Biz imzaları yox, əsərləri dərc edirik...

Bir tarix yazıldı Tovuzda dünən – Mahirə Nağıqızının şeirləri
166
09 Avqust 2020, 13:41
 Artkaspi.az saytı Mahirə Nağıqızının şeirlərini təqdim edir:
 
 DÜNƏN  YAZILAN VƏRƏQ...

Ömür də qismətmiş, talemiş, eyvah,
Qədəri, ölçüsü - istəmə, istə...
Sevgi səpilərmiş, gör necə, Allah,
Təzə-tər gül kimi qəbirlər üstə.

Bu günkü tarixdir yaşanan indi,
Nəsillər dəyişər, qalar olanlar.
Hərəsi bir evin övladı idi,
İndi bir millətin oğludur onlar.

Torpağın bağrında yatar şəhidlər,
Ruhları göylərdə, yerə gömülməz.
Vətənin qəddini dikəldən əsgər,
Əbədi yaşayır, heç zaman ölməz.

Oğullar böyüyər onun adında,
Qəlbində hərarət, qanında hünər.
Olub keçənləri saxlar yadında,
Düşmən qabağında məğrur görünər.

O, özü olacaq, hökmün sahibi,
Duyar hardan gəlib, yoğrulub nədən.
Bilər ki, ona da əmanət kimi,
Saxlanıb, verilir əmanət Vətən.

Atılan mərmidir, danışan, dinən,
Tək ölüm dillənmir, onun səsində.
Bir tarix yazıldı Tovuzda dünən,
Polad var, İlqar var səhifəsində.

Ömür də qismətmiş, talemiş, eyvah,
Qədəri, ölçüsü- istəmə, istə...
Sevgi səpilərmiş, gör necə, Allah,
Təzə-tər gül kimi qəbirlər üstə...
 

 
 SALLANAR

Qoca dünya səni, məni kürüyər,
Arı kimi pətəyindən sallanar.
Ariflərin kürəyində yeriyər,
Nadanların ətəyindən sallanar.
 
Nəgünahı, nə savabı - bilinməz,
Sual alar, son cavabə bilinməz.
Kim ilədi haqq-hesabı, bilinməz,
Şər olanın kələyindən sallanar.
 
Taleyini göydə gəzən kəslərin,
Muncuq təkin baxta düzən kəslərin.
Dərman gəzib dərdə dözən kəslərin,
Umudunun dirəyindən sallanar.
 
Ver deyənin kisəsidir bu dünya,
Can deyənin masasıdır bu dünya.
Qocaların əsasıdır bu dünya,
Cavanların biləyindən sallanar.
 
Kim yeridi, kim yıxıldı - vaxta bax,
Kimi düşdü, kimi qalxdı - taxta bax,
Tərəzisi, mizanı da baxtabaxt,
Tamarzının çörəyindən sallanar.
 
Aldığı nə, verdiyi nə - bilinməz,
Yolçusunun dərdi-səri bölünməz.
Bəxtəvərin gözlərinə görünməz,
Binəsibin ürəyindən sallanar.
 
Yeri-göyü bir-birindın keçirər,
Yolçusunu dərd-sərindən keçirər.
Dəyirmançı xəlbirindən keçirər,
Fırınçının ələyindən sallanar.
 
Tarla becər, bağ yetişdir, bostan ək,
Bar görməzsən o verməsə əl-ətək.
Səbirsizi qoyub gedər tənha, tək,
Daş səbirin kürəyindən sallanar.
 
Ömür verməz, ömür alar talayıb,
Nəsil-nəsil oda atıb, qalayıb.
Kimi gəldi, necə gəldi tovlayıb,
Bir nəfərin yedəyindən sallanar.
 
 
 

NƏ YAXŞI HƏYATDA SƏN VARMIŞSAN...
 
Dünya bu rəngdə olmazdı,
Nə yaxşı ki, sən varmışsan.
Hər nə desəm, gülüm, azdır,
Nə yaxşı ki, sən varmışsan.
 
Ürəyində od payım var,
Söhbətində dad payım var.
Məhəbbətdə ad payım var,
Nə yaxşı ki, sən varmışsan.
 
Oxşar şirin dillər məni,
Bəzər qızılgüllər məni.
Təngitmədi illər məni,
Nə yaxşı ki, sən varmışsan.
 
Doldurdun bomboş dünyamı,
Mənə verib xoş dünyamı.
Ayıltdın sərxoş dünyamı,
Nə yaxşı ki, sən varmışsan.
 
Axan göz yaşımı sildim,
Adınnan yuvama gəldim.
Umud olan nədir bildim,
Nə yaxşı ki, sən varmışsan.
 
Mənzil yolu addım-addım,
Qəmi atdım, dərdi atdım.
Arzulardan ev yaratdım,
Nə yaxşı ki, sən varmışsan.
 
Qara günü ağ eylədin,
Bağça qurdun, bağ eylədin.
mahirəni dağ eylədin,
Nə yaxşı ki, sən varmışsan.