Artkaspi.az
saytı Rəvan Cavidin "Boyalı quş haqqında azadlıq" adlı yazısını təqdim
edir:
İkinci Dünya müharibəsi...
Ailəniz sizi itirir...
Yəhudisiniz...
Görənlər sizi qaraçılara bənzədir...
Azıb qaldığınız kəndlərdə yəhudi olduğunuz üçün
sizi qəbul etmirlər və ya ağır şərtlər altında işlədir, işgəncə verirlər. Həmin
kəndlərin çoxunda da alman əsgərləri var. Və sizi görsələr, xüsusi qaz
kameralarına aparıb orada boğacaqlar. Gizlənməyə, kiçik bir şübhə duyduqda
qaçmağa məcbursunuz.
Başınıza gələn bütün fəlakətlərin axarında hələ də
kimin həqiqət olduğunu, kimin qoynunda gizlənməli olduğunuzu bilmirsiniz.

Altı yaşınız var...
Müharibə başlayandan bitənə qədər təksiniz...
Olmazın işgəncələrini dadırsınız...
Diri-diri dovşan soyursunuz, dovşan dərisi
sallana-sallana qaçır, buna görə sümükləriniz qırılana qədər döyülürsünüz.
Sizi sahiblənən ev yiyəsi öz arvadını muzdlu
işçisinə qısqandığı üçün işçinin gözlərini çıxarır və gözlər sizin ovucunuza
düşür.
İçinizə qara ruhların girdiyindən şübhələnən qarı
sizi torpağa basdırır və quzğunlar başınızı dimdikləyir.
Təsəvvür edə bildiniz?
Yerji Koşinskinin ötən əsrin ən çox səs-küy
yaratmış romanlarından biri olan "Boyalı quş” altı yaşlı yəhudi əsilli bir
uşağın başına gələn faciələrdən söz açır. Romanın taleyi eynən baş qəhrəmanın
taleyi kimi məşəqqətli oldu desək, yanılmarıq. Ardı-arası kəsilməyən tənqidi
yazılar, yazıçının öz vətənində ona qarşı hazırlanmış kompaniyalar, həddindən
artıq acılı səhnələrinə görə sadəcə şişirdilmiş təxəyyül hadisəsi olaraq qəbul
edilmiş və romanı ciddiyə almayan amerikalı tənqidçilərin davamlı dərc olunan
yazıları.
"Boyalı quş” müharibə haqqında yazılmış, ancaq
döyüş səhnələrindən daha çox müharibənin getdiyi coğrafiyalarda irq, aclıq, məişət
davalarının təsvir edildiyi, nüfuzlu ədəbiyyat qəzetlərinin təbirincə desək,
Böyük Vətən Müharibəsi haqqında yazılmış ən yaxşı romandır.

Birinci şəxsin təkində danışılan hekayə ilə müəllifin
həyatı əsərin real görünə biləcək hissələrində eyniləşir. Koşinski də müharibə
dövrünü ucqar kəndlərdən birində, milli kimliyinə görə almanlardan gizlənərək və
hardasa buna görə də daha çox rus ordusuna hörmət bəsləyərək keçirib. Müharibədən
sonra Moskvada, daha sonra isə ABŞ-da yaşayıb. "Boyalı quş” romanı da ABŞ-da
yazılmış və dərc olunduğu andan etibarən kifayət qədər səs-küy yaratmış əsərdi.
Əsər nə qədər ümidli, "həyat davam edir” intonasiyasında bitsə də, Yerji
Koşinski intihar edəndə həyatın heç də yaxşı olacağına inanmadığı görünür.
İntiharı haqqında da əsərinə olan maraq qədər əfsanələr uydurulub. Ancaq bir
şey məlumdur ki, məşhur romanında təsvir etdiyi altı yaşlı obrazının hiss
etdiyi bütün ağrıları ömrünün axırına qədər öz çiynində yük edib.
Romanın ən çox diqqət çəkən tərəfi təsvirlərdir. Bəzi
tənqidçilərə görə, müəllif hadisələrin təsvirində ifrat dərəcədə şişirtməyə əl
atıb. Olduqca qəddar, oxucunun gözünü qorxudan və psixoloji təsir yarada biləcək
qədər ifrat ağrı, əzabın təsvir olunduğu roman necə atmosferdə başlayırsa, son
səhnələrinə qədər o atmosferi qoruyur. Bu da yazıçının təhkiyə məcrasının nə qədər
iti olduğunu göstərir. Bunlarla yanaşı, romanda açıq-aydın Yerji Koşinskinin tərəfində
durduğu mövqe də bilinmir deyil. Bəzi əhvalatların danışıldığı sırada səhnəyə
yazıçı çıxır və müharibə, yəhudilərə qarşı birmənalı şəkildə vəhşilik kimi qəbul
olunacaq münasibəti bədii mətn müstəvisində deyil, daha çox publisistik abu-havada
sərgiləyir.

Yerji Koşinski roman boyunca oğlanın keçdiyi kəndlərlə
həm də bəşəriyyətin inkişaf modelini çəkir. Marta və Olqa obrazları ruhlara, şər
və xeyir qüvvələrə, caduya, mifik xarakteri olan tanrıya inanırlarsa, oğlanı
Qarbosa əmanət edən keşiş tək tanrıya, səmavi dinə inanır. Mifik təşəkkürün
dini təfəkkürə çevrildiyi zaman fasiləsini müəllif kəndçilərin məişəti ilə də
izah edir. Əgər Martanın və ya Olqanın yanında baş qəhrəmanı qaraçı olduğu
üçün, qara saçları ilə qara qüvvələri çağırdığı üçün işgəncə edirdilərsə,
Qarbosun yanında yəhudi olduğu üçün onu kilsəyə buraxmır, daşlayırdılar.
Əsər sivilizasiyanın artan xətlə inkişafını göstərir,
kilsədən qaçan oğlan ədəbiyyatı, sənəti, fərdi keyfiyyətləri ona öyrədən,
tanıdan rus əsgərlərinin – Qavrila və Mitkanın yanına gəlir. Bura qədər tanrıya
dua etməyi öyrənən qəhrəmanımız sovet əsgərlərinin çadırında tanrının
olmadığını və duaların heç nəyə yaramadığını öyrənir. Bu da İkinci Dünya
müharibəsindən sonra teosentrik anlayışlarının tənəzzülə uğradığına, fərdi
yaradıcılıq və nihilizmin meydana çıxmasına güzgü tutur. Fərdin mübarizənin, kəşf
olunmamış potensialın və cinsi xarakterlərinin qabardıldığı dövrdür. Yazıçının
çəkdiyi xəritə bizi Qərb mədəniyyətinin modernizmə qədəm basdığı dövrə gətirib
çıxarır. Məhz Qavrila və Mitkanın yanında təsvir edilən hadisələr, oxuduğumuz
dialoqlar daha çox sovet təbliği daşıdığı üçün, həm də yazıçının şəxsi hirsinin
hiss olunduğu abzaslar olduğu üçün bir qədər xoşagəlməzlik yaradır.
Romanda istifadə olunan simvolistika da diqqəti çəkir.
Alov, külək, torpaq (kəndlər, meşələr) və su. Dörd vacib həyat ünsürünün hər
bölmədə baş qəhrəmana yaşamaq üçün kömək etdiyini görürük. Bununla bərabər
ehtiras və səs simvolları da azadlığın sinonimi kimi istifadə olunub. Müharibə
dövründə kişi və qadın münasibətlərinin ibtidai insanların ailə münasibətləri
ilə eyni olduğunu göstərən müəllif, həmçinin Lex və Yelbeyin Lyudmila obrazları
ilə azad münasibətlərin tərəfində olduğunu göstərir. Yelbeyin Lyudmila müharibədə
məhv olmağa məhkum olunmuş gözəlliyin obrazıdır. Dağıdılan şəhərlər, abidələr,
yandırılan meşələr, öldürülən insanlar Lyudmiladır. Onun can verən bədəni
qarşısında diz çökən Lex isə sənətdir, gələcəyin verəcəyi böyük "niyə?”
sualıdır.
Romanın kulminasiya nöqtəsində səsini itirən obraz
finalda öz səsinə qovuşur. Səs yaranışın işarəsidir. Yaranış işıqdan və səsdən
başlayır. Müharibə bitəndən sonra evinə, şəhərinə qayıdan on iki yaşlı obraz
altı illik macəraların ona verdiyi vərdişlərdən xilas ola bilmir. Bu vərdişlərin
ən əsası isə azadlıq idi. O, binalara, küçələrə sığmır, ruhu yenə meşələri,
düzləri istəyir. Gecələr şəhəri gəzir, onun yarısərxoş, yarıçirkli azadlığından
həzz alır. Boyalı quşlar kimi öz dəstəsinə geri dönərkən onu nə qədər incitsələr
də, nəhayət öz yerini cəmiyyətdə tapa bilir.
"Boyalı quş” romanı müharibənin kulisi haqqında
yazılmış ən yaxşı əsərlərdən biridir. Yerji Koşinskinin kitaba əlavə olunan
otuz yeddi səhifəlik ""Boyalı quş”dan sonra” yazısı əsərin ədəbi və
ictimai-sosial dəyərini bir daha sübut edir.