583
06 Aprel 2020, 13:20
 Artkaspi.az saytı Sona Vəliyevanın şeirlərini təqdim edir:
 
 
Covid-19-lu dünya
 
Yer üzü unudulmuş,
atılmış qadın kimidir indi...
Atadan yetim, 
qardaşdan arxasız,
əlləri sevgidən üzülü,
qapısı qəfil gedişdən
çırpılan qadın dünya... 
 
Göz yaşında 
islanmış bəxtini
paltarın cibində yuyulan
son çörək pulu kimi
qurutmaq üçün 
soyuq qəlb evində, 
pəncərə önündə 
gecədən günəş gözləyir
dualarıyla... 
Oyaq-oyaq yuxu görür dünya, 
yol uzanır, göydən yerə... 
"Yuxuda yol nicatdır" - deyərlər, 
bitəcək mütləq, 
dünya qadının çəkdikləri, 
Allah atmayıb dünyanı... 
sabah Günəş doğacaq, 
açılacaq Yer qadının 
çırpılan qapısı, 
tövbələr göy qurşağıtək
körpüyə çevriləcək, 
düzələcək Yerlə Göyün arası, 
düzələcək.
 
 

 
 
 Badam çiçəkləri arasında "#Evdəqal" düşüncəsi
 
 
Cənnətdən bir ovuc gözəllik
axıb bu bağa...
Yaqut çiçəkli badam ağacları,
üstü nəğmə oxuyan qaratoyuqlar,
altında körpə, ürkək bənövşələr...
Tanrıdan başqa,
günəşdən özgə
hər şey unudulur burda;
namərd adamın xisləti,
ədalətsizin haqq dərsi,
ömür nəğməsinin xaric səslənməsi,
hər şey,
hər şey yolunda,
yaqut rəngindədir burda...
Hətta burda
çarxı Tanrı əliylə 
qoyulmuş kimi fırlanır,
bu gün tərsinə çevrilmiş dünyamız...
Viruslar,
müharibələr,
Afrikadan Suriyaya qədər
itən ümidlər,
əsir torpağın qələbə arzusu,
hər şey çiçək-çiçəkdi burada.
Ağacların başı üstə ay işığı, 
altı bənövşə hədiyyəli... 
cənnətin qapısı açılıb, 
sanki bir dəqiqəlik...
Allah sübhədək çiçək yaradıb. 
İndi yaqut ləçəkləri 
üstünə çəkib dincəlir,
çiçəklər arasında...
Gözlərim,
qəlbim 
Allahla çiçəklərin rəsmini çəkir. 
keçməyin qarşıdan, insanlar, 
yavaş qanad çalın, quşlar,
ey ruzisi çiçək olan, 
eşqi bal dadan, iynəli arılar, 
bir an susun! 
Yorğun Allah dincəlir, 
yaqut rəngli badam çiçəkləri arasında.
 
 
Evdə qal
 
Könlümüzün dərinliyinə çəkildik,
bağladıq qapıları,
Yer üzü dərddən, virusdan,
ölümün zəhmindən
qorxub, insan
can qurtarır,
Yer üzünün sabahı üçün.
İnsan xəlvətə çəkilmişkən
öz-özü ilə hesab çəkə kaş...
Neçə günahını,
tövbə ilə öldürməyə,
kini-ədavəti,
bəlalı nəfsini
qürura,
sevgiyə yenməyə,
təkəbbürü mərhəmətə,
şəfqətə dəyişməyə,
evdə qalmağı,
zamanı dəyərləndirməyə,
Tanrı dərd içində
möhlət göndərib insanlara...
Ruhun xəlvətdə
arınma zamanı bu gün.
İnsanın ömür bazarında
alıb satdıqlarını,
unudub atdıqlarını,
tək Allaha deyil,
özünə borclarını
haqq sayğacında
hesaba vurmağa,
Tövbə qapısında
etirafa durmağa,
qapılar açıq,
duaların yolu işıqlıdır.
Ey insan oğlu,
Tanrı sınağındasan bu gün,
bəladan xilas yolun
imtahandan
 üzü ağ çıxmağından keçir.