Biz imzaları yox, əsərləri dərc edirik...

Bütün sevinclərin qanadı qırıqdır – Ali Ural
2021
12 Yanvar 2018, 09:20
  artkaspi.az A.Ali Uralın Herman Hese haqqında "Bütün sevinclərin qanadı qırıqdır" adlı essesini təqdim edir:
 


  Öz-özünə hərəkət edən heç nə gözə görünməsə də, çoxlu diş və çarxlarla əhatələnmişik. Ən yüngül toxunuş belə mexanizmi hərəkət etdirməyə qadirdir. Birgə olmaq nə gözəldir – bütün çarxların eyni anda nəfəs alıb-verməsi, bütöv şəkildə dönməsi! Fəqət dişləri niyə paslanır? Axı niyə bərabər hərəkət etməyin şövqü sonda cəfaya çevrilir? Bəs niyə bapbalaca bir çarx öz mexanizmindən azad olub çəmənlərdə "gəzmək” istəyir? Yoxsa okeanların dərinliyində, dənizlərdə, buludlarda, küləklərdə, fırtınalarda öz yurdunu axtarır? Ya da bütün canlıları qanadlarını açaraq ölümsüzləşdirən zamanınmı axtarışındadır? Ah, zaman! Kəfgirlərini kəskin qılınc kimi üzərimizdə oynadır. Zaman! O necə də dəzgahlarda parıldayır. 
  Herman Hesse 1892-ci ildə balaca saat parçası kimi mexanizmindən ayrılıb təbiətə qaçanda on beş yaşı var idi. Seminariyadan uzaqda yaşadığı üçün 23 saat boyunca cibində bir qəpik pulu olmadan mənfi yeddi dərəcə şaxtada meşələri, gölləri dolaşaraq gözünü seminariyanın təcridxanasında açmış, özünə gələn kimi valideynlərinə bu cümlələri yazmışdı: "Həbs cəzamı çəkirəm. Yalnızca çörək və su verilir. Hazırda Homerin "Odisseyası”na başım qarışıb. Vəziyyətim pis deyil, sadəcə dəhşətli dərəcədə yorğun və gücsüzəm.” Səkkiz saatlıq müddət nə qədər az görünsə də, suya düşən daşın ətrafında sonsuz halqalar yaratması kimi nəhayətsizləşəcək və gənc Hermana 
 
  "Necə qəribədir, dumanda irəliləmək
  Həm də hər ot, hər daş səssizkən.
  Ağaclar qovuşmur bir-birinə
  Hamısı da yalnız, yalnız, yalnız” – misralarını yazdıracaq. 
  Təkcə dostlarının qapıları deyil, getdiyi məktəblərin pəncərələri də bir-bir üzünə bağlanacaq, sonda saatsaz dəzgahında özünü tapacaq. 
 

 
 
  Hələ on yeddi yaşında dəmiri forma salmağa çalışan Hesse, on üç yaşından bəri cümlələrlə "oynamağın” xəyalı ilə alışıb-yanacaq. Hər dəfə güzgüyə baxdıqda "ya qələm adamı olacağam, ya da heç kim” deyə özünə söz verəcək. "Çarxlar arasında” romanı elə o dövrlərdə mayalanır və Hesse yalnızlıq qayalarından mütaliənin dibsiz sularına özünü əmanət edir. Höte, Dikkens, Servantes, Zolya romantizmin yarıqaranlıq meşəsində onu gözləyir. Və on səkkiz yaşında ilk misrasını yazır: "Bir xəyal idi, qarşımda sonsuzluğa qədər uzanan”. Gənc şairin saatsaz Perrota şəyirdliyi on dörd ay çəkir. Yeni işinin dəzgahında isə bu dəfə kitablar da var. Herman Hesse və kitablar... Sonralar üç il bir kitabxanada işləyir; kitabların əhatəsində böyüyür. Böyümüş hər şəyird kimi o da usta olur. İlk romanı "Peter Kamensind” insanlığı sivilizasiyanın təhkimlərindən xilas etməyə, özünü tanımağa dəvət edir. Necəgəldi yaşamın mənəvi basqısında qıvrılan insanlara özlərinə uyğun xəyallar qurmasının vacibliyini xatırladır. 
Artıq Hesse kitab oxumadığı hər saatı bihudə hesab edir. "Şair olsam da, insan ola bilmədim” cümləsi ilə qamçıladığı ruhunu öz ifadəsi ilə desək, Cənnətini itirmiş Avropada sakitləşdirə bilmədiyini gördükdə Şərq mistisizminə sığınır; Siddharta Şərq torpaqlarında doğulur. O, Tanrıya və xeyirxahlığa çağırsa da, insanlar həmin günlərdə – Birinci Dünya müharibəsində bir-birlərinin boğazına yapışmışdılar. Müharibəyə qarşı çıxan Hesseyə Almaniya dar gəlir. Rahat yaşamaq üçün İsveçrəyə pənah aparır. Fəqət daxilindəki cəbhədə inqilablar səngiməzkən rahatlıq mümkündürmü ki? Əslində, yaşamağın məsuliyyətini hiss etməsə, intihar edəcəkdi. Tədricən "Boz qurd” romanındakı Harry Haller obrazına çevrilir. Bir hissəsi insan, bir hissəsi isə qurd olan bu adamı necə qəribədir ki, insanlar məhz qurd olduğuna görə sevirlər. Vəhşi, nəhəng qurdun mərhəmət həsrəti ilə çırpınan insana çevrildiyini görənlər təəssüflənir və tərk edirlər onu. 
  Bəs niyə Hesseyə ölüm yatağındaykən baş çəkməyə gəlirlər? Gəlməsinlər! Yaşlı ozan qapıya "Bu adamın insanlara ehtiyacı qalmayıb. Ən doğrusu, içəridə heç kim yoxmuş kimi qapısının önündən ötüb keçməkdir” sözləri yazılmış Çin aforizmini asır. 
 
  Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva