Biz imzaları yox, əsərləri dərc edirik...

Cinayət və onun cəzası – Məmməd Qocayev
1783
20 Sentyabr 2018, 13:30
 Artkaspi.az Məmməd Qocayevin "Cinayət və onun cəzası" adlı essenin üçüncü hissəsini təqdim edir: 
 
 

 Belə qəbul olunmuşdur ki, Raskolnikovun cinayəti adi cinayətlərdən deyil, ideya cinayətidir, yəni ideyadan doğan və ideyanı təsdiqləməyə yönəlmiş olan cinayətdir. Söhbət sadəcə olaraq yoxsulluqdan və ehtiyacdan getsəydi, əlbəttə, hər şey çox sadə və asanlıqla izah oluna bilərdi. Hər şeyi mürəkkəbləşdirən, əlbəttə, ideyadır. Və bu ideyanın mahiyyəti nədən ibarətdir? Raskolnikovu cinayətə sövq edən səbəb nədir? Bu sualın cavabını kimsə bilirmi? Raskolnikovun özü bu suala birmənalı cavab verə bilərdimi? Yəni burada qəhrəman sözü nə dərəcədə etibarlı və mötəbər sözdür? Bədii ədəbiyyatda belə qəbul olunub ki, qəhrəmanın sözünə və etirafına əsaslanaraq, ədəbi tənqid və ya ədəbiyyatşünaslıq elmi müəyyən nəticələr hasil edir. Amma bu üsulu Dostoyevskinin polifonik romanına tətbiq etmək olmaz. Hətta qəhrəmanın özü haqqında dedikləri belə şübhə altına alınır və əksərən də rədd edilir. Bəs onda Raskolnikovu özündən savayı, onun özündən yaxşı kim tanıya bilərdi? Məsələ də elə bundadır ki, sən demə, insanın ən pis tanıdığı və əksərən, haqqında səhvə yol verdiyi bir kəs varsa, o da onun özüdür. Romanın sujeti boyu Raskolnikov öz fikir və duyğularını olduğu kimi söyləyə bilmir. O, roman boyu özünü axtarır, özünü dərk etməyə çalışır və dərin çaşqınlıqlardan və səhvlərdən keçir. Özünə yetmək, özünü axtarıb tapmaq insan üçün ən həlli müşkül bir məsələdir. Raskolnikov da özünü tanımır, öz hərəkətlərini, öz cinayətinin əsl səbəbini izah edə bilmir, çünki axtarır, özünü dərk etmək istəyir, amma sonacan dərk edə bilmir.
Bu mənada onun Sonya Marmeladovayla olan dialoqu çox əlamətdardır. Sonya ondan nə səbəbdən bu qətli törətdiyini soruşur. Raskolnikov o saatdaca düzgün cavab verə bilmir, bilməyərəkdən özünü aldadır. Nə üçün qətl baş verdi? Birinci olaraq ağla gələn cavab bu olur: qarət etmək üçün. Bu çox bayağı cavabdır, adətən, həyatda olduğu kimidir. Əksər qətl və cinayətlər məhz bu məqsədlə törədilir. Bəs onda Raskolnikov oğurladığı pullardan nə üçün istifadə etmir, nə üçün onları haradasa uçuq-dağınıq bir həyətdə, daşın altında gizlədir və bir daha onun dalınca qayıtmır? Bəs necə olur ki, Raskolnikov son qəpiyini başqalarına verir, özü isə pul üçün qətl törədir? Burada müəmmalı suallar çoxdur. Ona görə də Sonya onun bu cavabını qəbul etmir, sadəcə olaraq ona inanmır. Raskolnikovun bu cavabının, bu sözlərinin doğru olmadığına onun özünün də üslubu, yəni danışıq tərzi və tonu şəhadətlik edir. Osvald Şpenqler yazırdı ki, insanlar dil səviyyəsində, sözdə, əksərən, yalana yol verirlər. Amma sözlər yalan deyəndə, hərəkətlər o yalanı büruzə verir. Hərəkətlər də yalan deyəndə, səs və səsin tonu yalanı bildirir. Üz və bədən hərəkətləri, eləcə də səsin tonu şüurdan deyil, təhtəlşüurdan gələn impulslarla təyin edilir. Ona görə də şüur onlara nəzarət edə bilmir və insan öz jestlərində və səsinin tonunda həmişə səmimi olur. 
 

 
 Bu baxımdan Raskolnikovun cavab tərzinə fikir versək, onun doğru danışmadığını, hər halda sözlərinin doğruluğuna özünün də tam mənada inanmadığını görərik: "qarət etmək üçün” – bu sözləri Raskolnikov "necəsə yorğun halda və hətta sanki pərt halda” söyləyir. Ağır həqiqəti bu cür demirlər. Ona görə də Sonya ona inanmadı. Bunu görən Raskolnikov cavabında etiraf edir ki, indi o, çox axmaq bir şey dedi. Bəs bu axmaq sözü bu ağıllı Raskolnikov nə üçün dedi? Onunçün ki, bir dəqiqə əvvəl, bu sözləri deməmişdən onların bu qədər axmaq və yalan olduğunu heç özü də bilmirdi. Sözün yalan olduğu o deyiləndən və dinləyicidə müəyyən təəssürat oyatdıqdan sonra aydın olur. Raskolnikov sanki həmsöhbəti vasitəsilə, onun reaksiyası vasitəsilə öz sözlərinin nə dərəcədə doğru olub-olmadığını özü üçün aydınlaşdırır. Bu da M.Baxtinin o fikrini yada salır ki, sözün əsl yaşam vəziyyəti dialoqdur. Məhz dialoqda söz öz gizli həqiqətini (semantik mənasını deyil) büruzə verir. İnsan da özünü və öz daxili mahiyyətini başqaları ilə ünsiyyətdə büruzə verir. Bu mənada Sonya sanki Raskolnikov üçün aqibət tərəfindən göndərilmiş bir haqq güzgüsüdür ki, qəhrəman bu güzgüdə özünü özündən yaxşı görür, yəni öz bildiyindən daha düzgün görür.
 Raskolnikovun birinci cavabı bütün səviyyələrdə: həm onun üslubunda, həm Sonyanın reaksiyasında, həm də qəhrəmanın son etirafında rədd edilir. Və burada Raskolnikov ikinci cavaba, yəni ikinci bəhanəyə əl atır. O, deyir ki, bəs Napoleon olmaq istəyirmiş və bax elə bu səbəbdən də qarını öldürüb. Burada sonradan ağla gələn dəlil ilkin dəlil kimi qələmə verilir. Raskolnikov, doğrudan da, Napoleon və onun kimi qeyri-adi şəxsiyyətlər barəsində düşünür, onların öz ideyaları yolunda bütün maneələri dəf etdiklərini yada salır. Amma bu bəhanə qətlin əsas səbəbi deyildi. Bununla belə bəzi tədqiqatçılar, hətta kifayət qədər adlı-sanlı və səriştəli rus tədqiqatçılarından bəziləri Raskolnikovun Napoleon olmaq barəsindəki sözlərini iqtibas kimi gətirərək, elə buradaca nöqtə qoyur və mübahisəni bitirirlər. Amma biz burada üç nöqtə qoyub, mətnin davamını oxumağı təklif edirik. Raskolnikov bu sözləri dedi, amma necə dedi: inamlamı, qətiyyət­ləmi, yoxsa şübhə içindəmi və inamsız haldamı? Nəhayət, Sonya Raskolnikovun bu dəlilini necə qəbul etdi və qəhrəmanın son sözü nə oldu? Yazıçı remarkada qeyd edir ki, Raskolnikov sanki düşünməkdən təngə gələrək bu sözləri dedi. Sonya isə inanmadı və cavabında dedi ki, yaxşısı budur, qoy o, misalsız-filansız danışsın, yəni sadəcə olaraq birbaşa həqiqəti desin. Raskolnikov isə Napoleon barəsində öz düşüncələrini söyləyir və qeyd edir ki, o, bir anlığına öz yerində Napoleonu təsəvvür etdi və düşündü, görəsən o məşhur imperator öz karyerasının başlanğıcında, əgər onun başqa çıxış yolu olmasaydı, belə cılız, bayağı, ona yaraşmayan bir addıma əl atardımı? Və elə o saatdaca anladı ki, nəinki tərəddüd edərdi, heç düşünmədən və əzab çəkmədən qarını elə o andaca qətlə yetirərdi. Bəs onda Raskolnikov niyə düşünür, niyə tərəddüd edir? Əlbəttə, ona görə yox ki, o zəif şəxsiyyətdir, ona görə ki, onun qəlbinin dərinliklərində başqa bir duyğu bu şər əmələ qarşı etiraz edir. Napoleon kimilərində isə bu ikinci səs, ikinci duyğu yoxdur. Amma Raskolnikov bunu bilmirdi, çünki o hələ özünün qəlbindəki o ikinci səsi əməlli-başlı dərk etməmişdi. Beləliklə, Napoleon barəsindəki etüdü o çox inamla, üslubi cəhətdən sərrast şəkildə tamamlayaraq özü barədə deyir və qeyd edir ki, o da bu nüfuz sahibinin nümunəsini əsas götürərək gedib qarını öldürüb. Hələ ki Napoleon barəsində danışırdı, Raskolnikovun üslubu səlis və aydın idi. Elə ki özü barədə danışmağa başlayır, öz hərəkətini əsaslandırmaq istəyir, elə o saatdaca onun cümlələri qırıq-qırıq olur, yersiz pauzalar yaranır ki, bu da üç nöqtələrlə qeyd olunur. Deməli, özü haqda dediklərinə tam, ürəkdən əmin deyil, ona görə də sözdəki səhvlər, yalanlar öz əks-sədasını səsdə tapır. Sonya da bu dəlili qəbul etməyəndə Raskolnikov deyir: "Sonya, sən yenə də haqlısan. Axı bu cəfəngiyatdır, demək olar ki, yalnız boş-boşuna çərənləmədir”. Raskolnikov özünün Napoleon olmaq iddiasını elə buradaca cəfəngiyat adlandırır. Bundan sonra təəccüb edirsən ki, mətni necə səthi oxumaq lazımdır ki, bu dəlili cinayətin əsas səbəbi kimi qəbul edəsən. Dostoyevski mətnlərinin həqiqəti sözdə, cümlədə, ayrıca bir mətn parçasında deyil, əsərin bütövlüyündə, sistemin özündə ehtiva olunur. Ona görə də bu həqiqətlərə çatmaq təkcə oxucular üçün deyil, tədqiqatçılar üçün də problemə çevrilir. Deməli, ikinci dəlil də bütün səviyyələrdə rədd edilir. Onda Raskolnikov üçüncü dəlilə əl atır.
 Bu dəfə o humanizm dəlilinə müraciət edir. Öz anasının və bacısının acınacaqlı vəziyyətindən ətraflı şəkildə söhbət açaraq sözünü belə tamamlayır ki, o, istəyirdi ki, qarının pullarını ələ keçirib, onları anasına əzab vermədən, öz ilk addımlarına xərcləsin, universiteti bitirsin, universitetdən sonra özü üçün yeni karyera düzəltsin, müstəqil olsun və s. Burada da Raskolnikovun karyera, universitet barədəki mücərrəd düşüncələri inamlı təsir bağışlayır. Amma özü haqqında, yəni qarını öldürməsinin səbəbi barədə danışanda onun nitqi yenə də hər kəlmədə büdrəyir, öz axıcılığını itirir: "Hə… hə, vəssəlam… Hə, aydındır ki, mən qarını öldürdüm, – mən bunu pis elədim… hə, kifayətdir!”. Bu üslub kələ-kötürlülüyü sözlərin arxasında gizlədilən yalandan xəbər verir və müəllif bu yalanı çox incə şəkildə, böyük ustalıqla, əsl bədii məharətlə oxucunun diqqətinə çatdırır. Oxu­cu­dan isə, sadəcə olaraq, səriştə və fəhm tələb olunur. O, bilməlidir ki, Dosto­yev­s­kidə hər bir kəlmənin, hər bir durğu işarəsinin, hətta kursivin belə öz mənası var və bu incə mənaların üstündən ötüb keçmək olmaz. Sonya Raskol­ni­kovun bu dəlilini qəti şəkildə rədd edir və Raskolnikov yenə də etiraf edir; Sonyanın etirazına cavab olaraq deyir: "Bununla belə, Sonya, mən yalan danışıram… artıq çoxdandır ki, yalan danışıram… Sən haqlısan. Burda tamam, tamam, tamam başqa səbəblər var!..”
 

 
 Burada haqlı olaraq sual ortaya çıxır: ağlı başında, savadlı adam olan Raskolnikov niyə daim "yalan danışır”? Nədir, Sonyadan qorxurmu? Axı o, qanun keşikçisi-filan deyil. Bu üç dəlil belə asanlıqla rədd ediləcəkdisə, onları gətirməyə nə hacət vardı? Yəni onlar doğrudandamı bu qədər yalan idi? Bu üç dəlili rədd edərək, müəllif hər halda onlardan qəhrəmanın qəlbində bir iz qaldığını söyləyir. Bu dəlillərin öz həqiqəti var. Onların hər biri Raskolnikovun yuxusuz gecələrdəki o əzablı düşüncələrinə daxil idi, amma ilkin səbəb kimi deyil, əzəli ideyanı əsaslandırmaq üçün əlavə bir vasitə kimi. "Gizlindən qeydlər” əsərinin qəhrəmanı deyirdi ki, bütün o xadimlər ona görə fəaldırlar ki, küt və məhduddurlar, dərinə getmədən, düşünmədən qarşılarına çıxan maneələri elə o saatdaca nəyin bahasına olursa olsun dəf edir və məqsədə can atırlar. Raskolnikov isə bu cür düşünüb-daşınmadan, işin məğzinə varmadan hərəkət edə bilmir. Ona görə də onun qarşısında işin lehinə və əleyhinə çoxlu sayda dəlillər peyda olur ki, bu da ona birmənalı şəkildə və qətiyyətlə, tərəddüdsüz-filansız hərəkət etməyə mane olur. Raskolnikov Sonyanın qarşısında etiraf edir ki, o, bütün bu məsələləri gecələr, qaranlıqda çək-çevir etmiş, onların axırına çıxa bilməmişdi. (Burada, mötərizədə qeyd edək ki, bu suallar və məsələlər axıra çıxılası məsələlər deyildi, çünki onları insan ağlı, insan qəlbi həll etməyə qadir deyildi). Raskolnikov da bu məsələlərin həlli üçün əzab çəkərək, onları bir yana çıxara bilməyərək, birdəfəlik bu iztirabdan qurtarmaqçün hərəkətə başlayır. Həqiqəti və haqqı tapdığına görə deyil, onları heç vaxt tapa bilməyəcəyinə görə hərəkətə başlayır, bir növ gözlərini yumub iztirab içində kənarında durduğu o uçuruma atılır. Özü də bilir ki, bu uçurum məsələnin həlli deyil, amma daim o uçurumun qaşında dayanmaq da əzablı və dözülməz bir işdir. Bu, həlli olmayan məsələ, daha doğrusu, iki həlli olan məsələ: ağıl səviyyəsində bir həlli, qəlb səviyyəsində tamam başqa həlli olan məsələ Raskolnikovun həyatını cəhənnəm əzabına çevirir və o, bu əzabdan tezliklə qurtulmaq istəyir. Elə burada da o, dördüncü, əsl səbəbi söyləyir. İnamla, tərəddüdsüz-filansız söyləyir və Sonya da ona etiraz etmir, onunla mübahisəyə girmir, səssizcə dinləyir və ürəkdən onun halına acıyır. Çünki görür ki, o, Allahın yolundan çıxıb, şeytan onu aldadıb, amma şeytan barəsində bir qədər sonra. İndi isə Raskolnikovun sonuncu, dördüncü dəlili: o, yenidən özünün nə vaxtsa yazmış olduğu məqaləsinin ideyasına qayıdaraq qeyd edir ki, kim ki əqli və ruhi cəhətdən mətindir, o da insanlar üzərində hakimdir. Kim ki daha cəsarətlidir, o da hamının nəzərlərində haqlıdır. Kim ki hər şeyə tüpürə bilir, o da qanunverəndir. Yəni Raskolnikov burada həqiqətdən deyil, reallıqdan danışır. Həyat özü belədir. Bax bu gerçəkliyi seyr edərək o, belə bir nəticəyə gəlir ki, axı niyə bu ədalətsizliyə, bu cəfəngiyata qarşı heç kəs etiraz eləmir, etiraz eləməyə cəsarət etmir? Raskolnikov bu cəfəngiyata etiraz edir. Amma bir şey var ki, onun bu cəfəngiyat dediyi həyatı Allah yaradıb. Raskolnikov burada Allaha toxunmur, ona qarşı çıxmır, onun yaratmış olduğu dünyaya qarşı da çıxmır. Bunu sonralar İvan Karamazov edəcək və Allahın dünyasına qarşı müharibə elan edəcək. Raskolnikov isə sanki bu adsız dünyaya, heç kəsin dünyasına, ya da insanların dünyasına qarşı çıxır və özünün də xəbəri olmur ki, o, əslində, Allahın dünyasına qarşı çıxır – elə ona görə də məğlub olur. Raskolnikov cəsarət edib cəfəngiyat hesab etdiyi dünyaya, həyata qarşı üsyan edir. Bu qlobal cəfəngiyatın, cinayət üzərində qurulmuş bu haqsızlığın (Raskolnikovun nəzərlərində) qarşısında Raskolnikovun cinayəti ona çox cüzi bir şey kimi görünür. O, bunu heç cinayət də hesab etmir. O, tezliklə bilmək istəyir ki, bu cəfəngiyata qarşı çıxmağa onun qüdrəti çatacaqmı? Bax elə burda da o Napoleonun nümunəsini köməyə çağırır. Napoleon öz məqsədləri naminə milyonları qurban verdi, mən Raskolnikov yaramaz bir qarını qurban verə bilmərəmmi? Ümumiyyətlə, belə bir təşəbbüs insana rəvadırmı? Onun buna haqqı varmı? Raskolnikov bunu bilmək istəyirdi. O, insanın səlahiyyətlərinin hüdudlarını və miqyasını təyin etmək istəyirdi, hər şeyə mütiliklə boyun əymək istəmirdi. Hərçənd bilirdi ki, dində də, Allahda da belə tələb olunur: öz aqibətinə mütiliklə boyun əymək, dözmək. Buna fatalizm deyirlər və fatalizm xristian dininin təməl daşıdır. Amma özünü bir şəxsiyyət kimi dərk etmiş insan öz iradəsindən imtina edə bilmir. Lermontovun Peçorini demişkən, bəs onda insana ağıl və iradə nə üçün verilib? Raskolnikov da deyir ki, mən həyatda bircə dəfə yaşayıram və haqqı özüm, burda, bu dünyada görmək istəyirəm. Haqqı deyəndə, əlbəttə, insani haqq, ilahi haqq deyil, məhz insani haqq nəzərdə tutulur. Raskolnikov etiraf edir ki, o anasına kömək etmək xatirinə deyil, bəşəriyyətin xilaskarı olmaq xatirinə də deyil, şəxsən özü üçün və öz naminə öldürüb. Yəni öz haqqını bilmək, onu təsdiq etmək üçün öldürüb. Bu da onu istər-istəməz Allaha qarşı qoyub. Sonya bu müdhiş katexizisi dərindən-dərinə anladı, Raskolnikovun bu etirafına inandı,  onun Allahın yolundan çıxdığını görərək dedi: "Siz Allahdan ayrı düşmüsünüz, Allah da sizi məhv edib, şeytanın ixtiyarına verib”. Burda Raskolnikov özünün sonuncu etirafını edir: "məgər mən təkcə qarınımı öldürmüşəm? Mən qarını deyil, özümü öldürmüşəm. Bax beləcə əbədi olaraq məhv etmişəm!.. Bu qarını isə mən öldürməmişəm, onu şeytan öldürüb…” Əlbəttə, burada Raskolnikovun adını çəkdiyi o şeytan mistika deyil, xəstə təxəyyülün sayaqlaması da deyil. Burada şeytan xalq inamının rəmzlərindən biridir. Şeytan Raskolnikovun ağlında olan, sonra da onun qəlbinə girən ideyadır. İndi bu ideya həyata keçərək şeytana çevrilir. İdeyayla şeytan eyni semantik kökə bağlıdır. Şeytan Raskolnikovun qəlbinə ideya libasında daxil olur, onu cinayətə sövq edir və sonra da ona anladır ki, onun bu cinayəti törətməyə haqqı yox idi. Bəs nə üçün yox idi? Ona görə yox ki, o güclü deyildi, Napoleon deyildi, ona görə ki, onun qəlbində Allah hələ diri idi, öz qəlbindəki Allahı o hələ öldürməmişdi. Dostoyevskinin belə bir kəlamı var: "Diri Allahın əlinə düşmək dəhşətdir”. Raskolnikov öz qəlbindəki diri Allahın əlinə düşür. Ona görə də onu böyük işgəncələr gözləyir. Napoleon və onun kimiləri ona görə güclüdürlər ki, onlar öz qəlblərindəki Allahı çoxdan məhv etmişlər, ya da onlara elə gəlir ki, məhv etmişlər.
 

 
 Beləliklə, Raskolnikov fövqəlinsan, Napoleon olmaq istəmirdi. O, sadəcə olaraq şəxsiyyət olmaq və öz şəxsi hüquqlarından sonacan istifadə etmək istəyirdi. Amma Raskolnikov hələ başa düşə bilmirdi ki, şəxsiyyətin ən geniş azadlığı, ən böyük haqqı və iradəsi onun ilahi həqiqətlərə tapınmasındadır.
 Raskolnikovun həyatını mürəkkəbləşdirən, çətin axtarışlarında ona kömək, ya da mane olan amillər və xarakterlər vardır. Onlardan birincisi Sonya Marmeladovadır. Onu Raskolnikova aqibətin özü göndərmişdi. Eyni zamanda Sonyayla Raskolnikovun yaxınlaşması məntiqi hadisədir. Hər ikisi yoxsul və kimsəsizdirlər. Onlardan biri (Sonya) bütün ümidini Allaha bağlayır, digəri isə özünə, öz gücünə arxalanmaq istəyir. Ona görə də Sonya özünə, öz həyatına başqalarına xidmət etmək üçün bir vasitə kimi baxır, tərəddüd etmədən özünü qurban verməyə hazırdır. Raskolnikov isə özünə, öz şəxsiyyətinə bir məqsəd kimi yanaşır, özü üçün yaşamaq istəyir, qarını özü üçün, öz ideya məqsədləri üçün qurban verir. Yəni başqasını özünə qurban verir, Sonya isə özünü başqasına qurban verir. Bunlar iki əks mənəviyyat, iki əks məntiq, iki əks həyat fəlsəfəsidir ki, onlardan biri dinə və xalq mənəviyyatına (Sonya), digəri isə (Raskolnikov) ideyaya və cəmiyyətin prinsiplərinə arxalanır və ondan çıxış edir. Dostoyevski hesab edir ki, Sonya Marmeladova kimi xarakterlər istisna və uydurma deyil, ən dərin reallıqdır – insan ruhunun ənginliklərindən gələn arxetipin reallığıdır. Raskolni­kovun xarakteri, onun ideyası, həyat prinsipləri və etikası olsa-olsa cəmiyyətin törəmələridir. Şüur, şəxsi iradə və istək səviyyəsində Raskolnikov cəmiyyətin övladıdır, onun məhsuludur. Mənəviyyat səviyyəsində, ruhun dərinliyində o da Sonya kimi humanistdir və xalq mənəviyyatına bağlıdır. Ona görə də Raskol­nikovun həyat yolu onun ideyadan, cəmiyyət etikasından, eqoizm fəlsəfəsindən tədricən, ağrılı şəkildə, dolanbac yollarla qurtularaq haqqa tapınmasındadır. Cəmiyyət öz təcrübəsi vasitəsilə şəxsiyyətin xarakteri, ağlı və mənəviy­yatının üstünə çoxlu sayda yad, şər məzmunlu dəyərlər qalaqlayır və insanın ilkin mahiyyəti bu süni dəyərlər altında görünməz olur. Lakin həyat təcrübəsi, qəlbin təcrübəsi, mənəvi iztirablar təcrübəsi yavaş-yavaş insana bu yükdən azad olmağa kömək edir, o, tədricən saflaşır, öz mahiyyətinə qayıdır. Raskolnikovun dəyişməsi, tədricən başqalaşması onda olmayan yeni xüsusiyyətlərin yaranması demək deyildir, əksinə, onda olan gərəksiz dəyərlərdən azad olaraq, eynən onda olan, lakin zaman-zaman gizli qalan digər, gərəkli və insani dəyərlərin üzə çıxması deməkdir. Bu, çox maraqlı və dərin bir insan fəlsəfəsidir. İnsanı dəyişdirmək ona yeni dəyərlər təlqin etmək demək deyil, ondakı əzəli dəyərləri üzə çıxarmaq deməkdir. 
 Bu mənada Dostoyevski üçün insan dünyaya gələndə ağ vərəq kimi deyil, bütün insani dəyərlərin daşıyıcısı kimi gəlir. Ona görə də Dostoyevskinin özünəməxsus tərbiyə konsepsiyası, pedaqoji sistemi vardır: insanı tərbiyə vasitəsilə dəyişdirmək deyil, sadəcə olaraq onda olan və gizli qalan dəyərləri üzə çıxarmaq lazımdır. Bu mənada Dostoyevski insan üçün onun uşaqlıq təəssüratlarının (müsbət və mənfi) çox böyük təsiri olduğunu qeyd edir. O, hesab edir ki, əgər uşaq ilk yaşlarında, məsələn, bir dəfə Miloslu Veneranın, ya da Belvederli Apollonun heykəlinə tamaşa edibsə və o ilahi gözəllik onun qəlbində həkk olunubsa, ola bilməz ki, sonralar bu təəssürat, bu ilahi dəyər onun aqibətində öz sözünü deməsin, öz rolunu oynamasın. 
 Dostoyevskinin bəzi qəhrəmanları bu uçurumun dibinə yuvarlanacaqlar, çünki onlarda geriyə qayıtmaq, özünə tapınmaq imkanı olmayacaq (məsələn, Stavrogin, "Şeytanlar" romanının qəhrəmanı). Raskolni­kovu Sonya xilas etdi desək dəqiq alınmaz. Amma Sonyanın rolunu da inkar etmək olmaz. Cinayətə qədər olduğu kimi, cinayətdən sonra da Raskol­nikov, əgər belə demək mümkünsə, iki əks gücün kəsişmə nöqtəsinə düşür. Onlardan biri Sonya və onun etiraf tələbi, digəri Arkadi Svidriqaylov, onun mübarizə və mü­qa­vimət məsləhəti. Raskolnikovun Sonyaya etirafı zamanı Svidriqaylov qonşu otaqdan, qapının arxasından onun dediklərinin hamısını eşidirdi. İndi o, Raskolnikovu izləyir, onu öz tərəfinə çəkmək istəyir, Amerikaya qaçmağı məsləhət görür. Raskolnikov üçün bu yol da məqbuldur, o, bu yolla da gedə bilərdi. Amma necə ki qətlə qədər onun qəlbində ideya mənəviyyata üstün gəlmişdi və nəticədə qətl törədilmişdi, indi də onun qəlbində mənəviyyat ideyaya üstün gəlir və nəticədə onun aqibətində əks bir tendensiya başlanır. Roman çərçivəsində qəhrəman daim ziddiyyətlər və tərəddüdlər girdabında qalır. Onun bu girdabdan azad olub haqq yoluna çıxması romanın süjet hadisələrindən kənarda qalır. Burada Sonya Marmeladovanın bir insani xüsusiyyətini də qeyd edək. Raskolnikovun aqibəti yolundakı mübarizədə bu cılız, fağır və zavallı qız qalib gəlir. Sonya güclü çıxdı. O, güclü şəxsiyyətdir, amma eyni zamanda son dərəcə zəifdir. Bir fərd olaraq zəifdir, amma əsaslı bir dayaq üzərində durduğuna görə güclüdür. Bu dayaq imandır, dindir, Allaha olan etiqaddır. Bu da Sonyanı güclü edir. Svidriqaylov isə iradəli və varlı bir kişi də olsa, səhv dayaqlar üzərində bərqərar olmuşdu, ona görə də məhv oldu, intihar etdi. Onun intiharı Raskol­ni­kovun Sonya göstərən yola qayıtması üçün güclü bir təkan oldu.
 Pyotr Petroviç Lujin ikiqat Pyotrdur. Pyotr sözünün mənası daş deməkdir. Dostoyevski əsərlərində Pyotr adlı, Petrov soyadlı müsbət qəhrəman yoxdur. Rus çarı Pyotra da Dostoyevskinin münasibəti mənfi idi, onu antixrist kimi qəbul edirdi. O, Rusiyanı öz milli  məhvərindən çıxarıb, yad bir məhvərə, Avropa məhvərinə salmışdı. Dostoyevski bunu ona bağışlaya bilmirdi. Əgər Puşkinin Birinci Pyotra olan münasibəti ikili idisə, Dostoyevskinin münasibəti birmənalı şəkildə mənfi idi. 
 

 
 Pyotr Lujin də elə çar Pyotrun yaratmış olduğu cəmiyyətin nümayəndəsidir, onun müasir nəticəsidir. Lujinin obrazına fikir versək, yazıçı öz diqqətini onun zahiri əlamətlərində, paltarında, əlcəklərində, şlyapasında və s. cəmləşdirir və bir dəfə də olsun onun daxili aləminə nüfuz etmir, ona görə ki, bu daxili aləm deyilən şey onda yoxdur. O, sırf formanın, formal məğzin təcəssümüdür. Onun həyat prinsipləri və həyat fəlsəfəsi belədir ki, hər bir fərd yalnız və yalnız özü üçün, öz firavanlığı naminə yaşamalı və başqasını düşünməməlidir. Raskolnikov ona deyir ki, qarının qətli onun fəlsəfəsinə əsasən baş verib. Cəmiyyətdə bu cür şəxslərdən nə qədər çox olarsa, bir o qədər də cəmiyyət güclü və zəngin olar. Bu fikri Pyotr Lujin söyləyir. Pyotr Lujin kimi şəxslərdən ibarət olan cəmiyyəti Dostoyevski kimyəvi parçalanmaya məruz qalmış cəmiyyət hesab edir. Burada insanları birləşdirən heç bir mənəvi əlaqə yoxdur. Onları bir yerdə yaşamağa vadar edən şey rəqabət və mübarizədir, yəni mərkəzdənqaçma qüvvəsidir. Budur cəmiyyət deyilən bütövlüyün mahiyyəti. Dostoyevski cəmiyyətə qarşı xalqı, milli ruhu qoyur və hesab edir ki, bu zəmində insanları birləşdirən vahid bir qüvvə vardır – İsa məzhəbi. Bu inam bütün insanların qəlbinə hakim olaraq onları bir vəhdət halında, bir ailə kimi birləşdirir. Odur ki, lujinlər dünyasının, yəni cəmiyyətin axırı yoxdur. Nicat yolu dindədir. Rusiyanı İsa məzhəbi xilas edəcəkdir.