Biz imzaları yox, əsərləri dərc edirik...

Can borcu – Xanım Aydının YENİ hekayəsi
5163
17 Sentyabr 2020, 11:54
 Artkaspi.az saytı Xanım Aydının "Can borcu” adlı yeni hekayəsini təqdim edir:
 
 İNDİ, KLİNİKA...
 Anar maşını tam saxlayar-saxlamaz qapısını açıb, özümü klinikanın vestibülünə atıram. Bircə arxamca qırıq-qırıq uzanan səsini eşidirəm. Deyəsən, deyinir ki, niyə maşından özümü belə atmışam mən. İndi heç bu haydayam?! Onun sözləri düzü, bu qulağımdan girib, o biri qulağımdan buxarlanır. Əslində, o qəti deyingən adam deyil. İndiyə kimi də heç vaxt nə xətrimə dəyib, nə ürəyimi qırıb. Nəysə, maşının qapısı çırpılır, Anar maşında, mənsə artıq klinikadayam. Qardaşım Elçin, yoldaşı Reyhan, bir də kürəkənləri Orxan dəhlizdə dayanıblar. Görəsən, Orxanın ana-atası hanı? Niyə gözə dəymirlər? Əşi onlar elə əvvəldən onsuz da Fidanı istəmirdilər də. Nə qədər dedim e Reyhana ki, vermə onlara qızı, adam deyillər.  Bu fikirlər hardan doldu başıma bu vurhavurda?! Tələsik onlara sarı gedirəm; cəmi beş-altı addım məsafədir. Yerə də açıq mavi rəngdə metlax döşənib. Nənəm buna havarəngi deyirdi. Nəysə ki, ekvator uzunluğunda bu on- on beş addımda içimdə utanc hissiylə qəzəb hissi bir-birinə qarışıb. Qanım elə qaynayır, dedim bu dəqiqə ağzımdan, burnumdan, gözlərimdən fışqırıb çıxacaq. Bu havarəngi metlax da al qırmızı olacaq. Axı niyə Reyhan burda məndən əvvəl durmalıydı? Niyə də niyə? Fidan mənim qızımdı. İlk doğuşunda yanında mən olmalıydım. Mən! Reyhan yox!
 Reyhan həmişəki fağırlığıyla gözlərimə baxır, həyəcan içində səsi gəlir. 
 – Həkim dedi gözləyin.
 Sonra da üzünü yana tutub ağlamağa başlayır. Dərhal hirsimi tökməyə bəhanə tapıram. Qəzəblə qışqırıram:
 – Niyə ağlayırsan? Noolub ki?
 O, cavab vermir, əlini ağzına sıxıb ağlayır. İndi hirsim bir az da coşur. Elə yaxasından tutub nə baş verdiyini soruşmaq istəyirəm ki, Anar özünü təngnəfəs bizə çatdırır və qolumdan tutur. Bilirəm ki, "sakit ol!" işarəsdir bu. Elçin də bir tərəfdən dillənir. Səsi kobud və qalın olsa da, dediklərini güclə eşidirəm, elə bil quyunun dibindən gəlir:
 – Bacı... Sən Allah, səs-küy salma.
 
 

 Qardaşıma bax da. Elə bil onu başqa, məni başqa ana doğub! Necə səbrlidir?! Hikkəylə gözlərimi süzüb Reyhana baxıram. Reyhan cavab gözlədiyimi başa düşür, axır ki dillənir. 
 – Uşaq tərsinə gəlir... 
 Sonra  bir az da asta səslə əlavə edir ki, Fidanın da vəziyyəti yaxşı deyil.
 Özümdən çıxıram, amma nə yalan deyim, uşaqdan daha çox Fidana görə boğuluram:
 – Nə? İndiyə kimi niyə demirdilər ki? Mən deyirəm də! Həkim yoxdur!!! Bir dənə də olsun savadlı həkim yoxdur! İndi bu klinikanın altını üstünə çevirəcəm, ağılları başlarına gələcək. Allah bilir nə qədər pul töküb diplom alırlar, bir qəpiklik ağılları, savadları olmur, gəlib camaatın balasını bədbəxt eləyirlər!
Anar qolumu sıxır. Həlim səslə deyir.
 – Sakit ol, əzizim. Ayıbdır. Hər şey yaxşı olacaq. Darıxdırma özünü. 
 Həmişə məni hirsli görəndə sakitləşdirmək üçün "əzizim" deyir. Amma mən  hövsələmi basa bilməyib yenə də qışqırıram. 
 – Hanı bu xarabanın baş həkimi? Harda oturur? Hansı cəhənnəmdədi axı? Əgər başınız çıxmırsa, uşağımızı verin aparaq başqa klinikaya! Klinikadan çox klinika var!
Reyhan yalvarır:
 – Leyla, qurban olum, sakit ol. Görək başımıza nə gəlir.
 Resepşndan qoyma kirpikli, qoyma dırnaqlı bir qız dillənir:
 – Xanım, sakit olun da... a! Bura sizinçün bazar deyil axı, klinikadır. 
 – Hanı? Hanı klinika? Klinikada həkim olar! Hanı həkimləriniz?
 – Həkimlər xəstənin yanındadılar. Siz də sakit olsaz, yaxşı olar. Burda sizdən başqa da adamlar var. 
 Elə istəyirəm ki, cumum indi də onun üstünə, qalan hirsimi də ona töküm. Anar qolumdan yapışır və bir qədər hökmlü səslə deyir:
 – Leyla!!!
 Elçin də  bu yandan nəsə deyir, heç nə başa düşmürəm. İndi fikrim Orxana yayınır. Ona fikir verirəm; heç dillənib danışmır, heç nə eləmir. Özünə qapanıb. Yetim uşaqlar kimi elə bir küncdə dayanıb. Ona baxanda gözümə üstündə "Doğum şöbəsi” yazılmış qapı sataşır. Bayaqdan necə olub ki, fikir verməmişəm?! Anarın qolundan çıxıb ora hücüm çəkirəm. Şüşə qapını yumruqlarımla döyəcləyirəm. O birilər də arxamca gəlir. Lap elə bil xalqı arxasınca aparan sərkərdəyəm. Həmin bu şüşəli qapını bir xanım açır. Ağ və çox səliqəli xalatda, elə bil indicə ütüləyib əyninə keçirib. Orta yaşlarında olsa da, yaşından azı bir on il gənc görünən və ya görünməyə çalışan bir qadındır. Yüz faiz üzünə-gözünə əl gəzdirib. Yoxsa belə görsənməzdi. Və bu qadın ən əsası, elə bil tamamilə mənim əksimdi.  İlahi, necə səbrli, necə təmkinli bənizi var. Bu məni onun görünüşündən daha çox qıcıqlandırır. O isə sakit səslə, heç nə olmamış kimi soruşur:
 – Nə olub, ay xanım? Qapını niyə dağıdırsız ki?
 – Orda mənim...
 Sanki sözümü dilimin ucundan geri çevirir, dişlərimin ardına gizlədirəm:
 – Bizim uşaq azad olmalıydı. 
 – Adı nədir?
 – Fidan!
 – Səbrli olun. Qismət Allahdan. İnşaallah bir peşmanlıq olmaz. Hər şey Allahın əlindədir?
 – Bəs onda sizin həkimlər nəyə lazımdır?
 Qadın narazı intonasiyayla:
 – Ay xanım...
 O nəsə demək istəyir, mən sözünü ağzında kəsirəm. 
 – Mən başa düşə bilmirəm! Sizin həkimlər niyə belə başısoyuqdurlar? Niyə ona baxmırlar? Niyə əvvəldən heç nə deməyiblər? Düz doqquz ay sizin həkimin nəzarəti altında olub burda. Biz də savadsız deyilik! Əvvəldən bilsəydik adi doğuşa yox, keysəriyyəyə verərdik də uşağı! Baxmır sizin həkimlər! Baxmır! 
 Yenə də təmkinlə:
 – Onu kim dedi? Narahat olmayın. Bütün həkimlər ordadı. Allahdan əl üzülməz. Hələ bir özünüz sakitləşin. Sizə nə olub? Qızın anası-atası qalıb bir tərəfdə, siz səsinizi atmısız başınıza. 
Duruxdum. O qadın da bunu hiss elədi. Qapını örtə-örtə sakitcə dedi.
 – Sakit olun... əlimizdən gələni edirik.
 Mən hikkəylə:
 – Əlinizdən gəlməyəni də eliyin!
 – Yaxşı. Onu da edərik. 
 Və mən bir əlimlə qapını tutub özümü içəri atmaq istəyirəm.
 – Özüm keçəcəm e içəri! Görüm nə məsələdir!
 – Sizə ora olmaz. 
 O sakit və həm də məsum görünən qadın məni pəhləvan gücüylə geri itələyib qapını örtür. Qalıram elə bil dünyanın tən ortasında tək. Reyhan bir qıraqda sakitcə ağlayır. Elçin həyəcandan rəngi ağappaq olan Orxanın qolundan tutub bayıra çıxarır. Anar da üzümə baxır. İndi hamıdan çox bu fağır, ömründə mənə bir kəlmə acı söz deməyən, xətrimə dəyməyən insana yazığım gəlir. 
 – Get sən də siqaret çək.
 
 

 Halbuki həmişə siqaret çəkməyi üstündə onu danlayırdım, deyinirdim, ona olmazın sözünü deyirdim. Gah deyirdim ki, ağzından iy gəlir, gah deyirdim dişlərin, bığların saralıb, gah deyirdim səndən çox mən boğuluram.  Amma  o da bilirdi ki, bunları onu çox istədiyimdən deyirəm. Nəysə, o çıxdı. Qaldıq Reyhanla ikimiz. O mənə baxır, mən də ona. Gözlərində dərədə yeddi yetimlə qalmış qadının ağrıları var. Mənim ona yazığım gəlir, istəyirəm ki, qucaqlayım, deyim ki, qorxma Reyhan, hər şey yaxşı olacaq, düzələcək. Balamıza heç nə olmayacaq. Allah özü qoruyacaq onu da, balasını da! Amma bunların heç biri dilimə gəlmir. Dilimin altı da, üstü də elə bil zəhər doludur. İstəmədən yenə də gözümü yumub açdım ağzımı.
 – Bu uşağa bir şey olsa, özünü ölmüş bil!..
 İndi gözləri bir az da bərəldi. Elə bərəlib böyüdü ki, elə bil mən boyda adam diri-bütöv yerləşərdi gözünün içinə. Amma mən onu acılamaq istəmirdim. Niyə onu hədələdiyimi də anlamırdım. Di gəl özümü saxlaya da bilmirdim. Sonra ondan aralandım. Ortalıqda dəli kimi o baş-bu baş var-gəl etməyə başladım. Onun da gözləri arxamda o baş-bu baş gedirdi. Və qəfil "Doğum şöbəsi” yazılan yerin qapısı açıldı. İkimiz də dik atılıb cumduq ora. Mən yenə də hikkəmi saxlamadan "hə, necə oldu, nəvəm, qızım” soruşmaq istəyəndə qadının üz-gözündəki pərtlik məni duruxdurur. Diqqətlə baxıb onun niyə belə olduğunu başa düşməyə çalışıram. Qadın bir mənə baxır, bir  Reyhana. Yanaqları qulaqlarına qədər qızarıb. Həyəcandan barmaqlarını şaqqıldadır. Az qalıram deyəm ki, az bəsdir də, barmaqların əsəcək sonra.  Biz ikimiz də susuruq amma. Sanki nəysə soruşmaqdan çəkinir, eşitmək istəmədiyimiz bir cavabı almaqdan qorxuruq. Nə Reyhan dillənir, nə mən.  O isə sakit səslə dillənır:
 – Başınız sağ olsun... – deyir. – Biz əlimizdən gələni elədik...
 
 
 9  AY  ƏVVƏL,  REYHANGİLİN  EVİ...
 
 – Mən bunu eliyə bilmərəm!.. Heç cür...
 – Bəs neyləyək, hə? Mənə də asan olmayıb. İt kimi əzab çəkmişəm. Amma susmuşam. Ölmüşəm, hər gün, ölmüşəm! Səhv eləmişdim. Bunu heç 1 saat  keçməmiş başa düşdüm, peşman oldum! Amma dözdüm. Sənə yox, qardaşıma qıymadım. Anama da dedim ki, peşman olmuşam. O da "olmaz, daha geri götürə bilməzsən" dedi.
 Dizlərinin üstünə dirsəklənib əllərini üzünə tutur, ağlayır. Onun da əzab çəkdiyini bilirəm. Nə deyəcəyimi düşünürəm. Geri çəkilməyimdən qorxub özümü soyuqqanlı tuturam. Hisslərə qapılsam, özüm də ona qoşulub hönkür-hönkür ağlayacam. İstəmirəm!
 – Ağlamaq lazım deyil, Reyhan. Məni də başa düş. Görürsən ki, uşağımın ailəsi dağılır. Yerimdə sən olsaydın, nə edərdin? Hə?!
 Sualımı qətiyyətlə versəm də içim titrəyir. Başını qaldırmadan dərindən ah çəkir. Oturduğu divandan yavaşca qalxır və pəncərəyə tərəf addımlayır. Pərdəni barmaqlarının ucuyla astaca yana çəkir. Çölə boylanır. Artıq şər qarışıb. Şər qarışıb deyəndə ki... Xeyirlik bir şey qalmayıb onsuz da. Elə doğrudan da, şər qarışıb. Ay da canını götürüb qaçırmış kimi buludların arxasında gözdən itir: "Görməmişəm, eşitməmişəm, xəbərim yoxdur" prinsipinə uyğun söhbətimizə şahidlik etməkdən xal-xal boynunu qaçırır.  Öz bətninə yığılırmış kimi yumrulaşır, balacalaşır, yoxa çıxır... Reyhan da söhbətdən uzaqlaşıb ayın bətninə gizlənir. 
 Divanın ucunda narahat oturmuşam. Yaylığımı həyəcandan barmaqlarımın arasında özüm də hiss etmədən bürmələyirəm, açıram, bürmələyirəm, açıram. Gözlərimi Reyhana dikmişəm. Çevrilib nə cavab verəcəyini gözləyirəm. Hiss edirəm ki, yaylığı bürmələyən barmaqlarım da əsir. Və ən çətini buna haqqım çatmadığını  qəşəng bilirəm. Bu hiss, bu fikir məni ət maşınından keçirir. Daha gözləməyə səbrim çatmır, cəld ayağa qalxır, barmaqlarımın ucunda pəncərənin qarşınıda hərəkətsiz dayanan Reyhana yaxınlaşıram. Əlimi çiyninə uzadanda Reyhanın əynindəki məxməri paltara gözüm sataşır. Heç bayaqdan fikir vermirdim. Diqqətimi ona kəsirəm. Qəribə hiss alır canımı. Əlimi ona toxundurmadan geri çəkirəm. Reyhansa elə bayaqkı kimi hərəkətsiz dayanıb pəncərədən buludlara baxır, heç arxasında dayandığımı hiss etmir. Ümumiyyətlə, elə bil burda deyil. İkimiz də duruxub-qalmışıq. Nə o nəyəsə reaksiya verir, nə mən tərpənirəm. Hər şey, içi biz daxil olmaqla sükutdadı, divardakı saatın əqrəbləri də hərəkətsizdir.  Bu sükutun arasında burnuma ətri gəlir. Dejavyu? Yoxsa dəli oluram? Çaşqınlıq içindəyəm. Tərpənmədən, ancaq gözlərimin hərəkəti ilə Reyhanın məxməri xalatına nəzər salıram. Ətrin o olub olmadığını yəqinləşdirmək üçün gözlərimi möhkəm yumur, burnumun pərlərini geniş açaraq yenidən qoxlayıram, lap ətriyyatçılar kimi...
 
 20 İL ƏVVƏL, LEYLAGİLİN EVİ...
 
 – Leyla, qurban olum, razılaş. Səndə, Allaha şükür, ikisi var. Bunu da onsuz da istəmirsən.
 – Nə deyirsən, elə özüm istəmirəm deyə götürüm sənə verim?
 – Axı, onsuz da, istəmirsən də! Abort edib atacaqsan... 
 Duruxuram. Gözlərimi qıyıb bir anın içində onun hardan bildiyini düşünürəm. Axı bu barədə ona bir kəlmə də deməmişdim. Bircə bacım bilir, vəssalam. Acıqla soruşuram:
 – Ağzına gələni danışma! Dayan görüm e. Sən hardan bilirsən ki? 
 Reyhan susur, pərt olmuş kimi üzümə baxır. Baxışlarını aşağı salır. Həyəcanını gizlətmək üçün məxməri paltarının yaxasını düzəldir. İçimdə bir hirs var, dağıdır-tökür məni.
 – Telefon danışıqlarıma qulaq asmısan, hə? Utanmırsan?
Reyhan  həyəcan içində məni inandırmağa çalışır.
– Yox... Yox, vallah, mən qəsdən dinləməmişəm. Qapının ağzından keçirdim... Iııı... Sən də bir az möhkəm səslə danışırdın. Onda eşitdim. Vallah...
 Bilirəm ki, yalan deyir. Bilirəm ki, qəsdən qulaq asıb. Ürəyimin hansısa nöqtəsində ona yazığım da gəlir. Bunu niyə etdiyinə də başa düşürəm. Qadındır da, ana olmaq istəyir, ola bilmir, bacarmır. Di gəl içimdəki hikkə mərəhəmət hissimi basıb keçir, üstələyir...
 – Yalan deyirsən, qəsdən dinləmisən!
 – Yox!  Elçinin canına and içirəm ki, qəsdən olmadı. Təsadüfən oldu. Mən niyə sənə qulaq asım ki? Vallah, təsadüfən oldu.
 – Qardaşımın canına yalandan and içmə!
 Əsəbiyəm. İstəsəm də özümü cilovlaya bilmirəm. Onu bir az da incitməmək üçün susmağa üstünlük verirəm.    Başımı qaldırır, gözlərimi yumub işarə barmaqlarımı gicgahlarıma qoyur dairəvi fırlayıram. O qədər gərginəm ki, barmaqlarımın ucunda elə bil beynim guruldayır. Fikirlərimi də bir yerə heç cür cəmləyə bilmirəm. Gözlərimi açan kimi Reyhanın ağlaya-ağlaya düz üzümə baxdığımı görürəm. İlahi, üz-gözündən yazıqlıq yağır. Bayaqdan min dil tökən ağzı indi susub, baxışları yalvarır mənə. Neyniyim, bilmirəm... Tərəddüd içində otaqda var-gəl etməyə başlayıram. Mən sağa-sola addımladıqca Reyhanın da baxışları arxamca sürünür. Bu məni dəli edir: "Mənlik nə var axı?! Əlimdən bir şey gəlmir. Duadı – ən azı onun qədər eləmişəm, pir-ocaqdı – onunla birgə nəzir-niyaz eləmişəm, həkimlərdi – qabağına düşüb ən yaxşılarına aparmışam.  Daha neyləyim ki? Allah deyiləm ki, əğstəfirullah, buna bir uşaq verim!” Mən ürəyimdəki sərt sözləri ona döşədikcə o da üzümə dünyanın ən fağır, ən çarəsiz adamı kimi baxır. Elə bil tərəddüdün, elə bir narahatlığın içindəyəm ki, özüm bilmirəm nə edim. Axırı üzümü ona tərəf tutmadan, çünki baxışlarlarına daha tab gətirə bilmirəm, soyuq səslə deyirəm:
 – Anarla danışaram...
 Sözümü deyirəm, tələsik qapıya tərəf addımlayıram. Tez çıxmaq istəyirəm ki, nə onu incidim, nə də özümü.  Əlimi qapının dəstəyinə atanda elə bil məni kimsə saxlayır. Dayanıb geri çevrilirəm. Reyhanın gənc simasına elə bil min ilin yorğunluğu çöküb. Gözlərinin altı da bir az qaralıb, bir az da torbalaşıb.  Burnuyla yanaqları arasına şırım kimi arakəsmə də düşüb. Sonra baxışlarımı alnına qaldırıram. Alnında da paralel xətlər gözümə dəyir. Kimdənsə eşitmişdim ki, alında hər xətt yaşda bir onilliyi göstərir. Reyhanın alnında düz beş xətt görünürdü. Reyhanın axı cəmi-cümü otuzca yaşı var. Və dərhal da niyə əlli yaşlı kimi görünməsi sualı məni narahat edir. Bir tərəfdən də vurduğu ətir məni gicəlləndirir. Heç sevmirəm bu ətri. Qardaşımın nə qadın zövqü var, nə də ətir! Ümimiyyətlə, özlüyümdə belə yəqin etmişəm ki, kişinin qadın zövqü olmayanda, yaxşı ətir də seçə bilmir.  Həmin bu düşüncələr elə də uzun çəkmir. Hardasa iki-üç saniyə civarında uçub gedir uzaqlara. Bu müddətdə Reyhan da gözlərini mənə zilləyib, heç çəkmir. Nə düşündüyümdən nigaran qalıb udqunur. Bilirəm ki, indi ürəyində Allaha yalvarır ki, bircə "yox” deməyim. Nə qədər hirlənsəm də, ona o qədər canım yanır ki, az qala, mənə heç bir dəxli olmayan bir şeydə özümü günahkar hiss edirəm. Və bunun içimdə dərinləşdiyini görüb tələsik otağımdan çıxıram. Qoy qalsın, bir az özünə gəlsin, özgə adam deyil ki. Qapı da tərslikdən möhkəm çırpılır. Əslində, qəsdən çırpmıram, həyəcandan əlimdən çıxır sadəcə. Özüm də buna pis oluram. İndi elə biləcək ki, bilə-bilə çırpmışam... Nəysə. Amma neyləsəm də qapının o biri üzündə təkcə olan Reyhanın yanında qalır fikrim. Dayanmışam. Reyhanın hönkürtüsü dəhlizə çıxır. Az qalıram qulaqlarımı yumub qaçam. Amma onu da bacarmıram. Hara qaçım ki, öz evimdən? Lənət olsun mənə! İçimdəki səsi boğub bir-iki addım aralanan kimi ürəyim dözmür və geri qayıdıram. Yavaşca qapını aralayıram. Gözlərimdən ürəyimə, beynimə, vücuduma elə bir ağrı dolur ki...
 Reyhan dizlərinin üstünə çöküb hönkürtüylə ağlayır. Ağladıqca əllərini yumruqlayıb döşəməyə vurur. Bilmirəm hardan gəldi ağlıma, amma yumruğunun başını ilbizin dairəvi çanağına bənzətdim birdən-birə. Heç yeridi?!. Ağladıqca yumruğunu döşəməyə döyəcləyir, dırnaqlarının necə ətinə sancıldığını, necə ovcunu qanatdığını hiss eləmir yazıq. Vurduqca elə bil daxilindəki hirs-hikkəsini, çarəsizliyini döyür. Gücü həyata çatmayan Reyhanın gücü ancaq döşəməyə çatır. Onu indiyə kimi hələ heç vaxt bu qədər ümidsiz, bu qədər bitkin, bu qədər... eh nə bilim e... Nəysə, belə görməmişdim onu heç...
 
 9 AY ƏVVƏL, REYHANGİLİN EVİ...

 – Reyhan, mən gedirəm. 
 Reyhan düşüncələrindən, buludların arxasında gizlənən aydan ayrılıb yerə, evinin qonaq otağına, pəncərədən içəri, pərdədən bu yana, düz mənim yanıma qayıdır. Bir anlıq baxışlarından diksinirəm. Hətta bir az da xoflanaraq içimi çəkirəm. 
 Kədərmi, gərginlikmi, həyəcanmı – adını dəqiq bilmədiyim bütün bu hisslərin qarışığı içimi didir-dağıdır. Susmuşam. Düzü, nə deyəcəyimi bilmirəm. O da məndən beşbetər gündədi. Amma onu bu şokdan ayıltmaq üçün adını çəkirəm.
 – Reyhan?!.
 Bu bir kəlmə söz səs tellərimin arasında titrəyərək elə qəribə tonda çıxır ki, heç özüm də öz səsimi tanımıram. O da cavabında ruhsuz, dilinin ucunda və sanki dodaqlarını heç təpətmədən cavab verir.
 – Hə, nədi, Leyla...
 – Sən... Mənə sözün, cavabın nə olacaq?
Reyhan soyuq səslə və qətiyyətlə deyir:
 – Elçinlə danışaram... 
 İstəyirəm qışqırıb deyim ki, Elçin nə deycək ki? Qardaşımdıye Elçin! Mənə "yox" deyəcək? Üstəgəl də uşaq da mənimdi, nəvə də! Amma dilimdən sakitcə bircə bu söz çıxır:
 – Axı...
 Yenə də susuram. Elə bil kitabın vərəqləri sondan lap əvvələ  vərəqlənməyə başlayır indi. Bütün hadisələr geriyə qayıdır.  Hər şey! Hadisə də, xahiş də, yalvarış da, kədər də, hətta məxməri paltar və ətir də eynidi. İyirmi il öncəki kimi. Reyhan heç vaxt zamanla ayaqlaşmadı, necə evimizə gəlin gəldi, bu iyirmi ildə elə də qaldı. Nə geyim tərzi, nə saç düzümü, nə də zövqü dəyişdi. Hə, bu iyirmi ildə heç nə dəyişmədi. Bircə indi yerlər dəyişib. Yerlərimiz... Özümü birtəhər ələ alıram. Amma içimdəki həyəcanın vurhavurundan özüm öz səsimi eşitmirəm.
 – Danış... Səndən cavab gözləyirəm. 
 Sözümü deyirəm, bilmirəm də dəqiq o məni eşidir, yoxsa yox. Həyəcandan mənim səsim də çıxmaya bilər, onun qulaqları da tutula bilər. Elə şübhə və narahatlıq içində duruxub qalıram. Nəysə ki özümü ələ almağa çalışıram və elə bu gün də iyirmi il əvvəlki kimi qapıya doğru addımlayıram. Fikrim qalıb amma Reyhanın yanında. Əlimi dəstəyə uzadanda dayanıb geri çevrilir, qəddarcasına deyirəm:
 – Unutma ki, sənin  mənə can borcun var...
 Bu dəfə  sözümü çox sərt deyirəm. Elə deyirəm ki, səsimi nəyinki eşidir, hətta səsimdən özüm də lərzəyə gəlirəm. Bilirəm ki, daha qətiyyətli, daha kinayəli və bir az da qınaqlı səslənir sözlərim. Hirslə, daha doğrusu, Reyhana hirs tövrü göstərərək otaqdan çıxıram. Çıxan kimi də qapının o üzündə yenidən hirsim kədərə bulanır.  Əllərimi arxamda çarpazlayıb qapıya söykənirəm. Başımı da geri çəkib qapıya yapışdırıram. İsterik halda, amma səsimi, qışqırığımı udlağımdan aşağıda kilidləyib özümü kiridərək ağlayıram. Elə kədərimi də qucaqlayıb ordan aralanmaq istəyirəm ki, məni sanki nəysə saxlayır. Geri çevrilib astaca qapını  aralayıram. Dünən əlli yaşını qeyd edən Reyhan otuz yaşındakı kimi dizlərinin üstünə çırpılıb, yumruqlarını yerə vura-vura ağlayır. Hıçqırtısının içində güclə bircə bunları anlaya bilirəm:
 – Fidan mənim qızımdı, mənim! Mənim! Mənim qızımdı! Bəsdirin, çıxın gedin ömrümüzdən! Çıxın gedin! Buraxın bizi rahat yaşayaq! Dağıtmayın ailəmizi! Mən ona nə deyim? Necə deyim axı ki səni bibin doğub? Ərinə nə deyim? Qayınanasına nə deyim? Nə?!
 Reyhan yerdə süst düşüb qalıb, çeçələ barmaqları döşəməyə endirdiyi zərbələrdən qızarmış, dırnaqları ətini kəsib qanatmışdı. Diqqətlə ona baxıram, məni görmür. Ürəyimin içində nəyinsə qırıldığını hiss edirəm. Yenə səsi gəlir.
 – Ay Allah, niyə məni bir parça ətlə sınağa çəkdin? Niyə mənə öz bətnimdən çıxan bir övlad vermədin axı?.. Lap şikəst olaydı, amma özümün olaydı! Özümün!
 Ona yaxınlaşıb yerdən qaldırmaq, qucaqlayıb bir yerdə ağlaşmaq keçir içimdən. Amma bu hissin məni otağa girib Reyhanı yerdən qaldırmağını gözləmədən qaçıram. Daha görmək, eşitmək istəmirəm onu... istəmirəm...  Özümü mətbəxə güclə yetirirəm. Əlimi atıb stəkan götürürəm, qrafindən su süzə-süzə həyətdə maşına söykənən Anara baxıram. Yazıq   siqareti siqaretə calayır. Allah bilir neçəncidi damağındakı... Əlləri əsə-əsə sümürür o zəhrimarı. Ona tamaşa edə-edə bir də baxıram ki, stəkan dolub, su stola, ordan da yerə axıb gedir. Əlhavasına stolu silməyə dəsmal axtarıram. Amma gözüm elə Anardadı. Dayanıb yetim kimi qapıya baxır. Mənim nə vaxt çıxacağımı gözləyir. Həyəcandan boğulmuş rəngi göy köynəyinin rəngiylə qarışıb. İndi ona elə yazığım gəlir. Hətta özümdən də çox ona yazığım gəlir. Stolun üstünü silirəm, bir anlıq fikrim qarışır, bir də baxıram ki, telefonuna zəng gəlir. Anar zəngə necə diksinirsə, siqareti ağzından sürüşüb əlinin üstünə düşür. Mən də onu incidir deyə burda içimi "hiii" deyib çəkirəm. Anar tez o biri əliylə siqareti yerə itələyir, ayağıyla siqareti tapdalayır, sonra da dairəvi hərəkətlərlə siqareti söndürməyə çalışır. Bir tərəfdən də telefonun çağırışı susmur. Tez telefonunu sağ cibindən çıxarıb qulağına tutur. Danışıq tərzindən, mimikalarından bilirəm ki, qızımız Jaləylə danışır. Yazıq Jaləm. Allah ona bir övlad vermir ki, ayağı xəstəxanalardan yığışa, başı sərkidən ayıla. Sonra Anarın kövrəldiyini görürəm. Bilirəm, özünü güclə ələ alır, evdə tək olsaydı, ya da heç kim olmayan yerdə, ən azından məndən uzaqda olsaydı ağlayardı. Amma bilir ki, elə indilərdə çıxacağam çölə. Ağlamaz, mənə görə ağlamaz. Anasının dediyinə görə, o, uşaqlıqdan belə kövrək, belə həssas olub. İndi də yaşının bu vaxtına çatmasına baxmayaraq, həminki kimidi, heç dəyişməyib. Buna görə həmişə onu danlayıram. Hamıya, hər şeyə bu cür ürək yanğısıyla yanaşdığına görə deyinirəm. O da yanımda olanda heç vaxt ağlamırdı. Bilirdi ki, gözümü yumub, ağzımı açacam buna görə. Eh... hardan düşür indi bunlar yadıma heç bilmirəm. Ağlımdan keçən bircə budur ki, görəsən, Reyhan otaqda neynir. Birdən ağlımdan keçən fikir məni qorxudur. Ürəyimin əsdiyini hiss edirəm. Təcili "intihar” fikrini özümdən uzaqlaşdırıram. Dodağımın altında pıçıltlyla deyirəm:
 – Eləməz. Gücü çatmaz buna. 
 Elə fikrimdə cümləmə nöqtə qoymamış mətbəxdən çıxıb, özümü həyətə atıram.  Anar məni görən kimi telefonda danışdığı adamla sağollaşır. Üz-gözündən qızımızla danışdığına əmin oluram. Nə cavabla gəldiyimi bilmədiyinə görə tez-bazar söhbəti kəsir. İllərimi onunla keçirmişəm, hər şeyini bilirəm. Qorxur ki, birdən mənfi cavabla çıxmış olaram. Qızımız eşidib indidən pis olmasın. Deyirəm də, çox həssasdır, çox. Mən bunları ağlımda fırlayıb keçirincə o da telefonunu cibinə qoyur və mənə tərəf addımlayır. Həyəcandan ürəyinin necə bərk döyündüyünü hiss edirəm. Mənim də qanımın qara olmağını Anar dərhal hiss edir. O da məni tanıyır. Biz yaşadığımız bu illər ərzində bir-birimizdən heç nə gizləməmişik. Hər halda, mən belə düşünürəm. Nə olsa, nə baş versə danışmışıq bir-birimizə, bölüşmüşük, həll yolunu, çıxış yolunu birlikdə tapmışıq.  Anar gözlərimin içinə baxır, indi yaxşı cavab olmadığını lap dəqiqləşdirdiyinə görə mənə heç bir  sual vermir. Eləcə qoluma girərək böyük təmkin və sakit səslə deyir. 
 – Gəl, Leyla. Gəl, gedək evə.
 Donub ona baxıram. Yenə də onun belə həssaslığına, anlayış göstərməsinə heyran qalıram. Dərindən ah çəkirəm. Qolumdan astaca dartaraq yenə də bayaqkı təmkini və sakit səsiylə deyir:
 – Ahın dağlara, gəl... Darıxma... Hər şey düzələcək. 
 Elə burda hönkürtü çəkib ağlamaq istəyirəm. Özümü güclə saxlayıram. Dodaqlarımın əsməyini ona bildirməmək üçün bir-birinə möhkəm sıxıram. Udqunuram. Gözucu ona baxıram. Mənə tərəf baxmır, amma hiss edir; bilirəm. Maşına çatanda deyir:
 – Gəl, otur.
 Mən həmişə qabaqda otururam. Daha doğrusu, o məni belə öyrədib, belə alışdırıb. Cavanlığımızda bir dəfə soruşdum ki, niyə həmişə yanında otuzdurursan məni? Cavabında gözlərimə baxıb gülümsəmişdi, əlini sürət qutusunun üstündən götürüb əlimin üstünə qoymuşdu. Demişdi ki, səni həmişə yanımda görmək istəyirəm.
 – Leyla, otur da... nə fikirləşirsən? Otur.
 Otururam. Gözlərim önə dikilir. Ön şüşədən Anarı görürəm. O maşına oturmamış imkan tapıb tez gözlərimin yaşını silirəm. Anar maşına oturur. Mən də bir az toxdamağa çalışıram. 
 – Nə oldu? Nə dedi? Danışacaq qızla?
Danışmaq istəyirəm, səsim xırıldayır. Elə bil səsim hardasa boğazımın aşağısında ilişib qalır. Yüngülvari öskürüb səsimi açmağa çalışıram. Bu arada elə də qürurla otumuşam ki, elə bil dağ aşırıb gəlmişəm. Anarın gözucu mənə baxdığını da bilirəm. Mənə hiss etdirməsin deyə, tez də gözlərini çəkir. Daha çox ürəyini çəkməməkçün mən də sakit, amma qətiyyətli tərzdə deyirəm.
 – Elçinlə danışacaq...
Anar təəccübünü gizlədə biləmir.
 – Elçinlə niyə?
 Baxışlarımı yoldan çəkmədən soyuq səslə cavab verirəm:
 – Əvvəl gərək Elçinlə danışa da. Fidan da axı heç nə bilmir. 
 – Leyla, nə deyirsən de, sənin bu fikrin, bu planın mənim ağlıma batmır. Bəlkə, nə qədər gec deyil...
 Sözünü ağzında yarımşəq kəsirəm:
 – Anar... Belə lazımdır. Jaləyə görə...
 Anar heç nə demir. Fikirli olduğundan işıqforun qırmızı işığında keçir yolu. Yolayırıcında sağdan gələn maşının siqnalına diksinib ayılır. Sürücü əlini maşının pəncərəsindən çıxarıb nəsə deyinir, daha doğrusu, söyür. Anar onun təhqirlərinə heç bir əhəmiyyət vermədən maşını yolun qırağına çəkir, ayağını əyləcə sıxır, saxlayır. İndi yolun qırağında ər-arvad bir-birimizə baxırıq. Eyni anda ikimiz də kövrəlirik. Anar bayaqdan özümü tox tutsam da, əziyyət çəkdiyimi görür. Həyəcandan dizlərimin üstündəki dəri çantamın qulplarından bərk-bərk  yapışmışam. Elə bil içində qır-qızıl, milyonlarım var, əlimi çəksəm oğurlayacaqlar. Birdən əlini əlimin üstündə görürəm. Həyəcandan ovucu su içindəydi. Elə bil əlin bir vedrə suya salıb sonra əlimin üstünə qoymuşdu.
 – Yaxşı olacaq. Fikir eləmə...
 Bilmirəm nə deyim. Üzümü yana tutub pəncərədən çölə baxıram... və indi Reyhanın nə etdiyini, necə olduğunu fikirləşirəm. Artıq bir saata yaxın vaxt keçib. Otaqda özü-özünə danışa-danışa dəli kimi var-gəl edir,  düşünüb-düşünüb bir yerə çıxa bilmir heç cür; bilirəm... Necə fikrə dalmışamsa, Anarın maşını heç necə işə saldığını hiss etməmişəm. Gözümü dikib fikrə daldığım ağacdan baxışlarım adlayıb o biri ağaclara keçəndə getdiyimizin fərqinə varıram.
 Evə çatar-çatmaz ağlımdakı ancaq bu idi ki, görəsən, indi Reyhan neynir.  Anar da narahatlığımı duyurdu.  Mətbəxdə, pəncərənin dibində oturub yenə də fikirli-fikirli siqaret   çəkirdi. 
 – Zəng eliyim görüm necədir?
 – Kim? Jalə?
 – Yox... Reyhan.
 Anarın necə diksinib üzümə baxdığını heç vaxt unutmaram, yəqin.
 – Reyhana niyə zəng vurursan ki? İndicə onlardan gəlmirsən?
 Deməyə söz tapmıram. Astaca mətbəxdən çıxıram. Dəhlizdə dərin bir nəfəs alıram. Anarın səsini eşidirəm.
 – Bu qız neylədiyini bilmir... heç nə...
 Heç nə demədən yataq otağına keçirəm. Çarpayının bir küncündə otururam. Tez də ayağa qalxıb narahat-narahat örtüyə baxıram ki görüm əzildi, ya yox. Sonra sanki hər şeydən bezmiş kimi təzədən otururam. Qapı döyülür, Lalə boylanır:
 – Ana, yaxşısan?
 – Yaxşıyam, qızım. Narahat olma. Bacınla danışmısan?
 – Yox. Bu gün heç danışmamışıq. Dərsdən gec gəldim, bir də baxdın ki gecədir.
 – Yaxşı. Get dincəl, balam.
 Lalə otaqdan çıxır. Yazıq uşaq. Üz-gözündən yorğunluq tökülür. Dedim də ona ki, neynirsən magistr da oxuyub. Əl çəkmədi.
 Evin bayır qapısının səsi eşidilir. Deməli, Anar həyətə çıxdı. Tez qalxıb çantamdan telefonumu çıxardıram. Tələsik Reyhanın nömrəsini yığmağa başlayıram. Elə bir zəng gedən kimi də ağlım başıma gəlir, dərhal zəngi dayandırıram. Telefonu çarpayının üstünə atıram.  Bir əlim alnımda, bir əlim də böyrümdə otağın ortasında heykəl kimi dayanıb fikirləşirəm. Elə bu vaxt da telefonuma zəng gəlir.  "Reyhan olacaq da”, – sakitcə deyirəm. Elə bil telefonun zəng səsi də onun əzabları kimi uzun-uzadıdır. Amma mən də ondan az əzab çəkmirəm indi. Elə əvvəl də! Telefon zəng çala-çala əsəblərimi bir az da gərginləşdirir. Və susur. Və yenidən zəng çalmağa başlayır. Əlimi atır zəngə cavab verirəm.
 – Reyhan!!! Nooldu???
 – Ana...
 Qızımın səsiylə bir andaca bədənimin tən ortasında ildırımlar çaxır elə bil. Özüm-özümə sakitcə deyirəm:
 – Axmaq başım! Niyə baxmadım axı?..
 – Ana.... Reyhan xala nə dedi? Razılaşdı? Nə oldu? Necə oldu?
 Mən heykələ dönmüşəm yenə də. Heç nə deyə bilmirəm. Qızımın səsini eşidirəm. 
 – Ana... noolar axı... bir söz de də...
 Jalənin səsini eşitdikcə məni gic ağlamaq tutur. Özümü saxlaya bilmirəm. Və indi də orda onun necə gərgin olduğunu, məndən də beşbətər necə sancı çəkdiyini hiss edirəm. Çətinliklə də olsa, deyirəm:
 – Jalə, narahat olma, balam. Hər şey yaxşı olacaq... 
 
 
 İNDİdən 3 GÜN SONRA, KLİNİKA...
 "Doğum şöbəsi” yazılan yerin qarşısında Reyhanla dayanmışam. Fidanın üçünü verib gəlmişik. Nə dilimiz söz tutur, nə də ayağımız yer. Yenə o lənətəgəlmiş qapı açılır. Elə həmin o qadın qucağında ilk nəvəmiz çıxıb dayanır. İkimizə də sual dolu baxışlarla baxır. 
 – Körpəni kimə verim?
 Yenə hikkəylə əlimi sinəmə vurub "mənə” demək istəyirəm. Amma bu dəfə Reyhana həmişəkindən daha çox yazığım gəlir. Heç nə demirəm. Heç körpənin də üzünə baxmıram. Sakitcə çıxışa doğru addımlayıram. Arxaya çevrilmədən, onlara baxmadan çıxıram klinikadan. Bayırda Anarla Elçin dayanıblar. İkisinə də indi diqqət yetirirəm. Elə bil bu üç gündə azı otuz il qocalıblar. Saç-saqqal içində... Nə bilim... indi daha da pis oluram... Allah bizi görən niyə belə ağır sınağa çəkdi? Jalə də maşına söykənib ağlayır. Lalə ona təsəlli verməyə çalışır. Fidanın ölümü bizi məhv elədi. Özümüzü özümüzdən aldı. Heç vaxt! İndiyə kimi heç vaxt belə sarsılmamışdıq. Heç nə deyə bilmirəm, heç nə edə bilmirəm. Ağlayan qızlarıma baxıram elə. Lalə bir az səbrlidir, atasına oxşayıb. Jalənin hönkürtüsü ətimi şişə çəkir. Qolundan yavaşca tutub deyirəm:
 – Yaxşı, balam. Qurban olum, ağlama.
 Jalə başını çiynimə qoyur, ağlayır. Və qəfil Jalənin səsi kəsilir. Başını çiynimdə qaldırır. Jalə titrəyişli səslə:
 – Reyhan xala...
 Və körpə səsi... Bu, məni də çaşdırır. Reyhan qucağında balaca Fidan yaxınlaşır. Jalənin üzündə təəccüb və həyəcan böyüyür. Reyhan uşağı ona uzadır. Jalə sanki xaosdadır. Nə edəcəyini, nə deyəcəyini bilmir. 
 – Analı, atalı böyüsün.
 Jalə uşağı qucağına alır. Bayaqdan bəri maşında oturan kürəkənim də çaşqınlıq içində çıxıb bizə baxır. Reyhansa Elçinə yaxınlaşır, qoluna girir. Ər-arvad asta-asta klinikanın həyətini tərk edirlər. Balaca Fidansa "vənq-vünq” səslər çıxarmağa başlayır. Hamımızın başı ona qarışır...
 
 YENİ  BAŞLANĞIC...
 
 
"Azərbaycan" jurnalı

Xəbər lenti