Biz imzaları yox, əsərləri dərc edirik...

Mübarizənin tarixi
974
13 Mart 2018, 15:18
  Artkaspi.az fəlsəfə elmləri namizədi Sabir Bəşirovun yazıçı Sona Vəliyevanın "İşığa gedən yol” romanı haqqında düşüncələrini təqdim edir:
 
 

 Cəlil Məmmədquluzadə Mirzə Fətəli Axundov haqqında məqaləsində yazırdı: "Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır” (C.Məmmədquluzadə. Əsərləri. 6 cilddə. 6-cı cild. Bakı, "Azərnəşr”, 1985, səh.82).
 Bu fikir böyük şəxsiyyətlərin hamısına aiddir. Belə şəxsiyyətlərdən biri də Həsən bəy Zərdabidir. Demək olmaz ki, onun haqqında yazılmayıb. SSRİ dövründə akademik Feyzulla Qasımzadədən başlamış sovet ideologiyasının imkan verdiyi qədər Həsən bəy Zərdabi haqqında yazılıb, ancaq "çox və yaxşı” yazılmayıb...
Tarixi şəxsiyyətlər haqqında nə qədər çox və yaxşı yazılsa, o qədər yaxşıdır.
 Yazıçı üçün, ümumən qələm adamı üçün nədən yazmaq əsas şərtdir. Nədən yazmaq insanın dünyagörüşünü, hadisələrə baxışını, nələr haqqında düşündüyünü, özünün daxili dünyasını müəyyən edir. Sonra necə yazmaq gəlir. Necə yazmaq deyəndə mən təkcə üslubu nəzərdə tutmuram...
 Tarixi şəxsiyyətlər haqqında yazmaq həmişə çətindir: tarixi, hadisələri təhrif etməməlisən,  bədiiliyi heç nə üstələməməlidir, mükəmməl obraz yaratmalısan...
Nisbətən yaxın keçmiş haqqında yazmaq daha çətindir - kifayət qədər material var, onları araşdırmaq, öyrənmək, saf-çürük etmək, həqiqəti yalandan ayırmaq, sistemləşdirmək, tarixi sənədlərin, məlumatların, faktların... içərisindən böyük  şəxsiyyət(ləri)in həqiqi obrazını yaratmaq...

***

 Böyük yazıçımız Anarın elmi dərəcəsi yoxdur, ancaq Əlabbas yazıb ki, mən Anar kimi yazıçını yüz alimə dəyişmərəm (Əlabbas. "Mən Qarateli sevirdim”. Publisistika. Bakı, "Adiloğlu”, 2008, səh.65). Düz də yazıb... Anarın onlarla yazısını, araşdırmalarını, "Nəsrin fəzası”nı, "Anlamaq dərdi”ni, "Dədə Qorqud dünyası”nı, "Min beş yüz ilin oğuz şeiri”ni... yada salmaq kifayətdir...
 Böyük yazıçımız Elçin - Anarla Elçin nəsrimizin qoşa qanadıdır - həm də filologiya elmləri doktorudur. Məncə, Elçinin alimliyi - tədqiqatçılığı onun bədii yaradıcılığını çox gözəl tamamlayır. Elçinin bir çox yazılarını, araşdırmalarını, "Ölüm hökmü”nü, "Baş” romanını xatırlayaq. "Baş” romanında ən azı 200 ilin Azərbaycan, Türkiyə, İran, Rusiya, Avropa... tarixinin son dərəcə dəqiq panoramı və təhlili verilir... "Baş” romanı mənə mərhum Ziya Bünyadovun tədqiqatlarını xatırladır: hər cümlənin arxasında onlarla dəqiq mənbə, dəqiq faktlar...
 Şairlərin nəsrə üz tutması ənənə - gələnək halını alıb. Siyahını uzatmadan o şairlərdən birini qeyd edəcəm - Sabir Rüstəmxanlı. 2002-ci ildə "Atamın ruhu” nəsr əsərləri toplanmış kitabından sonra Sabir bəy müntəzəm, çoxu tarixi mövzuda olmaqla dəyərli nəsr örnəkləri yaradıb... Görünür, elə məsələlər var ki, onları ancaq nəsrin geniş imkanları ilə ifadə etmək olur... Sabir bəyin də alimliyi şairliyini, yazıçılığını tamamlayır...
 Bu sıraya daha bir ad əlavə olundu - Sona xanım Vəliyeva. Sadəcə əlavə olunmadı, Sona xanım Həsən bəy Zərdabini Azərbaycan xalqına qaytardı. Həsən bəyə elə bir möhtəşəm söz abidəsi ucaltdı ki, Həsən bəyi yenidən tanıdıq... Romanı diqqətlə oxuyan hər kəs mənim bu fikrimə etiraz etməz...
 Sona Vəliyeva şairdir, publisistdir, araşdırıcı alimdir - filologiya elmləri namizədidir (nədənsə, bu fəlsəfə doktoru birləşməsi mənə heç doğma gəlmir), bir elmi tədqiqat institutunun görəcəyi işləri görüb və görür. Onun da alimliyi yazıçılığını tamamlayır, başqa sözlə, birinci yerdə bədii təfəkkür gəlir. "İşığa gedən yol” romanının hər cümləsinin arxasında dəqiq mənbə və faktlar dayanır...
 
 

***
 "İşığa gedən yol” romanını və Sona Vəliyevanın daha bir neçə kitabını mənə Əlabbas göndərib (Yeri gəlmişkən, mənə kitabları Əli Rza Xələfli, Əlabbas, Nəriman Əbdülrəhmanlı və Ələddin Bəşirov göndərir. Əvvəlki üç nəfər söz adamıdır, ancaq Ələddin Bəşirov kitabları tapmaq üçün xeyli əziyyət çəkməli olur. Bu insanların hamısına minnətdaram...).
 Sona Vəliyevanın bu romanı mənimçün (təkcə mənimçün?!) bir xeyli məsələnin necə verilməsi baxımından da çox maraqlı idi...
 Təbliğat həmişə məqsədlidir. SSRİ dövrünün yaxşı və pis cəhətləri var idi. Bu pis cəhətlərdən birincisi, xalqların keçmişi ilə - mədəniyyəti, tarixi ilə bağlı idi. Özü də tarixlə bağlı bu münasibət təkcə SSRİ dövlətinin ideoloqları ilə məhdudlaşmırdı. Türkə münasibətdə Avropa da, ABŞ da SSRİ (oxu: Rusiya) ilə eyni mövqedə idi. Bu mövqe isə belə idi: nə yolla olur-olsun, xalqları - təbii ki, ilk növbədə türkdilli xalqları öz kökündən - keçmişindən uzaq tutmaq, öz tarixindən xəbərsiz qalmasına çalışmaq, ya da tarixi təhrif etmək - özlərinə yarayan formada təqdim etmək. Bu haqda bir qədər sonra...
 Əsas odur ki, "İşığa gedən yol” təkcə bu böyük tarixi şəxsiyyəti Azərbaycan xalqına qaytarmadı, bir çox məsələlərə aydınlıq gətirdi, həm yeni elmi araşdırmalar üçün, həm də yeni bədii əsərlər üçün çox sayda ideya, mövzu verdi...

***
 Özləri tarix yaradan şəxsiyyətlərin qəribəlikləri, fərqlilikləri ilə yanaşı, oxşarlıqları da az olmur: bunlardan biri də onların kiçik yaşlarında qeyri-adi maraqları, qeyri-adi hərəkətləri, o yaşa uyğun olmayan qeyri-adi sualları və sairədir. Həsən bəy Zərdabi də istisna deyil və Sona Vəliyeva bunları dəqiq epizodlar, detallarla təsvir edir: balaca Həsənin sualları Molla Sadığı çaşdırsa da, onun ağlına, cəsarətinə, natiqliyinə heyran qalmaya bilmir.
 Şamaxıda oxuyarkən şagirdlərə hansı peşənin sahibi olacaqları haqqında inşa yazdırılırdı və Həsən gələcəkdə müəllim olacağını, Zərdabdan Şamaxıya qədər bütün kəndlərdə məktəb açacağını bildirərək yazırdı:
 "Bizim ailənin malik olduğu var-dövlətlə bunu etməyə çalışacağam. Var-dövlət içində yaşayan və ya təhsilli olan adam əksəriyyəti kasıb, cahil və savadsız olan bir məmləkətdə xoşbəxt ola bilməz. Odur ki, mən mənə məxsus nə varsa, gələcəkdə təhsilə, məktəbə xərcləməyə söz verirəm”.
 Həsən bəy Zərdabi bu amala sonadək sadiq qalır...
 Məncə, ziyalılığın birinci şərti fədakarlıqdır. H.Zərdabi bu fədakarlığı ömrünün sonunacan edir. Həsən bəyin son sözləri də oxucunu riqqətə gətirir: "...Mənə ehsan verməyin. Yasa çəkiləcək xərcləri kimsəsiz uşaqların təhsil haqqına ödəyin”.
 Bu sözləri ömrünü xalqının yolunda sözün əsl mənasında şam kimi əritmiş bir insan deyə bilərdi...
 

***
 Şəxsiyyətin formalaşması çox mürəkkəb prosesdir və bununla bağlı müxtəlif nəzəriyyələrin olması da təbiidir: irsiyyət, mühit, tərbiyə, "qoşa qanad” nəzəriyyəsi və s. Bu amillər bir-biri ilə bağlıdır və onların arasından "Çin səddi” çəkmək olmaz, ancaq heç şübhəsiz ki, ilk təməl ailədir, ailə tərbiyəsidir. Həsən bəy həm ata, həm də ana tərəfdən tanınmış nəslin övladı idi. Atası Səlim bəy, babası Rəhim bəy, anası Mənzər xanım. Mənzər xanım da bəy qızı idi və Rəhim bəy sevinir, həm də fəxarət duyur ki, gəlini nəvəsinə - Həsənə Ömər Xəyyamdan, Nizamidən şeirlər oxuyur. Mənzər xanımın özünün də boş vaxtlarında kitab əlindən düşmür. Xüsusən, baba ilə nəvə arasına xüsusi bir münasibət var idi. Rəhim bəy nəvəsinin qeyri-adi uşaq olduğunu hamıdan əvvəl duymuşdu. Rəhim bəy kimi bir kişinin nəvəsi Həsən kimi olmalı idi ki, bu tanınmış, adlı-sanlı nəslin davamçısı olsun. Həsənin ata tərəfi də, ana tərəfi də bir bölgədə tanınırdı, ancaq Həsən bəy o qədər məşhur oldu ki, onu təkcə Azərbaycanda tanımadılar...
 Sonra Həsənin həyatının Şamaxı, Tiflis, Moskva dövrü gəlir. Məşhur tarixçi, universitetin rektoru Solovyov, Pleşşeyevin dərnəyi (Həsən bəy Vera ilə də bu dərnəkdə tanış olmuşdu), fransız maarifçilərinin, rus inqilabçı demokratlarının fikirləri ilə tanışlıq... Həsən bəy "xatalı” dərnəklərə meyllənmir, o, bütün əldə etdiyi nəzəri bilikləri, təcrübəsini yalnız və yalnız xalqının maariflənməsinə sərf edəcəyini qərarlaşdırmışdı. Həsən bəy "Rusiyanın tarixi” çoxcildliyinin müəllifi Solovyovla söhbət edərkən onun nüfuzundan çəkinmir, rektorun nəzərinə çatdırır ki, Şah ismayıl Xətai fars dövlətinin yox, Azərbaycan Səfəvi dövlətinin banisi idi. Osmanlı dövləti də, Səfəvi dövləti də siyasi oyunların qurbanı idi... Solovyov isə bu qənaətində haqlı idi: "Gərək bu oğlanı qoruyaq. Özü də qorxu-hürkü bilmədən hər şeyə birbaşa münasibət bildirir. Onu gərək Moskvanın "Xatalı” dərnəklərindən çəkindirək. Bu əqidə və arzu ilə o, özünü dünyanı dəyişdirə biləcək gücdə hiss edir. Amma içindəki azad fikirliliyi, heç nədən çəkinməməyi ona həmişə müəyyən çətinliklər yaradacaq. Mənim ona çox heyfim gəlir...”
 Solovyovun proqnozu düz çıxır. Həsən bəy həmişə haqqın yanında idi, haqqı müdafiə etmək isə həmişə çətindir, insana görünən və görünməyən əngəllər yaradır. Həsən bəy Rusiya kimi nəhəng bir imperiyanın məmurları tərəfindən süründürülən, alçaldılan, aldadılan kasıb insanların tərəfində idi - onların haqqını müdafiə edirdi - "Mejevaya palata”da, Bakı Qəza İdarəsində, Quba qəzasında işləyərkən Həsən bəyə qarşı təhdidlər, təzyiqlər, hədələr ara vermirdi. Maraqlı fakt odur ki, Həsən bəy bu nəhəng imperiyanın məmurlarına qarşı elə bu imperiyanın öz qanunları ilə mübarizə aparırdı, qanunlara istinad edib mübarizə aparmaq çətindir, üzücüdür, ancaq düzgün yoldur. Həsən bəy bu məhkəmə çəkişmələrindən qalib çıxırdı, sadə-kasıb insanların haqqını bərpa edirdi; qanuni yollarla hərəkət etdiyindən imperiyanın məmurları onu cəzalandıra bilmirdilər - Həsən bəy onlara bəhanə vermirdi.

***
 Rəhim bəy nəvəsi Həsənə kiçik qılıncını bağışlayanda demişdi ki, bu qılınc mənə babamdan yadigardır, mən də onu sənə bağışlayıram. Kəsib-doğramaq üçün yox, qoy, bu qılınc haqq-ədalət yolunda gücünə, qüvvətinə çevrilsin, dualarımla birgə həmişə səni qorusun! Nəqqaşa da qılıncın üsündə yazdırmışdı: "Tanrıdan sənə ağlının və dilinin qılıncdan iti olmasını diləyirəm”.
 Yaradan Rəhim bəyin duasını eşitmişdi. Həsənə qılıncdan iti ağıl və dil vermişdi, Həsən bəy də ağlını da, dilini də ancaq haqq-ədalət yolunda, xalqı üçün işlətmişdi...
 
 

***
 Yuxu bədii əsərdə ideyanın açılmasına, aydınlaşmasına yardım edən vasitələrdəndir. "İşığa gedən yol” romanında da yuxu motivi uğurla seçilib. Eyni yuxu davamlı olaraq təkrarlanır. Bu təkrarolma ömrün müxtəlif yaşlarında, mühüm hadisələr ərəfəsində, qəti qərarlar qəbul ediləcək günlərdə baş verir. Həsən bəy lap uşaqlıqdan xarakteri etibarilə tez ruhdan düşən, qorxan, müqavimətlə rastlaşanda geri çəkilən, bədbinliyə qapılan adam deyildi, yaxşı mənada inadcıl idi, ancaq düşündüyü işlər alınmayanda, qaydası ilə getməyəndə, dilxor olduğu vaxtlar çox olurdu. Yuxu o məqamlarda Həsən bəyin sözün həqiqi mənasında köməyinə gəlirdi - ona mənəvi rahatlıq gətirirdi, görəcəyi işin uğurlu olacağına işarə olurdu, onu səfərbər edirdi... Bu təkrarlanan yuxu Həsən bəyin bütün həyatını əhatə edirdi...
 Rəhim bəy də Həsən hələ anadan olmamış yuxu görmüşdü: həyətdə bitən armud ağacı, ağacın bir tərəfi gümüş, bir tərəfi qızıl meyvə gətirən budaqları, əsən külək, yerə tökülüb həyət boyu hər tərəfə işıq saçan, yüzlərlə yeni tingə çevrilən meyvələr... Rəhim bəy yuxusunu özü yozmuşdu: ağac da, meyvə də övladdır... Bu yuxudan bir ay sonra isə Həsən dünyaya gəlir...
 Dünyadakı əbədi şeylərdən biri işıq, biri yoldur. Bəzən işıq da əlçatmaz olur, uzaq olur, yol da uzun və keşməkeşli olur, ancaq hər ikisində ümid, inam çaları daha çox olur...
 


***
 Əvvəldə qeyd etmişdim ki, sovet ideologiyası xalqların, xüsusən, türkdilli xalqların tarixini qəsdən təhrif edirdi: xalqın keçmişini, hadisələri, şəxsiyyətlərin fəaliyyətini... Romanda bəhs edilən dövrdə də belə şəxsiyyətlər çox idi. Bunlardan biri də Hacı Zeynalabdin Tağıyev idi. Ümumən varlılara, milyonçulara, din xadimlərinə mənfi (oxu: düşmən) münasibət formalaşdırılırdı...
 Dünyanın hər yerində varlı təbəqə "nəzarətdə” saxlanılır ki, lap çox varlananda "qırmızı xətti” keçməsin - hakimiyyətə gəlmək iddiasına düşməsin. Hədsiz var-dövlət hər iki tərəf üçün təhlükədir... Ancaq bəzi təbəqələrə qarşı ardıcıl, düşmən münasibət SSRİ dövlətinin "atributuna” çevrilmişdi. Hətta adamlar dünyasını dəyişəndən sonra da ondan əl çəkmirdilər. Hacı Zeynalabdin Tağıyev 1924-cü ildə vəfat etmişdi. Ancaq 20-ci əsrin 60-80-ci illərində də bir çox tədqiqatçılar Azərbaycan tarixində çox mühüm işlər görmüş H.Z.Tağıyevdən və bir çox ziyalılardan danışanda onları hədəfə alırdılar: qaniçən kapitalist, xalqın qanını sovuran burjuaziya nümayəndəsi, satqın ziyalılar, pulla ələ alınmışlar və s. və i.a... O nəslin tədqiqatçıları yaşlı nəslin nümayəndələri idi və həqiqəti də çox gözəl bilirdilər (bilməyənlər sonrakı nəsillərdən ola bilərdi...). Bilirdilər, ancaq yenə davam edirdilər...
 1906-cı ildə Zaqafqaziya Müsəlman Müəllimlərinin Birinci Qurultayı oldu. Qurultay adından Qafqaz canişinliyinə teleqram hazırlanarkən bir sözün üstündə ("qurultay xahiş edir”, yoxsa "qurultay tələb edir”) mübahisə yaranır. Qurultay Nəriman Nərimanovun təklifini səs çoxluğu ilə qəbul etsə də, növbəti gün H.Z.Tağıyev hadisəyə müdaxilə edir...
 N.Nərimanovun da, H.Z.Tağıyevin də çıxışları məlumdur. Olsun ki, H.Z.Tağıyevin çıxışı sərt idi, emosional idi, rəqibini - hərçənd ki, onlar şəxsi mənada rəqib deyildilər - susdurmaq cəhdi var idi. Ancaq o zaman H.Z.Tağıyevin 83, N.Nərimanovun 36 yaşı var idi. H.Z.Tağıyev həyatın hər üzünü görmüş, dünyanın gedişatını bilən, təcrübəli adam kimi çıxış edirdi. Bu məsələdə H.Z.Tağıyev də, H.Zərdabi də haqsız deyildilər...
 O zaman N.Nərimanov H.Z.Tağıyevin timsalında milyonçuları ideya düşməni, sinfi düşmən hesab edirdi. Təbii ki, Tağıyevə bu yanaşma yanlış idi...
 N.Nərimanov həqiqi kommunist (bolşevik) idi və axıra qədər də öz əqidəsinə sadiq qaldı. Lakin çox sonralar N.Nərimanov da aldadıldığını başa düşdü, hakimiyyətdə olan bolşeviklərin əsl üzünü gördü və oğluna məktubunda yazdı: "...hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır”, "onlar (yəni bolşeviklər - S.B.) nəhəng bir dövlətin müqəddəratını öz əllərinə almaq və diktator olmaq qərarına gəldilər...” Ancaq bu etiraf çox gec idi və heç nəyi dəyişmirdi. Bu böyük şəxsiyyət də bolşeviklərin qurbanı oldu...
 Zaman H.Z.Tağıyevin də, H.Zərdabinin də haqlı olduğunu sübut etdi...
 "İşığa gedən yol” romanında bu tarixi hadisə də geniş və düzgün təsvir olunub. Ən əsası, Sona Vəliyeva oxucunu inandıra bilir. Məsələyə düzgün yanaşır. H.Z.Tağıyevin dediyi kimi: "vurdum, dağıtdım...” yanaşması ilə məqsədə çatmaq olmurdu...
 Böyük məqsədlərə çatmaq üçün kiçik güzəştlərə getmək olar. Elə güzəştlər ki, onlar böyük məqsədin müqabilində çox əhəmiyyətsizdir və məqsədin böyüklüyünə xələl gətirmir...
 Rusiyanın imperiya siyasəti (bu, tək Rusiyaya xas deyildi) "parçala, hökm sür!” siyasəti idi. Ziyalılar arasında, ziyalılarla maarifpərvər, xeyriyyəçi insanlar arasında (H.Z.Tağıyev kimi) narazılıqlar, intriqalar yaradıb bunu barışmaz ziddiyyətlərə çevirirdilər ki, bu, imperiya siyasətinin başlıca məqsədlərindən idi. (Bu siyasət bir qədər başqa formada bu gün də böyük dövlətlər tərəfindən - supergüclər - davam etdirilir...)
 H.Z.Tağıyev də, H.Zərdabi də, N.Nərimanov da, başqa ziyalılar da öz xalqının xilasını təhsildə, elmdə, maarifdə görürdülər. O ziyalılar nə qədər olsalar da, çoxluq təşkil etmirdilər, M.F.Axundov da daxil, təkbaşına (yaxud 2-3 nəfərlə - azlıqda) mübarizə aparırdılar. Belə adamlar çar Rusiyasının düşmənləri idi...
 Xalqı üçün H.Z.Tağıyev kimi böyük işlər görən adam sinfi düşmən ola bilməzdi... H.Z.Tağıyev haqqında N.Nərimanov kitab da yazmışdı (1900-cü ildə): "Hacı Zeynalabdin Tağıyevin 50 illik məişəti və cəmaətə xidmətləri”...

***
 "İşığa gedən yol” romanının parlaq obrazlarından biri Hacı Zeynalabdin Tağıyevdir - o, hər bir epizodda hörmətlə xatırlanır. Sanki Sona Vəliyeva illərlə onun haqqında yalnız mənfi rəy formalaşdıranların adından üzrxahlıq edir... H.Z.Tağıyev bir çoxlarından fərqli var-dövlətini başqa ölkələrdə, başqa şəhərlərdə xərcləmirdi, xalqı üçün etdiklərinə görə hörmətə layiq idi. H.Z.Tağıyev də nə qədər "ilk”lərə imza atmış, nə qədər böyük işlər görmüşdü?! Onun xalq üçün etdikləri tanınmış, ömrünü xalqı üçün fəda etmiş ziyalılardan az deyildi və heç də asanlıqla başa gəlmirdi. Təkcə Rus-Müsəlman Qız Məktəbinin açılışı üçün H.Z.Tağıyevin necə əngəllərlə üzləşdiyini yada salmaq yetərlidir: dildə peyğəmbərin "beşikdən qəbr evinə qədər” oxumasının vacibliyini deyənlər əməldə "abır-həya” tərəfdarları ilə eyni sırada olurdular. H.Z.Tağıyev bir sıra din xadimlərinə pul verib müsəlman dünyasının məşhur şəhərlərinə (Məkkə, Mədinə, Kərbəla, Dəməşq) göndərir və o şəhərlərdən möhürlü sənədlər gətirdir ki, oxumaq qadınlar üçün də vacibdir... Dəfələrlə II Nikolaydan qız məktəbinin açılması üçün xahiş edir, çarın həyat yoldaşına qiymətli hədiyyələr göndərir. Bu işinə görə hətta onu öldürmək də istəyirlər... Nəhayət, Tağıyev məqsədinə çatır...
 Romanda təsvir olunur ki, Həsən bəy Zərdabi yaşca H.Z.Tağıyevdən kiçik olmasına baxmayaraq (Həsən bəy Tağıyevdən 19 yaş kiçik idi), Tağıyev daim onunla məsləhətləşir, təkliflərini, fikirlərini qiymətləndirir və qəbul edir. Onların münasibəti qarşılıqlı hörmətə əsaslanır. Ümumiyyətlə,  qeyd etmək lazımdır ki, Həsən bəyin bütün insanlara münasibəti hörmətə əsaslanırdı... Bu da Həsən bəyin müdrikliyi, böyüklüyü idi. Hətta onu izləyən, ona yamanlıq edən insanlara qarşı da dözümlülüyü ilə adamı təəccübləndirir...

***
 "İşığa gedən yol” romanında onlarla tarixi şəxsiyyətin mükəmməl obrazı yaradılıb. Bu tarixi şəxsiyyətlərin bəziləri haqqında (M.F.Axundov, S.Ə.Şirvani və b.) bədii əsərlər yazılıb. Bu romanda onların da elə xarakterik cəhətlərindən söhbət açılır ki, digər bədii əsərlərdə bu cəhətlər ya yoxdur, ya da çox az məlumat var: məsələn, böyük yazıçı, filosof, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundov həm də mənalı lətifələri ilə də yadda qalır...
 "İşığa gedən yol” romanında o qədər tarixi şəxsiyyət haqqında danışılır ki, ədəbiyyatımızda həmin dövrdən bəhs edən ikinci elə bir əsər yoxdur: ya o tarixi şəxsiyyət haqqında məlumat verilir, ya da onun obrazı yaradılır.
 Heç şübhəsiz ki, Həsən bəy Zərdabidən sonra mükəmməl obrazı yaradılan Hənifə xanımdır. Həsən bəy ömrü boyu yüzlərlə insanla qarşılaşır. Hətta Rusiya imperiyasının şovinist məmurları və daimi araqarışdıran, satqın xislətlərinə sadiq qalan ermənilərin hərəkətlərindən belə özü üçün müsbət nəticələr çıxarır (ermənilərin 30-40 il əvvəl xeyriyyə cəmiyyəti yaradıb pul köçürmələri). Həsən bəyin həyatında onu əhatə edən insanların - doğmaların, yaxınların, şəxsiyyətlərin (M.F.Axundov, S.Ə.Şirvani, N.Z.Tağıyev...) çox mühüm yerləri var. Onlardan biri də Həsən bəyin dayısı, rus ordusunun generalı, çox geniş əlaqələri, dostları olan, Həsən bəyin himayədarı  Fərəc bəy Ağayevdir. Fərəc bəyin təcrübəsi, tövsiyələri, o cümlədən, ailə qurmaq haqqındakı fikirləri Həsən bəyin düzgün seçim etməsinə çox yardımçı olur. Fərəc bəy deyir: "...Mən həyatımda bir səhv buraxmışam, istəmirəm, sən də belə gənclik səhvini təkrarlayasan. İstəyirəm, gələcək seçimində öz dəyərlərinə, ruhuna uyğun bir xanımla, öz məmləkətimizdən olan birisi ilə ailə qurasan. Bunu unutma! Ailəni kişi qurur, lakin qadın yaşadır və qoruyur. Övladları cəmiyyət üçün ilk növbədə analar hazırlayır... ...Əgər həyat yoldaşını səninlə birgə dəyərlər, eyni amal, əqidə, məslək silahdaşlığı birləşdirməyəcəksə, bugünkü sevgi gələcək ailədəki, cəmiyyətdəki, ictimai həyatdakı uğurların təməlində dayanmayacaqsa, həyatın müxtəlif sınaqlarından uğurla çıxmağa, uğur qazanmağa əsas yaratmayacaqsa, onda o ailə, o evlilik peşmançılığa səbəb olacaq.
 İndi sən yaraşıqlı, zəkalı, varlı bir gəncsən. Səni ələ almaq üçün çoxları çalışacaq - səhv buraxmamaq üçün sənə yanaşanlarla, səni ələ almaq istəyənlərlə ehtiyatla, ağılla davranmalısan...”
 Romanda Həsən bəy iki qızla qarşılaşdırılır, Həsən bəy onlara qarşı biganə də deyil, ancaq onlar (Vera və Taclıbəyim) Həsən bəyin arzularını həyata keçirəcək qızlar da deyil. Halbuki Vera dünyagörüşü, intellekti etibarı ilə də fərqlənir, lakin Həsən bəy dayısının dediklərini yaddan çıxarmır... Əsərdə onlara həsr olunmuş hissələr romanın təsirli səhifələrindəndir. Yeri gəlmişkən, H.Z.Tağıyevin başqa ölkələrə oxumağa göndərdiyi gənclərin qarşısında qoyduğu tələblərdən biri də "qeyri-türk ilə evlənməmək” tələbi idi... Maraqlıdır ki, mərhum prezident Heydər Əliyev də Azərbaycanda birinci katib işlədiyi vaxt, keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə göndərilən tələbə-gənclərə münasibəti belə idi. Çox sonralar - müstəqillik dövründə vaxtilə təhsil alıb gələn, müxtəlif vəzifələrdə işləyənlərdən soruşurdu: "Kimlə evlənmisən?..”
 Həsən bəy "yarısını” tapır - "Müqəddəs Nina” gimnaziyasının məzunu Hənifə xanımla evlənir. Maraqlıdır ki, Həsən bəy "Bakinskiy listok” qəzetində qızlar gimnaziyasını bitirən məzunların siyahısını və şəkillərini görür. Bir ad və şəkil diqqətini cəlb edir: Hənifə Abayeva. Deməli, türk və müsəlman - dayısı Fərəc bəyin dediyi, Həsən bəyin "axtardığı”. Həsən bəy qərarını verir Tiflisə - buraxılış gecəsinə gedəcəyini. Çox qəribədir ki, faytonda mürgüləyərkən yenə eyni sehrli yuxunu görür: Kürün üstü ilə sehrli bir işığa doğru uzanan yol və bu dəfə yuxunun fərqli sonluğu...
 Hənifə xanım təkcə ömür-gün yoldaşı yox (əslində, insanın ləyaqətli ömür-gün yoldaşı olması bir ailənin xoşbəxt olması üçün yetərlidir - xoşbəxtlik anlayışı nə qədər nisbi olsa da...), məslək-əqidə yoldaşı, həmfikir, arxa-dayaq, hər zaman onun yanında olan, onu qoruyan, hər işində ona kömək edən, fikirlərini bölüşən, onu duyan... dost tapır. Hər adama dost deyilməz. Dost insanın dərdini bölüşə biləcəyi, etibar edə biləcəyi adamdır...
 Hənifə xanımın timsalında mükəmməl Ana obrazı yaradılmışdır...
 Mübaliğəsiz demək olar ki, Hənifə xanım olmasaydı, Həsən bəy bu böyük missiyanı həyata keçirməkdə tamamilə tək qala bilərdi. Həsən bəyin millət sevgisi və iradəsini Hənifə xanımın səbri, dözümü, fədakarlığı, hər an onun yanında olması tamamlayırdı...

***
 Həsən bəy Zərdabinin amalı xalqının savadlanması, maariflənməsi, qaranlıqdan çıxması - işığa gedən yola çıxması, tərəqqi etmiş millətlər kimi olması idi. Bu yolda o, olmazın əziyyətlərə qatlaşırdı. Xeyriyyə cəmiyyəti yaratmaq üçün bütün Azərbaycanı (Şimali Azərbaycanı) gəzib varlı, imkanlı adamları bu işə cəlb etmə cəhdi bunun üçün idi.
 "İşığa gedən yol” romanının bir məziyyəti də odur ki, Həsən bəy Azərbaycanın hansı bölgəsinə gedirsə, o bölgənin tarixi haqqında müfəssəl məlumat verilir. Müfəssəl olmasına baxmayaraq, bu məlumatlarda hər şey əksini tapıb və ən "kiçik” etnoqrafik detal belə unudulmur. Sona Vəliyeva Azərbaycanın demək olar ki, bütün bölgələrini böyük sevgi ilə təsvir edir...
 Həsən bəyin bu böyük missiyası, müqəddəs arzusu onun istədiyi kimi alınmadı - varlılar hər vasitə ilə maddi yardım etməkdən boyun qaçırdılar. Bu "daş qəlbli insanlar” M.F.Axundov, S.Ə.Şirvani kimi Həsən bəy Zərdabini də, sonralar - cəmi 4 il sonra Mirzə Ələkbər Sabiri də öz laqeydlikləri ilə öldürdülər. Öldürmək sözünün həqiqi mənasında. Dünyalarını dəyişəndə M.F.Axundovun 66, S.Ə.Şirvanin 53, H.Zərdabinin 65, M.Ə.Sabirin 49 yaşı vardı...
 İyirminci əsrin 30-cu illərindən isə "repressiya taunu” ən gözəl ziyalılarımızı apardı...

***
 Həsən bəy Zərdabi 22 iyul 1875-ci ildə "Əkinçi” qəzetini nəşr etməklə Azərbaycan milli mətbuatının bünövrəsini qoydu. Xalqın doğma dilində - Azərbaycan dilində çıxan bu qəzetə H.Zərdabinin ömrünün 7 ili sərf olunur... Qəzetin bütün ağırlığı onun çiynində idi, hətta daimi erməni fitnəsi ilə üz-üzə korrektorluğu da özü edirdi. "Əkinçi”nin 56 nömrəsi çıxdı, ancaq gördüyü işlərin miqyası o qədər böyük idi ki, bunun əhəmiyyətini, dəyərini ifadə edən söz tapmaq çətindir... "Əkinçi” və ondan sonra nəşr olunan qəzet və jurnallar bir neçə işin təməlini qoydu. Mətbuat ətrafına ciddi söz sahiblərini, milli ruhlu ziyalıları topladı. Bu milli ruhlu ziyalılar ilk növbədə maarifçiliyi, demokratik, dünyəvi dəyərləri təbliğ etdikcə maarifçilik milli azadlıq hərəkatına, milli oyanışa, özünüdərkə xidmət etməyə başladı.
 H.Zərdabi sevimli tələbələri Nəcəf bəy Vəzirov və Əsgər bəy Adıgözəlovun (Gorani) iştirakıyla - M.F.Axundovun komediyası ilə - Azərbaycan milli teatrının əsasını qoyur...
 H.Zərdabi xeyriyyə cəmiyyəti yaratmaqla (hərçənd ki, başlanğıcda uğursuzluqla nəticələnir) kasıb, imkansız ailələrdən olan uşaqları təhsilə cəlb etmək istəyir. Həsən bəy deyirdi: "Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”. Həsən bəyin bütün həyatı işığa gedən yol idi...
 H.Zərdabi 65 il yaşayıb. 23 yaşında işə başlayan Həsən bəy bu 42 ildə yüz illərin işini görüb. Məcburən Zərdabda yaşadığı illəri necə adlandırmaq olar?! Hərçənd ki, Həsən bəy tutduğu yoldan dönmədi - çoxdan arzusunda olduğu məktəbin açılmasına nail oldu (məncə, ən böyük mənəvi rahatlıq bu idi), bütün bölgədə ehticayı olanlara kömək etdi, onların haqqını müdafiə etdi, həmişə xalqın tərəfində oldu, Qafqaz kənd təsərrüfatı sərgisində iştirak etdi və mükafat da aldı. Ancaq H.Zərdabi kimi bir şəxsiyyətin Bakıda gördüyü və görəcəyi işlər daha böyük idi...

***
 Həsən bəy Tiflis gimnaziyasını gümüş medalla bitirdiyinə görə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq bölməsinə imtahansız qəbul edilmişdi. Universitet tarixində görünməmiş qərar qəbul edilmişdi: dekan Davıdovun təklifilə onun diplom işinə elmlər namizədi alimlik dərəcəsi verilmişdi... Həsən bəy görkəmli alim idi, fəlsəfi görüşləri etibarilə materialist filosof idi...
Həsən bəy gözəl pedaqoq idi. İşlədiyi, yaşadığı hər yerdə adamların hüquqlarını məhkəmələrdə müdafiə etməklə qalmadı, həm də adamların hüquqlarını başa salırdı. Ona görə də çar hökuməti onun bütün fəaliyyətində dövlət üçün təhlükə görürdü və bu məqamda səhv etmirdilər. Həsən bəyin "əkinçiliyi” daha çox mənəvi sahəyə aid idi - onun "əkdiyi toxumlar” cücərirdi və çoxalırdı, bu isə xalqı qaranlıqda, cəhalətdə saxlamaq istəyən imperiyaya qətiyyən sərf etmirdi...
Həsən bəy görkəmli ictimai-siyasi xadim idi. O, Bakı şəhər dövlət dumasının üzvü olduğu illərdə H.Z.Tağıyev, Ə.Topçubaşovla birgə çox böyük və əvəzsiz işlər gördü...

***
 "İşığa gedən yol” romanında H.Zərdabinin 6 yaşından vəfatına qədər olan dövr əhatə olunub. Bu illər kiçik başlıqlar altında verildiyindən həcmcə 767 səhifəlik roman çox asanlıqla oxunur. Bədii əsər üçün dil faktorunun necə önəmli olduğunun sübuta ehtiyacı yoxdur. Tarixi mövzular, tarixi şəxsiyyətlərdən bəhs edən əsərlərdə dövrün "dilini”, leksikonunu saxlamaq, həm də çağdaş dövr üçün anlaşıqlı, sadə yazmaq yazıçıdan istedad tələb edir. İstər tarixi şəxsiyyətlərin, istərsə də bədii obrazların dili həm də yazıçı təxəyyülünün məhsuludur. Burada yazıçının istedadı həm də ondadır ki, məsələn, Həsən bəyin dili-danışığı onun yaradıcılığı, əsərlərinin dilidir, digər yaradıcı şəxsiyyətlər də onun kimi.
 Əsərdə obrazların dilində və müəllif mətnində nə qədər aforizmlər var ki, bu da bir araşdırma mövzusudur...
 Əsərdə həm də üslub rəngarəngliyi, bir üslubdan digərinə keçid məharətlə verilib... Bu roman Sona Vəliyevanın ilk nəsr əsəri olmasına baxmayaraq, yazı texnikası və cilalanmış dili ilə də ciddi şəkildə fərqlənir...
 Romanın dili nə 60-cıların, nə də 80-cilərin dili deyil...

***
 80-cilər ədəbi nəslinin istedadlı nümayəndəsi, tanınmış nasir Əlabbasın bir fikriylə tam razıyam: "...müəllifin məhəbbətlə yaratdığı Hənifə xanım obrazında Sona xanımın öz xarakter və xeyirxah əməllərinə uyğun nə qədər oxşar məqamlar tapmaq mümkündür! Elə Həsən bəy də onu deyirdi: "Əsl təmizlik ruhun və qəlbin bakirəliyidi”.

***
 "İşığa gedən yol” romanında o qədər məsələlər, şəxsiyyətlər, hadisələr var ki, bu yazıda onların çox cüzi bir hissəsinə toxunuldu...
 Zərdabi və M.F.Axundov, Zərdabi və S.Ə.Şirvani, Zərdabi və XIX əsrin ikinci yarısındakı ədəbi məclislər və bu məclislərin aparıcı üzvləri: Zərdabinin Qubadakı fəaliyyəti və Muxtar bəy, Zərdabinin Tiflis dövrü, Zərdabinin Bakı Realnı Gimnaziyadakı fəaliyyəti, Zərdabinin din xadimləri ilə görüşü - Axund Mirzə Əbu Turab, Axund Mirzə Məhəmməd Kərim, Axund Molla Ruhulla (bu üç şəxsi H.Z.Tağıyev Həsən bəylə tanış edəndə onları ziyalı kimi təqdim edir), İsmayıl bəy Qaspıralı, Mirzə Hüseyn Əfəndi, Ünsizadə qardaşları, Əhməd bəy Ağayev, Məhəmmədağa Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Zərdabinin Maksim Qorki və F.İ.Şalyapinlə görüşü, əsərdə yeganə mənəviyyatlı məmur Dmitri Semyonoviç Staroselskinin Həsən bəylə münasibəti (Həsən bəy bu məmuru "xilaskar dost” adlandırır), Həsən bəyin Vera və Taclıbəyim və... burada qeyd olunmayan digər onlarla adamla münasibəti - ünsiyyəti, onlarla hadisədən, xüsusən, Hənifə xanımın ictimai fəaliyyətindən, Zərdabi və H.Z.Tağıyev dostluğundan... danışa bilmədik...

***
 Sona Vəliyeva azərbaycançılığı milli ideologiya kimi araşdıran alimlərimizdəndir. Azərbaycançılığın ən gözəl əməli örnəyi elə "İşığa gedən yol” romanıdır ki, o, bu tarixi romanda onlarla tarixi şəxsiyyətlə yanaşı, Həsən bəy Zərdabi kimi nəhəng düşüncə sahibinin həyatından, işığa gedən yoldakı fəaliyyətindən, çətin, məhrumiyyətlərlə dolu mübarizəsindən bu həcmdə dəyərli bir əsər yarada bilib.
 Əvvəldə qeyd etmişdim ki, romanın hər cümləsinin arxasında dəqiq mənbələr, faktlar dayanır. Roman Azərbaycan tarixinin hər mənada çox zəngin, təxminən 60 ilə yaxın bir dövründən bəhs edir. Bu roman da ilkdir. Arzu edək ki, bu dövrə dərindən bələd olan yazıçı (həm də tədqiqatçı) kimi "İşığa gedən yol” romanı Sona Vəliyevanın uğurlu nəsr yaradıcılığının davamlı başlanğıcı olsun...

525.az