Artkaspi.az Mirmehdi Ağaoğlunun "Cin – ədəbiyyatda və kinoda" adlı yazısını təqdim edir:

Bu yaxında rayonlardan birində qəribə və kriminal xarakterli hadisə
baş verdi. Yoldaşları içinə cin girdiyini iddia etdikləri bir adamı döyə-döyə
öldürdülər. Xatırlayırsınızsa ötənlərdə də bir qızdan cin çıxarılması
səhnəsinin əks olunduğu video yayılmışdı. Onda, elə indi də cin mövzusu geniş
müzakirələrə səbəb oldu, bəşər övladının başqa planetlərdə koloniya qurmağa
hazırlaşdığı XXI əsrdə (pafoslu səslənmədi ki?) cin, pəri kimi varlıqlara
inanan insanlar ciddi şəkildə qınanıldı. Olsun. Ancaq gəlin etiraf edək ki, cin
və digər qeyri-real varlıqlar həyatda nə qədər qəbuledilməz sayılsalar da sənət
üçün hər zaman cəlbedici olublar.

Cinlər ən qədim mifoloji personajlardandırlar. Müqəddəs kitablarda da
adları xüsusi vurğu ilə keçir. Tövratda, İncildə, Quranda cinlər haqqında
yazılıb. Rəvayətə görə Həzrəti İsa içinə cin girmiş bir insanı görür, həmin
adamın içindən cini qovub donuzlara daraşdırır. Bədbəxt məxluqlar da özlərin
uçurumdan atırlar.
Quranda isə cin adı dəfələrlə keçir və Allahın yaratdığı bir varlıq
kimi doğru yola dəvət olunur. Belə ki, "Zariyyat” surəsinin 56-cı ayəsində
deyilir: "Mən insanları və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratdım”.
"Cinlər” adlı 72-ci surə isə bütövlükdə bu varlıqlara həsr edilib. İslam
inancına görə hər bir müsəlman Quranda yazılanlara inanmalıdır. O məntiqlə
müsəlman olan kəs cinlərin varlığını da qəbul etməyə borclu.
Təbii ki, bizim məqsədimiz cinlərin varlığını sübut etmək və ya hər
hansı bir toplumu (müsəlmanları – M.A.) qeyri-real varlıqlara inanmaqda ittiham
etmək deyil. Hər halda İslam aləmində cinlərə inam başqa yerlərə baxanda çox
olub ki, elə cinlər haqqında ən kolorotili və zəngin əhvalatlar da bu
coğrafiyada yayılıb.

Hər şeydən qabaq onu qeyd edim ki, ərəbcədə "gecə qaranlığı”,
"görünməz varlıq” mənasını verən "cin” sözü xristian və slavyan mifologiyasında "besı”, "demon” kimi
varlıqlarla eyniləşdirilsə də aralarında fərq böyükdür. İslam inancına görə
cinlər də insanlar kimi azad yaradılıblar. Onlar da dinlərini seçməkdə
sərbəstdirlər. Buna görə cinlərin içində islamı və başqa dinləri qəbul edib
insanlara yardım edənləri də var və kafir olub zərər verənləri də. "Besı” və
"demon” adlandırılan varlıqlar çox vaxt insanlara zərər verməklə məşğuldurlar.
Cinlərin ən çox məskunlaşdıqları bədii ədəbiyyat nümunəsi "Min bir
gecə”dir. Onlar daha çox bu qədim Şərq nağıllarından tanınanaraq dünyaya
yayılıblar.
"Min bir gecə” nağıllarından da göründüyü kimi cinlər çox vaxt misdən
hazırlanmış lampanın içinə həbs olunurlar ("Əllədinin sehirli çırağı” nağılı).
Kimsə onları xilas edir. Bundan sonra cinlər xilaskarın üç arzusunu yerinə
yetirməyə razılıq verirlər. Şərq nağılarında bir qayda olaraq cinlər bu "üç
arzu” hesabına insana yardım edirlər. Bizim son dövrlərdə eşitdiyimiz "cin
olayları”ndan fərqli olaraq nağıllardakı cinlər daha çox insanlara yardım etmək
üçün çarpışırlar. Düzdür, onlar bunu özbaşına həyata keçirmirlər, hər halda son
nəticədə insanın iradəsinə tabe olurlar.
Son illərə qədər bizdə cinlər elə nağıllardakı kimi sözəbaxan
olublar. Yəqin siz də bu rəvayəti eşitmisiniz: Bir adam hər səhər yuxudan durub
görür ki, atı qan-tər içindədir. Bir dəfə yatmır, atı güdür. Sən demə, hamı
yatandan sonra bir cin atı minib çapırmış. O, atın belinə qır yaxır. Cin gəlib
atı minəndə yapışır. Həmin adam da cini sancaqlayaraq ondan "qul” kimi istifadə
edir, bütün işini-gücünü gördürür. Və bir gün kimsə cinin şirin sözünə aldanıb
sancağı ondan çıxarır, beləliklə cin yox olur, yerinə yetirdiyi işlər də
əvvəlki vəziyyətinə qayıdır.
Göründüyü kimi xalq arasında yayılmış rəvayətlərdə də cinlər qəddar
və qorxunc deyil, çox vaxt insana məğlub olan, onlardan asılı vəziyyətə düşən
"fağır” məxluqlardırlar.
"Fağır” dedim, 1992-ci ildə istehsal olunmuş "Ələddin” multfilmindəki
cin personajı yadıma düşdü. "Uolt Disney” studiyasının istehsalı olan "Ələddin”
"Min bir gecə” nağılının motivləri əsasında çəkilmiş çoxseriyalı cizgi filmi
idi. Ekran işi o qədər populyarlıq qazandı ki, sonradan videooyunları da
hazırlandı. Cizgi filmində cin obrazını ingiliscə mərhum aktyor Robin Uilyams
səsləndirmişdi. Yəqin şən, zarafatcıl, bəzən küsəyən cin obrazı hələ
yadınızdadır.
Ancaq cinin kinematoqrafiyadakı tarixi "Ələddin” cizgi filmindən də
qədimlərə dayanır. Yaşlı nəslin yaxşı xatırlayar, bir vaxtlar sovet yazıçısı
Lazar Laqinin "Qoca Xottabıç" adlı povesti var idi. Sovet
pionerlərinin sevimli əsərlərindən sayılan bu povest sonralar ekranlaşdırıldı.
O filmin qəhrəmanı olan Əbdürrəhman ibn Xottab adlı cin də məzəli və şən, sözəbaxandır.
Hətta o qədər sözəbaxandır ki, axırda nümunəvi Sovet vətəndaşına çevrilir,
Leninə baba deyir. Dünya kinosu ilə müqayisədə Azərbaycan kinematoqrafiyası nə
qədər məhdud imkanlı görünsə də bizdə cinlərlə bağlı iki film çəkilməsi faktı
da var. Bunlardan biri "Qərib cinlər diyarında" (1977), digəri
"Cin mikrorayonda" (1985) adlanır.

Cinlər kinoda olduğu kimi ədəbiyyatda da canlı və olduqca maraqlı,
fakturalı personajdırlar. Yuxarıda Laqinin "Qoca Xottabıç” əsərinin adını
çəkdik. Redyard Kiplinqin də "Niyə dəvənin hürgücü var?” adlı nağılında
cinlərdən bəhs olunur. Cin mövzusuna müraciət etmiş başqa yazıçılar da var.
Keçmişə getmədən hind əsilli ingilis yazıçısı Salman Rüşdinin adını çəkmək
olar. Onun son romanlarından olan "İki il, səkkiz ay, iyirmi səkkiz gecə”
əsərinin qəhrəmanı da cinlərdir. Lakin Qoca Xottabıçdan fərqli olaraq Rüşdinin
romanındakı cinlər dünyanı məhv etmək istəyən, amansız və qəddar
məxluqlardır.
Cinlər Şərq miniatür sənətinin də ayrılmaz personajlarından hesab
oluna bilər. O sənət nümunələrinə diqqət edəndə rəngkarlıq ustalarının cinlər
barədə geniş məlumata malik olduqları açıq-aydın hiss olunur.
Bu kiçik yazıyla cinlər mövzusunu əhatə edə bildikmi, bilmədikmi,
bunu oxucu deyəcək. Mənimsə müəllif olaraq bir arzum var; Ələddin kimi lampadan
cin çıxarsaydım, əmr edərdim ki, özüqarışıq bütün cinləri ədəbiyyat və
incəsənətə həbs eləsin. Qoy həmişəlik orda yaşasınlar. Və heç vaxt həyatımıza
müdaxilə eləməsinlər.