Biz imzaları yox, əsərləri dərc edirik...

“Costa” mükafatı verildi
69
13 Fevral 2018, 12:08
 Ötən il əksər nüfuzlu mükafatların ilk və qısa siyahısında yer almış britaniyalı şair, dünya uşaq ədəbiyyatının uğurlu nümayəndələrindən Helen Dunmorun "Dalğalar qoynunda” ("İnside the wave”) adlı sonuncu şeir toplusu "Costa” fondunun "İlin ən yaxşı kitabı” mükafatına layiq görülüb. Ötən il 64 yaşında xərçənglə mübarizədə uduzan, iyun ayında dünyasını dəyişən şair xanım bu mükafat ölümündən sonra layiq görülən ikinci ədibdir. İlk dəfə isə "Costa” mükafatını Ted Haqs 1998-ci ildə ölümündən sonra – "Ad günü məktubları” ("Birthday Letters”) şeir toplusuna görə alıb. 
 

 
  "Dalğalar qoynunda” Dunmorun xərçəng diaqnozunu öyrənməsi və onunla mübarizə dövründə yaşadıqlarına həsr olunmuş şeirlərdən ibarətdir. Kolleksiyanın sonuncu şeiri şairin ölümündən cəmi on gün əvvəl yazılıb – "Qucağını aç mənə”. Bu şeirdə Dunmor ölümü bir ana kimi xəyal edir.
  Yanvarın 30-da təşkil edilmiş təqdimetmə mərasimində mükafatı Dunmorun həyat yoldaşı Frank Çarnli və övladları Patrik və Tess qəbul ediblər. Anasının mükafatını alarkən çıxış edən Patrik Çarnli onu xatırlayıb: "Şeir anamın ruhu idi. Bu topludakı şeirlər onun həyatını, yarım qalmış xəyallarını tamamlayır. Mənə elə gəlir ki, burada onun ən gözəl şeirləri cəm olub. Çox şəxsi və qüsursuz. Mən redaktor Neyl Astliyə anam, ailəm və oxucular adından təşəkkür edirəm”.
  Hazırladı: Elcan Salmanqızı
Xəbər lenti