Artkaspi.az saytı Sara İbrahimin hekayəsini təqdim edir:
Cəmil mənim uşaqlıq dostum idi. Məndən iki yaş böyük olan Cəmillə həm
də qohum idik. Cəmilin Asim adlı
qardaşıyla yaşıd olsaq da, onunla sözümüz, xasiyyətimiz bir o qədər də düz gəlməzdi.
Cəmilgil ailədə beş uşaq idilər.
Özündən başqa üç qardaşı və bacısına anası Gülgəz xala baxırdı. Cəmilin atası Yavər əmi uşaqları hələ çox
balaca olanda faciəli şəkildə dünyasını dəyişmişdi.
Arıq, uca boylu, sarışın
bir adam olan Yavər əmi ailəcanlıydı. Təkcə qohumlar deyil, bütün kənd camaatı
onun xətrini istəyirdi. Yavər əmi elektrik işlərini yaxşı bacardığından,
hamının ona işi düşərdi, o da heç kimdən köməyini əsirgəməzdi.
Bir dəfə güclü külək əsəndə
kəndin işıqları söndü. Yavər əmi xarab olan naqili düzəltmək üçün elektrik dirəyinə çıxmalı oldu. Amma o həmin
gün çıxdığı elektrik dirəyindən özü düşə bilmədi. Yüksək gərginlikli elektrik xəttinə toxunduğuna görə cərəyan
vurmuşdu. Yavər əmi beş uşağı Gülgəz xalanın ümidinə qoyub dünyadan köçdü.
Gülgəz xala uşaqlarını təkbaşına,
əziyyətlə böyüdürdü. Uşaqları çox balaca olduğundan, hər işin dalınca özü getməli
olurdu. Gülgəz xalanın qonşu kənddə
yaşayan qardaşları ağır işlərdə ona kömək edirdilər.
Cəmil uşaqlıqdan at həvəskarıydı.
Dayısının atını bir dəfə görmək üçün hər gün bizim kəndlə arasında bir xeyli məsafə olan qonşu kənddə yaşayan dayısıgilə gedərdi. Cəmilin atlara olan sevgisini görən
dayısı Səməd öz atının balası bir yaşına
çatanda onu Cəmilə bağışladı. Cəmilin uçmağa qanadı çatmırdı. O, atın başına pərvanə
kimi dolanır, onun otunu, suyunu heç kimə etibar eləmirdi. Cəmilin atı çox
yaraşıqlıydı. Dayçanın yalından, quyruğundan başqa hər yeri ağappaq idi, bir də
gözləri qapqaraydı.
Cəmilin at sevgisi mənə də
sirayət etmişdi. İlk günlər dayçaya yaxınlaşmağa ürək eləməsəm də, bir müddətdən
sonra ona öyrəşdim. Məni harda itirsəydin, Cəmilgildə tapardın. Atın axurunu
otla doldurmaqda, yerini təmizləməkdə Cəmilə kömək etməyə çalışırdım.
Gülgəz xala bizə hərdən
zarafatla deyirdi:
– Ata başınız
o qədər qarışır ki, daha evə də gəlmirsiniz,
sizi yemək yeməyə də güclə gətirirəm .Yorğan- döşəyinizi gətirib yerinizi
dayçanın yanında salacağam.
Cəmildən atına hansı adı
qoyacağını soruşanda bir az fikirləşib:
– Qoy adı
Qaragöz olsun, gözləri qapqaradı, – dedi.
Cəmil hərdən zarafatla:
– Mənim bir
qardaşım da Qaragözdü, onu özümdən çox istəyirəm. Bir az da böyüsün, kənddə onu
keçən at olmayacaq, – deyib atın yalını, boynunu sığallayıb gözlərindən öpərdi.
O, hər dəfə atın gözlərindən öpəndə deyərdim:
– Cəmil, gözlərindən
öpmə, nənəm deyir ki, gözdən öpməzlər, ayrılıqdı. Cəmil gözünü atından
ayırmayaraq:
– Sən qorxma,
bizi heç kim ayıra bilməz, – deyə yaşlı kişilərə xas təmkinlə cavab verərdi.
Novruz bayramı ərəfəsiydi.
Bütün evlərdə bayram hazırlıqları görülürdü. Anam bayram üçün aldıqlarını: qoz
– fındığı, kişmişi torbalara doldurur, yerbəyer edirdi. Anam kişmişi torbaya
yığdığını görəndə Cəmilin dünən ovcunu kişmişlə doldurub Qaragözə yedirtdiyini
xatırladım. Anam işini qurtarıb çölə çıxan kimi kişmiş torbasını götürüb Cəmilgilə
qaçdım.
Üstünə mürəbbə çəkilmiş çörəyi iştahla dişlərinə
çəkən Cəmilə kişmiş torbasını göstərdim.
Cəmil ağzındakı loxmanı tələsik çeynəyib uddu:
– Ay sağ ol,
Qaragöz kişmişi xoşlayır, gedək bayram payını verək, – deyib torbanı məndən aldı.
Cəmilin ovcunda tutub Qaragözə
doğru uzatdığı kişmişləri onun dodaqlarıyla götürüb dilinin üstünə ötürərək yeməsinə
maraqla tamaşa edirdim. Qaragözə kişmiş
gətirdiyimə görə Cəmilin yanında qürrələnirdim.
Cəmil torbadakı sonuncu
kişmişləri dayçanın ağzına tərəf uzadıb çiyninin üstündən mənə baxdı:
– Qaragöz
böyüsün, sənə də at sürməyi, çapmağı öyrədəcəyəm, – deyə vəd elədi.
Anam kişmiş oğurluğumdan xəbər
tutanda aldığım bir- iki oxlov cəzası da
mənim bayram "payım” oldu.
Qaragöz böyüdükcə daha da gözəlləşirdi. Onun
bu yay iki yaşı tamam olacaqdı. Cəmil atına yaxşı qulluq elədiyindən, qara
yalı, ağ tüklü bədəni açıq havada, günəşin altında bərq vururdu. Qaragöz böyüdüyündən, daha ona
minmək olardı. Cəmil Səməd dayının köməyilə atı miniyə öyrətmişdi.
Bizim evlərin arxasından yan-yana beş böyük
arx keçirdi. Cəmil hər gün atını arxa sulamağa aparırdı. Bəzən atı arxın dayaz
yerinə salıb onu çimizdirirdik. Cəmil atın yüyənindən tutub saxlayır, mən özümlə
götürdüyüm qabı suyla doldurub atın belinə, boynuna tökürdüm. Qaragöz birinci dəfə
suyu bədəninə tökəndə diksinib dartınsa da, sonra suya öyrəşir, çimmək ona ləzzət
edirdi.
Arxların kənarı boş çöllük olduğundan, atı
çapmaq rahat idi. Cəmil at sürməyi əməlli-başlı öyrənmişdi. Qaragöz arxın kənarındakı
çöllükdə dördnala çapanda, kəndin özü yaşda olan uşaqları ona həsəd
aparırdılar.
Cəmil mənə verdiyi vədinə əməl elədi, mənə
ata minib sürməyi öyrətdi. Bir neçə dəfə Cəmilin ağ atını çapmaq mənə də nəsib
oldu.
Cəmilin dayıları maldarlıqla məşğul olurdular.
Hər il yayın əvvəlindən yaylaqlara köçər, bir də payızın sonunda kəndə qayıdardılar. Onlar Gülgəz xalanın
heyvanlarını da özlərinkiylə birlikdə yaylaqda saxlayardılar. Payızda kəndə
qayıdanda saxladıqları heyvanların yununu, yavanlığını gətirib Gülgəz xalaya
verərdilər. Bəzən Cəmili, ya da qardaşlarından birini özləriylə yaylağa
aparardılar. Biz də yaylağa getdiyimizdən, bir neçə il onlarla qonşuluğumuz
olmuşdu.
Həmin il yay çox isti keçirdi. May ayının
sonundan başlayan isti hava iyun ayının əvvəllərindən
də özünü göstərməyə başladı. İmkanı olanlar bizim kənddən çox da uzaq olmayan sərin
yaylaqlara köçürdülər. Atam havaların
isti keçdiyini görüb, bizi də yaylağa aparmağa qərar verdi.
Biz yükümüzü maşına yığıb həyətdən
çıxmağa hazırlaşırdıq.
Gülgəz xala bir əlində yekə bir boxça, o biri əliylə Cəmilin əlindən
tutaraq özünü artıq yola çıxmaqda olan
maşınımıza çatdırdı. O, maşının kabinəsində oturan atama:
– Gözlərinin
qadasını alım, Ziya, Cəmil də sizinlə getsin. Qardaşlarımla danışmışam, onlarda
qalacaq, neçə vaxtdı "Qaragözün yanına gedim” deyib durur.
Cəmilin dayıları bu il
onların heyvanlarını yaylağa aparanda Qaragözü də aparmışdılar. Gülgəz xala
uşaqlarını əvvəllər qardaşlarıyla bir neçə dəfə yaylağa göndərsə də, əri öləndən
sonra buna ürək eləmirdi: "gözümün qabağında olsunlar, qardaşlarım nə qədər
yaxşı baxsalar da, nigaran qalıram. Burda əlim işə-gücə də yatmır” deyirdi.

Dostum atının yanına getmək üçün əlindən gələni
etmişdi, kim bilir, anasına nə qədər dil töküb yalvarmışdı.
Gülgəz xala çiyninə sürüşüb düşən yaylığının
ucuyla istidə tələsik gəldiyindən tər axan üzünü silə-silə atamdan cavab gözləyirdi.
Mən yük maşınının lap qabağında, yorğan-döşək
yığılıb möhkəm bağlanmış, "fərməş” deyilən iri bağlamanın üstündə oturub yerimi rahatlamışdım. Cəmil
nigaran baxışlarıyla gah atama, gah da cavab gözləyən anasına baxırdı. Həyəcandan
yerində dayana bilmirdi, ayağının birini götürüb, o birini qoyurdu. Bir xasiyyəti
vardı: həyəcanlananda gözlərini tez –
tez qırpırdı; indi də uzun kirpikləri dayanmadan yanağını döyəcləyirdi.
Atam Gülgəz xalanın uşaqlarının dayılarıyla
yaylağa getmələrinə həmişə narazı olardı. "ana harda, uşaq da orda”, – deyərdi.
Mən Cəmilin bizimlə getməyini çox istəyirdim.
Atamın yanında çox vaxt səsim çıxmazdı, indi özümü saxlaya bilmədim:
– Ay ata,
nolar, qoy Cəmil də bizimlə getsin, anam ona da baxar.
Atam Gülgəz xalanın əlindəki boxçaya, yazıq – yazıq boynunu büküb
dayanmış Cəmilə baxıb:
– Yaxşı,
getsin. Hava istidi, on beş-iyirmi gün qalıb gələr, – dedi.
Atam axırıncı sözünü deyib qurtarmamış, Cəmil quş çevikliyiylə özünü
maşının üstünə atıb, yanımda özünə yer elədi.
Gülgəz xala atama dua – səna
elədi, nəmərən gözləriylə bizi yola saldı.
Maşınımız kənddən uzaqlaşıb dağlara yaxınlaşdıqca, biz aranın
yandırıcı istisindən sonra yaylağın buz kimi havasını ləzzətlə ciyərlərimizə çəkir,
zarafat edib gülürdük. Hamıdan çox sevinən
Cəmil idi. O, Qaragözün yanına çatmağa tələsirdi. "Məni görəndə tanıyacaq,
sevinəcək” deyə şadlığından özünə yer tapmırdı.
Axşamtərəfi yaylağa çatdıq.
Dağın döşündə sırayla düzülmüş alaçıqlar yağışdan sonra çıxmış göbələyə
oxşayırdılar. Bizim çadır qurduğumuz bu oba çox gözəl bir yerdə, hər addımda
buz kimi bulaqları, çiçəkli düzləri olan yaşıl dağların qoynunda salınmışdı.
Başı qarlı dağ silsiləsi sanki bu obanı qoruyan qala divarlarıydı.
Biz obaya çatıb yükümüzü
yurd yerinə daşıyırdıq. Cəmil boxçasını bizim yanımıza atdı. Obadan aşağıdakı dərədən
axan çayı keçib, yamacda hörüklənib otlayan
Qaragözün yanına qaçdı. Biz onunla mərc gəlmişdik. Mən atının onu
tanımayacağını, o isə inadla bunun əksini söyləyirdi. Onların necə görüşəcəyini
öz gözlərimlə görmək istəyirdim. Anamın arxamca çığırmağına məhəl qoymayıb, Cəmilin
ardınca mən də atın hörükləndiyi yerə tərəf götürüldüm. Ayaqlarımı alabəzək
daşların üstünə qoya-qoya dərədən axan çayı keçib, atın yanına çatmaqda
olan Cəmili haqladım.
Qaragöz Cəmilin hənirtisini
uzaqdan duymuşdu,başını otluqdan qaldırıb biz tərəfə baxır,tez- tez
fınxırırdı.Fınxırdıqca qapqara yalı gözlərinin üstünə tökülürdü.
Cəmil ona çatıb boynunu qucaqladı, yalını
tumarladıqca Qaragöz çoxdan görmədiyi dostuyla görüşürmüş kimi üzünü Cəmilin
qoluna sürtürdü.
Azca kənarda dayanıb
onların görüşməyinə tamaşa edirdim. Mərci uduzmuşdum. Cəmil görünür, dostunu
yaxşı tanıyırdı.
Cəmil bir gecə bizdə qaldı,
səhəri gün Səməd dayı bizə gəlib onu özüylə apardı. Onların çadırları bizimkindən
bir qədər aralıdaydı.
O vaxt Cəmilin on dörd, mənimsə
on iki yaşım vardı. O, bizə – obanın uşaqlarına
qoşulmurdu, vaxtını daha çox Qaragözlə keçirirdi. Çobanlara qoşulub
onlarla dağlara qalxardı. Çobanlar sürülərini
uzaqdakı otlaqlara atlarla aparardılar. Cəmil də öz atını minib onlara
qoşulurdu. Uzağa getməyəndə onun atı həmişə çəməndə hörüklənirdi. Axşamçağı atı
örüşdən özü gətirirdi. Atın boynuna bağlanmış uzun ipi əlinə dolayıb arxasınca
çəkirdi.
Mən də bir neçə dəfə onunla
Qaragözü gətirməyə getmişdim. Cəmil nədənsə, mənim onunla getməyimə razı
olmurdu. Hər dəfə onunla getmək istədiyimi deyəndə:
– Gecdi, axşam düşür, sən getmə. Mən atı tez götürüb qayıdıram, –
deyirdi.
Bir dəfə məndən bir az
uzaqlaşandan sonra Cəmilin dalınca atın
bağlandığı çəmənliyə tərəf getdim. Onu görəndə məni niyə özüylə aparmaq istəmədiyini
indi başa düşdüm. Atın uzun ipini öz belinə bağlamışdı, at getdikcə dalınca onu da çəkib aparırdı. Cəmil otların üstündə sürüşməkdən
ləzzət alırdı.
Məni görəndə özünü itirdi,
tez belindəki ipi açıb əlinə yığdı, atı ardınca çəkərək:
– Heç kimə
demə, yaxşı? Birinci dəfədi ki, belə edirəm, bir də etməyəcəyəm, atamın qəbrinə
and içirəm!
Gördüklərimdən çox qorxmuşdum. Cəmilin biləyinə doladığı ipə
qorxa-qorxa baxıb təlaşla:
– Bu çox qorxuludu,
Cəmil, ip dolaşar, aça bilməzsən, – dedim.
O, məni inandırmağa çalışıb yenə
and içdi:
– Anamın canı
üçün, bir də eləməyəcəyəm, söz verirəm. Sən də söz ver ki, burda gördüklərini
heç kimə deməyəcəksən.
Cəmilə bu barədə heç kimə danışmayacağıma söz verdim, onun and-amanına da inandım.
Yaylaqdan arana qayıtmağımıza sayılı günlər
qalmışdı. Obada alaçıqların sayı getdikcə azalırdı. Atam bir həftədən
sonra gəlib bizi də arana aparacaqdı.
Obanın özüm yaşda olan uşaqlarıyla gün əyilənə qədər
obadan bir xeyli aralıdakı dağda çiçək
yığdıq, gəzdik. Qayıdanda yolumuzun üstündəki təpədə qurumuş ardıc ağaclarını
odlayıb çırtıltıyla yanmağına ləzzətlə tamaşa edirdik.
Cəmil gözə
dəymirdi, yəqin Qaragözün dalınca getmişdi. Birdən uşaqlardan biri:
– Ora baxın,
Cəmilin atı! Görəsən, niyə belə bərk qaçır, yəhəri də belində yoxdu, kim qovur
onu?
Biz dayandığımız təpənin
qarşısında sıldırım qayalıqlar, dərələr vardı. At təxminən yüz metr aralıdan
sürətlə bizə tərəf gəlirdi. O, deyəsən, nədənsə ürküb qaçırdı. Bizə yaxınlaşdıqca
arxasınca nəyinsə sürütləndiyini gördük. Ürkmüş at bizə çatıb yanımızdan güllə
kimi ötüb keçdi. Arxasınca sürütlədiyi daşlara çırpılmaqdan başı, bədəni
parçalanmış ,əynində həmişə geyindiyi miləmil köynəyi qana bulaşmış Cəmil idi.
Çobanlar ürkmüş atı obadan çox aralıda, ipi
bir daşa ilişmiş vəziyyətdə tapdılar. Onların dediyinə görə, Cəmil atı gətirəndə
onu uzaqdan görüblər. At qarşısına qəfil çıxan tülküdən hürkərək qaçmağa
başlamışdı. Cəmil müvazinətini itirib yıxılıb, belinə doladığı ipi aça bilməyib.
Cəmilin cansız, parçalanmış meyitini tapan
çoban onu qolları üstündə obaya gətirəndə qadınların, uşaqların ah-naləsi
dağları, daşları lərzəyə gətirdi.
Cəmilin meyitini Səməd dayımgilin
alaçıqlarının qarşına qoymuşdular. Anam məni ora getməyə qoymadı.
Gözüm Qaragözü axtarırdı. Onu özündən çox
istəyən dostunun ölümünə bais olan qatil atı görmək istəyirdim. O, Səməd
dayıgilin alaçıqlarının arxasında, Cəmili sürütlədiyi ,qırılıb yarısı qalmış ip
boynunda başını yerə əyib durmuşdu. Həmişə yerində sakit dayanmayan, oyur-oyur
oynayan at fağır, yazıq görkəm almışdı. Qara gözlərindən yaş süzülürdü.
Dərddən ağlını itirmiş Səməd dayını sakitləşdirə
bilmirdilər. O, alaçıqdan əlində tüfəng çıxıb Qaragözə tərəf gələndə, yaşlı
qadınlardan biri onun qarşısını kəsdi, yaylığını başından sıyırıb onun önünə
atdı:
– Yiyəsini
öldürmüş at gec-tez özünü öldürür, bir günah da sən eləmə! Onun peşmançılığı
özünə bəsdi!
Səməd dayı tüfəngi yerə atıb Qaragözə yaxınlaşdı, düz
onun qarşısında dayanıb üzünə tüpürdü:
– Tfu sənə! O
yetim səni özündən çox istəyirdi, necə qıydın ona, namərd? Bacım onu mənə əmanət
etmişdi, indi onun üzünə necə baxacağam,
səni görüm lənətə gələsən!
Qaragöz günahını anlayırdı. O, insan kimi ağlayırdı,
gözündən axan yaş dayanmırdı.
Gecə Cəmilin daşlara çırpılmaqdan
parçalanmış meyitini kəndə apardılar. Gülgəz xala neçə dəfə özünə qəsd etmək
istəsə də, vaxtında duyuq düşüb qarşısını aldılar, amma Qaragözün intihar etməyinə
heç kim mane ola bilmədi.
Cəmil ölən günün səhəri Qaragöz yoxa çıxdı.
Onun parçalanmış cəsədini yarğandan tapdılar. Qaragöz Cəmilin meyitinin
tapıldığı qayadan uçmuşdu.