Biz imzaları yox, əsərləri dərc edirik...

Cahiliyyət ərəblərinin odla bağlı inanc və etiqadları – Aida Qasımova
985
25 Sentyabr 2018, 09:02
 Artkaspi.az Aida Qasımovanın "Cahiliyyət ərəblərinin odla bağlı inanc və etiqadları" adlı məqaləsini təqdim edir: 
 
   Həyat sanki oddur. Onun  
  əvvəli tüstü, axırı isə küldür.
 
     Əbül-Əla əl-Məərri
 

 
 Varlığın əsasında dayanan dörd cövhərdən biri sayılan od özünün çoxsaylı həqiqi və virtual atributları ilə (alov, tüstü, kül, ailə ocağı, ilahi başlanğıc, müqəddəs nur, cə­hən­nəm odu və s.) bəşəriyyətin maddi və mənəvi həyatında o qədər geniş və əhatəli təsir dairəsinə malikdir ki, odla bağlı inanc və etiqadları, əfsanə və əsatirləri olmayan bir xalq tə­səv­vür etmək qeyri-mümkündür. Eramızdan əvvəl I-II min­il­liklərin qovşağında yaranmış və sonradan qədim Hin­dis­tan və İran ərazisində yetişmiş bir çox dini-fəlsəfi sistem­lə­rin qaynağı sayılan ved mifologiyasında odun böyük yer tut­duğu müşahidə olunmaqdadır. Burada Yer allah­la­rı­nın başçısı Aqni məhz Müqəddəs odu təcəssüm etdirir. Onun başlıca funksiyası insanlarla allahlar arasında əlaqə yarat­maq­dır ki, bu da allahların şərəfinə yandırılan qurban odu­nun göylərə ucalan atəşin dilləri ilə həyata keçirilir. Ved ədəbiyyatında Aq­ni­nin alışıb-yanan, işıq saçan, güc-qüdrət sahibi olan, səmavi boşluqları dolduran, qaranlığın qapı­la­rını açan, göyləri və yeri möhkəmləndirən və qoruyan, hər iki aləmi doğuran, bütün gizli sirləri və hikmətləri bilən, dünyada hər şeyə nəzarət edən bir ila­hi varlıq olduğu bi­li­nir. [1] Öz-özlüyündə "Gizli od” olan Aqninin xarici təzahür for­ması kimi Od bir tərəfdən materiyanın ele­mentar bir şəkli, digər tərəfdən allahların təzahür əlaməti, onların Yer işlərinə nəzarətini həyata keçirən bir vasitə idi. Məhz od vasitəsilə Ruh materiya ilə birləşir və od vasitəsi ilə də işıq yoluna çıxan materiya Mütləq Ruha qovuşur. [2]
 Sonradan elm inkişaf etdikcə alimlər Aqninin "Gizli od” mahiyyətini atom daxilindəki müsbət və mənfi yüklü elek­tron­ların mövcudluğu və elektrik hadisəsi ilə izah etmişlər.[3]
 İnduizmdə odla bağlı üç əsas cəhət – onun yaradıcı, tə­miz­ləyici və dağıdıcı mahiyyəti üzdə dayanmış, ilkin varlığa qo­vuş­ma əqli nurlanma kimi təqdim edilmişdir.
 Qədim misirlilər odu su ilə yanaşı əsas paklıq vasitəsi say­mış, onlar öz məbədlərində yüzlərlə qəndil və şam yan­dırmış, bəzi məbədlərdə hətta odun keşiyini çəkib onu sön­mə­yə qoy­ma­mış­lar. [4] Misir panteonunda Osiris odu təcəs­süm etdirmişdir. 
 

 
 Qədim yunan təsəvvürlərində də odun ruhun azadlığa çıxması və dünyəvi pisliklərdən təmizlənməsi yolunda əsas amil olması müşahidə olunur. [5]
 S.A.Tokarev göstərir ki, sonuncu atəşpərəstlik dinlərin­də od ayrıca ilahi varlıq olmaqdan daha çox təmizləyici qüv­və kimi çıxış edir. Bununla belə, odda təmizlənmə ide­ya­sı demək olar ki, bütün dinlərdə ən müxtəlif şəkildə təzahür edir. Burada ikonalar qarşısına qoyulan adi bir şam və çıraqla yanaşı, orta əsrlər inkvizisiyasının eretikləri küfrdən təmizləmə məqsədi ilə diri-diri yandırması kimi dəhşətli adəti də var idi. [6] Görünür hindlilər də öz ölülərini yan­dı­rar­kən bu prinsipdən çıxış etmişlər. Burada odun ruhların göy­lə­rə yönəlməsi yolunda vasitəçi olması da nə­zərə çarpır ki, bu da od məfhumuna kosmik bir məna verir və onu göy­lər­dəki od mənbəyi – Günəşlə əlaqələndirir. Qədim xalq­ların inanc və etiqadlarında bu əlaqə bariz görsənir. Nadiya Jü­len göstərir ki, meksikalılar Günəşin odu sönməsin deyə Od Allahının Yerin göbəyində olmasını və daim Günəşi qoru­ma­sını zənn etmişlər. [7]
 Mirça Eliadeyə görə, oddan adlayıb keçmə insana xas imkanların fövqündə dayanmağa işarədir.[8] Bunun nümu­nə­si­ni İbrahimin oda atılması ilə bağlı rəvayətdə görürük.
 Bəzi şimal xalqları arasında Od qadın, ana obrazı şək­lin­də təcəssüm olunmuşdur (Ana od, Ocaq anası və s.). Roma mifo­lo­gi­yasında Vesta, yunan mifologiyasında Ges­ti­ya ailə ocağını təmsil edən tanrılardır. Yunan mifolo­gi­ya­sında odun oğurlan­ması kimi arxaik motiv insanlara xeyir­xahlıq edən Promoteyin allah­ların qoruyub saxladıqları odu oğurlayıb insanlara bağış­laması əsatirində əks olunub. [9]  
 Odla bağlı inanc və etiqadların mükəmməl dini-fəlsəfi sis­tem səviyyəsinə yüksəlməsi zərdüştlik dinində müşahidə olunur. Bu dinin banisi olan Zərdüşt bəşəriyyətin fikir tari­xin­də dərin iz buraxmış dahilərdəndir. Zərdüştün dualist fəlsəfəsində Xeyirlə Şər arasındakı ziddiyyət işıq allahı Hörmüzlə zülmət allahı Əh­ri­mə­nin mübarizəsində əks olu­nub. Onun parlaq şəxsiyyəti zaman və məkan çərçivələrini adlayıb, məhdud İran-Azərbaycan hüdud­la­rını keçib bir çox xalqların mənəvi aləminə, o cümlədən ellin mədəniyyə­tinə güclü təsir göstərmişdir. Ellin mədəniyyəti döv­rün­də Zərdüşt barədə sinkretik əsatirlər yaranmışdır. I-II əsr­lə­rin antik müəllifi Dion Xristos göstərir ki, Zərdüşt həqiqət ax­tarışlarında zahidlik yolunu tutub bir dağa çəkilir və tənhalıqda ibadətə qapılır. Bu zaman göylərdən böyük bir atəş saçılıb Zərdüşt olan dağı bürüyür. Atəşdən zərər gör­mə­yib salamat qalan Zərdüşt bu hadisədən sonra ilahi hik­mətə sahib olur. [10]
 Dağda ibadət, Tanrının od şəklində təcəllisi, oddan salamat qurtulma və s. kimi arxaik motivləri əks etdirən bu rə­vayət vəh­da­niyyət dinləri peyğəmbərlərinin (İbrahim, Mu­sa, İsa, Məhəm­məd və s.) hekayətinə çox bənzəyir. Zər­düştlik, xristianlıq və buddizm dinlərinin sintezindən ibarət olub qnostisizm ideyaları ilə zənginləşmiş manixeyçilikdə də (III əsr) dünyanın Xeyir və Şər, İşıq və Zülmət arasındakı mübarizə meydanı olmasının və bu amansız mübarizədə hər bir insanın əsas missiyasının xeyir tərəfində durub zülmətə üstün gəlməkdə təzahür etdiyinin şahidi oluruq. [11]
 Zərdüşlikdə Ahura Məzdanın (Hörmüz) "müdrik ağa" an­lamına gəlməsi müdrikliyin və hikmətin epiteti kimi "Məzdanın" ayrıca bir qüdsiyyət qazanması və arxaik ədə­biy­yatda müdrik­liyin xüsusi bir nemət kimi qəbul edilməsi ilə müşayiət olunur. [12] Bu da özlüyündə İşıq-Nur anlamının Hikmət-Müdriklik anlamı ilə vəhdətinə gətirib çıxarır. Artıq V-VI əsrlərdə zərdüştlik zəmi­nində meydana çıxmış Məzdək hərəkatında İşıq və Zülmətin mübarizəsində İşığa dərrakəli, məqsədyönlü fəaliyyət xas edilir. Zülmət isə xaos və cəhalət qüvvələrini təcəssüm etdirir. [13]
 

* * *
 
 
 Əski əsatiri görüşlərə və dini-fəlsəfi sistemlərə görə, od varlığın əsasında dayanan dörd cövhərdən biridir. Qədim Misir mifologiyasında yaradılış prosesində od sudan sonra ikinci yerdə dayanır və Lakut səltənəti – İşıqlı üfüq adlanır. Bu mərhələdə odun təcəllisi ilə suda qığılcım yaranır. Ru­hun formalaşması, göy cisimlərinin yaranması bu dövrə aiddir. İnsan rüşeymində isə bu mərhələ inkarnasiyanın metafizik başlanğıcı kimi ilk ürək döyüntüsünün yaran­ma­sı­na təsadüf edir.[14] Göründüyü kimi, bu­rada makroaləmin ya­ran­ması öz-özlüyündə bir mikroaləm olan insanın yaran­ması ilə paralel təsvir olunur və hər iki prosesdə odun rolu önə çəkilir.
 Dörd ünsürlə bağlı fikirlər qədim yunan fəlsəfəsində də geniş yer alıb. Əgər Fales (e.ə. VI əsr) hər şeyin sudan yarandığını və Yerin bir gəmi kimi su üzərində dayandığını gös­tərmişdisə, onun tələbəsi Anaksimandr (e.ə. VI əsr) var­lığın dörd ünsürün – tor­paq, su, hava və odun qarışığından əmələ gəldiyini bildirmişdir. Empodokl da bu fikirdə olmuşdur. İstər fəlsəfi görüşlərdə, istərsə də qədim Misir, Çin, Hind əsatiri təsəvvürlərində bu dördlük içərisində torpaqla su kobud, odla hava isə lətif və ali sayıl­mış­dır. [15]
 Məşhur yunan filosofu, dialektikanın atası, "ağlar fi­lo­sof” kimi tanınmış efesli Heraklit(e.ə. VI-V əsrlər) odu bü­tün mövcudatın başlanğıcı saymışdır. Onun fikrincə dünya ilahi qüvvə tərəfindən yaranmamış, o, həmişə qanunauyğun şəkildə alışıb yanan və sönən əbədi od kimi mövcud olmuş, möv­cuddur və mövcud olacaqdır. [16] Heraklitin təlimində odun ikili mahiyyəti – bir yandan yaradıcı, həyat verən, di­gər yandan da dağıdan, məhv edən mahiyyəti qabarıq can­lanır. O oddan yaranmış Kai­natın odla da məhv olacağını bildirir. [17] Heraklit də odu ağıl, şüurla əlaqələndirir, hətta gü­nə­şi "şüurlu od” adlandırır. Kai­natın qanunu olan və ni­zam-intizamı ifadə edən loqos (hərfi mənada "söz”) odla vəh­dət təşkil edir, ağıl loqosla, hissiyyat isə odla ifadə olu­nur. Demokritə görə, insan ruhu atəş-loqosun ipos­tası­dır. Od nə qədər çox, nəmişlik nə qədər az olsa ruh da o qə­dər mükəmməl olub loqosa yaxınlaşar və "quru bir işartı” olar. [18]
 Görünür xeyirxah adamları anarkən "parlaq xatirə”, "nurlu sima” və s. kimi ifadələrin işlənməsi də bu hik­mət­dən doğur. İnsan varlığında həyatilik əlamətinin bədənin müəyyən istiliyi ilə müşayiət olunması ölünün bədəninin soyuması odun həyatla, yaradılışla əlaqələnməsində böyük rol oynamışdır.
 Orta əsrlərin böyük ərəb alimi Əbu Osman Cahiz in­sanın öz mahiyyəti etibarilə dörd cövhər içərisində daha çox oda yaxın olduğunu bildirmişdir. Onun fikrincə mağara və mədənlərdə, dərin quyularda insanın yaşayıb-yaşaya bilmə­mə­si orda od yan­dırmağın mümkün olub-olmaması ilə bili­nir. Əgər bir yerdə od yandırmaq mümkün olarsa, de­mə­li orada insan da yaşayar. Cahiz burada həm yanma pro­se­sinin, həm də tənəffüsün əsasında dayanan oksigenə işarə etmiş, beləliklə, bu mühüm amillə insanın oda bənzərliyini bildirmişdir.
 Cahiz daha sonra göstərir ki, alov sönməmişdən əvvəl bütün gücü ilə titrəyib bir parıltı nümayiş etdirir. İnsan da be­lədir. Həyat əlamətləri sönməzdən öncə, nə qədər ağır xəs­tə olursa olsun, sanki yaxşılaşır, ona bir qüvvət gəlir. Bu hala "ölüm rahatlığı” deyirlər ki, ondan dərhal sonra xəstə ölür. [19] 
 
 

 
 M.Şnayder odun yerlə bağlı cəhətlərinə toxunarkən ero­tiz­mi də yad etmişdir. [20] İnsan varlığını bürüyən sevgini tə­rən­nüm edərkən "eşq odu”, "eşq atəşi” kimi ifadələrə tez-tez müraciət edildiyi kimi, ilahi bir eşqlə Tanrıya qovuş­ma­ğa can atan arifin daxili bir nurlanma həsrətində olması da od, atəş, nur məf­hum­la­rının hədsiz məna çalarlarından xə­bər verir. Bu çalarlar içərisində odun bir cəza vasitəsi kimi (cəhənnəm odu) dini təlim­lər­də böyük yer tutduğunu da qeyd etməyə dəyər. Odun digər bir atributunun – tüstünün qaranlığa, insan şüurunun duman­lanmasına, üzücü bir və­ziy­yətinə işarə olması da tədqiqatçıların nəzərindən yayın­ma­mışdır. [21] İlk divanını "Siqt əz-zənd” (Çaxmaq daşının qığılcımı) adlandıran məşhur şair-filosofƏbül-Əla əl-Məərri (X-XI əsr) insan həyatının oda bənzərliyini həmin diva­nında belə ifadə edir:
و عيش الشباب و ليس منها
                               صباي و لا ذؤائبي الهجان
و كالنار الحياة و من رماد
                             اواخرها و اولها دخان
 
 "Gəncliyin yaşayışı uşaqlıq və qocalıq çağlarına bən­zə­mir. Həyat sanki oddur ki, onun əvvəli tüstü, axırı isə küldür".
 
 Bu beytləri şərh edən Xətib Təbrizi göstərir ki, şair bu­ra­da gənclik illərini tərifləmiş, uşaqlıq və qocalıq gün­lə­rini isə pis­lə­mişdir. Çünki insan uşaqlığında heç bir şey haq­qın­da fikirləşmir, gəncliyin əldə etdiyi murad və ləzzətlərdən məhrum olur. Ahıllıq da belədir. Buna görə də, şair insanın gəncliyini alova bənzətmiş, uşaqlıq illərini tüstüyə oxşatmış, qocalığı isə həmin alovun külü adlandırmışdır. [22]
 
 * * *
 Od arxetipi ilk növbədə Uca Tanrının təcəlla forması ki­mi səmavi kitablarda və peyğəmbərlərin həyatı ilə bağlı rə­va­yətlərdə geniş əks olunmuşdur. Tövratda Allahın işığı xəlq edib bəyən­məsi (Varlıq I.3), Yuhənnanın İncilində İsa peyğəmbərin işığa bənzədilməsi və işığın həyat əlaməti olması (Yuhənna I.4,5. V.35) bildirilir. Allah-Təala yanar bir kolda təcəlli edərək Musa peyğəmbərlə danışır (Xü­ruc.III), yəni burada Od və Loqos vəh­dət təşkil edir. Odun təmizləyici xüsusiyyəti İbrahimin oda atılması ilə bağlı rə­va­yətdə əks olunub. Bu rəvayətin səciyyəvi cəhəti onun yer­də baş verən hadisə olmaq çərçivəsindən çıxıb kosmosla, qeyb aləmi və bu aləmin müxtəlif atributları ilə sıx vəhdətdə verilməsidir ki, bu da odla həyata keçir və ümumilikdə odun kosmik başlanğıcla əlaqələndirilməsindən irəli gəlir. [23]
 İncildə həvarilərlə dağa qalxan hz.İsanın öz təbii halını də­yişib, nurani, parlaq bir varlığa çevrilməsini görürük (Matfey XVII 1-2).  
 
 

 
 Müqəddəs Qurani-Kərimin müfəssirlərin əsrlər boyu üzərində baş sındırdığı məşhur Nur ayəsində (Nur.35) Al­lah-Təala "Yerin və göylərin nuru", "Nur üzərində nur" adlanır. Eləcə də Qurani-Kərimdə Məhəmməd peyğəmbərin (s.ə.s.), müqəddəs Quranın işıq, nur, çıraqla əlaqələndiril­mə­sinə rast gəlinir (əl-Əhzab 45, ət-Təğabun 8). Uruc rə­va­yətlərində də odla bağlı motivlər nəzəri cəlb edir. Tövratda İlyas peyğəmbərin atlar qoşulmuş atəşin bir araba ilə göylərə qaldırıldığı bildirilir (Tövrat. 4-cü çatlıq II). Yanar araba astral simvollardan olub çox zaman Günəşlə əlaqə­lən­dirilir. Misir fironu Exnatonun himnində də Günəş ara­basından söhbət açılır. [24] Meracla bağlı hədislərə görə, Məhəmməd peyğəmbərdən "Rəbbini gördünmü?" deyə so­ru­şarkən o, "mən bir nur gördüm" de­miş­dir. Eləcə də uruc edən peyğəmbərlərin nurani varlığa çevrilməsi ilə bağlı deyimlər də çoxdur. [25] 
 Beləliklə, bu kiçik yazıda odun müxtəlif xalqların əsatiri gö­rüş­lərində və dini-fəlsəfi düşüncəsində nə qədər dərin iz burax­masının şahidi olduq. İndi isə İslam dini kimi möh­tə­şəm bir dini, elmi və mədəni təsisatın yaranmış olduğu cə­miy­yətdə – cahiliyyət ərəbləri arasında odla bağlı inanc və eti­­qadlara, onların mümkün qaynaqlarına ötəri də olsa nə­zər salaq.
 
* * *
 Ərəblərin Zərdüştliklə təması, demək olar ki, bu dinin yarandığı vaxta təsadüf edir. Tarix kitablarında Yəmən padşahı Tuban Əsədin e.ə. VIII əsrdə Azərbaycana gəlməsi, buradan Ərə­­bistana əsirlər aparılması bildirilir. [26] Tuban Əsəd özü yəhu­di­li­yə tapınsa da, onun vəfatından sonra qövmünün dönüb atəş­pərəst olması göstərilir ki, bu da ola bilsin ki, Zərdüştiliyin və­təni olan Azərbaycandan aparılan əsirlərin təsiri ilə olmuşdur.
 Cahiliyyət ərəblərinin odla bağlı inanc və etiqadlarını iki istiqamətdə izləmək lazımdır:
 Birincisi, Zərdüştlük dininin təsiri ilə meydana çıxmış di­ni-mistik təsəvvürlər.
 İkincisi, hər bir xalq kimi ərəblərin də həyatında od və onun atributlarının böyük rolundan do­ğan inanclar. Yəni ərəb cə­miy­yəti öz yaxın qonşuları olan İran və Azərbayca­nın rəsmi ideologiyasından müəyyən dərəcədə təsirlənsə də, olduqca isti Ərəbistan iqlimi, qızmar günəşin yandırıcı şüaları, od, ocaq anlamının ailə, qəbilə məfhumları ilə sıx bağlılığı və s. onlar arasında odla bağlı müəyyən adətlərin, inancların mey­dana çıxmasına səbəb olmuşdur.
 Farslar tarix səhnəsində həmişə öz güclü siyasətləri və döv­lətçilik ənənələri ilə fərqlənmiş, Yaxın və Orta Şərqdə böyük nüfuza malik imperiya yaratmışlar. Rəqibi Bizans imperiyası kimi Sasani xanədanının da təbii ki, Ərəbistan ya­rıma­dasında böyük maraqları olmuşdur. Farsların diq­qə­ti­ni ucsuz-bucaqsız səhralar deyil, daha münbit ərazilər, xüsusilə Cənubi Ərəbistan cəlb etmişdir. [27] Sonradan xris­tian­ların Nəcranda zülmə məruz qalması (Qurani-Kərim­də­ki Əshabi-uxdud rəvayəti buna işarə­dir. Buruc 4-9) və bunun ardınca Bizans qeysərinin təhriki ilə xristian həbəş­lə­rin Cənubi Ərəbistanı zəbt edib Himyər dövlə­tinin varlığına son qoyması nəticəsində taxt-tacdan salınmış Himyər hökmdarı məhz İran şahının köməyi ilə yadelliləri qovub zu-Yəzən nəslini yenidən hakimiyyətə gətirir. Pro­fes­sor M.Mah­mudov Xətib Təbrizinin ibn Dureydin "Məq­su­rə"­sinə yaz­­dığı şərhi tərcümə edərkən bir beytin izahı ilə bağlı Xətib Təbrizinin həmin tarixi hadisələrə aid gətirdiyi gözəl rəvayəti tərcümə etmişdir. Həmin rəvayətin ərəb-fars tarixi əlaqələrini əks etdirmək baxımından əhəmiyyətini nəzərə alıb olduğu kimi veririk: 
 
 "Seyf ibn Zu Yəzənin rəvayəti: Sizə məlum olsun ki, hə­bəş­lər Yə­mənə qalib gəldikdən və uzun müddət orada ha­kim olduqdan sonra Seyf – o, ölkənin nüfuzlu adamların­dan idi – Ruma gedərək qeysərdən kömək istəyir. (Qeysər) öz vəzirləri ilə məçsləhətləşdikdə ona deyirlər: «Hömkdar! Həbəşlər sənin dinindəndirlər, bu ərəbin dini isə sənin di­ninə ziddir". (Seyfi) süründürməyə başlayıb öz vədinə xila­fən onu müdafiə etmək istəmədi. Bu vəziyyət yeddi il davam etdi və o, Hirəyə qayıtdı. Fars hökmdarlarından birinin – fikrimcə, Hörmüz ibn Qubadın yanına gedib ondan kömək istədi. Ölkəsinə daxil olduqda ona hədsiz hörmət göstərib əzizlədilər. Onun nüfuzlu şəxs olduğunu bildikdə (şahin) tər­cü­mə­çisi soruşdu: "Hökmdardan istəyin nədir? Sənin məqsədindən hali ol­mağı mənə əmr etmişdir". Cavab verir: "Yadellilər ölkəmizə soxulmuş­lar". Tərcüman ona deyir: "Hökm­dar soruşur: Hansı Yadellilər? Hin­d­lilər, yoxsa hə­bəş­lər? Cavab verir: "Həbəşlər. Gəlmişəm ki, hökmdar on­lara qarşı mənə kömək göstərsin və biz də onun dinində, yəni itaətində olaq. Yadellilərdənsə, onun mənə və xalqıma hakim olmağı daha yax­şıdır". Tərcüman ona deyir: "Hökm­dar deyir: Çox təəssüf ki, torpağınız bizdən uzaqdır. Bu­nun­la bərabər o, az xeyirli torpaqdır. Orada yalnız qoyun və dəvə vardır ki, bizim də onlara ehtiyacımız yoxdur". Hökm­dar ona on min dirhəm verməyi əmr etdi. Onları götürdü və qapıdan çıxarkən hökmdarın qullarına və nökərlərinə (xidmətçilərinə) dağıtdı. Bu hökm­dara çatdıqda qəzəbləndi və onun geriyə çağırılmasını əmr etdi. Tərcüməçi ona (Seyfə – M.M.) dedi: "Hökmdar sənə acıqlanmışdır". So­ruşdu: "Nə üçün?" Ona dedi: "Hökmdarın hədiyyə və mərhəmətinə sı­ğı­nıb sonra onu qullara və xidmətçilərə səpələyirsən". So­ruş­­du: "Dövləti nə edəcəyəm? Torpağımın dağları məgər qızıl-gümüş deyilmi? O, gərək oradakı mülkə maraq göstə­rəy­di".
 Hörmüzün vəziri bunu eşitdikdə onu Hörmüzün yanına apardı. Ona qalmağı əmr edib bütün arzularını yerinə yetir­məyə və onunla ordu göndərməyə söz verdi. Sonra vəzirləri ilə bu barədə, həm də ordu gön­dərmək barəsində məsləhət­ləş­di: dedilər: "Hökmdar! Sənin susuz və yeməksiz ərəb səhralarına fars əsgərləri göndərməyin barəsində bizim fikrimiz necə ola bilər?! Orada suyu sanki xoruz gözündən içir­lər, o da tutulsa susuzluqdan ölürlər". Cavab verdi: "Mən onu müdafiə etmək istəmirdim. Lakin söz vermişəm ki, onu istək və arzularına çatdır­ma­lıyam". Dedilər: "Əgər belədirsə, burada belə bir iş görmək olar". Soruşdu: "Ne­cə?" Dedilər: "Həbsxanalarını axtar, orada ölümə layiq adam­lar vardır. Sən onları həbs etmisən və onların ruhu da, yaşamaları da sənin rəhminə bağlıdır. Onları çıxar. Üs­t­lə­ri­nə müharibədə təcrübəsi, səriştəsi və bacarığı olan bir adamı başçı qoy. Əgər qalib gəlsələr, məmləkətinə yeni bir mülk qatırsan; məğlub olsalar isə, sənin onlara qarşı istəyin də budur". Həbsxanaları axtarıb ölümə layiq olanları top­ladılar. On min adam oldu. Onlara müharibədə daima öndə gedən, yaşı yüz iyirmiyə çatmış, qocalıqdan və zəiflikdən qaşları gözlərinin üstünə düşmüş Vahraz adlı bir adamı başçı verdi. Onları on gəmiyə mindirdilər və Buzəncanın sahilinə – bu da Ədən sahilidir – çatdıqda bir-birlərinə de­di­lər: "Nə üçün bununla yanaşı özümüzlə risk edək?" Gəmi­lə­ri sərt qayalara doğru sürdülər. Gəmilərdən üçü parçalan­dı, yeddisi isə Ədən sahilinə yan aldı. Ərəblər onları bir-birinə ötürüb toplaşdılar, həbəşlər isə öz hökmdarları Məs­ruq ibn Əbrəhənin ətrafında toplaşıb hücuma keçdilər. Seyf vuruşa hazırlaşmağa başlayıb Vahraz Əsaviridən so­ruş­du: "Fikrin nədir?" "Fikrim qalib gələnə, yaxud səbrlə həlak olmağa qədər vuruşmaqdır. Gəmilər dağılmış və ölkə­dən də kömək gözləyə bilmərik". Qırmızı parça istəyib onun­la qaş­la­rını bağladı. Heç kimin darta bil­mə­diyi yayını götürdü. Öz adamlarını səfərbərliyə alıb Seyfə dedi: "Sən öz adamlarınla ayrı ol, bizi də öz ixtiyarımıza burax". Lakin sonradan Seyf onları qarışdırdı və uzun müddət vuruşdular. Vahras – o, zəif görürdü – soruşdu: "Onların hökmdarı han­sı heyvan üs­tün­də vuruşur?" Dedilər: 2Fil üstündə2. Bir saat da vuruş­dular. Sonra yenə də soruşduqda dedilər: "İndi ata keçmiş­dir". Bir saat da vuruşdular. Yenidən soruşduqda dedilər "Qa­tıra keçmişdir". Dedi: "Eşşəyin balasıdır, eşşək­sə zəlil­dir".
 Gözləri ona (həbəşlərin hökmdarına – M.M.) sataşdıqda – qaşlarını ipəklə bağlamışdı – yayını götürüb ona tuşladı. Məsruqun başında tac, iki gözü arasında isə qırmızı yaqut var idi. (Vahzar) oxu atdı, yaqutu parçalayaraq başına so­xul­du. Həbəşlər məğlub oldular.
 Kisra Vahraza belə bir göstəriş vermişdi: Yəmənə daxil olub qalib gəlsən, camaatı toplayıb Seyf haqqında məlumat al. Əgər doğrudan da, onların hökmdarlarından olmuşdur­sa, yenidən onlara hökmdar qoy (Ona tac və iki əlcək ver­miş­di). Yalan demiş olsa isə, öldür və mənə yazıb rə­yimi öy­rən. Ölkəyə sahib olduqdan sonra (Vahzar) camaatı ça­ğı­rıb soruşdu: "Seyf sizdə nə vəzifə tuturdu (Nə işin sahibi idi)?" Dedilər: "Hökmdarımız və hökmdarımızın oğ­lu ol­muş­dur. İndi də intiqamımızı almışdır". Onu hökmdar edib bu barədə Kisraya məktub göndərdi. O da onu Yə­mən­də saxladı. İndi Sənada oğullar adlananlar həmin on­lardır. Seyf ibn Zu Yəzənin əhvalatı bundan ibarətdir. [28]
 
 Bizans imperatorluğu ilə müharibə vəziyyətində olan, Sasani İranının öz sərhədlərini möhkəmlətmək baxımından şimal-şərqi Ərəbistanın bəzi ərazilərini nəzarət altında sax­lamasını da qeyd etmək lazımdır. Hirədəki Ləxmilər döv­ləti İranın vassal dövləti olmuşdur. Nə qədər qəribə olsa da, Sasani şahları dini məsə­lə­lər­də liberallıq nümayiş etdirmiş, zərdüştlik dinini yaymaq üçün cəhd göstərməmişlər. Bu cəhətdən Sasani imperiyası ilə daim xris­tianlığı yayan, bu məqsədlə missionerlər göndərən, kilsələr, monastrlar tik­di­rən Bizans imperiyası arasında böyük fərq var­dır. Ümu­miy­yətlə, farslar tarix boyu işğal etdikləri ərazilərdə dini dö­züm­lülük nümayiş etdirmiş və başqa xalqların dini eti­qad­larına hörmətlə yanaşmışlar. Bu hal Sasanilərdən çox-çox əvvəlki sülalələr dövründə də özünü göstərmişdir. Məs: II Kir işğal olun­muş ərazilərdə qədim ayin və eti­qad­ların dirçəldilməsinə qayğı gös­tərmiş, hətta kəldanilər tərə­fin­dən Babil, Elam və Yəhudi ərazilərində dağıdılmış məbədləri bərpa etmişdir. Babilistanı tu­tarkən o, babil panteonunun baş allahı Marduka və başqa yerli allahlara qurban kəsmiş, onların məbədgahlarını bərpa etdir­Miş­dir. Misiri fəth edən Kambiz də Misir adətlərinə uyğun tacqoy­ma mərasimi keçirib, ilahə Neytin məbədgahındakı mərasimdə iştirak et­miş­dir. Eynilə Babilistanda da o babil adətləri üzrə tac qo­yur və taxt-tacı Marduxun əlindən qəbul edir. I Dara Misir­də özünü ilahə Neytin oğlu elan edir, Amona və başqa Misir allah­larına məbədgahlar tikdirib onlara qurban kəsir. Eyni qaydada İran padşahlarının Yerusəlimdə Yəhvaya, Kiçik Asi­­yada yunan allahlarına hörmətlə yanaşdıqlarını görü­rük. [29]
 Təbii ki, bu İran şahlarının işğalçılıq siyasətinin tərkib his­səsi olmuş, onlar bununla yerli əhalinin rəğbətini qazan­maq istəmiş və bəzən buna qismən nail olmuşlar. Unutmaq ol­maz ki, tarix boyu İran şahlarının siyasətində əks isti­qa­mət də müşahidə olunmuşdur. Məs.e.ə.482-ci ildə Babilis­tan­da üsyan qalxarkən Kserks yerli məbədgahı da­ğıt­dırmış­dır. [30]
 Fars hökmdarlarının dini dözümlülüyü yəhudilik və xris­tianlıq dini daxilində bidətçilik kimi meydana gəlmiş bir sıra cərəyanların nümayəndələrinin təqiblərdən can götürüb İrana qaçmasında da özünü göstərir. Xüsusilə, yəhudilik dininə mənsub şəxslərin İranda öz dini fəaliyyətlərini da­vam etdirməsi burada mis­tik yönümlü yəhudi apokriflərinin yaranmasına gətirib çıxar­mış­dır. Görünür yəhudi mistisiz­mi­nin, o cümlədən kabbalisti­ka­nın müsəlman mistik cərə­yan­larına, xüsusilə hürufiliyə təsirindən danışarkən, məhz İrana köçüb getmiş yəhudilərin mistik fəaliy­yətinə istinad etmək lazımdır.
 Qeyd etmək istərdik ki, İran şahlarının zərdüştiliyi yay­maq yolunda ciddi-cəhddə bulunmamaları elmi ədəbiyyatda müxtəlif cür izah edilir. Ərəb alimi Cavad Əli bunu fars­ların zərdüştiliyi öz milli dinləri sayması ilə izah edir. [31] Bəzən də zərdüştiliyin doqmatik din səviyyəsinə yüksəlmə­mə­sini əsas səbəb kimi göstə­rirlər. [32] Bizim fikrimizcə, bunu İran şahlarının öz dövlət siyasət­lərində daha çox dünyəvi­li­yə meyl etmələri, öz hərbi qələbələrinə dini rəng vermək meylindən uzaq olmaları ilə izah etmək olar. Təsadüfi deyil ki, İranın vassal dövləti olan Ləxmilər dövlətində hökmdar­ların heç biri zərdüştiliyi qəbul etməmiş, əksinə bu dövlətin ərazisində xristian missionerlərinin fəaliyyəti nəticəsində bəzi xristian təriqətləri rəvac tapmış, hətta hökmdarlar içərisində də bu dinə meyl edənlər olmuşdur. [33] Məhz buna gö­rə də, Ərə­bis­tan yarımadasının farsların birbaşa təsiri al­tın­da olan ərazilə­ri­n­də zərdüştilik dininə tapınanların sayı ad­ları tarix kitablarında çəkiləcək qədər az olmuşdur. Adə­tən ərəblər zərdüştiliyə və məzdəkiliyə tapınanlara mə­cus deyirdilər ki, bu da atəşpərəst kahinləri bildirən "muğ" (maq) sözünün ərəbləşmiş variantı idi.
 

 
 İslamaqədərki ərəb cəmiyyətində atəşpərəstliyə tapınan və məcus adlanan şəxslərin daha çox farslarla sıx siyasi-iqti­sa­di əlaqələri olan ərazilərdə yaşadığı müşahidə olunmaq­da­dır. İlk öncə onların əksəriyyətinin fars əsilli olmasını qeyd etmək yerinə düşər. Yəməndə və Cənubi Ərəbistanın di­gər ərazilərindəki mə­cuslardan danışarkən Cavad Əli on­la­rın bir zamanlar həbəşləri qovmaq və Himyər dövlətini xi­las etmək üçün buraya gəlmiş və uğur qazandıqdan sonra İra­na qayıtmayıb Ərəbistanda qalmış farslar olduğunu bildirir. [34] Hadramautda, Şərqi Ərəbistanda da məcuslar var idi. Onlar Sasanilərin bu ərazidə bir növ vəkilləri, yəni on­la­rın mənafeyinə xidmət edən şəxslər idi. Ərəblərlə iran­lı­lar arasındakı ticarət əlaqələri də sonuncuların bəzən Ərə­bis­tan­da qərar tutub qalması ilə nəticələnirdi. Xüsusilə. Bəh­rey­n­də mə­cus-atəşpərəstlər çox idi. Çünki bu ərazi İran imperi­yasına çox yaxın idi. Burada aparılan arxeoloji qa­zın­tılar zamanı atəşpə­rəst­lərə xas məbədgah və qəbirlər tapılmışdır. Hətta İslam dini yarandıqdan sonra da onlar arasında öz di­nin­də qalanlar olmuş­dur. İbn Sədin "ət-Tə­ba­tat əl-Kubra" əsərində deyilir ki, İslamı yaymaq üçün ayrı-ayrı hökmdar­lara və ərəb qəbilələrinin nüfuzlu şəxs­lə­rinə möhürlü mək­tub göndərib onları imana dəvət edən Məhəm­məd peyğəm­bər belə bir məktubla əl-Əla bin əl-Ha­d­ra­mini də Bəhreynə, Münzir bin Sabi Əl-Əbdinin yanına göndərir və onu İslama dəvət edir. əl-Əbdi Məhəmməd peyğəmbərə mək­tub gön­də­rib özünün İslamı qəbul etdiyini və onun haqq dini oldu­ğu­nu təsdiqlədiyini bildirir. Sonra isə yazır: "mən sənin mək­tu­bunu Həcər əhlinə (bu Bəhreyndə yer adıdır – A.Q.) oxu­dum, onlardan bəziləri İslamı bəyənib bu dinə tapındılar, bəzi­ləri isə onu xoşlamadılar. Mənim torpa­ğım­da məcuslar və yəhu­dilər də vardır. Bu barədə mənə öz göstərişini bil­dir". Rəsulullah (s.ə.s.) ona yazıb dedi ki, məcusluqda və yəhudilikdə qalanlar cizyə ödə­mə­lidirlər.
 Peyğəmbər Həcər məcuslarına məktub yazıb onlara İs­la­mı ərz etdi Kim ki, qəbul etmək istəmədi, onlardan cizyə alın­dı. Bir şərtlə ki, müsəlmanlar onların qızları ilə evlən­mə­məli, onların kəsdiyi qurbanın ətindən yeməməli idilər.[35] 
 Ərəbistan yarımadasının ən məhsuldar və təbii sərvət­lər­lə zəngin ərazisi sayılan Yəməmədə də farslar yaşayır, onlar kənd təsərrüfatı və mədən işləri ilə məşğul olurdular.
 Bununla belə, mənbələrdə farsların təsiri ilə bəzi ərəb­lə­rin də atəşpərəstliyə tapındığı bildirilir. Əlusi göstərir ki, "ərəb­lərdən tək-tük adamlar da oda sitayiş edirdilər ki, bu onlara farslardan və məcuslardan keçmişdir. [36]
P.Tsvetkova görə, fars qəhrəmanlıq dastanlarına ürəkdən vurulan ərəblərə fars dini təsəvvürləri də təsirsiz qalma­mış­dır. [37] Bununla belə, qeyd etdiyimiz kimi, ərəblərdən bir din kimi atəş­pərəstliyə tapınanlar sayca az olmuşdur. Onlar ara­sında təmim qəbiləsindən Zurarə ibn Ədəs və oğlu Hacib ibn Zurarənin, eləcə də əl-Əqra ibn Hacis, Əbul-Əsvad Va­ki ibn Həssan və b. göstərmək olar. [38] 
 
 * * *
 Ərəblərin odla bağlı adətlərinə gəlincə Cahiz "əl-Haya­van" əsərində ərəblər arasında odla bağlı bir sıra adətlərin mövcud­lu­ğuna işarə edir. Bu adətlərin bəzilərinin fars atəş­pərəst­liyinin təsiri ilə yarandığı zənn edilsə də, onların ək­sə­riy­yətində sırf ərəb xisləti üstünlük təşkil edir.
 Bunlardan ən məşhuru "Nərul-qıra" (Qonaqpərvərlik odu) kimi tanınmış adətdir. Ərəblər obanın ən hündür yerində tonqal qalayıb ucsuz-bucaqsız səhralarda aclıqdan və su­suz­luqdan əziyyət çəkənləri qəbiləyə cəlb edərdilər. Odun güclü alışması və ən hündür yerdə olması həmin qəbi­lənin fəxr mövzusu olardı. Cariz "əl-Hayavan"da Nərul-qıranın ərəb bədii təfəkkürünə təsirinə toxunub, bu mövzuda şerlər yazmış Hatəm ət-Tai, Auf ibn əl-Əhvas və başqalarının şerlərindən misallar gətirmişdir. [39]
 Qeyd etmək istərdik ki, adətən könüllü bir xeyirxahlıq olan səxavət ərəb həyat tərzinin mühüm bir amilinə, bəzən də qaçılmaz bir normasına çev­ril­miş­dir. Səhrada yolunu azmış və yaxud suyu tükənmiş bir adama kömək etməmək onu məhvə məhkum etmək idi və qətlə bərabər tutulurdu. Bəkr və Təqlib qə­bi­lələri arasında illər boyu davam edən müharibə bir ara ümumi razılıq əsa­sında dayansa da, səh­rada azmış və suları tükənmiş təqliblilərə bəkr qəbi­lə­si­nin üzvlərinin su verməməsi və onlara səhrada qəsdən səhv yol göstərməsi iki qəbilə arasında müha­ri­bə­nin yenidən alov­lan­ma­sına gətirib çıxarır.[40] Ərəb sə­xa­vətinə dəlalət edən və səh­ra ərəblərinin həyat tərzindən doğan Nərul-qıra şübhəsiz sırf ərəb adətidir və burada atəşpərəslik izləri ax­tarmaq düz­gün ol­maz. Çünki bu adət oda təzimdən deyil, gündəlik həyati tələbatdan doğmuşdur.
 Cahiliyyət ərəbləri arasında "Nərul-qıraya" bənzəyən mövhumi bir "Nə­rul-ğul", "Nərul-cinn" (Qulyabanı odu, cin odu) anlayışı da olub. Bu insanları səh­ralarda azdırmaq üçün cin və qülyabanıların yandırdığı tonqal idi. [41] Yolçu səh­­­­vən həmin işığa doğru gedir, nəticələ ac-susuz qalır, yo­lu­nu azırdı.
 Ərəblər səxavətli, xeyirxah adamlardan bəhs edərkən onun ocağının sön­mədiyini, yəni həmişə qonaq qəbul et­mə­yə hazır olduğunu xüsusi qeyd edər­dilər. Bu  söz ən çox ərəb səxavətinin canlı simvolu sayılmış Hatəm ət ət-Tai ilə bağlı işlənmişdir. [42] Xəsis, simic adamın odu "Nərul-Həbahib" (Hə­ba­hibin odu) adlanırdı. Həbahib gecələr obasında ocaq qa­lamazdı ki. Müsafir­ləri cəlb etməsin və qonşular gəlib ondan köz istəməsinlər. Ərəb­lər bəzən xeyri olma­yan bütün işləri "Nərul-Həbahib" adlandı­rır­dılar. [43]
 Ərəblər arasında müharibəyə başlayarkən dağ başında iri bir tonqal qala­yıb qohum və dost qəbilələri obaya çağır­maq adəti də olmuşdur. Onlar buna "Nə­hul-harb" (müha­ri­bə odu) deyirdilər. [44]
 Onların ovçuluqla bağlı bəzi adətləri də ol­muş­dur ki, burada da oddan istifadə sırf praktik mahiy­yət daşıyıb tə­zim­dən uzaq olmuşdur. 
 Bununla belə, ərəblərin bir sıra adətlərində oda sitayiş və təzim də nəzərə çarpır. Oda ehtiram «Nərut-təhalüf» ad­lanan adətdə özünü daha çox biruzə verir. Ola bilsin ki, bu adət atəş­pərəstliyin təsiri ilə meydana gəlmişdir. Ərəblər bir sazişi im­za­layarkən, əhd bağlayarkən ocaq qalayıb bunu onun yanında edər və əhdi pozana od başında qabaqcadan bəd-dua söyləyərdilər. [45]
 Cavad Əli zərdüştiliyin təsiri altında yaranmış adətlər içəri­sində Nərut-təhalufla yanaşı "Nərul-istımtar"ın (yağış diləmək odu) da adını çəkir. Mən­bə­lər­də bu adət belə təsvir edilir: Əgər quraqlıq olardısa, ərəblər sələ və uşar adlanan iki ağacın bu­daqlarından kəsib inəklərin quyruğuna bağ­la­yar, sonra bu­daq­ları yandıraraq inəkləri uca bir dağın başına qaldırar və özləri də inəklərin ardınca qalxıb Allah­dan yağış diləyərdilər. İbn Kəlbi göstərir ki, ərəblər yanan budaqların parıltısı ilə ya­lan­çı bir şimşək yaradıb, ardınca yağış olacağına ümid bəs­lə­mişlər. [46]
 Bizim fikrimizcə bu adətin ərəblərə farslardan keçməsinə ehtiyatla yanaş­maq lazımdır. Çünki yağış duaları etmək isti və quraqlıq səhralarda daim qu­raq­lıqdan əziyyət çəkən ərəb qəbi­lə­lə­rinə daha uyğun gəlir. Ərəblər arasında lap qədim zaman­lardan mövcud olan yağış duaları İslamdan sonra da qalmışdır. Həzrəti Əlinin «Nəhcul-bəlağa» əsərində biz bu cür dualara rast gəlirik.
 İnəyə gəlincə, zərdüştlik dinində heyvandarlıqla bağlı ayrıca ilahi qüv­və­nin (Vohy Mana) olmasını və Avestada Zərdüştün dilindən kömək məqsədi ilə ona dua edilməsini nəzərdə saxlamaq lazımdır.[47] Yəhudi mifologiyasında Adə­min oğullarının qurban kəsməsi ayini ilə bağlı hekayətdə heyvandarlığın əkin­çilikdən üstün tutulmasını görürük. Kö­çə­ri heyvandarlıqla məşğul olan ərəb qəbilələri içərisində də ayrı-ayrı ev heyvanlarının müqəd­dəs­ləşməsindən do­ğan to­te­mizm mövcud olmuşdur. Qədim ərəblərin bəzi ev hey­van­ları (dəvə, qoyun) ilə bağlı bir sıra qəribə adətləri ol­muş­dur. Sonradan bu adətlər Qurani-Kərimdə pislənmişdir (əl-Mai­də 103).
 Göründüyü kimi, "Nərul-istimtar" adlanan adətin kök­lə­ri dərin və bir xal­qın adına yazıla bilməyəcək qədər şaxə­lidir.
 Ərəblər içərisində xoşlamadıqları bir qonağın ardınca tonqal qalamaq adə­­ti də olmuşdur. Onlar bu zaman dua oxuyub "Allah onu (yəni qonağı) uzaq etsin, ardınca od qalayıb izini yox etsin» söyləyərdilər. [48] Bu adət bədii ədə­biy­yatda rəngarəng obrazlar və deyimlər doğurmuşdur. Klas­sik poeziyada və mə­qamələrdə ona işarə edildiyi müşa­hidə olunmaqdadır. [49] Hər halda onlar bu adət­lə odun qeyri adi bir qüvvəyə malik olmasına inanmışlar. Eləcə də ərəb­lərin xəstələnmiş, ilan çalmış adamlar üçün od qalayıb şəfa di­ləmə­lərində də atəşpərəstliyin izlərini görmək olar. [50]
 Mənbələrdə sırf atəşpərəstlik, oda sitayişlə bağlı Məkkə və Mədinə ara­sın­da, Əbs qəbiləsinin ərazisində yerləşən "Nərul-harrateyn" xatırlanır. Bu od ge­cə-gündüz yanar, ge­cə­lər qeyri-adi bir parıltı verər, gündüzlər isə tüstü­lə­nər­di. Ərəblər arasında bəzi tayfalar az qala məcuslar kimi bu oda ibadət edir­dilər. Cahi­liy­yət dövrünün peyğəmbərlərindən sayılan və bəzi islam mənbə­lə­rində "əleyhissəlam" kəliməsi ilə yad edilən Xalid ibn Sinan əl-Əbsi bu oda hücum çəkib onu söndürmüş, bir xəndək qazaraq onu basdırmışdır. Mə­həm­­məd pey­ğəm­bər Xalid ibn Sinanı hör­mətlə yad edib, onun "qövmünün məhv etdiyi pey­ğəmbərlərdən" olmasını söyləmişdir. [51]
 Bu rəvayət artıq həqiqətən də ərəblər arasında bəzi şəxslərin oda sitayiş etməsinə işarədir. Maraqlı olanı isə, ar­tıq Cahiliyyət dövründə ərəblər arasında monoteizmə mey­lin güclü olması, batil etiqadlara qarşı çıxan qüvvələrin möv­­cudluğudur. Bu bir daha ona dəlalət edir ki, islama­qə­dər­­ki ərəb cəmiyyəti öz mənəvi durumu ilə islam kimi möh­təşəm bir dini-elmi və mədəni təsisatı qəbul etməyə hazır olmuşdur.
 
 * * *

 Cahiliyyət ərəblərinin odla bağlı inanc və etiqadlarının araş­dırılmasından aşağıdakı nəticələr hasil olur:
 – Dörd cövhərdən biri sayılan od özünün çoxsaylı atrii­but­ları ilə bir çox xalqların fikir dünyasında dərin iz bu­rax­mışdır.
 – Ərəblərin zərdüştlik dini ilə təmasının tarixin çox qədim dövrlərinə gedib çıxdığını zənn etmək olar.
 – Zərdüştlik ərəblər arasında geniş rəvac tapmamış, tək-tək insanlar bu dinə tapınmışlar.
 – Ərəblərin odla bağlı adətlərinin bəziləri onların gün­də­lik həyat tərzi ilə bağlı olmuşdur. (Nərul-qıra, Nərul-harb).
 – Bəzi adətlər oda sitayiş və təzim xarakteri daşımış (Nə­rul-istimtar, Nərut-təhaful), ərəblərdə oda sitayişlə bağlı atəşkədə də olmuşdur (Nərul-harateyn).
 – Cahiliyyə dövründə bəzi ərəblər oda ibadətin əleyhinə çıx­mışlar.
 
 
 
 [1] В.Н.Топоров. Агни – Мифы народов мира. Москва, 1980, с.35.

 [2] Эдуард Шюре. От Сфинкса до Христа. Москва, 2000, с.20. 

 [3] Yenç orada, s.23-24.

 [4] Розмари Кларк. Священные традиции Древнего Египта. Москва, 2002, с.354.

 [5] Надя Жюльен. Словарь символов. Челябинск, 1999, с.273-276.

 [6] С.А.Токарев. Ранние формы религии. Москва, 1990, с.593. 

 [7] Надя Жюльен. Словарь символов. Челябинск, 1999, с.273-276. 

 [8] Х.Э.Терлот. Словарь символов. Москва, 1994, с.352-353. 

 [9] С.А.Токарев. Огонь – Мифы народов мира. II. Москва, 1982, с.239. 

 [10] Л.А.Лелекев. Заратуштра – Мифологический словарь. Москва, 1991, с.218. 

 [11] И.С.Брагинский. Иранское литературное наследие. Москва, 1984, с.105. 

 [12] В.Н.Топоров. Мазда – Мифологический словарь. Москва, 1991, с.333. 

 [13] Исламская энциклопедия. Москва, 1991, с.151. 

 [14] Розмари Кларк. Священные традиции древнего Египта. Москва, 2002, с.73. 

 [15] В.В.Евсюков. Мифы о Вселенной. Новосибирск, 1988, с.10,17. 

 [16] В.Я.Кисил. В.В.Рибери. Галерея античных философов. Том I. Москва, 2002, с.316-317.

 [17] Эдуард Шюре. От Сфинкса до Христа. Москва, 2000, с.20-21. 

 [18] В.Я.Кисил. В.В.Рибери. Галерея античных философов. Том I. Москва, 2002, с.316-317. 

 [19] Əbu Osman Cahiz. Əl-Hayavan. Qahirə, 2002, səh.109-111. 

 [20] Х.Э.Терлот. Словарь символов. Москва, 1994, с.352-353. 

 [21] Надя Жюльен. Словарь символов. Челябинск, 1999, с.273-276. 

 [22] Malik Mahmudov. Xətib Təbrizi. Bakı,1972, s.100. 

 [23] Bu barədə A.Qasımova. Patriarxın mistik səyahəti. Elmi araşdırmalar. 2002. I-IV, s.215-226. 

 [24] Мифы народов мира. Ы. Москва. 1980, с.664.

 [25] A.Qasımova. İsa peyğəmbərin əsrarəngiz həyatı xristian və müsəlman mən­bə­lərində – (II məqalə) Bakı Universitetinin Xəbərləri. Humanitar seri­ya.2003, IV.s.258. A.Qasımova. Məhəmməd peyğəmbərin meracı. Bakı, 1994, s.47-49.

 [26] Bu barədə bax: bu kitabın Əlavə hissəsindəki «İslamaqədərki ərəb isti­laları…» məqaləsinə.

 [27] Təsadüfi deyil ki, sonralar şüubilik hərəkatı başlarkən, farslar cənub­lularla olan çoxdankı sıcaq münasibətlərinə sadiq qalmış, onların tənqidi daha çox şimali ərəb qəbilələrinə qarşı yönəlmişdir.

 [28] M.Mahmudov. Klassik ərəb ədəbiyyatı. Bakı, 2001, s.213-215.

 [29]Drevnie üivilizaüii. Averinüev S.S. Alekseev V.P. i dr. Moskva, 1899, s.153-159. 

 [30] Yenə orada. 

 [31] Cavad Əli. Tərixul-arab. Qabləl-islam. IX. 

 [32] Древние цивилизации. Аверинцев С.С. Алексеев В.П. и др. Москва, 1989, с.152.

 [33] Bu barədə bax bu kitabın «Xristianlıq» bölməsinə.

 [34] Cavad Əli. Tərixül-arab qabləl isləm.  IX cild. Bağdad, 1993, s.691-696.

 [35] İbn Səd. Ət-Tabaqat əl-Kubra. I. Beyrut, s.263.

 [36] Yenə orada.

 [37] П.Цветков. Исламизм. Асхабад, 1912, с.32.

 [38] Cavad Əli. Tərixul-arab qabləl-isləm IX cild. Bağdad, 1993, s.693.

 [39] Əbu Osman Cahiz. əl-Hayavan. V. əl-Qahirə, 2002, s.134-136.

 [40] И.М.Фильштинский. История арабской литературы. Москва, 1985, с.82-83.

 [41] Əbu Osman Cahiz. əl-Hayavan.  V.Qahirə, 2002, s.123.

 [42] Bu barədə: A.Qasımova. Hatəm ət-Tai: rəmzi obraz arxasından görünən tari­xi şəxsiyyət. Elmi araşdırmalar. Bakı, 2000 (III-IV), s.32.

 [43] Cavad Əli. Tərixul-arab qabləl-isləm.IX.Bağdad, 1993, s.700-701. Cahiz. Ha­yavan. IV. s.476-477.

 [44] Yenə orada.

 [45] Cahiz Hayavan. IV. s.470. Əbul-Abbas əl-Qalqaşandi. Subhul-əşə fi sınaə­til-inşə. Mısr. I. s.409.

 [46] Əbul-Hüseyn Əhməd ibn Faris. Kitəbun-neyruz. - Navadirul-maxtutati. II. Qa­hirə, 2001, s.23. İbn Farisin istinad etdiyi ibn Kəlbi məşhur «Kitə­bul-əsnam» əsərinin müəllifidir.

 [47] И.С.Брагинский. Иранское литературное наследие. Москва, 1984, с.58-65.

 [48] Cahiz. Hayavan. IV. Qahirə, 2002, s.484.

 [49] Bu barədə. A.Qasımova. Vozniknovenie makamnoqo janra v arabskoy literature. (kandidatskaə dissertaüiə), Moskva, 1989, s.

 [50] Əbul-Abbas əl-Qalqaşandi. Subhul-əşə fi sınaatil-inşə. Mısr. I.s.410.

 [51] Cahiz. Hayavan. IV. Qahirə, 2002, s.476-477. Cavad Əli. Tərixül-arab qa­bləl-isləm. IX. Bağdad, 1993, s.698.