Biz imzaları yox, əsərləri dərc edirik...

Biz bu gün, istifadə etdiyimiz telefonların “Novruzəli”siyik” – “Sevdiyim əsər” layihəsi – Kamran Əliyev
3034
18 İyul 2018, 11:16
 "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edəcəyik. Budəfəki həmsöhbətimiz AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, yazıçı Kamran Əliyevdir. Kamran Əliyevin sevdiyi əsər Cəlil Məmmədquluzadənin "Poçt qutusu” hekayəsidir.
 

 
 – Cəlil Məmmədquluzadənin "Poçt qutusu” hekayəsi hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
 –  Mənə  bu hekayəni sevdirən fərqlilikdir. Yəni mətnin son dərəcə sadə dillə yazılması və həyatın real əks olunmasıdır. Niyə başqa bir əsər yox, məhz "Poçt qutusu” sualı verilərsə, deyərdim ki, oxucu ədəbi-elmi düşüncələr arasında yalnız tanıdığı obrazların, bildiyi mətnin diqqət yetirilmədiyi qatlarının şahidi olanda daha çox məmnun qalır. 
 Başqa bir tərəfdən isə 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Universitetdə oxuyarkən bizim ən sevimli müəllimlərimizdən biri də professor Mir Cəlal Paşayev idi. O vaxtlar biz tələbələr  Mir Cəlal müəllimin möhtəşəm bir sözünü tez-tez təkrar edirdik: "Biz hamımız Mirzə Cəlilin "Poçt qutusu”ndan çıxmışıq”. Bax, bu fikir də illərdir beynimdə dalğalanır və məni özünə cəlb edir.

 – Norvuzəli surətini, sizcə, əbədiyaşar edən hansı məziyyətlərdir?
 –  Əgər düşünürüksə, bu əbədiyaşarlıq avamlıqla əlaqəlidir, demək, səhv edirik. Sadəcə, Novruzəli texniki tərəqqinin müqabilində avamdır. Cəlil Məmmədquluzadə 1903-cü ildə bu hekayəni yazarkən İrəvan da daxil olmaqla Azərbaycan ərazisində  cəmi yüzə qədər poçtxana olub. Yəni minlərlə insan poçt qutusunun nə olduğunu bilməyib. Novruzəli də kəndçi bir obraz kimi həmin minlərdən biridir, deməli, onun poçt qutusunu tanımamaq avamlığında qeyri-adi heç nə yoxdur. Lakin əhəmiyyətlisi budur ki, o, ağıllı şəxsdir. Ağıllıdır, ona görə ki, normal bir təsərrüfatı var. Yazıçı hekayənin əvvəlində də qeyd edir: "Novruzəli Vəli xana un, əriştə, yağ, bal, toyuq, cücə və sairə kənd payı gətirir”. Daha sonra Novruzəlinin "iki danam itmişdi” cümləsindən məlum olur ki, bu adamın yalnız toyuq-cücəsi yox, eyni zamanda iribuynuzlu mal-qarası – inəkləri də var. Bütün bunlarla yanaşı, onun ulağının da  olduğu açıq-aşkar bəllidir. Ulaq qoşqu vasitəsidir. Baxın, qoşqu vasitəsi olan kəs mütləqdir ki, işbiləndir. İşbilən biri isə necə ağıllı olmaya bilər?! C.Məmmədquluzadə Novruzəlinin simasında texniki tərəqqi müqabilindəki avamlıqla bərabər, öz şəxsi təsərrüfatını qurmağı bacaran ağıllı şəxsin vəhdətini yaratmışdır.

 – Novruzəli poçtun yerini nişan verən xana deyir: "Xan, məni xam bilmə”. Amma hadisələr bunun əksinə cərəyan edir.
 – Burada həm də yaddaş məsələsi var. Çünki xan ona deyir: "nəçərnik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudur. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı haman qutunun qapağını qovza, kağızı sal qutunun içinə”. Bu baxımdan, Novruzəli cümlələri eyni ilə yadında saxlamaya da bilər. Və nəticədə çaş-baş qalıb, gözləmək, ya da evə qayıtmaq arasında xeyli düşünməli olur. Yəni bu baş verənlər, doğrudan da, Novruzəlinin xamlığı deyildi. 
 
 

 
 – Novruzəli və zaman münasibətlərini necə analiz edərdiniz?
 – Əvvəla, əsərin yazılma tarixinə və orada əks olunan hadisələrin zamanına  diqqət yetirmək lazımdır. Hekayə belə başlayır: "Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar”. Vəli xanın Cəfər ağaya ünvanlandığı məktuba da diqqət edək: "Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün oradan narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz! Sənin xeyirxahın Vəli xan. Fi 12 noyabr”. 
 Hekayənin başladığı "Noyabr ayının 12-ci günü idi” ilk cümləsindən aydın olur ki, zaman davam edir. Məktubun sonunda isə "12 noyabrdır” sözləri yazılıb. Bu isə zamanın bitməsi deməkdir. Başqa sözlə, hekayənin ilk cümləsi təhkiyənin davam etdiyinin sübutu, məktubun son cümləsi isə Vəli xana yazılmış sözlərin tamamlandığının işarəsidir. Görürsünüzmü, bədii mətn daxilində iki eyni ifadə müxtəlif zamanları – bitən və bitməyən zamanları nişanlayır.  
 Digər tərəfdən, əsərdə zamanın müxtəlifliyi üç rəqəminə dayanır. Hekayədəki üç anlayışı sakraldır. Bildiyimiz kimi sakrallıq tarixən gələn ənənədir. Hekayəyə diqqət edək: "Üç gündən sonra xana İrəvandan teleqraf çıxdı ki, "kağızın yetişib və otaqlar hazırdı”. Xan yığışıb getdi İrəvana. Ay yarımdan sonra Novruzəlini divana gətirib "qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər; amma Novruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi ancaq bu xəbər İrəvanda Vəli xana çatdı. Xan bir qədər fikir elədi”. Burada zaman silsiləsinin ahəngdar düzülüşü var. 
 Sualınıza gəldikdə, düşünürəm ki, Novruzəlinin zamanı konkret zamandır. O, xana üz tutub deyir: "Xan çox başağrısı verirəm, məni bağışla, oğlana buyur, gəlsin, məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm”. Bir az sonra eyni fikir başqa formada söylənir: "Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır”. Hər iki fakt zaman konkretliyindən başqa, Novruzəlinin iş-güc sahibi olmasının da əyani təsdiqidir.

 – Sizcə, Mirzə Cəlil öz qəhrəmanını o cür avam, müti və qorxaq göstərməklə, azərbaycanlı kəndlini alçaltmır?  
 – Qətiyyən. Zənnimcə, poçt qutusuna məktub salmaq milli kimliklə bağlı məsələ deyil. Bunu uşaq da, yaşlı bir qadın da bacara bilərdi və necə ki, hekayədə bunu bütün aydınlığı ilə görürük.  Amma əməlli-başlı təəssüflənirik ki, o qutuya adi bir adamın ata biləcəyi məktubu Novruzəli ya vəlvələdən, ya zəlzələdən ata bilmədi.

 –  Sizcə, nəyə görə Novruzəliyə insanlar gülür, axı o, faciəvi qəhrəmandır?
 – Novruzəlini bir neçə cəhətdən səciyyələndirmək olar. Birinci növbədə o, Vəli xanın kəndçisidir. İkinci növbədə o, Vəli xana "mən sənin qulunam” deməklə hamının ictimai-iqtisadi formasiyalar baxımından başa düşəcəyi qul anlamını deyil, "bəndə” mənasını düşünür.  Mirzə Cəlil özü isə Novruzəlini qonaq qismində təqdim edir. Mühüm cəhət odur ki, Novruzəli özünü bütün hekayə boyu bir dəfə də olsun günahkar hesab etmir. Hətta tutulduqdan sonra belə, bu şeylərin niyə baş verdiyini çözə bilmir. Bu durumda gülüşün iki – satirik və yumoristik növünü yada salmaq lazımdır. İstənilən bədii yükü olan bir mətndə yazıçının satirik gülüşlə güldüyü obraz müəllifin yanında dayana bilməz. Amma müəllif yumşaq, yumorla güldüyü obrazı hər zaman islah etmək istəyir. Bizim Novruzəliyə yönələn gülüş də məhz bu cür – islahedicidir. Yəni yazıçıya görə, Novruzəli onun yanındadır.

 – Novruzəlini "Keçid dövrünün qəhrəmanı” adlandırırlar. Sizcə, bu təyin nə dərəcədə doğrudur və belə hesab olunmasına əsas səbəb nədir?
 – Novruzəli Azərbaycan ədəbiyyatının ən populyar obrazlarından biridir, amma o, heç vaxt milli ədəbiyyatımızın böyük qəhrəmanı ola bilməz. Ədəbiyyatımızın böyük, monumental qəhrəmanları Xosrov, Şirin, Fərhad və  Hüseyn Cavidin obrazları kimi şəxslərdir. Novruzəli isə bizim ədəbiyyatımızın yaratdığı, yadda saxladığı bədii qəhrəmandır və o cür də qalacaq.

 – "Poçt qutusu”nda yuxarıda xatırladığımız kimi, xırda bir məktub da yer alıb. O məktub, sizcə, xanın xarakterinin açılmasında nə dərəcədə vacib detaldır? 
 – Düşünürəm ki, məhz balaca bir məktubla Vəli xan surətinin xarakteri müəyyən qədər açılıb. Mirzə Cəlil həmin obrazı necə lazımdırsa, dolu və canlı yaradıb. Vəli xana gəldikdə, bütün baş verənlərə baxmayaraq, o, Novruzəlini çox istəyir. Xarakter baxımından Vəli xana özündənmüştəbeh, yaxud da yuxarı təbəqənin adamı kimi baxmaq olmur. Hekayənin sonunda "Xan bir qədər fikir elədi” cümləsi də bu mülahizəni təsdiq eləyir. Deməli, Vəli xan da daxilən böyük insandır.  Məsələn, Vəli xan niyə İrəvana gedir?  Orada iki məqam var: biri görüləcək işləridirsə, digər səbəb arvadının nazını çəkməsidir. Yəni İrəvan, Vəli xanın arvadının sağalması arzusu ilə də bağlıdır. Sizcə, daxilən böyük olmayan adamın ağlına bu gələ bilərmi? 
 Ümumən, böyük sənətkarların əsərlərində hər bir söz koddur və yersiz istifadə olunmur. Vəli xanın, hekayənin axırında əlini başına aparıb "bir qədər” fikrə getməsi isə olduqca normal bir haldır. Çünki onun işi təkcə Novruzəli deyildi ki, bütün günü onun qayğısı ilə yaşasın. Axı o, özü də deyir ki, İrəvanda başqa izlərim də var.
 
 

 
 – "Kəndin adı "İtqapan”dır. Mirzə Cəlil niyə Azərbaycan kəndlərinə belə adlar – İtqapan, Danabaş və s. qoyurdu? 
 – Bu, çox maraqlıdır və hələ də onun çözülməsinə ehtiyac var.  Sənətkarın yaradıcılığını gözdən keçirib, qəhrəmanlarına diqqət yetirsək, görərik ki, onun obrazlarına qoyduğu adların böyük əksəriyyəti mürəkkəb söz, yaxud mürəkkəb adlardır. "İtqapan”, "Məmmədhəsən”, "Novruzəli” və bu kimi bir çox ifadələr mürəkkəb sözdür. Yeri gəlmişkən, gəlin elə Novruzəli adının üzərində dayanaq. Heç düşünübsünüz ki, Mirzə Cəlil bunca isim içərisində niyə məhz bu adı seçib? Ona görə ki, "Novruzəli” sözü Novruz bayramı ilə Əlinin taxta çıxması tarixinin  vəhdətini yaşadır. Bundan təxminən yarım əsr sonra Məhəmmədhüseyn Şəhriyar "Heydərbabaya salam” poemasında Novruzəli  adını işlədir. Bəlkə də, Şəhriyarın yaratdığı  obraz elə Mirzə Cəlilin Novruzəlisi idi. Düşünmək olar ki, mürəkkəb ad anlayışı insan psixologiyasının mürəkkəbliyini ifadə edir. Yəni insana sadə varlıq kimi baxmaq olmaz. Burada gerçək olan insan psixologiyasının sadə olmamasına  verilən işarədir.  Həmçinin bu məsələdə Mirzə Cəlilin dahiliyi də özünü göstərir. Başqa sözlə, Mirzə Cəlil hansı janrda yazıb-yazmamağından asılı olmayaraq, alt qatlara enə bilirdi. 

 – Novruzəli ilə xanın bir dialoqunu xatırlayaq: Novruzəli gətirdiyi toyuqlara dən səpmək istəyir, xan qoymur, ulağını bağlamaq istəyir, xan qoymur, nəsə demək istəyir, xan qoymur,  deyir, apar məktubu sal, sonra gəlib edərsən, danışarsan. Bu məqamlar, əsərdə insan hüquqsuzluğu, xanın eqosu ilə bağlı detallardır, yoxsa xarakterlərin, mühitin açılması, süjetin irəliləməsi ilə əlaqəlidir? 
 Oxucular üçün maraqlı olduğuna görə gəlin Vəli xanla Novruzəli arasındakı 
həmin dialoqu xatırlayaq:

 " – Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı, ac qalmasın, yoldan gəlib.
 – Yox, yox... Heç ziyanı yoxdur. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına.
 – Di elədə qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər. 
– Yox, yox... heç eybi yoxdur, qaç tez, kağızı sal gəl!
 Noruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi:
 – Xan, qadanı alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qoyaydın qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətirmişəm.
 Novruzəli əlini saldı cibindən dən çıxarsın... Xan ucadan səsləndi:
 –  Yox, yox!.. qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta!” 

 Tam aydınlığı ilə görünür ki, bu, süjetin hərəkətidir. Amma çox böyük sənətkarlıqla qurulmuşdur. Dialoq həm Vəli xanın tələskənliyini, həm Novruzəlinin narahatlığını bildirir, həm də oxucunun mətndən yayınmasına imkan vermir.  Məhz bu dialoqda davamlı bədii strukturun mükəmməlliyi açıq-aşkar qarşımızda canlanır. 

 – "Novruzəlinin əsərdə işlətdiyi bir fikri var: "Xan, mən ömür boyu nökərəm sənə”. Bu cümlə bir neçə yerdə işlənir. Məncə, Mirzə Cəlil bu ifadəni əsər boyunca təkrarlamaqda hansısa qayəsini çatdırmaq istəyib, siz necə düşünürsünüz?
 – Biz bədiilik anlayışını ancaq bədii təsvir və ifadə vasitələrində axtarırıq. Mirzə Cəlil yeganə sənətkardır ki, onun yazdığı bütün əsərlərdə yalnız söz yox, bütün mətn bədiidir. Düşünürəm ki, onun yaradıcılığının möhtəşəmliyinin bir səbəbi də budur. Novruzəlinin "sənə qulam”, "xan, məni çevir balalarının başına” ifadələri dostsayağı, səmimi deyilmiş təkrarlardır ki, biz hekayə boyu belə cümlələrə tez-tez rast gəlirik. 
 Bu məqamda poetika baxımından bir məqamı da xatırlamaq yerinə düşər. Novruzəli damda yatarkən çuxasının ətəyi ilə gözünün yaşını silir. Sual oluna bilər ki, dəsmalı yox idi onun? Var idi. Özü deyir ki, eşşək ağnayar, yumurtalar qırılar. Deməli, dəsmalına yumurta büküb gətirmişdi. İkincisi, xatırlayırıqsa, Novruzəli Vəli xanın həyətinə çatanda əl ağacını qapının bucağına dayamışdı. Bir də sonda məlum olur ki, o, həbsxanada damın bucağında oturubdur. Deməli, Novruzəli öz əl ağacının gününə düşübdür.  

 – Novruzəli əsərin sonunda xana minnətdardır ki, onu qazamatdan qurtardı. Yəni onun bəlasına bais olan birinə həm də minnətdardır. Bu paradoksdan danışaq. Ümumiyyətlə, sizcə, Novruzəli nəyin və kimin qurbanına çevrilir və aqibətinə özü nə qədər baiskardır?
 – Burada əsas məsələ insan şüurunun inkişafındadır. Zənnimcə, hekayədəki problemin qayəsi də birmənalı olaraq şüurla əlaqədardır. Baiskar, Novruzəlinin texniki tərəqqi ilə üz-üzə gəlməsi, qarşılaşmasıdır. Məsələn, mən öz yaşıdlarıma deyirəm ki, biz bu gün istifadə etdiyimiz telefonların "Novruzəli”siyik. Bizim nəsil bu telefonlardan yalnız danışıq naminə istifadə edir. Bizdən sonrakı nəsillər isə hətta deyərdim azyaşlı uşaqlar telefondan mükəmməl istifadə etmə qaydasına yiyələniblər, yəni onun bütün funksiyalarını bilirlər. Bu baxımdan, gerilik hər zaman şüurla əlaqəli olan problemdir. Novruzəli öz şüurunun qurbanına çevrilib. 

 – Hekayənin quruluşu, strukturu barədə də danışmağınızı istərdim. 
 –  "Poçt qutusu”nun bu dərəcədə sevilməsinin səbəbi onun obrazlarından daha çox mükəmməl strukturu ilə bağlıdır. Oxucular müxtəlif zövqə sahibdirlər. Amma peşəkar oxucu struktur dəqiqliyini axtarır. Bu hekayənin tamlığı, bütövlüyü, ifadə bitkinliyi çox qeyri-adidir. Əfsus ki, struktur məsələsi hələ də dərindən təhlil edilməyib. Maraqlısı budur ki, hekayədə oxucuda narahatlıq yaradan məqamlar, inanılmaz keçidlər var. Amma yazıçı bu keçidlərlə oxucunun canını narahatlıqdan qurtarır. Məsələn, xan məktubu yazıb bitirdikdən sonra nökəri çağırmaq istəyir. Xatırlayır ki, onu başqa işə göndərib. Başlayır narahat olmağa. Və dərhal oxucu da narahatlıq keçirir. Anında Mirzə Cəlil əlavə edir: "Qapı döyüldü, Novruzəli içəri girdi”. Xan Novruzəlini poçtxanaya göndərdikdən sonra yemək yeyib, çay içir, amma Novruzəli yenə də gəlib çıxmır və Vəli xan artıq ikinci narahatlığı keçirməyə başlayır. Çıxıb eyvana bir siqaret yandırır. Düşünür ki, görəsən, məktubun aqibəti necə oldu. Bu zaman nökər gəlib çıxır və nökəri göndərir onun arxasınca.  Bir neçə saatdan sonrakı narahatlıq isə polis işçisinin xəbər keçidi ilə aradan götürülür. Baxın, bu cür struktur hekayənin oxunaqlılığını təmin edir. Oxucu hekayəyə yapışır. 

 – Novruzəli haqqında heç nə bilməyən, ancaq Azərbaycan ədəbiyyatının belə bir proza qəhrəmanı olduğundan xəbərdar olan əcnəbiyə bu obrazı necə anladardınız?
 – Məncə, Novruzəlini əcnəbi də maraqla qarşılayar. Düzdür, gülüş qaçılmazdır. Gülüşsüz  hekayənin bədiiliyini inkar etmiş olarıq. Novruzəli tərtəmiz, pak, saf Azərbaycan müsəlmanıdır. 
  Sonda Vəli xanın Novruzəlini dinləmək istəməsi, Novruzəlinin şirin hekayəsinin nəticəsidir. Novruzəlinin danışığı özü bir şirin hekayədir. Onun Vəli xana danışdıqları hekayə içərisində hekayədir. Hətta xan israrla ondan bu əhvalatı axıra qədər danışmasını istəyir. Bu, həm strukturun tamamlanması, eyni zamanda hekayənin bütün məna və mahiyyətinə nöqtə qoyan sonluqdur. 

 – Əsərin sonu kədərlə bitir. Novruzəliyə 3 ay həbs verirlər və xan bu məsələni eşidəndə pis olur, fikrə gedir. Xan İrəvanda – səfərdə kefdə, Novruzəli isə dörd divar arasında...
 – Xeyr. Hekayə həm maddi, həm də mənəvi baxımdan isti ilə soyuğun qarşılaşmasıdır. Əsərin əvvəlində işlənmiş "Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi” cümləsi də bizə bunu təlqin edir. Ardınca, Vəli xanın arvadının sağalması xəbərini həkim xana bildirir. Hekayədəki soyuq hava ilə bu isti xəbər qarşılaşır. 
 Yaxud da Vəli xan Cəfər xana məktubunda yazır: "Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün oradan narahatçılıq üz verməsin”. Burada da soyuqla isti üz-üzə gəlir. Bu, fiziki baxımdan qarşılaşmadır. Digər tərəfdən, Novruzəlinin mənəvi qarşılaşmasına nəzər yetirək: sadə bir kəndli xanı özünə dost bilir. Biz bu məqama sinfilik kimi yanaşa bilmərik. O cür baxsaq, hekayə boyu Vəli xanın daha sərt dialoqlarına rast gələrdik. Amma  onun daha həlim, yumşaq rəftarını görürük. Demək ki, onlar yaxındırlar. Novruzəlinin yaşadığı kənddə qəribə bir soyuqluq var. Onun Vəli xanın yanına istiqanlılıq, son dərəcə səmimiyyətlə gəlməsi də mənəvi qarşılaşmanın bir təsbitidir.
 

 
 – "Poçt insan”la müasir Postinsanın həyatının bir-biri ilə müqayisədə hansı üstünlükləri və çatışmazlıqları var?
 – Açığı, bu gün dövri mətbuatda bir qrup "yaradıcı adamın” istifadə  etdiyi terminoloji sözlərin səmimiliyinə şübhə ilə yanaşıram. Bu görk xatirinə olan bir şeydir. Bundan öncə bizdə postinsan yox, "Homo Sapiens” ifadəsindən istifadə edilirdi. Ümumən, insana fizioloji və mənəvi hadisə kimi baxmaq lazımdır. Əgər biz insana mənəviyyat faktoru kimi baxsaq, inkişaf dediyimiz nəsnə daimi, davamlı olar. Bu gün, məsələn, müasir insanımız aparıb poçt qutusuna məktub salarmı? Xeyr. Çünki əsr texnika əsridir, internet var. Zənnimcə, gələn hər il arxada qalan illəri sözün hər mənasında – həm elmi tərəqqi, həm də ruhi məsələlər baxımından geri qoyur. O səbəbdən, daima irəliyə baxmaq lazımdır. 
 
 Söhbətləşdi: Fərid Hüseyn