Biz imzaları yox, əsərləri dərc edirik...

Qəlbin gecə lampasıdır – unutmuşam... – Marina Svetayevanın şeirləri
2342
06 Aprel 2021, 10:49
    Artkaspi.az Marina Svetayevanın şeirlərini təqdim edir:
 
 
   Alından öpmək – taledən kədəri silməkdi. 
   Öpürəm alnından. 
 
   Gözlərdən öpmək – yuxusuzu yatırmaqdı.
   Öpürəm gözlərindən.
 
   Dodaqdan öpmək – təşnəni söndürməkdi.
   Öpürəm dodağından.
 
   Alından öpmək – xatirələri unutdurmaqdı.
   Öpürəm alnından
 
 
  
 
 
   ***
 
   O altun yarpaqları, yuxulu dodaqları – öpürəm!
   Uçuşan yarpaqları, uyuyan dodaqları – öpürəm!
   Onsuz da axirətdənnurlu cənnət güdmürəm.
   Yatın, yatan dodaqlar.
   Uçun, uçan yarpaqlar.
 
   ***
 
 
   Sən deyildin gecə-gündüz mənimlə
   Ev-eşiksiz  küçələrdə sülənən?
   Toz-tozanaq meydanlarda can qoyub
   Ay nurunda veyil-veyil gəzinən?!

   Məndən sonra ucuz meyxanələrdə
   Vals oynayıb yorğun saldın canını?
   Mey gillədib məni yada salanda
   Ovcunda əzmədin barmaqlarımı?

   Eşitdinmi gecə sayıqlamışam
   "Tüstü və kül” deyib zarımışam mən
   Hardan biləcəksən kiməm, nəçiyəm
   Mey içib mənimlə gecələməsən?!
 
 
   ***
 
   Əcəl yetişəndə qapı döymür ki,
   Səssiz-küysüz gəlir: həzin qar kimi
   Hardasa bir evdə yanır işıqlar, 
   Qapının ağzında əlbət biri var,
   Basır zəngi səs yayılır o zaman
   Təpilib içəri baxır bircə an.
   Sükut sahibidir evin – şəriksiz
   "Yanır” ikonalar səssiz-səmirsiz.
 
  ***
 
   Kəsin səsinizi, deməyin heç nə
   Yanır dodaqlarım – su verin mənə
   Saçlarım – onlar ki sığal istəyir.
   Bu da ki əllərim – öpülməyə ac.
   Yaxşısı əl çəkin, uyuyum bir az.
 
   ***
 
   Neynək. Püşk atsınlar, mənim bəxtimə
   Məhəbbət düşsün –
   Qorxulu, kəmağıl, nə ola-ola – 
   Buz və qan bütün.
 
   Səni gözləyirəm bu gecə vaxtı –
   ikidən sonra.
   Həmin anlardasa – ruh canda coşur
   Qanım damarda.
 
 
   ***
 
   Bundan sonra bircə arzum da yoxdu.
   O yad baxışlardan, üzlərdən özgə,
   Ağzım hər nə yesəm bal-şəkər dadmaz
   Sonacan sevildim – sönən köz kimi 
   Səndən gileyim yox, müdhiş ehtiras.
 
   Yenə ərş-asiman buz bağlayan vaxt,
   Səni ləliyirəm, ölüm, hey səni.
   Soyuq nəfəsini, bumbuz üzünü 
   Necə ehtirasdan doyanlar istər
   Tənha yatağında yummaq gözünü.
 
 
   ***
 
   Bu səsli-şırnaqlı cavan meşəni
   Odunçu bimürvət kəsib-doğradı.
   Doğrandı meşələr insan əliylə,
   Allah yaratdığın, bəndə korladı.
 
   İndi  o meşədən kəsilib səs-küy,
   Qurumuş kötüklər qalıb yerində,
   O qədər doğmaca səslər içində.
   Sənin yad səsini duydum dərindən.
 
   Gözünün altında qaralan çuxur.
   Mənimçün hər şeydən sehrli, sirli. 
   Kimsə istəsə də ayıra bilməz.
   Bizi – iki əbədi düşmənləri.
 
 
 
 

    ***

   Zülm çəkir dövlətlilər, varlılar.
   Çox yük düşür ağaların çiyninə.
   Mənsə baş endirib yerə baxmaram,
   Heç vaxt ağalartək zabit önündə.
 
   Şəhər coşur, bir yandan da zarıyır
   Şərab qədəhində ayın əksi... eh...
   Mənimləsə yoxdur heç kəsin işi - 
   Həm səfiləm, həm özündən müştəbeh...
 
   ***
 
   Mən səfil dilənçi. 
   Yoxsulsuz Siz də.
   Tənhasız, təksiniz –  bu da naxışdı
   Tək ömürsə dəyməz  qara qəpiyə
   Hə, lap əcəb oldu,  belə yaxşıdı!    
   Nə olsun yoxumdur sehrli əsam.
   Töküb məktublardan od qalayıram.
 
 
   ***
 
 
   İndi düşünmürlər şairlər haqda
   Vaxt ötüb onlardan mənə nə daha
   Keçibdir dövranım, işığı, səsi
   Allah ümidinə buraxdım daha
 
   Zaman xələfləri almırsa vecə,
   Daha sələflərdən nə umub-küsüm
   Dövrüm zəhərimdi, vaxtım zərərim
   Zaman cəhənnəmim, əsrim düşmənim.
 
  
   ***
 
   Ən zərif hisslərə düşünürəm ki
   Hamını tezliklə tərk edəcəm mən.
   Görəsən kimlərə qismət olacaq,
   Xəzim, gözəl xəzim – qurd dərisindən?!  
 
   Yun şalım atılar kimin çiyninə,
   Nazik əsam ilə kim salacaq səs?
   Firuzə düzülmüş gümüş qolbağım
   Kimin qollarını bəzəyəcək bəs?  
 
   Bəs o qədər güllər, bəs o məktublar?
   Heç kəs qoruyammaz gözləri üstə.
   Sən sonuncu sözüm, axır qafiyəm,
   Bu da ölüm anı - sonucu gecə.  
 
   ***
 
   Ayrılığın qaraçı ehtirası,
   Bizi görcək tutur üzünü yana.
   Gecəyə zillənib düşünürəm mən
   Söykəyib əlimi soyuq alnıma. 
   Bizim məktubları anlamadılar
   Heç kəs bilmədi ki, dərindir necə 
   Biz necə vəhşiyik, necə vəhşiyik,
   Sadiqdik əbədi xislətimizə.  
 
   ***
 
         Bryusova
 
   Qəlbin gecə lampasıdır – unutmuşam, 
   Ulduz deyil.  Bunu da unutdum tamam.
   Şeirləriniz doğulub kitablardan, 
   tənqidinizsə həsəddən, paxıllıqdan.
   Amma, ey gənc qoca, qəfil yenə də 
   böyük şair kimi göründünüz mənə.
 
 
   Tərcümə edən: Fərid Hüseyn