Biz imzaları yox, əsərləri dərc edirik...

Corc Oruellin 73 il sonra dərc edilən essesi
214
11 Fevral 2019, 10:40
 Britaniya Şurası 73 il sonra ingilis yazıçısı Corc Orueldən üzr istəyib və onun "İngilis kulinariyasının müdafiəsi üçün” essesini, nəhayət, dərc edib. Şura bu esseni məşhur "1984” və "Ağıl” romanlarının müəllifinə 1946-cı ildə özü sifariş edib, lakin sonra qərarını dəyişib. Ədibə deyiblər ki, esseni dərc etmək ağılsızlıqdır, çünki Böyük Britaniya vətəndaşları İkinci Dünya müharibəsinin aclıq günlərini hələ unutmayıblar.

 AZƏRTAC "Novosti literaturı” saytına istinadla xəbər verir ki, budur məşhur britaniyalının essesi uzun illərdən sonra nəhayət ki, oxuculara çatıb. Əsər Oruell Fondunun icazəsi ilə tam həcmdə Britaniya Şurasının saytında yerləşdirilib.
 Yazıçı əsərdə Britaniya adaları üçün tipik olan pəhrizdən ətraflı yazıb. Bu rütubətli Şimal ölkəsinin pəhriz yeməklərində kərə yağından çox, bitki yağından az istifadə olunur, günün çox saatında isti içkilərə geniş yer verilir, bütün ədviyyat və güclü dadı olan bəzi otlar ekzotik məhsullar sayılır.
 Müəllif britaniyalıların mətbəxi barədə mülahizə yürüdərək, bu və ya digər bölgə üçün ənənəvi olan yeməklər üzərində ətraflı dayanıb, Avropadan gələn hər hansı kulinariya yeniliyini bir kənara atıb. Oruell hətta essenin sonunda pendirli Valliya qrenkiləri, Yorkşir pudinqi, patkalı piroq, qaymaqlı tort, Milad pudinqi kimi ən məşhur yeməklərin ətraflı reseptlərini təqdim edib. Yalnız tərkibində çoxlu şəkər və su olan portağallı marmelad reseptinin altında əllə "Pis reseptdir!” sözlərini yazıb.