Biz imzaları yox, əsərləri dərc edirik...

CAVİDANNAMƏ Dürri-yetim mətni - Fəzlullah Nəimi
1266
04 Mart 2021, 13:01
 Mərhəmətli və rəhmli Allahın adıyla
 O Allah ki, «Göyləri, yeri və onların arasındakıları altı günə xəlq edən,sonra ərşi yaradıb ona hakim olan Rəhmandır» (25: 59), «Səmada bürcləryaradan, orada bir çıraq və nurlu ay vücuda gətirən (Allah) nə qədəruludur!» (25:61), «Allahgöylərinvə yerinnurudur. Onunnuru, içində çıraqolanbirtaxçayabənzər; taxçadakı o çıraqbirqəndiliniçindədir, oqəndilisə sankiparlaqbirulduzdur. O çıraqnə şərqdə, nə də qərbdə (deyil, aləminortasında) olanmübarəkbirzeytunağacındanyandırılır. Onun (zeytunağacının) yağı özünə odtoxunmasada, sankiişıqsaçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!" (24:35)
 Ey İlahi sirrlərin talibi* və intəhasız həqiqətlərin aşiqi... Belə məlum olsun ki, təvildən** ibarət olan bu ilahi elm Həzrəti-Əliyyül-Mürtəza-əleyhissəlamın elmidir. O həzrət Əli ki, peyğəmbər-əleyhissəlam onunla bağlı belə buyurmuşdu: «Mən sizi tənzil*** ilə, Əli isə təvil ilə öldürər" . Bu kitabda şərh olunan ilahi elm fars dilinə söykənirdi və bu kitabın adına "Cavidannameyi-Fəzli-Yəzdani" ("İlahi Fəzlin əbədiyyət kitabı") deyirlər ki, elmin əvvəli və axırı bu ilahi kitabda zahirə çıxarılmışdır, yəni bu kitab bütün ilahi adların cəm olduğu bir yerdir: « Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!" (6.59) ayəsinin hökmüylə iyirmi səkkiz Məhəmməd kəliməsi**** və otuz iki Adəm kəliməsi bu ilahinamədə mövcuddur.«Əlif, Lam, Mim. Bu (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır" (2:1-2) ayəsinə uyğun olaraq bu kitab sirləri kəşf edən, əzəldən əbədəcən Haqq yolunda olanların mürşidi və müttəqilərin yol göstərəni İlahi Fəzli-Yəzdanın yadigarıdır.
 
 

 Rəsul əleyhissəlamın hicrətinin 1048-ci ilində Həqq-Təalanın izni, Həzrəti-Şahi-Mərdan xanədanının şəfaəti, Fəzli-Yəzdanın inayəti, qütbülövliya Hacı Bektaş Vəli əl-Xorasaninin (səlavatüllahi əleyhim əcmain) himmətiylə Həzrəti-Şahi-Nəcəf füqəralarından olan həqir bektaşi Dərviş Mürtəza bu ilahi "Cavidannamə"ni türk dilinə tərcümə elədi. Sonra bu nameyi-ilahiyə "Dürri-Yetim" adını qoydu ki, aşiqi-sadiqlər bu ilahi kitabı oxuyub, öz nəfsləri və ruhlarının kitabına yol tapsınlar. Ta ki «Kitabını oxu! Bu gün səni imtahan etməyə nəfsin yetər» (17.14) ayəsinin hökmünə uyğun olaraq və «Allah iman edənlərin valideynidir. Onları zülmətdən aydınlığa çıxarar» (2.57) ayəsində buyurulduğu kimi zülmün təqlidindən, şeytanın cəhlindən, xəbis idrakdan qurtulub, səfalət aləmindən üluviyyət mərtəbəsinə, ölümdən həyata, zülmətdən aydınlığa qayıtsınlar.
 Və bunun feyzindən ədəbi həyat tapıb, «Yer üzündəki hər şey fanidir. Yalnız böyük və ikram sahibi Rəbbinin üzü əbədi qalacaqdır» (55.26-27) hökmüylə əbədiyyət məqamına yetişsinlər və qeyb aləminin müşahidəsi hasil olsun, özlərini Allahın ayinəsinə çevirsinlər, yəni «Nəfsini bilən, rəbbini bilər» sirrinə vaqif olsunlar və öz cəhalətləri səbəbindən Allahın lənətinə gəlmiş şeytana üz tutmaqdan xilas olsunlar. Çünki «Allah nadan adamları özünə dost seçməz» hədisinin hökmünə uyğun olaraq cahil bir kimsə HəqqTəalaya dost ola bilməz. Nədən ki küfr cəhalətin ziyadəliyindən doğar və cəhalət olmasa, küfr bədəndə peyda olmaz. Ona görə də, ey İlahi sirlərin talibi, Peyğəmbər əleyhissəlamın «Cəhalət küfrə gözün qarası ağına yaxın olduğu qədər yaxındır» hədisində göstərildiyi kimi, cəhalət və küfr bir- birinə gözün qarasıyla ağı qədər yaxındır. Və başqa bir yerdə də yenə Həzrəti-Rəsul əleyhissəlam buyurur ki, «Hər şey bir şeydir, ancaq cəhalət heç bir şey deyil».
 Beləliklə, ey İlahi sirrlərin talibi, belə fəhm eylə ki, hər kimsə ki, nəfsinə zülm eləyər, bunu öz cahilliyindən eləyər. Necə ki, lənətlənmiş şeytan dünya elmində alim idi, amma Adəmə səcdə etməməsi üzündən cahil oldu.
Ol səbəbdən ki, cahil ilə aqil arasındaki fərq aqilin Adəm əleyhissəlama səcdə etməsindədir, hər kim ki, səcdə elədi, Həqqə yaxınlaşdı və onun dərgahına qəbul olundu, hər kim ki, Adəmə səcdə eləmədi, Həqq dərgahından əbədi olaraq qovuldu. Beləliklə, şeytanın cəhli ol kimsələrə yetdi ki, cəhalət üzündən Adəm əleyhüssəlama səcdə eləmədilər. Sual oluna bilər ki, səcdə əhli və inkar edənlər kimlərdir? Cavab budur ki, Həqq dərgahına qəbul olunanlar və ordan qovulanlardır. Məsələn, elmiəvvəlin və elmi-axırın cəm olduğu bu "Cavidannamə" adlı kitabı hər kim oxusa, görəcək ki, bu kitab onun öz surətini və əməllərini məlum edir, çünki ilahi sirlərin bəyanıdır, Adəmi mərtəbəsini göstərir. Əgər bunu bilsə və «Allah Adəmi öz surəti və rəhman surəti üzərinə yaratdı» hədisinə uyğun olaraq, "Adəm əleyhissəlamın sifəti haqqın sifətidir" hökmünə iqrar etsə, Məhəmməd əleyhissəlam və sair peyğəmbərlər kimi əhli-səcdə olacaqdır.
 Əgər belə olmasa, o kimsə əhli-inkar olar və onun inancları gerçək olmaz. Çünki bu ilahinaməni oxumaq və Adəm əleyhissəlama səcdə eləməkdə məqsəd «Oğul atasını sevindirdi» hökmünə uyğun olaraq, hər halı və əməli ata həzrətlərinin zatına yaxın və sifatına uyğun olmaqdır ki, bu hal ilə peyğəmbərlər misalı atanın mirasına tam layiq ola. Əgər belə olmasa, o elə şeytanın özüdür ki, əmr olunan zaman Adəm əleyhissəlama səcdə eləmədi və lovğalandı. Necə ki, buyurulub. «O zaman mələklərə: «Adəmə səcdə edin!» -dedik» və o zaman hamı səcdə etdi. Yalnız İblis (bu hökmə) qarşı çıxdı. Lovğalandı. İnkar edənlərdən oldu» (2.34)
 Bu adamların sonradan zahirən əhli-ibadət və əhli-səcdə olması da bir fayda vermədi, onun üçün ki, riya ilə pərəstiş elədilər və zahiri şeyləri güdürlər. Onlar «Hər şey əslinə dönər» və "Ey, Rəbbinə itaət edib hüzur tapan nəfs! Rəbbinə dön» (89.27-28) məqamına yetişməyə ciddi-cəhd göstərmədilər. Onun üçün ki, həqiqətən Adəm nədir bilməmişdilər və adəmliyin əsl mahiyyətinə yol tapmamışdılar. Sonra «Hər kim bu dünyada kor isə, axirətdə də kor olacaqdır və yolu yol deyil» (17.72) ayəsində göstərilənlər kimidirlər, çünki övliya yolunda və ənbiya məzhəbinin cəmində surət aşinalığı fayda verməz. Necə ki, peyğəmbərin hədislərində buyurulub: «Əməlsiz elm meyvəsiz ağaç kimidir. Elmsiz əməl yağmursuz bulud kimidir». Buna görə də əməlsiz elm günah, elmsiz əməl isə zəlalət kimidir.
 Ey ilahi sirlərin talibi, hərçənd ki, bir elm əməlsiz günah ola və elmsiz əməl zəlalət ola, əməlsiz elm bir meyvəsiz ağac ola və əməlsiz elm bir buluda bənzəyə ki, yağmuru olmaya, ülvi aləmdən o kimsəyə nə feyz hasil ola bilər ki? Bunun əksinə, «İnanıb faydalı işlər görənləri içərisindən çaylar axan cənnətlərə varid olacaqları ilə müjdələ!” (2.25).
 Ey aşiqi-sadiqlər, "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların ancaq ziyanını artırır" (17.82) ayəsinin hökmünə uyğun olaraq, o şəxslərə bildirin ki, onlara zərərdən qeyri bir feyz çatmaz. Bir yerdə daha Həqq-Təala ki buyurur: "Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: "Allah bu məsəllə nə demək istəyir?"- deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir" (2.26)
 «Əgər üzərinizdə Allahın lütfü və rəhməti olmasa, hər halda zərərə uğrayanlardan olardınız» (2.64) ayəsinin hökmünə uyğun olaraq, hər kim ki Adəm övladıdır və hər kim ki zahirən və batinən əhli-səcdədir, hidayət qapısı onun öz varlığından kənarda deyil. «Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir Onunla yalnız pislik edənləri çaşdırır» (2.26) hökmünə uyğun olaraq hər kim ki cəhaləti təqlid edər, nə qədər ciddicəhd göstərsə belə, cəhalət dənizində qərq olacaq. Dediyimiz ayə bu mərtəbədə məlum olur ki, təqsir hər vücudin özündədir, Həqq-Təaladan deyil. Çünki Müqəddəs bir hədisdə Həqq-Təala buyurur: «Mən qulumun məni zənn etdiyi kimiyəm», yəni qulum məni necə görürsə, eləyəm.
 İndi sən, ey ilahi sirlərin talibi, sən ilahini necə zənn edərsənsə, o sənə zənn etdiyin kimi görünər. Cəhd elə, təsəvvür eləyəsən ki, o sənə sənin görkəmində görünsün, ta ki onu dərk edəsən. Necə ki Məhəmməd əleyhissəlama o şəkildə göründü və o, dedi: «Rəbbimi merac gecəsində bığ yeri yenicə tərləmiş, qıvrım saçlı bir oğlan surətində və ən gözəl surətdə gördüm». Çünki «Gözlər onu görməz, o isə bütün gözləri görər» (6.103) ayəsinin hökmünə uyğun olaraq, Həqq-Təala bu surətdə gəlməsə, onu heç bir göz dərk edə bilməz.
«Kim nəfsini bilirsə, Rəbbini də bilir» hədisinin hökmünə uyğun olaraq, kimlərə ki bunun mənası hasil oldu, gərək daim öz nəfslərinə sahib olub Həqqi görələr. Çünki «Rəbbini an və qafillərdən olma» (7.205) ayəsinə uyğun olaraq, öz ruhundan kənarda ilahinin çöhrəsini müşahidə eləmək heç kəsə müyəssər deyil.
 Amma onlar ki, Həqqi zahiri və təqlidi yolla bilirlər və biz həqqi bilmişik və biz dinin böyükləriyik deyə mübahisə edirlər, onlar xəbis sözlərlə vəsf edilmişlərdir. Bu adamların ruhlarına xəbis fikirlərdən və şeytani xəyallardan qeyri bir nəsnə aid olmaz, ələlxüsus, çirkin əməllərinə, qəlblərindəki xəbisliyə əlac etmək xüsusunda heç bir cəhd eləməzlər.
 Bundan sonra, ey ilahi sirlərin talibi, zinhar, gərək xəbislik kəməndinin tədbirinə bənd olmayasan ki, səni təqlidin təbliğatçısı eylər. «Allahın lənəti yalançıların üzərinə olsun». (3.61). Həzrəti-Həqq-Təala həqiqi alim və saxta alim xüsusunda buyurur: «De ki, heç bilənlərlə bilməyənlər bir olarmı?» (39.9). Əgər təhqiq yolu tutanla təqlid yolu tutanın mərtəbəsi eyni deyilsə, nə üçün həqiqi idrak var ikən, saxta idrakın əlamətlərini özündə cəm edəsən? Çünki xalqın rədd etdikləri, əslində, Həqq əhli və Allahın dərgahına qəbul olanlardır. Bəs, Həqqin rədd etdikləri, görəsən, kimin mərtəbəsində məqbuldurlar?
 İndi, ey ilahiylə görüşün talibi, cəhd eylə ki, Həqqin inkarına qəlb evində məskən verib onunla həmnişin olmayasan ki, bu xüsusiyyət peyğəmbərlər və övliyalar tərəfindən məqbul deyildir. Bir daha Həqq-Təala o aşiqləri və sadiqləri öz rəhmətində saxlasın ki, bu ilahi sirlərin izzətini və hörmətini yüksək tuturlar. İzzətini və hörmətini tutmaq odur ki, bunu naməhrəmə əyan etməyib, bu sədanı ona eşitdirməyəsən. Çünki hərarəti olan vücud, əlbəttə, su tələb eylər. «Kim istər və cəhd edərsə, istəyinə nail olar» hədisinin hökmünə uyğun olaraq, o şəxsə məna şərabından saqilik eləyib, susuzluğunu yatızdırırlar. Bu, övliyaların qanunudur.
 Allahın lənəti olsun o məlun və o münafiqlərə ki, bu ilahi sirləri haqqı çatmayana eşitdirələr. Sual oluna bilər ki, bəs, naməhrəm kimdir və haqqı çatmayana bu hikməti verən kimdir? Sual olunsa, cavab budur ki, Allahın sirlərini naməhrəmə verən özü layiq olmayandır. Ona görə ki, əgər özü naməhrəm olmasa, naməhrəmə hikmət qapısını necə açardı? Və əgər ki, naməhrəmə hikmət qapısı açılmalıydısa, Həzrəti-Məhəmməd əleyhissəlam «Hikməti Həqq yolunda olmayanlara verməyin, çunki zülm etmiş olarsınız.
 Onu öz yolundan da ayırmayın, çünki zülm etmiş olarsınız» deyə buyurmazdı. Bu hədisi-şərifin hökmüylə hər kimsə ki, layiq olmayana ilahinin sirlərini versə, naməhrəm elə onun özüdür və həm də zalımdır.
Çünki «Adəmə hər şeyin adını öyrətdi» hədisinin hökmünə uyğun olaraq, bu ilahi sirlər Həzrəti-Adəmə Həqq-Təala tərəfindən verildi və Adəm əleyhissəlamdan ənbiyaya və övliyaya miras qaldı ki, ənbiya və övliya həqiqətin övladlarıdır. Ona görə də, naməhrəmə ilahinin hikmətini vermək, əmanətə xəyanət etmək kimidir. Çünki bir adamın özü xain olmasa, padişahın əmanətini oğruya necə verə bilər?
 Belə olan halda, «Zalımlara Allahın lənəti olsun» (7.44) və "Allah xainləri sevməz" (8.58) ayələrinin hökmünə uyğun olaraq, o kimsə zalım və xaindir. Çünki Həqq-Təala bu sirri bildirmək üçün Adəm əleyhissəlamı xəlq eylədi və «Gizli bir xəzinə idim və bilinmək istədim. Bilinmək üçün məxluqatı yaratdım» hədisinə uyğun olaraq özünü xəzinə adlandırdı. Indi ilahinin bu kəlamından məlum oldu ki, həqiqətən də, məhrəm və naməhrəm var imiş. Əgər olmasaydı, Həqq-Təala Adəmi xəlq edib, öz gözəl adlarını ona təlim eləməzdi. Ona görə də, indi bir Adəm övladı gərəkdir ki, bu əmanəti öz üzərində daşımağa qadir ola və layiq olmayan o kimsələrdir ki, əgər əmanət əlinə düşsə, əlində saxlamağı bacarmaya və qədrini bilməyə. Bu, haqqı batilə vermək kimidir. Çünki naməhrəm hər şeyi məhv edən atəş mərtəbəsindədir, məhrəm isə hər şeyi bəsləyən haqq mərtəbəsindədir. Əgər sual olunsa ki, naməhrəm zahirdə, yoxsa batindədir? Cavab odur ki, «Ey Adəm oğulları, şeytana aldanmayın, o sizin əzəli düşməninizdir» (36.60) ayəsinin hökmündə deyildiyi kimi, hər kim ki, Adəmin düşmənidir, zahirdə də ola bilər, batində də. O, həmin kəsdir ki, Adəmə səcdə eləmədi.
 Çünki naməhrəmin məqsədi şeytanlıqdır. Həqq-Təala «Onu daş-qalaq edilən bütün şeytanlardan qoruduq» ayəsinin hökmünə uyğun olaraq, şeytandan ilahinin sirlərini hifz elədi. Ona gorə bu müqəddəs ayənin hökmüylə müqəddəs sirləri qoryub saxlamaq vacib buyuruldu. Çünki«Şeytan Adəm oğlunun hər zərrəsində qanın damarda dolaşdığı kimi dolaşar» hədisinin hökmünə uyğun olaraq, şeytan Adəmin damarlarında qan kimi necə axırsa, naməhrəm də o şeytan timsalındadır.
 Mərhəmətli və rəhmli Allahın adı ilə.
 «Yola haradan çıxmağından asılı olmayaraq, üzünüzü Məscidə doğru çevirin, harada olursunuzsa olun, üzünüzü ona doğru çevirin ki, insanlar arasında əleyhinizə bir sübut olmasın. Ancaq içərilərində haqsızlıq edənlər də var. Siz onlardan qorxmayın, məndən qorxun. Gərək ruzinizi artırım, gərək ki, doğru yolu gostərim».
 Ey ilahi sirləri tələb edən, «Allah adəmin başını və alnını Kəbə torpağından yaratdı» hədisinin hökmüylə hər tərəfdən Kəbəyə üz tutmaq gərəkdir. Çünki Həzrəti-Məhəmməd əleyhüssəlam üzünü və alnını o tərəfə çevirdi ki, ora məhz Adəm əleyhissəlamın xilqətinə uyğundur. Bundan sonra «Adəmə hər şeyin adını öyrətdi» hökmünə görə, gah on yeddi rükət, sonra daha on beş rükət, cəmi otuz iki rükət namaz qıldı. Otuz iki rükət namazda otuz iki əlhəmd var. Hər dəfə hər ayə ki, Qurandan oxumaq istər, otuz iki kəlimeyi-ilahi ədədincə on yeddi kərə rüku və on yeddi kərə qiraət və on yeddi rükət namazda iki kərə on yeddi səcdə eləmək gərəkdir. Necə ki qaydadır və cümə günü Adəm əleyhissəlamın xəlq olunduğu gündür. «Bunun üzərinə mələklər hamısı səcdə etdilər. Yalnız iblis etmədi» ayəsində göstərildiyi kimi, Adəm əleyhissəlama səcdə eləməyən şeytanın əksinə on beş rükətdə on beş dəfə əlhəmd surəsi oxumaq və iki dəfə on beş səcdə eləmək vacibdir. Şeytan Allahın gözəl adlarının təlimini Adəmdən öyrənmədi, yəni Adəm əleyhissəlama səcdə eləmədi ki, Adəm əleyhissəlam ona Allahın gözəl adlarını öyrədə.*****
 Merac gecəsində namaz ki, əlli rükət idi və Cəbrayıl əleyhissəlam Həzrəti-peyğəmbərin hüzuruna, buna müvafiq olaraq beş rükət ilə gəldi. «Cəbrayıl Kəbə qapısında mənə imamlıq elədi» hədisinin hökmündən də göründüyü kimi, Kəbə qapısında Cəbrayıl əleyhissəlam Həzrəti-Peyğəmbərə imamlıq edib.
Həzrəti-Peyğəmbər ilə Cəbrayıl ikisi də Kəbəyə üz tutub səcdə elədilər, çünki ora Adəm əleyhissəlamın üzünün və alnının xəlq olunduğu məqamdır.
 «Bundan sonra mələklər hamısı səcdə etdilər. Yalnız İblis etmədi, lovğalandı və kafirlərdən oldu. Allah: "Ey İblis! Mənim qüdrətimlə yaratdığıma səcdə etmənə nə mane oldu? Lovğalanmaqmı istədin? Yoxsa yüksəklikdə duranlardanmı oldun? - dedi. Iblis dedi ki, məni atəşdən yaratdın, onu isə torpaqdan» (38.73-76). Şeytan bilmədi ki, torpaqda ilahi kəlimələr aləminin qabiliyyəti var və bu qabiliyyəti Həqq-Təala suya, havaya və oda verməyib. Çünki istəyib ki, Adəmin üzünün iyirmi səkkiz və otuz iki yazısında, «Allah, Adəmi öz surəti və rəhman surəti üzərində yaratdı» hədisinin hökmü zahir ola. Allahın surətindən əsl məqsəd də bu otuz iki ilahi kəlimədir.
 «Ey Musa! Hər şey Rəbbinin nəzarətindədir» kəlamının hökmünə uyğun olaraq, bu otuz iki kəlimə öz adları vasitəsilə bütün əşyaların üzərinə köçürülmüşdür. Bu otuz iki kəlimə Allahın ilkin və müqəddəm sifətidir. Bu səbəbdən Adəm əleyhissəlama səcdə eləmək gərəkdir. Xülasə, Cəbrayıl əleyhissəlam Həzrəti-Peyğəmbərin hüzuruna gəldi və beş imamət namazıyla on yeddi rükət namaz qıldı və cümə günündə on beş rükət əlavə namaz qıldı, çünki cümə günü Adəm əleyhissəlamın yarandığı gündür. Yəni cümədən başqa günlərdə on yeddi rükət və cümə günü on beş rükət namaz qıldı ki, otuz iki rükət tamam olsun. «Adəmə bütün adları öyrətdi» (2.31) kəlamına görə, otuz iki kəlimə Allahın birliyinin sifətidir və bütün səmavi kitablara şamildir. «Bütün möminlər Allaha, onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman etdilər» (2.285) hökmü ilə hamının buna iman gətirməsi vacibdir.
 Altı gün, altı gecə dörd dəfə iyirmi səkkiz və bir dəfə otuz iki saatdan ibarətdir. Bu səbəbdən bu altı gecə-gündüzdə Kəbəyə tərəf üz çevirib on yeddi rükət namaz qılmaq gərəkdir və cümə gecəsi ki, iyirmi dörd saatdır on beş rükət namaz qılmaq gərəkdir ki, ta otuz iki rükət tamam olsun.
Adəm əleyhissəlamın otuz iki kəliməsi Haqq-Təlanın sifatına müvafiqdir və bir həftə ki, yeddi gecə-gündüzdən ibarətdir, altı dəfə iyirmi səkkiz saat olur. Eynən bu cür də hər vücudun altı yönü vardır və o hər yön özözlüyündə iyirmi səkkiz kəlimədir ki, iyirmi səkkiz saat içində var olan məxluqun vücuda gəlmə müddətidir.
 Peyğəmbər əleyhissəlam buyurur ki, «Cəbrayıl əlində bəyaz bir aynayla hüzuruma gəldi və dedi: Ey Məhəmməd! Bu, Cümədir. Rəbbim bunu sənin və səndən sonra gələn ümmətin üçün yaratdı. O bizim qatımızda günlərin şahıdır. Biz onu yövmül-məzid****** adlandırdıq». Bu cəhətdən qiyamət günü, altı gün üzərinə bir gün daha oxundu ki, yeddi gün tamam olsun.
 Çünki gecə-gündüz iyirmi dörd saatdır. Yeddi gecə-gündüz altı dəfə iyirmi səkkiz saat olur ki, hər var olanın altı cəhəti vardır. Qiyamət günü, cismlər toplananda gərək hər mövcudun hər cəhəti iyirmi səkkiz kəlmeyiilahi zamanına uyğun bölünə.
 Həzrəti-Cəbrayılın cüməni ayinə surətində gətirməsi o səbəbdəndir ki, cümə Adəm əleyhissəlamın yaradılışı və ətrinin aləmə yayıldığı gündür. Həmin ayinə Adəm və Adəm oğullarının üzünü göstərmək üçündür və  Adəmin üzünün cizgilərini qoruyur ki, o cizgi içində iyirmi səkkiz və otuz iki kəlimə vardır.
 Beləliklə, cümə Adəm əleyhissəlamın üzünü göstərəndir. Adəm otuz iki kəlmeyi-ilahinin ayinəsi olduğu kimi, cümə də Adəm əleyhissəlamın ayinəsidir. Belə hökm olunur ki, «Adəmə bütün adlar öyrədildi» (2.31) və deyildi ki, «Rəhman Ərşə istiva elədi» (20.5). Xilqətin xəttini əhatə eləməkdən məqsəd ərşdə Həzrəti-Adəm əleyhissəlamı xəlq eləmək idi. Bu səbəbdən məlum olur ki, Ərşi-əla, əslində, elə Adəm əleyhissəlamın vücududur ki, ilahi kəliməni əhatə etməsi onun üzünün xilqətində zahirdir. Həvva onun kürsüsü oldu, Həvvanın yeddi sətrində kürsü heyəti vardır. «Mələklər Ərşin hər tərəfini mühasirəyə almışlar» (39.75) ayəsi o deməkdir ki, «Mələklərin hamısı səcdə etdilər. Yalnız İblis etmədi» (38.73-74). Həzrəti Məhəmməd əleyhissəlam buyurdu ki, merac gecəsi xudanı çox gözəl surətdə gördüm. Necə ki, hədisdə buyurulmuşdur: «Rəbbimi merac gecəsində bığ yeri yenicə tərləmiş, qıvırcıq saçlı bir oğlan surətində, ən gözəl surətdə gördüm». Əhsəni-təqvim də, əslində, Adəmin surətidir. Necə ki, buyurulub: «Biz insanı ən gözəl şəkildə yaratdıq» (95.4). İlahinin kitabları Adəmin üzündə aydınlaşdı və parladı. Məhz buna görə Pəsul əleyhissəlam «Rəbbimi merac gecəsi bığ yeri yenicə tərləmiş, qıvırcıq saçlı bir oğlan surətində gördüm» dedi.
 Peyğəmbərin ilahi təcəlla gördüyü yeniyetmə oğlan surətində hidayət yolu göstərmək və Rəhman surəti vardır. Onun üzünün yeddi surətindən ki, fərq tükünün açılmağıyla səkkiz sətir olur, hər biri özlüyündə dörd sətirdən ibarətdir. Bunlar torpaq, su, hava və atəşdir. Beləliklə, səkkiz sətir otuz iki sətir olur, yeddi xətt iyirmi səkkiz sətir olur. Rəsul əleyhissəlam buyurdu ki, Həqq-Təala əlini kürəyimə çəkdi və onun əlinin sərinliyi sinəmə yayıldı. Bir hədisdə isə əleyhissəlam belə buyurdu: «Dünən gecə yuxuda Rəbbimi gördüm. Qızıl taxtda oturmuş bir gənc surətində gördüm onu. Başında qızıldan tac, ayaqlarında qızıl nəleyin vardı. Əlini kürəyimə çəkdi» və bundan sonra sual eylədi ki, «Ey Məhəmməd! MələyiƏla nələrdə yarışır?». Həqq-Təala ona görə özünü yeniyetmə gənc surətində bəyan etdi ki, Adəm əleyhissəlamın həqiqətdə elə Ərşi-Xudanın özü olduğu məlum olsun və «Mələklər Ərşi əhatə etmişlər» (39.75) ayəsinin mənası bilinsin. «Rəhman Ərşə istiva elədi» (20.5) isə bu mənanı verir ki, ilahi kəlimə doğrunu göstərəndir, onun sifəti əzəlidir, sonsuz və nöqsansız Ərşə doğru durmuşdur. Bu hökmə görə, əşyanın cümləsinə və göylərə səfər eylə ki, əslində, bütün bunların məcmusu bütünlükdə Adəmin vücududur. Gör, bu əşyaların cəmi Həqq-Təalanın gözəlliyi ilə necə qaimdir ki, Həqq-Təalanın gözəlliyi bunların cəmini əhatə eləyib.
 Bəs, ey ilahi sirlərin talibi, bu üzdəndir ki, cümlə əşya, yerlər və göylər, ilahinin kürsüsünün dairəsindədir və sən də Adəmin xətti-istivasından başlayıb, cümlə mövcudatın və cümlə əşyanın xətti-istivasına gəl, sonra da cəmi məxluqatın xətti-istivası üzərinə get və iyirmi səkkiz kəlimə və otuz iki kəlimeyi-ilahini oxu. «Həmin gün yer üzü bir başqa yerə, göylər başqa göylərə çevriləcək» hökmünün mənasını anla ki, hər nə qədər mövcud olan varsa, ilahinin cizgiləri onda zahirdir. Əgər namazın hər rükətinin, əlhəmdin və hər ayənin mənasını bilmək istəyirsənsə, «Bizi, hər şeyi danışdıran Allah danışdırdı» (41.21) ayəsinin sirrinə, «Onu həmd ilə zikr etməyən heç bir varlıq yoxdur» (17.44) ayəsinin mənasına var. Hər rükətdən sonra «Allah özünə həmd edəni duyar. Həmd Rəbbimizədir. Göylər, yer və bu ikisinin arasını dolduracaq qədər həmd olsun sənə və bundan sonra diləyib yaradacağın hər şeyin dolusu qədər həmd olsun sənə» hədisini oxumaq sünnətdir. Bunu otuz iki rükətdə, otuz iki dəfə oxumaq gərəkdir.
 Burdan belə məlum olur ki, "Adəmə adların hamısını öyrətdi" (2.31) ayəsinin hökmü ilə lövhi-məhfuz, əslində, elə Adəmin vücududur. Yaradılışın mahiyyəti üzündən onun vücudunda lövhi-məhfuza məxsusluq vardır. «Adəmin palçığını iki əlimlə qırx sabah yoğurdum» hədisində buyrulduğu kimi, onu öz əliylə mayalandırdı ki, bundan əsas məqsəd həmin iyirmi səkkiz ilahi kəlimədir. Haqq-Təala özünün cəmi yazısını Adəmin surəti üzərinə yazdı. Cəbrayıl Həqq-Təalanın hökmü ilə «O elçi güclüdür, Ərşin sahibinin yanında çox qiymətlidir» (81.20-21) ayələrini lövhü-məhfuzdan oxudu, məhz bu səbəbdən Həzrəti-Rəsulun hüzuruna Adəm surətində gəldi. Ondan ötrü Adəm sifətində gəldi ki, o, Adəm əleyhissəlamın üzü və Həvvanın kitabətinin təmsilçisi idi. Bu cəhətdən Adəm onun və sair məlaikələrin müəllimi olmuşdur. Cəbrayıl Həzrəti-Rəsulun hüzuruna Adəm surətində gəldi və Kəbəyə üz tutdu. «Ey Adəm, bunları hər şeyin adlarıyla  xəbərdar et» (2.33) ayəsində deyildiyi kimi, on yeddi və on beş ilahi kəlimə qədər Həqq-Təalaya səcdə elədi.
 Həzrəti-Rəsul buyurdu ki, cümə günü Həqq-Təalanın Ərşi zahir olar, çünki Həqq-Təala Adəmi cümə günü yaratdı. Deməli, cümə günü Adəmin yaradıldığı gün və günlərin ən şərafətlisidir. Qaydadır ki, cümə günü gözə sürmə çəkilə, çünki göz o gün Cəbrayılın ayinə surətində gətirdiyi üzləri görüb. O gün ağ libaslar geyinmək və ədəblə örtünmək gərəkdir. Yalnız üz, əl və ayaq örtülməz. Üzdə iyirmi səkkiz və otuz iki ilahi kəlmənin əlamətləri mövcud olduğuna görə onu örtmək olmaz.
 Bundan sonra xətib iki xütbə oxumalıdır: biri iyirmi səkkiz ilahi kəlimə səbəbindəndir; digəri Adəm əleyhissəlamın otuz iki ilahi kəliməsi üzündəndir. «Cənnət əhlinin dili ərəbcə və farscadır» və fars dilində əlavə 4 kəlimə zahirdir ki, bunlar da, p, ç, j, g hərfləridir. Sidrətül-müntəhadan da məqsəd Adəm əleyhissəlamdır. Bu səbəbdən buyurulmuşdur: «Allah Adəmi rəhman surəti üzərinə yaratdı». Bundan dəxi gözəl məqam yoxdur. Çünki bu məqam bütün mübarək adların müəlliminin******** və mələklərin səcdə yeridir. Bütün peyğəmbərlər, vəlilər və salehlər burdan zahirə çıxmış, "Adəmə bütün adları öyrətdi" (2.31) xitabıyla şərəflənmişlər. Bütün elmlər asimandan əvvəl ona hasil oldu və belə buyuruldu: «Bunları onların adlarıyla xəbərdar et» (2.33).
Məhəmməd Əleyhissəlam buyurdu: "Merac gecəsi gördüm ki, sidrətülmüntəhanın taxtından dörd çay axıb kənara daşır." Sonra yenə buyurdu: «Mənə əlli vaxt namaz fərz qılındı». Bu məqam Adəm və Adəm övladının məqamıdır . Peyğəmbər əleyhissəlam öz hədisi-şərifində ona görə «Rəbbimi merac gecəsi bığ yeri yenicə tərləmiş, qıvırcıq saçlı bir oğlan surətində gördüm» deyə buyurmuşdur ki, cümlə əşya və fələk və mələk və bitkilər və cansızlar, mövcud təbiət torpaq aləminə və insan surətinə üz tutmuşlar və onun aşiqidirlər. Onlar torpağın mərkəzi nöqtəsinin çevrəsində dövrə vururlar, yəni təvafdadırlar. Hərçənd ki, mələklərin məskən tutduğu yer asimandır, buna baxmayaraq, gərəkdir ki, onlar torpağın mərkəzi və Adəmin üzünün çevrəsində təvafda olalar. Onlar Adəm əleyhissəlama təzim və səcdə etmək üçün cəm olmuşlar. Bəs ki, səmaların sakinləri qeyri-ixtiyari olaraq torpağın mərkəzi nöqrəsinin çevrəsində təvafda olurlar, istəyirlər ki, tamamilə bəşər libası və Adəm surətinə gələlər. Onlar istəyirlər ki, eynən Adəmin surətində olduğu kimi otuz iki ilahi kəliməni özlərində zühur etdirsinlər. Bu mənadandır ki, bütün əşyalar daim hərəkətdədirlər və bütün bunlar yalnız torpaq aləmindən başqa heç bir mövcud olanın surətinə müyəssər olmamışdır. Bu torpaqdan sonra havaya və ondan sonra oda və sonra da suya müyəssər olacaq. Bunlar həmin dörd sətirdir ki, Adəmin və Həvvanın üzündə zahir olmuşdur. Göylərdə də bu şəkil vardır, belə ki üç yüz altmış dərəcədə göylərin bürclərinin bölgüsündən cümlə fələklərin bölgüsü yaranmışdır. Səmalarda Adəmin surəti hasildir, çünki «Hər şeyə gücü yetən Odur» (64:01) ayəsində buyurulduğu kimi, Həqq-Təala Adəmin surətini torpaq, od, su, hava aləmində göstərdi ki, sonra bütün mövcudat Adəmin vücudu ilə vəhdətdə təzahür etsin. Adəmin xətti-istivasından bütün mövcudatın xətti-istivasını dərk etməyə çalış və Həqq-Təalanın kəliməsini cümlə əşyada oxu ki, Adəm əleyhissəlam o kəlimənin məzhəridir, yəni təzahür etdiyi yerdir. Belə ki, otuz iki ilahi kəlimə sözdən bütün mövcudatın üzərinə köçürülmüş və zühur edərək cümlə mövcudatda təcəlla eləmişdir ki, bil-qüvvə və bil-feil ol kəlimeyi-ilahinin məzhəri Adəmdir və ondan ötrü buyurulmuşdur: «Mən yer üzündə bir xəlifə yaradacağam» (2.30).
 Bu hökmün mahiyyəti ondadır ki, Adəm qaimməqam xəlifədir və rəhman surətinə nisbətdə xəlq olunmuşdur. Necə ki buyurulub: «Allah Adəmi öz surəti və rəhman surəti üzərinə yaratdı». Mövcudatın cəmi onun həqiqət dairəsinə daxildir. Çünki xilqətin hamısı Əzəli qüvvə tərəfindən yaradılmışdır. Əzəli qüvvə Adəmin həqiqətindən kənarda deyil. Sonra Adəm əleyhissəlam bu məna ilə Həqq-Təalanın və bütün mövcudatın güzgüsü olmuşdur ki, asimanın ən ali  mərtəbəsində bərqərar ola. Asimanda Kəbəyə bərabər dərəcədə olan bu Beytül-Məmur ona görə ali məqamdadır ki, Kəbə Adəmin alnı və üzünün torpağındandır. Quran ilahi kəlimədir və Həqq-Təala Quranı «Sizə açıq bir nur endirdik»(4:174) ayəsində deyildiyi kimi, nur olaraq oxudu. Yəni gərək Adəmin vücudunun torpağı yarılıb iyirmi səkkiz və otuz iki kəlimə müqabilində bölünə ki, bəşərin üzünün yeddi xəttinin hər biri dörd ünsürə və Məhəmməd əleyhissəlamın iyirmi səkkiz kəliməsinə müqabil ola.«Peyğəmbərlər gətirilmiş...» (39:69) ayəsində peyğəmbərlərin sayı ki, yüz iyirmi dörd min göstərilmişdir, bu da üç dəfə otuz iki min və bir dəfə iyirmi səkkiz min peyğəmbərdir ki, gəliblər. Necə ki, ayədə buyurulub: « Şahidlər gətirilmişdir...» (39.69). Daha sonra buyurulub: «Beləcə, sizi orada bir ümmət qıldıq ki, bütün insanlar üzərində ədalət nümunəsi və haqqın şahidləri olasınız, Peyğəmbər də sizin üzərinizə şahid olsun. Daha öncədən içində olduğunuz Kəbəni Qiblə eləməyimiz də bu səbəbdəndir…» (2.143) Cəhənnəmin yeddi qapısı vardır. Kafirin surəti də yeddi kəlimədir ki, kinayə ilə iyirmi səkkiz küfr kəliməsi deyərlər: «Fəqət kafirlərin üzərinə əzab kəliməsi həkk olundu» (39.71). O vaxt ki yeddi xətti xətti-istiva ilə keçirsən, səkkiz xətt olar. Bu da cənnətin səkkiz qapısı müqabilindədir. Necə ki, buyurulub: «Cənnətin səkkiz qapısı vardır və hər qapı üçün bir hissə vardır» (15.44).
Və Həzrəti-Rəsul əleyhissəlam Həqq-Təalanı merac gecəsindəyeniyetmə bir oğlan surətində müşahidə elədi və ona görə buyurdu ki,«Rəbbimi merac gecəsi bığ yeri yenicə tərləmiş yeniyetmə bir oğlansurətində gördüm» və xətti-istivanı da əlavə etsək, o yeddi xətt səkkizsətirdən ibarətdir ki, o sətrin hər biri dörd ünsürdən təşkil olunub. Nəticədə,Adəmin surətinin şəklində otuz iki sətir hasil olur. Necə ki buyurulub: «AllahAdəmi rəhman surəti üzərinə yaratdı».
 Cənnətin qapısı ki, «Genişliyi göylərlə yer arası qədər...»dir (3.133),Adəmin surətində təzahür edir və buna görə də bütün huri və qılmanlarAdəm və Adəm kəliməsi şəklində görünürlər. Necə ki, buyurulub: «Onlarorada ilk ölümdən başqa bir ölüm dadmazlar» (44.56) və özlərini ən böyüktaxtın üzərində minlərlə nəşə, fərəh, cəlalət və ululuq içərisində hiss edərlər. «Elə üzlər var ki, o gün par-par yanacaq və Rəbbinə baxacaq» (75.22-23), çünki Adəm və Adəm övladının sifəti surəti-rəhmandır, Həqq-Təala ona insan surətində təcəlla eylər ki, Həqq-Təalanın otuz iki kəliməsinin surəti olsun. Beləcə, cənnət əhlinin surətində Adəm əleyhissəlamın həmin bu iyirmi səkkiz və otuz iki kəliməsinin aləmi vardır. O cəhətdən ki, bunların hamısı otuz iki ilahi kəlimənin məzhəridir. Üç yüz altmış dərəcədə bölünən, amma iyirmi səkkiz və otuz iki kəlimənin cəmi olan səma bürclərinin hamısı Həqq-Təala tərəfindən Adəm və Adəm övladlarına pərəstiş etməyə yönləndirilmişlər. Adəm övladı onların yaxınlığına yetişdiyindən bunlar da ilahi kəlimə ədədincə bölünmüşlər.

 
Türkcədən uyğunlaşdıran: Çinarə NÜSRƏTLİ
 

* -Talib - irfanda ilahi idrak mərhələsinin başlanğıcında olan ruh
** -Təvil - Quranın batini-ezoterik təfsiri
*** -Tənzil - nüzul edilmə, endirilmə, yəni Quranın müqəddəs, ilahi ayələrinin Cəbrayıl
Əleyhissəlam tərəfindən Peyğəmbərə nazil olması.
**** -Kəlimə - bu söz burda hərf anlamında işlənir, ərəb əlifbasının 28 və fars əlifbasının
32 hərfinə işarə olunur.
***** - Nəiminin yozumunda hər hansı bir məbuda səcdə etmək, onun müəllimliyini qəbul etmək, ondan bilik öyrənmək, yəni onun özündən daha ağıllı olduğunu etiraf
etməkdir. Yəni yalnız ağılca daha üstün sitayişə layiqdir. Allah özüq də müəllimdir,
"Rəbb" həm də müəllim, öyrədən, mürəbbi deməkdir.
******* - Yövmül-məzid - uca gün
******* - Bütün mübarək adların müəllimi deyəndə Adəm nəzərdə tutulur.