Biz imzaları yox, əsərləri dərc edirik...

Bir şəklim var - orda səni düşünürəm - Günay Səma Şirvanın şeiri
587
01 Aprel 2020, 19:34
Artkaspi.az saytı Günay Səma Şirvanın şeirlərini təqdim edir:
 
Qızmar yayında belə üşüdüyüm
soyuq, 
sopsoyuq bir şəhərdəyəm.

Gözləri muncuq,
boz, kirli qarğaları 
xırıldayan səsiylə gülür,
buğda ömrümü gəmirən qarışqa günlərimə.
Sahil körpüsünün
daş sipərlərinə çırpılan xırçın sular
güzgü tutur ötən günlərimə.

Amma söküb çıxarmışam həsrətin ürəyini,
daha nə dəqiqələri gözləyirəm,
nə saniyələri.

Daha kədər də dördəlli yapışammır boğazımdan. 
İyul gecələrinin kəpənəkləritək,
məni atəş deyil, qaranlıq çəkdi,
odlandı qanadlarım. 
Şəhərin qozbel səfilləri
pul adlı sevgi dilənir varlı monastrın önündə.
Yasaq edilmiş dil kimiyəm, 
bu qəriban dəstəsinin mühasirəsində.
Danq-danq-danq...
Kilsə zəngləri aramsız baraban döyəcləyir:
"inna lillahi ve inna ileyhi raciun”*
İlk dəfə şəhərin soyuqluğunu hiss etmirəm.

* Şüphəsiz biz Allahdan gəldik və ona dönəcəyik
 
  
 
***
Bir şəklim var - orda sənə gülümsəyirəm:
saçlarım gecədən uzun,
saçlarım gecədən qara,
üzümdə iz qoyub üzün.

Bir şəklim var - orda səni düşünürəm:
Yanağım hicran tapdağı,
Gözlərim ağlamış şoran torpağı.

Bir şəklim var -
"Səni sevmək vidalara yazılı olmaq”, - deyir
Libasın ağlığı isə
qismətin qaralığını masqalamaq üçündür.

Bir şəklim var,
yanımda iki körpə -
sirat körpüsü.

Daha bir şəklim...
daha bir şəklim yox.


***
Sən yarpaqların dilini bilərdin,
mən budaqların...

Çiçəklər budaqları,
yarpaqlar ağacları sevərdi.
Tutunardıq həyata.

Bir gülüşün yetərdi
acı çayı şirin etməyə...

İndi "azadam”,
azadlıq da qəfəsdir,
Sadəcə barmaqlıqları seyrəkdi.