Biz imzaları yox, əsərləri dərc edirik...

Təkcə istedadın gücü ilə yazıçı olmaq olmaz – Con Steynbekdən ədəbi məsləhətlər
2044
21 Avqust 2019, 10:54

 
 Artkaspi.az Con Steynbekin "Hekayə yazmağın qeyri-adi yolları" adlı məktubunu təqdim edir:

  
 
 "Təkcə istedadın gücü ilə yazıçı olmaq olmaz. Hər kitabın arxasında mütləq insan zəhməti dayanmalıdır” – Emerson deyirdi. Onun da uğurunun arxasında təbii ki, bir sirr var. Dünya ədəbiyyatında "Bitməyən mübarizə”, "Siçanlar və insanlar”, "Cənnətin doğuşu”, "Qəzəb salxımları”, "Həyat gəmisi”, "Mirvari”, "Unudulmuş əyalət” kimi dəyərli əsərlərlə iz qoyan Kaliforniyalı yazıçı Steynbekin ədəbi fəaliyyəti "Pulitzer” (1940) və Nobel (1962) mükafatları ilə dəyərləndirilib. Hər kitabı geniş müzakirələrə səbəb olan yazıçının qələmindən çıxan ən dəyərli nümunələrdən biri də 1962-ci ildə (60 yaşında ölümünə 6 il qalmış) ədəbiyyata yeni addım atanlar – təzəcə başlayan yazarlar üçün qələmə aldığı məktubdur:
 

 

  Məktub:
 "Stanforddakı hekayə yazmaq kurslarına qoşulmağımdan nə qədər uzun zaman keçsə də, o zamankı təcrübələrimi yaxşı xatırlayıram. Gözlərim parıldayırdı, möhtəşəm bir hekayə yazmağın formulunu öyrənməyə özümü kökləmişdim. Bu yanılma çox qısa çəkdi. Çünki orda mənə deyilənə görə əla hekayə yazmağın bircə yolu var idi – əla hekayə yazmaq. Hekayənin necə ərsəyə gəlməsi prosesi xaricində, bir hekayənin nə qədər yaxşı yazıldığını ancaq yazıb bitirdikdən sonra anlamaq olardı. Orda bizə deyirdilər ki, hekayə yazmaq ən çətin işdir və fikirlərini ədəbiyyat tarixində az sayda "əla hekayə”nin olması ilə isbatlamağa çalışırdılar. 
  Kursda bizə öyrədilən ilk məsələ çox bəsit idi: təsirli hekayə oxucuda iz qoymalıdır və çatdırılan fikirlərin əhatəliliyi hekayənin "əla” olmasının etalonudur. Əslində, elə öyrədilən yeganə qayda bu idi. Başqa bir qayda yox idi. Hekayə əgər təsirlidirsə, onun hansı mövzuda olması önəmli deyil, istənilən yazı texnikası, ya da məna tutumu o qədər də vacib sayılmır. Bu qaydanın əlavəsi də var idi – yazıçı nə demək istədiyini, yəni nə haqqında danışmaq istədiyini bacarmalıdır. Yəni, məsələn, hekayənin məğzini bir cümlə ilə ifadə etmək mümkündürsə, yazıçı onu 3-5, ya da 10 min kəlmə ilə ifadə edəcək qədər genişləndirə bilməlidir. 
 

 

  Hekayə yazmağın onlarçün gizli formulu budur. Bundan artıq fikirləri yox idi və biz yazmaq məsələsində tək idik. Bəzi zəif hekayələr yazmalıydıq. Əgər mükəmməlliyin bütün sirlərini kəşf etməyi qarşıma məqsəd qoysaydım, cəhdlərimə verilən qiymətlər mənə əsl həqiqəti göstərərdi. Və əgər haqsız yerə tənqid olunduğumu hiss etsəydim, illərlə redaktorların fikri mənim düşündüyümü yox, müəllimlərimin dediyini təsdiq etmiş olardı. Məktəb illərində yazdığım hekayələrin bəyənilməməyi nəşriyyatların dəfələrlə rədd etdiyi hekayələrimdə əksini tapdı. 
  Mənə qarşı münasibət ədalətli deyildi. Yaxşı bir hekayəni oxuyaraq anlayırdım, hətta onun necə yazıldığı da mənə məlum idi. Bəs niyə elə bir hekayə yaza bilmirdim?! Bəlkə də iki hekayə bir-birinə bənzəmədiyi üçün oxuduğum gözəl bir hekayə əsla yazdığım hekayəyə bənzəmirdi. İllər keçdikcə bir çox mükəmməl hekayə yazdım, mükəmməl alınan bu hekayələrin necə qələmə alındığını hələ də bilmirəm.
 

 

  Bəlkə hekayə yazmağın gizli bir qaydası var, hətta mən də bu formulun varlığına inansam da, heç kim bunu nəsildən-nəslə ötürüləcək bir resept formasında təqdim edə bilməz. Formul, sadəcə yazıçının vacib bildiyi şeyləri oxucuya ötürmək qabiliyyətində, cəhddə gizlidir. Əgər yazıçıda bu qabiliyyət varsa, onu ötürməyin bir yolunu tapacaq. Çünki əslində, zəif dediyimiz hekayə bizə heç nə verməyən, təsirsiz hekayədir. Yazandan sonra hekayəni dəyərləndirmək çox çətin deyil. Amma nədənsə illər keçsə də, bir hekayəyə başlamaq məni ölüm qədər qorxudur. "Qorxmuram” – deyə bilən yazıçı xoşbəxtdir, amma bəsit və əla bir hekayə müəllifi olacağının fərqində deyil. 
 "Bütün dünyanın yazıçısı olmalıyam” deyə düşündüyüm vaxtlarda mənə çoxlu tövsiyələr verilirdi. Mənə verilən məsləhət: "Yaxşı hekayə yazmaq və qüdrətli yazıçı olmaq çox uzun vaxt tələb edir və bəlkə də yazıçılıqdan heç pul qazana bilməyəcəksən. Avropaya getmək sənin üçün daha yaxşı ola bilər”. "Niyə?” – soruşdum. Müəllimim "Çünki Avropada kasıblıq şanssızlıqdır, amma Amerikada kasıblıq utanılası bir şeydir. Kasıblıq zülmünə dözüb-dözməyəcəyini bilmirəm”.
 Onda hamı kasıb idi və bunda elə də utanılası bir şey yox idi. Kasıblıqla necə mübarizə apardım, bunu da heç vaxt bilməyəcəm. Amma müəllimim bir şeydə haqlı idi. Yazıçı olmaq çox uzun vaxt aldı. Hələ də almağa davam edir. Və yazar üçün əsla bundan daha asan yol yoxdur. Mənə demişdilər ki, bütün ciddi yazıçılar bu çətin yoldan keçir".

İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI