Məlum olduğu kimi, Milli
Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli uzun illərdir
ki, böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli irsini,
həyatı, mühiti və müasirlərini tədqiq edib öyrənmək, əsərlərini dünya dillərinə
tərcümə etdirərək kitab halında nəşr etdirmək sahəsində ardıcıl olaraq iş
aparmaqdadır. İsa müəllim eyni zamanda, həm də Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini
araşdırıb müəyyənləşdirmək işi ilə də məşğuldur. O, hələ sovet hakimiyyəti illərində
"Vətən” Cəmiyyəti xətti ilə Cəlil Məmmədquluzadənin xarici ölkələrdə
yaşayıb-yaratmış nəslinin davamçılarını axtarmış və Azərbaycan ədəbiyyatının və
ictimai fikrinin inkişafında böyük xidmətləri olmuş bu ziyalı nəslinin dünyanın
ayrı-ayrı ölkələrində yaşayan nümayəndələrini tapıb müəyyənləşdirmişdir.

Akademik İsa Həbibbəyli
ilk dəfə 25 yanvar 1992-ci ildə Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən
çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren
Cavaşiri ilə Tehran şəhərində görüşmüş və onlarla əlaqələr yaratmışdır. Sonra
o, 1998-ci ildə Fransanın paytaxtı Paris şəhərində Ənvər Məmmədquluzadənin Azərbaycan
Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya
ilə də görüşmək imkanı əldə etmiş, onunla da əlaqə qurmuşdur.
Məmmədquluzadələr şəcərəsi
ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin
Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə
yaratmaq üçün iş aparmışdır.
Akademik İsa Həbibbəylinin
yazdığı "Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” Azərbaycan elmində yazıçıların
nəsil ağacından bəhs edən ilk tədqiqatlardan biridir.
Görkəmli Azərbaycan
yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və
oğlu Pşemislav Cavanşiri akademik İsa Həbibbəyli tərəfindən ölkəmizə dəvət
olunmuşlar. Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri yaxın vaxtlarda 68
ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar. Onlar Mirzə Fətəli Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə Cəlil Məmmədquluzadəyə həsr edilmiş
elmi-mədəni tədbirlərə qatılacaq, yazıçının ev muzeyini və Fəxri xiyabandakı məzarını
ziyarət edəcək, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi ilə
görüşəcəklər.