Biz imzaları yox, əsərləri dərc edirik...

Bizim kimi təfəkkürü zəiflərə baş qoşmasın – Yazarların cavabı
217
17 Sentyabr 2019, 16:22
  Artkaspi.az saytı yazarların Ayxan Ayvazın müsahibəsinə olan münasibətini təqdim edir:
 
  Şərif Ağayar:
 
  Ayxanın fikri ilə razılaşıb razılaşmamağımdan asılı olmayaraq onun bizə tənqidi yanaşması nəinki normaldır, hətta vacibdir. O, buna haqqı çatan tək-tük imzalardandır və səmimi deyirəm, belə mütərəqqi fikirdə olması, münasibətdən asılı olmayaraq, güzəştsiz danışması məni sevindirir. Bizdən sonra gələnlər bizdən yaxşı bilməli və yaxşı yazmalıdır! Başqa cür ola bilməz. O ki qaldı Ayxanın fikirlərinə münasibətimə, məncə, bir az sərt danışıb. Xüsusən Seymurla bağlı... Mənimlə bağlı əsas məqamı düz tutub. Məncə, aqrar dildən istedadla xilas olmalıyıq. Fikir verdinizmi bu sözə? İstedadla! Şəhərdən boş-boş yazmaqla yazıçı olmaq olmaz. Nə urbanistikindən, nə kəndçisindən. 60-cılar təcrübəsi də məni qane etmir. Azərbaycanın güclü kolorit və yüksək istedadla zəngin olan aqrar dilli ədəbiyyatına qarşı ən azı, misal üçün, Əhməd Tanpınarın yazdığı səviyyədə mətn qoyulmalıdır. Bunun üçün kəndli-şəhərli Azərbaycanı canınla hiss eləməli, dünya təcrübəsinə yiyələnməlisən. Mən də ağlı başında olan bütün yazıçılar kimi buna çalışıram. Gecikmişəm, bilirəm. Azərbaycan reallıqları 20 yaşında bilməli olduğumuz həqiqətlərə 40 yaşda çatmağımıza səbəb olub. Amma əsas odur ki, çatmışıq. Nə yaza bilsək, qənimətdir.
 
 

  Mirmehdi Ağaoğlu:
  
  Çalışacağam ki, Ayxanın mənim haqqımdakı təəssüratlarını doğruldum. Düzü bu mövzuda bir qədər pessimistəm. Bilmirəm, yazacam, ya yox. 
  Digər yazıçı dostlarım haqqındakı təsbitləri çox doğrudur. Mən Cavidin qələmini sevirəm, xüsusən hekayələrini. Kəramət haqqında dediyi fikirlərə də qatılıram. Mən bilirəm, Kəramət daha yaxşı, ciddi əsərlər yaza bilər və yazacaq. Eləcə də Cavid. Ayxanın özündən də ciddi mətnlər gözləyirəm. Mən onun statuslarına kimi yazdığı hər şeyi maraqla oxuyuram.
  Ayxan mənim haqqımda məndən ümidlidir.
 
 

  Cavid Zeynallı:
 
  Ayxan Ayvazın mətnə yanaşması doğru deyil. Seymur Baycan üçün deyir, bədii təfəkkürü zəifdir, Şərif üçün deyir, modernləşə bilmir. Özü-özünü təkzib edir. "İndi modernləşə bilmir, köhnədir” ifadələri müzakirə edilməz. Hər yazıçının öz dünya görüşü, ədəbiyyat baxışı, üslubu, mətn hissiyatı, dili var. Ümumiyyətlə, istedadlı adamdırsa, deməli, yazıçıdır. Mənim haqqımda deyir, köhnədir. "Gülümsəyir, tüpürür” hekayəmdən kiçik bir hissəni oxuyaq : "...Bircə Kübra xalagilin qapısı açıqdır, içəridən eşidilən uşaq çığırtısı ördək vaqqıltısına qarışıb. O sağdakı Nağı əminin evidir, onun yanındakı doxtur Nəcəfin. Sonra Mirqasımın evi gəlir, sonra Nübar xalagillə Zeynal müəllimin”. Ayxanla bu hissə üstündə mübahisə etmişdik. Onun nəzərində köhnəlik nə olsa, yaxşıdır: doxtur sözü. Guya mən doxtur yox, doktor yazsaydım, olacaqdı modern dünya nəsri. Xətrinə çox dəyməyim, bir-iki cümlə də tərifləyim, yoxsa yenə qurşanacaq siqaretə. Ayxan mənim ürəklə istedadlı deyə biləcəyim insandır. Bircə reportajı, hekayəsindəki bircə abzası onun istedadını "ələ verir”. Etimad Başkeçid demişkən, qaqulyam və ulu sənətkar Ayxana gözəl mətnlər arzu edirəm. Çalışıb bizim kimi köhnələrə, təfəkkürü zəiflərə çox baş qoşmasın. Yoxsa modernləşə bilməyəcək.