Biz imzaları yox, əsərləri dərc edirik...

Beynəlxalq Muğam Mərkəzi yeni onlayn layihələrə start verib
429
02 Aprel 2020, 16:29
 Beynəlxalq Muğam Mərkəzi (BMM) karantin günlərində yeni onlayn layihələrə start verib.
 AZƏRTAC xəbər verir ki, mütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz "Facebook” və "Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərəcək.
 Bu günlərdə Mədəniyyət Nazirliyi mədəniyyətimizin təbliği istiqamətində bir çox yeni onlayn layihələrin reallaşdırılmasını həyata keçirib. Nazirlik tərəfindən bir neçə yeni layihələr təqdim edilib. Bütün bu addımlar səmərəli mədəni aktivliyə və yaradıcı ruhun davamlılığına xidmət edir.
 
 

 Beynəlxalq Muğam Mərkəzi də öz növbəsində karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmağa çalışacaq.
BMM-nin təqdim edəcəyi ilk layihə muğam ifaçıları tərəfindən sənətsevərlərə ünvanlanacaq maarifləndirici və pozitiv çağırışlardan ibarətdir. İkinci layihədə əvvəlcədən elan edilməklə qısa olaraq muğam saatı konsertləri təşkil ediləcək. Üçüncü layihə isə Beynəlxalq Muğam Mərkəzinin foyesində büstləri bərqərar olan muğam korifeyləri və muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından mühazirələr təqdim olunacaq.
 Layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.
 Hər üç layihənin saatları haqqında əlavə məlumat BMM-nin "Facebook” və "Instagram” səhifələrində veriləcək.