Artkaspi.az saytı Günel Eminlinin babası ilə müsahibəni təqdim edir:
Babam – Məhəmməd Eminov 1929–cu ildə Masallı
rayonunun Hacıtəpə kəndində doğulub, bu günə qədər orda yaşayır. Vaxtilə
kəndimizin məşhur baytar həkimlərindən olub. 90 yaşında belə ürəkdən gülümsəyən
babamdan pozitivliyi və optimist olmağı irsən almışam.
Bütün həkimlərin, sağlam qida kouçlarının,
dietoloqların, nutrisioloqların sağlam qida ilə bağlı təbliği üçün çalışdığı
bir vaxtda, buna baxmayaraq get–gedə artan xəstəliklər, eləcə də gənclər
arasında artan intihar hadisələri
fonunda bu il 90 illiyini qeyd edən babamdan necə belə sağlam və uzunömürlü
yaşamağın sirlərini öyrənmək ondan müsahibə almağa qərara verdim. Elə kəndə
getmişkən, babanı ziyarət edərək, ona suallarımı vermək istədim. Həyətə girər–girməz
babanı sevdiyi məşğuliyyətinin üzərində yaxalayıram.

– Baba, nə
işlə məşğulsan?
– Üzüm dərirəm sənə.
– Çox sağ ol. Düş aşağı, "Miçurin” baba. Sənə
suallarım var. – Yerimi rahatlayıb, üzümdən yeyərək başlayıram:
– Baba, səncə, sənin uzunömürlü və sağlam yaşamağının
sirri nədədir?
– Ciddi məsələlərə baş qoşmaq lazım deyil.
– Necə yəni ciddi? Ciddi işlə məşğul olmayaq?
– Yox, onu demirəm. Həyatında olan hadisələr
ağırlaşanda çox kədərlənmək lazım deyil. Bekara ver getsin. Çox başını ağrıtma.
Onsuz da, hər şey gəldi–gedərdi.
– Oldu baba. Çalışarıq. Keçək onda o biri məsələyə.
Qadınların və elə hamının ən ağrılı mövzusuna. Bütün dietoloqlar həkimlər
deyir, yağ yemə, çörək yemə, qırmızı ət
yemə, şəkər yemə, sən də isə həmişə bunların əksini görmüşəm. Plovunu elə
yağlayırsan, düyülər yağın içində üzür. Səhər sıyığına böyük tikə yağ atırsan.
Özü də şəkərlə yeyirsən. İndi mən qarşımda sənin kimi canlı nümunəyə inanım.
Yoxsa onlara? Səncə, onlar yalan deyir?
– Yox, onlar yalan demir. Məsləhətə həmişə qulaq
asmaq lazımdır. Amma mən həmişə ürəyim nə istəyib onu yemişəm. Bədənim nə tələb
edibsə, onu. Heç vaxt onu incitməmişəm. Xətrinə dəyməmişəm.
– Baba, axı sən deyəni eləsək, onda gərək hamı artıq
çəkili olsun. Amma sən nəmxuda, heç vaxt artıq çəkili olmamısan.
– Ürəyin istəyəni yemək üçün gərək ürəyin istəyən
qədər də hərəkət edəsən. Mən heç vaxt bekar dayanmıram. Həmişə nə iləsə
məşğulam.
– Deməli, ürəyin istəyən yemək lüksünü qazanmaq üçün
çoxlu hərəkət etmək lazımdır.
– Elədir ki, var.
– Baba, indiki gənclərdə intihar dalğası yaranıb.
Universitetə daxil olmur, istəmədiyi adama ərə verilir deyə özünə qıyan gənclər
çoxalıb. Siz – yaşlı nəsil bu gənclərə
nə məsləhət verə bilərsən ki, belə iş tutmasınlar?
– Çox pis ki, onlar belə hərəkət edirlər. Mənim də
çətin uşaqlıq dövrüm olub. Müharibədə itirdiyim qardaşım, ailəmiz çətin dövr
keçirdib. Amma heç vaxt belə bədbin hisslərə qapılmamışıq. Günəş hər gün çıxır,
insan ondan necə imtina edə bilər? Mübariz olsunlar. Sınmasınlar. Hər
çətinliyin arxasında bir asanlıq gəlir. Bunu qulaqlarında sırğa eləsinlər.

– Sən onda demək istəyirsən ki, pozitiv və optimist
olsunlar. Düzdür, mən səni heç vaxt qaşqabağlı görməmişəm. Həmişə üzün gülümsəyir.
Deməli, sağlam qalmağın sirlərindən biri də budur.
– Kədərli olanda adama nə verirlər? Heç nə. Ancaq öz
qanını qaraldırsan. Gülümsəsən, hər şey yaxşı olacaq. İşlə başını məşğul edib,
bir də gördün hər şey düzəlib.
– İş demişkən, baba sən çoxlu işlərdə çalışmısan.
Danış da onlardan.
– Bu 90 illik həyatımda məşğul olmadığım iş qalıb
ki... Baytar həkimi işləmişəm. Sonra meylim maşın sürməyə keçdi. Uzun müddət
sürücü işlədim. Hər növ maşın sürmüşəm. Motosiklet, kamaz, sonra teplovoz.
Ovçuluqla, balıqçılıqla məşğul olmuşam. Kənddə böyük mağazanın müdiri
işləmişəm. O qədər işlərim olub ki. Sadalamaqla bitməz.
– Baba, bilirəm ki, səyahət etməyi də sevirsən. Keçən
il İrana getdin, atamla şəhərlərini gəzdin. Dəbə–baba yurdumuz Ərdəbilə getdin.
Necə oldu təəssüratların?
– Əla. Heç yorulmadım. İmkan olsaydı lap çox
gəzərdim. İşimlə əlaqədar Rusiyanın bir çox şəhərlərini gəzmişəm. Yaxın və Uzaq
Şərq ölkələrində də olmuşam. İranda da olmuşdum. Amma Ərdəbilə istəyirdim.
Nəhayət, ora da getdim. Ən böyük arzum Türkiyənin Qars vilayətinə getməkdir.
– Cavanlar ona görə qocalır ki, sanki heç bir arzuları
qalmayıb. Amma sən 90 yaşında səyahət planları qurursan.
– Əlbəttə, həyat çox maraqlıdır. Həmişə arzu etmək
vacibdir. Allah kərimdir, bir də gördün hamısı çin olub.
– Baba, həmişə qəzet oxuyursan, radioya qulaq
asırsan. Özü də elə diqqət kəsilirsən ki, sənin fikrini heç nə yayındırmır.
– Hər şeydən xəbərdar olmaq vacibdir. Gərək zəmanəylə
ayaqlaşasan. Qınına çəkilib oturmaq olmaz.
– Baba, bilirsən indi sosial şəbəkələr deyilən bir
yer var. Gəl sənə hesab açım, fotonu qoyaq. Dünyanın istənilən yerindən yaşıd
baba, nənələrlə yazış. Nə deyirsən?
– Qışda şəhərə gələcəm. Edərik.
– Baba, kəndimizdəki həyətdə hər ağaca, hər çiçəyə
qulluq edirsən. Bağımız çox gözəldir. Yormur səni bağda işləmək?
– Heç elə şey adamı yorar? Daş daşımıram ki... Mən
dincəlirəm. Bağ–bağatımdı məni belə saxlayan. Hər gün özümü onlara həsr edirəm.

– Keçək indi əsas məsələyə. Baba, nənəni sevib ailə
qurmusan? Sevgi nə dərəcədə vacibdir?
– Həə.... Vacibdir, çox vacibdir. Sevməsən bu qədər
vaxtı bir yerdə yaşamaq olmazdı. Ona görə sevmək də, sevilmək də, hörmət də
həmişə vacibdir.
– Baba, onda gəl sonda belə qısa təlimatlar ver.
Uzunömürlü olmaq və çox yaşamaq haqqında.
– Ürəyiniz nə istəyir onu yeyin. Şirniyyata heç vaxt
yox deməyin. Dözümlü və mübariz olun. Kədərli, ciddi şeylərə baş qoşmayın. Günorta
heç olmasa 1 saat yatın. Çoxlu səyahət edin.
Bağ–bağçanız varsa onunla məşğul olun .Sevin, həmişə sevin, sevilin.
Sevdiyinizlə ailə qurun. Başqasıyla ömrünüzü zay eləməyin.