Biz imzaları yox, əsərləri dərc edirik...

Bestseller əsərlər əlçatandırmı? – Sorğu
2355
12 Fevral 2019, 09:04
 Fikirlər var ki, dünyada nəşr olunan bestseller (ən çox satılan, ən çox oxunan) kitablar bizim ölkəmizə gec gəlib çatır. Ədəbiyyat adamları içərisində bu fikirlə razılaşmayanlarla yanaşı,  problemin səbəbini tərcümə işində görənlər də var. "Müzakirə”mizdə ziddiyyətli fikirlərlə qarşılaşdıq.
 
 
 
 
 
 

 Tərcümələrin keyfiyyəti aşağıdır 
 Yazıçı Elçin Hüseynbəyli  bestseller əsərlərin ölkəmizdə gec çap olunması fikri ilə razılaşmır: "Demək olmaz ki, dünyada çıxan bestseller əsərlər bizim ölkəmizə gec gəlib çatır. Əksinə, həmin əsərlər çox sürətli şəkildə bizim nəşriyyatlarda çap olunur. Onların arasında təzə imzalar da, köhnə imzalar da var". "Qanun”, "Teas Press" nəşriyyatı tərəfindən əsərlər sürətlə çap olunur. Ancaq bu tərcümələrin çoxu rus dilindən çevrilir". Yazıçı problemi daha çox orijinaldan tərcümədə görür: "Ədəbiyyatda əsas problem odur ki, bizdə orijinaldan olunan tərcümələr peşəkar deyil. Mənə elə gəlir ki, həmin tərcümələri google-tərcümə vasitəsilə edirlər. Çünki bir neçə dəfə redaktə etmək üçün mənə mətn göndəriblər, onların bərbad olduğunu görmüşəm. Tərcümələrin keyfiyyəti çox aşağıdır".  
 
 
 
 
 
 
 

 Ad tanış olmayanda...
 "Altun" kitab evinin direktoru Rafiq İsmayılov bestseller əsərlərin ölkəmizə az gəlməsi fikri ilə razılaşır: "Bu, birbaşa xarici dildən tərcümə edənlərin sayının az olması ilə bağlıdır. Adətən gözləyirlər ki, o əsərlər rus dilinə tərcümə olunsun. Bundan sonra onu azərbaycan dilinə çevirsinlər. İndi ingilis dilində bilənlərin sayı çoxalır, ancaq onların içərisində tərcüməçilərin sayı azdır". Naşir hesab edir ki, ümumiyyətlə, ədəbiyyatda boşluqlar çoxdur: "Biz hələ köhnə ilin əsərlərini tam tərcümə edib oxuculara çatdırmamışıq. Digər tərəfdən, yeni imzanı kitab sektorunda tanıtmaq üçün vaxt, maliyyə lazımdır. Yəni oxucular xəbər tutsunlar ki, dünyada belə bir yazıçı da var imiş. Oxucu kitab mağazasında kitabları vərəqləyir, ad ona tanış olmayanda çox vaxt maraq göstərmir. O, gərək həmin adı 1-2 dəfə eşitsin. Bu baxımdan əsərlər bizə bir qədər gec çatır. Bəzən xəbər çıxır ki, Rusiyada filan əsər 200 min tirajla satıldı. Biz onda həmin yazıçının adını eşidirik. Sonra tərcüməçilər, naşirlər o əsəri tərcümə etmək haqqında düşünürlər. Biz də beynəlxalq aləmdə məşhur olan imzaları tərcümə etməyə başlayırıq. "Ancaq filankəs Nobel mükafatçısıdır" deyə tərcümə edək prinsipi ilə razı deyiləm. Bəzən "filan əsəri tərcümə edək" təklifi alanda mən o əsəri oxuyuram və xoşuma gəlmir. Hazırda mənə təqdim olunmuş yazıçıların adları var. Onların yaradıcılıq bioqrafiyaları daha maraqlıdır. İtaliyan yazıçısı Covannino Quareçkinin "Don Kamillo” hekayələr kitabı 200 dilə tərcümə olunub. Ancaq indiyə qədər bizim dilə tərcümə olunmayıb. Bu kitabda  70-80-ci illərdən bəri çox məşhur olan hekayələr toplanıb. Bizdə isə onu tanımırlar. Ona görə, bu məsələyə bir qədər diqqətli yanaşmaq lazımdır”. Naşirin sözlərinə görə, ayrı-ayrı şəxslərdən və ya qurumlardan olan sifarişlər də heç vaxt yeni adlara maraq göstərmir: "Mənim indiyə qədər gördüyüm sifariş "Qabusnamə" və "Əli və Nino"nun nəfis nəşrləri olub. Bəzi qurumlar, adları o kitablara düşmək şərti ilə belə nəşrlər sifariş edirlər. Oxucu üçün buraxılan nəşrlərdə isə nəşriyyat özü bir qədər marketinqi araşdırmalı, müəyyən məsləhətləşmələr aparmalıdır. Kütləvi sifariş isə olmur”. 
 
 
 
 
 
 

 Tələbat nəyədirsə...
 Yazar Aysel Əlizadə də bestseller əsərlərin tərcümə olunduğunu deyir: "Fikrimcə, nə qədər məşhur əsərlər varsa, tərcümə olunur. Tərcümə sektoru son illər çox inkişaf edib. Tələbat nəyədirsə, yəqin ki, nəşriyyatlar da ona üstünlük verirlər”. Yazar hesab edir ki, tərcümələr orijinaldan olsa, daha yaxşı olar: "Son illər orijinaldan çevirməyə çalışırlar. Bildiyim qədər "Teas Press" Nəşriyyat Evi yalnız orijinaldan tərcümə edir. Onlarda ikinci əl tərcümə olmur. Ancaq "Qanun" nəşriyyatında ikinci, üçüncü əl tərcümələr var. Əvvəllər orada rus dilindən etdiyim tərcümənin orijinalı ingilis dilindən olub. İngilis dili ilə tutuşduranda elə də böyük fərq olmadığını görürsən. Bu da mətndən asılıdır. Bədii ədəbiyyat deyilsə, elmi-kütləvi ədəbiyyatdırsa, orada ikinci dildən çevirmək böyük qüsur gətirmir. Çünki rusca tərcümələr, doğrudan, peşəkardır. Hətta, bəzən orijinaldan keyfiyyətli olur. Ona görə, bəzi ədəbiyyat var ki, onu çevirmək olar”. Yazarın fikrincə, bədii ədəbiyyatda yazıçı üslubu olduğundan onu orijinaldan dəqiq hiss etmək olur. Belə ki, həmin tərcümələrdə bir az qüsurlar ola bilər: "Ancaq hesab etmirəm ki, biz bu məsələlərdə tərcümə ilə məşğul olanları qınamalıyıq. Onlar bacardıqlarını edirlər. Son vaxtlar tərcümələr daha da artıb, kitab bazarı güclənib. Alıcı tələbatı çoxalıb. İngilisdilli bir təbəqə yaranıb. Ümumiyyətlə, ingilisdilli yeni nəsil formalaşıb. Onlar özləri elə orijinaldan oxuyurlar. Bu gün dünyada daha çox ingilisdilli ədəbiyyat məşhurdur. Başqa dillərin nümayəndələri də var ki, onlar ingilis dilində yazırlar. Dünyada hansı kitab trend olursa, o, dilimizə  tərcümə olunur”.   
 
 
 
 
 
 

 Hər şeyi tələb-təklif müəyyənləşdirir
 Yazar Cavid Zeynallının fikrincə, tərcümə işi böyük əmək, gərgin zəhmət deməkdir: "Mən cəmi iki kitab çevirmişəm, "Qanun” nəşriyyatında çap olunub. Bunu da ehtiyac üzündən, məcbur olub bir neçə il əvvəl etmişdim. Sonra özümə söz verdim ki, bir də tərcümə işinə yaxın durmayacağam. Çünki sözün həqiqi mənasında iynə ilə gor qazmaqdır. İndi təsəvvür edin ki, azərbaycan dilinə onlarla əsər tərcümə edən, böyük bir xəzinənin qapılarını bu xalqa açan fədakar tərcüməçilərimiz nə qədər böyük hörmətə layiqdirlər. Bestseller əsərlərin gec tərcümə olunmağının bir səbəbi budur”. Yazarın fikrincə, digər səbəb kitab bazarının formalaşmamağı, kitab reklamı işinin ümumiyyətlə olmamağı, tərcüməçilərin qəpik-quruşa işləməyi və sair amillərdir: " Bir kitabın tərcüməsinə 500-600 manat qonorar ödənilir. Bu, gülməli rəqəmdir. Əziyyətinə dəymir. Naşirləri də qınasaq, deyəcəklər ki, tələb-təklif bundan ibarətdir, bazarın qanunu budur. Yəni hər şeyi tələb-təklif müəyyənləşdirir. Biz özümüzü Türkiyə, Rusiya mühiti ilə müqayisə edə bilmərik. Onlarda bu işin sənayesi qurulub, mexanizm işləkdir, rəqabət ortamı var. Başqa bir məsələ tərcümələrin səviyyəsidir ki, bu, tamam başqa bir mövzudur. azərbaycan dilini hiss etməyən, dilimizi bilməyən tərcüməçinin, bestselleri tez-tələsik tərcümə edib şikəst etməsi daha pisdir, nəinki o kitabların əlimizə gec gəlib çatması”.
 
 
 
 
 
 

 Yeni tipli tərcüməçilər və tərcümə metodları
 Tənqidçi Əsəd Cahangirin sözlərinə görə, dünyada çıxan bestseller əsərlər ölkəmizə nəinki gec gəlib çıxır, ümumiyyətlə gəlib çatmır: "Dünya ədəbiyyatının hansı bestsellər əsəri bizə gəlib çatıb? Umberto Ekonun əsəri  80-ci illərin bestselleri idi. Bizim dilimizə haradasa 30 ildən sonra tərcümə olundu. Orxan Pamukun romanları 90-cı illərdə yazılmışdı. Ancaq bizim dilimizə ən yaxşı halda 7-8 və ya 10 ildən sonra çevrilməyə başladı.  "Mənim adım qırmızı", "Qar" romanları da bu sıradandır. Harri Potter haqqında roman bestsellerdir. Bilmirəm, bu roman dilimizə tərcümə edilib, yoxsa yox, ancaq mən görməmişəm". Tənqidçi son vaxtlar bestseller əsərlərin tərcüməsinə bir qədər cəhd göstərildiyini deyir: "Xalid Hüseyninin əsərlərinin tərcüməsinə başlayıblar. Bu da ən yaxşı halda bir-neçə ildən sonra baş verə bilər. Halbuki bestseller dünyada dərc olunduğu vaxtdan dərhal sonra hansısa bir dilə çevrilir və həmin xalqın oxucularına çatdırılır”. Tənqidçi problemin səbəbini nə tərcümə mərkəzlərində, nə də tərcüməçilərdə görür: "Sovet İttifaqı dağılandan sonra bizdə tərcümə işi önəmli dərəcədə zəifləyib. Yeni tipli tərcüməçilər və tərcümə metodları lazımdır. Bütün bunları yaratmaq təbii ki, vaxt tələb edir. Ancaq artıq dünya ilə ayaqlaşmaq vaxtı yetişib. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılıb. Bu qurumun rəhbərliyi və əməkdaşları tərcümə işinin yüksəlməsinə cəhdlər göstərirlər. Bu sahədə xeyli irəliləyiş hiss olunur. Ümid edirəm ki, yaxın illərdə tərcümə ilə bağlı problemlər də aradan qaldırılacaq. Çünki tərcümə bu günün ən vacib sahəsidir. Biz qlobal dünyada yaşayırıq. Ya dünya dillərini bilib əsərləri orijinaldan oxumalıyıq, ya da dünya dilini bilən insanlar vasitəsilə dünya ədəbiyyatı ilə tanış olmalıyıq". 
 
 Təranə Məhərrəmova