Biz imzaları yox, əsərləri dərc edirik...

Cəlil Məmmədquluzadənin nəsri – Allahverdi Məmmədli yazır
1678
19 Aprel 2019, 12:46
 Artkaspi.az saytı Allahverdi Məmmədlinin "Cəlil Məmmədquluzadənin nəsri və ya mollanəsrəddinçilərin yaradıcılığı azərbaycançılıq kontekstində" yazısının təqdim edir:
 
 "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş  yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurısi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır”. 
 
 İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
 
 
 Cəlil Məmmədquluzadə yaradıcılığı Azərbaycan ictimai-ədəbi mühitinin müəyyən zaman faktı olsa da, bu heyrətamiz yaradıcılıq dünyasına hər nəslin öz qayıdışı, öz baxışı var. Bu gün özünün yeni və əbədi müstəqillik dövrünü yaşayan Azərbaycanın indiki nəslinin Cəlil Məmmədquluzadənin bədii irsinə yanaşma tərzi isə daha geniş diapazonlu, ideoloji kanonlardan uzaq, daha obyektiv olmalıdır. Heç kəsə sirr deyil ki, Cəlil Məmmədquluzadə yaradıcılığının elə məqamları var ki, bu məqamlar haqqında Azərbaycan tədqiqatçısına yalnız indi ortaya çıxarmaq, bütöv söz demək imkanı vardır. Bu mənada Cəlil Məmmədquluzadənin çoxşaxəli tematikası sırasında azərbaycançılıq səyləri ayrıca bir araşdırma faktı tələb edir. 
 
  

 
 Əvvəlcə azərbaycançılıq barədə.  Azərbaycançılığın milli mədəniyyət, milli bədii fikir, ictimai dünyagörüşü istiqamətində qədim tarixi vardır. Mil­lətin formalaşma prosesi ilə tarixən üst-üstə düşən azərbay­cançılıq, fərddən cəmiyyətə, cəmiyyətdən dövlət səviyyəsinə qədər böyük bir inkişaf yolu keçmişdir. Mədəniyyətin müx­təlif pillələri tədrici təkamülün  mərhələləri hesab oluna bilər. Onların hər biri keçmişin bəhrəsi olduğu kimi, həm də gələ­cəyin formalaşmasında rol oynayır. Mədəniyyətin müxtəlif pillələri bizim kontekstdə həm də azərbaycançılığın çeşidli pillələrini özündə ehtiva edir. Hər bir millətin mədə­niyyəti onu təmsil edən xalqın milli dəyərləri üzərində inki­şaf edir.
 Azərbaycan mədəniyyəti və bədii fikri, bədii söz sənəti tarixən və əsasən, vətən, millət və ana dili anlayışlarını özün­də birləşdirən azərbaycançılığın ifadəsinə, istiqlalın əldə edilməsinə, milli şüurun oyanmasına, dilin varlığının qorunmasına xüsusi səy göstərmişdir. 
 İdeologiyada mədəniyyətin başlıca vəzifəsi xalqda vətən əxlaqı tərbiyə etməkdir. Azərbaycançılıq vətən əxlaqının tərkib hissəsi kimi zaman-zaman ziyalıların istinad yeri olmuşdur. Bu ideologiyanın milli bədii söz sənə­tində daimi mövzu kimi qalması da bu zərurətin dərk edilmə­sindən doğur. Vətənin müqəddəratı, millətin taleyi, ana dilinin qorun­ması və inkişafı ilə bağlı məsələlər azərbaycançılığın özəyini təşkil edir. 
 Özlüyündə ayrı-ayrı mənaları ehtiva edən azərbaycanlı və azərbaycançı anlayışları fərqli semantikaya malikdir. Müəyyən tale, tarix, ideya birliyinə malik olan müxtəlif xalq və etnoslar birlikdə Azərbaycan xalqını təmsil edirlər. 
 Azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik və müstəqillik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə də bir ölkədə yaşayan azərbaycanlıların bir çox nəsillərinə xidmət edəcək.
 Cəlil Məmmədquluzadənin yaradıcılığında milli ideya-azərbaycançılıq qırmızı xətlə keçir. Xüsusilə, onun nəsrındə millətin oyanışına, özünüdərkinə, tərəqqisinə çalışmaq məramı qabarıq şəkildə ifadə olunmuşdur. Yazıçının fundamental nəsr əsəri olan "Danabaş kəndinin əhvalatları” (1894) bütün bədii məziyyət­ləri ilə məhz bu mərama xidmət edir. 
 Ədib əzilən və öz hüquqlarını tələb etməyən insanların dərdini ifadə etməklə, onların niyə bu günə qaldıqlarının səbəbini göstərir. Buna səbəb kimi mühit və bu mühitin insanı öz hüquqlarından məhrum etməsi önə çəkilir. Müəllif tipik bir kəndin simasında bütöv bir ölkənin gerçək mənzərə­sini yaratmaqla, həyəcan təbili çalır. Təsirli vasitələrlə göstə­rir ki, vətəndaş öz həmkəndlilərinin halına acımağı belə yada sala bilmir. İmkanı olan hər kəs özündən aşağını təhqir etmə­yə, yamanlamağa, onu ac-yalavac qoymağa, var-dövlətini əlindən çıxarmağa hazırdır. Xudayar bəyin ölən "dostunun” dul arvadı Zeynəbə inadkar "məhəbbəti” onun olan-qalanını əlindən almaq məqsədinə qulluq edir. Hətta Zeynəbin doğ­maca oğlu da öz mənafeyi naminə anasından imtina etməyə meyllidir... Bu kənddə əsrin yeni qaydalarından xəbərsiz insanlar yaşayır. Ədib dünyadan xəbərsizliyin, hüquqsuzlu­ğun günahını bir tərəfdən rejimdə, imperiya siyasətində görürsə, digər tərəfdən də həyat uğrunda mübarizə yollarını bilməyən insanların özündə axtarır. Bu halal insanlar ancaq  şükranlıq etməklə yaşayırlar. Müəllif isə onlara istiqlal dü­şüncəsi aşılamaq istəyir.
 
 
 

 
 "Poçt qutusu”, "Qurbanəli bəy”, "İranda hürriyyət” və bu tipli onlarca nəsr əsərlərində vətənin müstəmləkə zül­mündən azad olması, millətin öz hüquqlarını anlaması barədə məsələlər qoyulur. 
 Əlbəttə, "Poçt qutusu”ndakı Novruzəlinin adi poçt qu­tusuna nabələdliyi bir xalqın savadsızlığının ümumiləşdiril­miş faktı kimi ibrətamizdir. Lakin bu kiçik hekayə həm də insanın öz hüquqları uğrunda mübarizə barədə düşünməkdən çəkinmək faktını da ifadə edir: Novruzəli onun savadsızlığı­na bais olan, onu mütiliyə alışdıran rejimdə heç bir günah görə bilmir. 
 Yazıçı, əslində, novruzəlilərin sivil bir xalq kimi formalaşmasına mane olan müstəmləkəçilik siyasətini daha çox sa­tira atəşinə tutur. Ədəbiyyatşünaslıqda etiraf olunduğu kimi, divanxananı yaxşı tanımağa məcbur edildiyi halda poçt qutusunun, poçtxananın mahiyyətini bilməyən Novruzəlinin taleyinin təqdimi ilə ədib Azərbaycan kəndlisinin böyük müdafiəçısı olduğunu nəzərə çatdırmışdır.
 Müəllif Novruzəlinin savadsızlığının, öz hüquqlarını bilməməsinin səbəbini müstəmləkəçilik siyasətində olduğunu göstərmişdir. Çar Rusiyası yerli millətlərin inkişafına daim əngəl törətdiyindən, poçt məmuru da başqa millətin nümayəndəsidir. 
 "Qurbanəli bəy” hekayəsində də milli azadlıq ideyası­nın dolayısı yolla ifadəsi və əsərin bütün ruhunda Azərbay­canın müstəqilliyinə qənim kəsilmiş imperiya siyasətinin ifşa məqamları var. Hekayənin ilk sətri: "Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür”. Və sonra bu xanımın – yadellinin arvadının ad gününün məhz Azərbay­can mühitində necə təmtəraqla qeyd edilməsindən bəhs edilir.
 Qurbanəli bəyin "tostuna” diqqət edək: "Mən özümü bu gün xoşbəxt hesab eyləyirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin. Ondan ötrü ki, çünki nə qədər ki, Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim... Naçalnik ağa, sən bizim başımızın sahibi­sən... Qurban sənə mənim canım. Nə qədər ki, mən sağam, nökərəm sənə” .
 Qurbanəli bəy obrazı yaltaqlığın yox, mövcud şəraitdə müəyyən dərəcədə ayıqlığın ifadəçisidir. Onda Kərbəlayi Qasıma müəyyən mərhəmət hissi var. O, Qarabağ atı ilə qürur duyur. Qurbanəli bəy naçalniki və onun xanımını bir növ ələ salır. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə çariz­min müstəmləkəçilik siyasətinə qarşı mübarizə apardığı üçün Azərbaycan bəyini rus naçalniki qarşısında alçaltmazdı. Mirzə Cəlilin Qurbanəli bəyi rus naçalnikinin ailəvi məc­lisində bir növ kefkomluq etməyi bacaran obraz kimi diqqəti cəlb edir 
Bu hekayələrdən aydın olur ki, millət özünü dərk etmə­yincə, tərəqqisi mümkün deyil. Özünüdərkin əsasında isə millətin, vətənin müstəqilliyi dayanır. 
 Mirzə Cəlil, bütövlükdə mollanəsrəddinçilərdən ötrü  hürriyyət ən böyük mədəniyyət və milli dirçəliş atributu olmuşdur. Ancaq hürriyyət qazanmaq üçün hürriyyətin - azadlığın nə olduğunu bilmək lazımdır. Ədib "İranda hürriy­yət” (1906) hekayəsində öz hüququnu dərk etməyən, hürriy­yət haqqında anlayışı  olmayan, bir qarın çörək üçün ölkələrə səpələnən, getdikləri ölkələrdə də eyni aclıq və səfalətlə  üzləşən insanların acı taleyini qələmə almışdır.
 Bəs İranda və Azərbaycanda olan bu acınacaqlı vəziy­yətin səbəbi nədir? Səbəb "İranda hürriyyət” hekayəsində açılır. Bu əsər aktuallığına və realizminə görə, ədibin "Poçt qutusu”, "Usta Zeynal”, "Qurbanəli bəy”, "Nigarançılıq”, "Zırrama” və başqa klassik hekayələri ilə yanaşı durur. 
 "İranda hürriyyət” hekayəsi XX əsrin əvvəllərində Cənubi Azərbaycandakı ictimai proseslərin səviyyəsini və mənzərəsini təsəvvür etməyə şərait yaradır. Hekayədəki mülahizələr mövcud vəziyyəti göstər­məklə yanaşı, artıq milli oyanışa və azadlığa meylin olduğu­nu əyani şəkildə nümayiş etdirir: "Axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin?! O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək… belə zadlar gələr. Yoxsa, vallah, mən də ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə də hürriyyət alış-verişi eliyəni də mən eşitməmişəm”.
 İctimai mühiti çox dolğun şəkildə ifadə edən bu hekayə insanın özünüdərki fonunda millətin özünüdərk problemini ortaya qoyur. "Poçt qutusu”nda əsrin ən adi texniki vasitəsi­nə nabələdlik fonunda mövcud vəziyyəti əks etdirən yazıçı "İranda hürriyyət”də daha irəli gedərək ciddi problemləri önə çəkir. Buna görədir ki, ədəbiyyatşünaslıqda "İranda hürriy­yət” hekayəsi düşündürücü, cəlbedici ideya məzmunu ilə əsl milli özünüdərk nümunəsi, ...bədii vasitələrlə ifadə olunaraq hər bir dövr üçün müasir səslənən, "hürriyyət payı”  kimi qiymətləndirilmişdir.
 Ədib "Quzu” hekayəsində gününü eyş-işrətlə keçirən xandan, bir quzunun pulunu üç dəfə almağı bacaran fərasətli kəndli obrazı yaratmışdır.
 "Danabaş kəndinin məktəbi” povestində yazıçı göstərir ki, şükranlıq xalqın qanına hopdurulmuşdur və bu keyfiy­yətlərdən qurtulmayınca, kütlənin bir xalq kimi formalaşması ləngiyəcəkdir. "Danabaş kəndinin əhvalatları” povestində təsvir olunan kənddəki  sadəlövhlük mühitindən fərqli olaraq "Danabaş kəndinin məktəbi”ndəki kənddə müəyyən dərəcədə itaətkarlıq psixologiyasından az da olsa, narazılıq hissləri özünü göstərir. Hər iki əsərin adı adamlara yox, mühitə münasibəti əks etdirir. Bu kənd Cəlil Məmmədquluzadənin təsvirində tipik Azərbaycan kəndidir. Yazıçı kəndin və onun adamlarının təsvirində, ümumiyyətlə, ölkədəki ictimai gerili­yi göstərməyə çalışır. "Danabaş kəndinin əhvalatları” tək bir povesti deyil, ədibin silsilə nəsr əsərlərini ehtiva edir. Bu sırada "Danabaş kəndinin məktəbi” maraqlı bir yer tutur. Müəllif Azərbaycan kəndini tədricən oyanışda, mühitə etiraz qığılcımları fonunda təsvir edir. "Danabaş kəndinin əhvalat­ları”ndakı sadəlövhlük üstündə köklənmiş kəndlə "Danabaş kəndinin məktəbi”ndəki kəndin arasındakı fərq bunu göstərir. Müəllifi narahat edən əsas məsələ "Danabaş kəndinin əhva­latları”ndakı avamlıq və geriliyin tipikliyidir. Ona görə də, Cəlil Məmmədquluzadə eyni mövzuya müxtəlif baxışla, yenidən qayıtmalı olur. 
 Hər iki əsərdə kəndin adının "Danabaş” olması təsadüfi deyil. Əvvəla, ədibin əsərlərində ictimai mühitin mənzərəsini ifadə edən belə kənd adları çoxdur. "Ətcələr”, "Lehməli”, "Samanlı”, "Düdüklü”, "Qapazlı”, "İtqapan” və s. İkincisi, bu kənd adı Cəlil Məmmədquluzadənin Azərbaycan mühi­tinə tənqidi yanaşmasının ifadəsidir. O bilirdi ki, yalnız bu cür sərt ifadələrlə mühitə təsir etmək olar. 
 Ümumiyyətlə, böyük ustad Cəlil Məmmədquluzadənin  əsərlərində tədqiqatçı Ramiz Qasımovun qeyd etdiyi kimi, ...gülüş və tənqid "kiçik” adamın vasitəsçiliyi ilə ictimai hədəflərə, mənbələrə yönəlir. 
 Cəlil Məmmədquluzadə hansısa əsərində birbaşa və açıq şəkildə heç bir ideoloji məqam diqtə etməyib. Ədib, birbaşa deyilməsi lazım gələn adi məzəmməti də, danlaq və giley-güzarı da dolayı şəkildə söyləməyi çox sevir.. Doğrudan da, əgər yazıçı öz fikrini müstəqim şəkildə söyləmiş olsaydı, düşünmək üçün az imkan qalardı. Cəlil Məmmədquluzadə oxucunu düşündürən sənətkardır.
 Cəlil Məmmədquluzadə yaradıcılığı VƏTƏN, MİLLƏT, DİL trilogiyasının möhtəşəm ifadəsidir. Böyük azərbaycançı Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi gətirmişdir. Açıq ana dilində yazmağın nümunələrini yaratmışdır. Ədibin bütün əsərləri xalqin taleyi ilə birbaşa bağlıdır. Gerçək həyat həqiqətlərinə ayna tutan bu əsərlərdə konkret bir dövrün vəziyyətini, həm də ensiklopedik səviyyədə mən­zərəsini seyr etmək olar. Azərbaycan insanının mənəvi-psixoloji aləmini öyrənmək olar. Azərbaycançılıq məfkurəsi­nin inikasi olan bu əsərləri oxuyan hər kəs orda özünü görür, islah olunmaq istəyir, milli daxili-mənəvi azadlıq haqqında düşünür. Bu mənada Cəlil Məmmədquluzadə yaradıcılığı özünüislahın, azadlığın təcrübə məktəbi kimi böyük əhəmiy­yətə malikdir.