Biz imzaları yox, əsərləri dərc edirik...

Bronte cəmiyyəti məqsədinə çatdı
273
02 Dekabr 2019, 10:40
  Bronte cəmiyyəti illərdir ianə topladığı kitabı satın aldı. "Guardian”ın xəbərində bildirilir ki, cəmiyyət ciddi baxım istəyən nümunənin şəxsi kolleksiyalarda itib-batmasına etiraz etsə də, onu təmənnasız əldə edə bilməyib. Bu məqsədlə, ədəbiyyat və Brontesevərlərdən dəstək istəyən qurum nəhayət ki, bu nadir nümunə üçün tələb olunan məbləği toplayıb. 35x61 mm ölçülərində olan qeyri-ənənəvi formatlı nümunə noyabrın 18-də Paris hərracında nümayişə çıxarılıb. 1830-cu ilə aid, Brontenin yeniyetməliyini, yeni-yeni büruzə verən istedadını əks etdirən kitabcığa sahib olmaq üçün cəmiyyət 600000 avro (1,130,000 manat) ödəyib. Hərracda xüsusi alətlər köməyi ilə nümayiş etdirilən nümunə bundan sonra Bronte Parsonaj Muzeyində qorunacaq və nümayişə çıxacaq.
Bu kitab ədibin yeniyetmə və ilk gənclik illərində yazdığı 6 hissədən ibarət hekayənin bir hissəsidir. Silsilənin bir hissəsi 1930-cu ildə məhv olub. Digər beş hissə də Parsonaj muzeyindəki kolleksiyanın tərkibində qorunur. Məbləğin təkcə 85000 funt sterlinqini Milli Xatirə İrsi verib. Bronte Cəmiyyətinin idarəçi direktoru Kitti Rayt: "189 il bundan əvvələ aid bu qeyri-adi "balaca kitab”ın nəhayət ki, Bronte cəmiyyətinə təhvil verildiyinə inana bilmirəm. Dünyanın müxtəlif yerlərindən səsimizə səs verən, maddi-mənəvi dəstəyini əsirgəməyən oxuculara, tərəfdaşlara dərin minnətdarlığımızı bildirirəm. Bu istəyimiz və tələbimiz özünə böyük tərəfdaş ordusu topladığı üçün bu gündən etibarən kitabcıq digər hissələrin yanında boş qalan yerini alacaq”.
 
 

  Məlumat üçün bildirək ki, balaca Şarlot bu kitabı oyuncaq əsgərlərinə və onunla maraqlı vaxt keçirən qardaş-bacısına həsr edib. Muzey kuratoru En Dinzdeyl: "Bu hekayələr nəinki qorunmalı olan irsdir, həmçinin yeni nəslin uşaq ədəbiyyatı müəllifləri üçün örnək nümunələrdir. Bu kitabların gələcəkdə uşaq kitabı kimi rəflərdə yerini almasını planlaşdırırıq”. 
 
  İngilis dilindən tərcümə etdi: Elcan Salmanqızı