Biz imzaları yox, əsərləri dərc edirik...

Təriflərdən zəhləm gedirBişop və Çingiz Əlioğlu
1103
02 Sentyabr 2019, 09:20

artkaspi.az "Eyni suallar" adlı layihədə dünya şöhrətli əcnəbi müəlliflərin müsahibələrində cavablandırdığı suallar azərbaycanlı yazara ünvanlanır. Layihədə hər iki yazarın cavabları təqdim edilir. Budəfəki layihədə "Pulitzer” və "National Book Award” kimi nüfuzlu mükafatların qalibi olmuş amerikalı şair Elizabet Bişopun müsahibəsində cavablandırdığı suallar şair Çingiz Əlioğluna ünvanlanıb.

 

– Sizə oxuyub fikir bildirmək üçün şeir göndərənlər çoxdur və adətən, necə münasibət bildirirsiniz?

 

 

 Elizabet Bişop: Bəli. Çünki yeni başlayan hamı üçün nə edəcəyini müəyyənləşdirmək çətindir. Bəzilərinə cavab verirəm. Növbəti gün bir məktub daha gəlir. Bu inanılmaz xoşbəxt edir insanı. Bəzən uşaq dəsti-xətti ilə yazıldığı gün kimi aydın olan şeirlər göndərirlər, onlara cavab yazmağa çalışıram. Biri vardı, adı Cimmi Sparks idi. Altıncı sinifdə oxuyurmuş. Yazmışdı ki, sinif yoldaşları sevdikləri şairlərdən bir şeir olmaqla buklet dərc etdirəcək. Mənim üçlüklərimi əzbərləmək asan olduğu üçün onları çap etmək istəyirmiş. Mənsə cavab məktubumda məhz onun üçün yazılmış və ilk oxucusu Cimmi olacaq şeir yazdım. Buklet üçün o şeiri nəşr etməyi məsləhət gördüm. Onun hər məktubundan sonra mən şeir yazmışam. Uşaq duyğularından süzülənlərin alternativi yoxdur.

Çingiz Əlioğlu: Mənə küçədə, tədbirdə kitablar veriləndə xoşuma gəlmir, buna görə də o kitabların əksəriyyətini oxumuram. Şairin bədii mətninin keyfiyyətini müəyyənləşdirmək üçün bütün kitabı oxumağa ehtiyac yoxdur. Bir şeiri oxumaq da kifayətdir. Mən demək olar ki, əksər fikir demirəm,elektron vasitələrdən istifadə etmirəm, ancaq öz seçimimlə oxuyuram. Bilirəm ki, kimləri oxumaq lazımdır, kimləri yox. Boğazdan yuxarı təriflərdən zəhləm gedir. Şairlər var ki, yazım çıxanda zəng edib məni tərifləyirlər, eyni münasibəti də öz şeirləri dərc olunanda məndən gözləyirlər. Amma mən bunu etmirəm.

 

– Elə şeirləriniz varmı ki, sanki sizə hədiyyə ediblər? Yəni, şeir su kimi axıb, öz-özünə yazılıb.

 

Elizabet Bişop: Bəli... Sanki hər şey bir anda baş verir. Bütün həyatımı bir vilanelə (19 sətirlik şeir növü) sığışdırmaq istəyirdim, uzun müddət bunun üzərində əlləşdim. Dəfələrlə yenidən başladım, amma hər dəfə indi xatırlamadığım səbəblərlə yarımçıq qalırdı, tamamlaya bilmirdim. İnsana elə gəlir ki, sanki lənətlənmisən. Bir gün isə, inana bilməzsiniz, çünki bunun cəmi bir neçə dəqiqədə baş verdiyinə uzun müddət özüm də inana bilmədim, o şeiri məktub yazırmış kimi yazdım. Amma etiraf edim ki, belə hallar o qədər də sıx-sıx yaşanmır.

Çingiz Əlioğlu: Var, mən bu haqda yazılarımın birində qeyd etmişəm. Bilirsən, şeirin yaranma möcüzələrindən biri də odur ki, küləksiz havada dümdüz dəniz səthinə baxırsan, ani olaraq baxışın yayındıqdan sonra əvvəl baxdığın yerə lap diqqət kəsiləndə görürsən ki, orada bir ada var. Mənim bəzi şeirlərim elə yaranıb, bu faktdır. Elə şeirlərim var, yazılandan sonra düşünmüşəm ki, bu necə yarandı? Şeirin yaranma mexanizmi nədir, haradan gəldi? Bu haqda danışmağı çox xoşlamıram. Bu, şair əməyini, personasını fetişləşdirməyə gedib çıxır. Mən isə fetişləşdirmənin əleyhinəyəm. Danışdığımız mövzuda hətta bir şeirim də var:

 

 

Qəfil tutub qısnayır,

Tez ol, məni yaz deyir.

Qış yapışır yaxamdan,

Durma, gəldi yaz deyir.

 

Hardan belə axır o,

Şimşək kimi çaxır o!

Gah yağır yağış kimi,

Gah da gedir, ağır o.

 

Başdan baş alıb gedir,

Döşdən alışıb gəlir.

Qəlbdən boşalıb gəlir,

Çatdırmıram mən fağır.

 

Kəhriz gözü qazmıram,

Mən şeiri yazmıram:

Qaynayır bulaq kimi.

Zühr edir dağ kimi!

 

Köksüm təndirtək qızır,

Söz özü tapır məni,

Yoğurur-yapır məni

Özü özünü yazır.

 

– Bu qədər çox səyahət etməyin, yer dəyişməyin səbəbi yaradıcılıq üçün ən uyğun yer axtarışlarıdır?

 

Elizabet Bişop: Yox, mən belə düşünmürəm. Mən düşündüyünüz qədər çox səyahət etməmişəm. Sadəcə həyat belə gətirib. Elə də varlı deyildim, atam sonralar isə ailəmizin digər üzvləri hər ay müəyyən qədər xərclik göndərirdilər. Kolleci bitirəndə az-çox, pulum var idi. Səyahət üçün ən ucuz yerləri seçirdim. Amma bir dəfə getdiyim yerlərə bir də qayıtmırdım. Yəni, mənim səyahət anlayışım indiki tələbələrinkindən fərqli idi. Məsələn, tələbələrim hər tətil Nepalı və ətraf bölgələri gəzməyə gedirlər. Mənim elə imkanım yox idi. İndiyə kimi də gedə bilməmişəm.

Çingiz Əlioğlu: Qəti şəkildə yox. Yaradıcılığım üçün ən uyğun yer doğma Bakım, öz otağımdır. Çox nadir hallarda hardasa olanda şeirlər yazmışam.

 

 

– Amma nədənsə sizin haqqınızda macərapərəst kimi danışırlar.

 

Elizabet Bişop: Könül istəyərdi ki, Amazondan başlayıb, üzüyuxarı gəzim. Amma Perudan başlayıb, üzüaşağı gedəsi oldum.

Çingiz Əlioğlu: Əslində, ağıl, şüur səviyyəsində elə də macəra xoşlayan deyiləm. Amma təhtəlşüur səviyyəsində bu ola bilər. Getdiyim səfərlərin çoxu da macəra ilə yadda qalır. Məsəlçün, mən Qara dənizdə səhər-səhər körfəzdə üzdüyüm yerdə hiss etdim ki, çox uzağa getmişəm. Uşaqların anası da sahildə oturub məni izləyirdi, onda ikinci övladımızı gözləyirdik, ona görə çalışırdım çox uzağa getməyim ki, həyəcanlanmasın. Amma gördüm ki, ayağım nəsə yumşaq bir şeyə toxundu. Təlaş keçirdim ki, bu birdən dənizdə boğulmuş kimsə ola bilər. Tez sahilə tərəf üzəndə gördüm ki, hamı məni göstərib qışqırır. Dönüb baxdım ki, nəhəng bir delfin suda atdana-atdana gedir. Belə çıxır ki, delfin məndən qorxdu, mən də ondan. Onun üzgəclərindən biri bədənimə toxunsaydı doğrayardı məni.

 

 Səyahət məqsədilə getdiyiniz yerlərdə də yazırsınız?

 

Elizabet Bişop: Baxır vəziyyətə. Olur, hərdən yazıram. Adətən, yazmaqdan çox qeydlər aparıram, amma o da həmişə yox. Gündəlik tuturam. İndiyə kimi səyahətlərimdən ikisini lap çox bəyənmişəm. 3-4 il əvvəl getdiyim Amazon və Qalapaqos adaları... Onların hərəsi haqqında gündəlik yazmışdım. Amma nə zamansa İtaliyanı da yenidən gəzmək istərdim. Çünki oranın sahillərini tam rahat gəzmişəm. Romaya isə heç getmədim. Ona görə geri qayıtmalıyam. Əslində, indiyə kimi etməli olduğum, amma etmədiyim çox şey var. Məsələn, rəssamlığı şairlikdən çox sevirəm, amma ona heç zaman vaxt ayırmadım. Dəyərli şeylərdən qaçmaq lazımdır, həyatın mənası yalnız qiyməti olmayan nəsnələrdədir.

Çingiz Əlioğlu: Dövlət işində çalışdığıma görə səhər durmağa və yazmağa öyrəşmişdim, amma indi günün istənilən vaxtında yaza bilirəm. Getdiyim ölkələrdən demək olar ki, ancaq Latviyada, Finlandiyada yazmışam. Ümumiyyətlə, səhərlər yazmaq xoşladığım bir vərdişdir. Lap uşaqlığımdan. Güclü təəssürat yığma bacarığım var. Həmişə müşahidələrimi beynimdə saxlanc kimi saxlayıram, sonralar onlar şeirə çevrilir.

 


       Hazırladı: Fərid Hüseyn