Biz imzaları yox, əsərləri dərc edirik...

Baxış bucağı - Zəminə Ziyayeva yazır
745
11 Yanvar 2021, 18:27
 Artkaspi.az saytı Zəminə Ziyayevanın "Baxış bucağı" adlı yazısını təqdim edir:

 Bir çox nəzəriyyəçilər mədəniyyətin yaranmasında fərd və cəmiyyət amilinin təsiredici faktoruna toxunmuşlar. İzah ediblər ki, mədəniyyət çox  geniş anlayışdır, onun inkişaf edə bilməsi üçün sadəcə bir deyil, bir neçə amil birlikdə iştirak edir. Bura həm çoğrafi şərait daxildir, həm fərd amili, həm də cəmiyyət amili. Bu amillərin biri, digərini hərəkətə gətirir. Beləliklə, dünya üzərində təsiredici gücə malik böyük mədəniyyətlər formalaşır. Fərdin özünütəsdiqindən – özünütətminindən ortaya çıxan "məhsul” məhz cəmiyyətin ümumi məhsuluna  çevrilə  bilərsə – cəmiyyətin orqanizminə daxil olub yayılarsa, həyati əhəmiyyət qazana bilər. Əks təqdirdə, unudulmağa və ya ölümə məhkumdur. Heç uzağa getmədən yaxın zaman kəsiyindən bir nümünə verək. Vətən müharibəsinin başladığı günlərdə dillərdə dolaşan "Lalələr” mahnısı. Bir əsrə qədər zaman keçmişdir, amma xalqın ruhuna hopduğu üçün ölümsüzlüyə qovuşmuşdur.Beləcə, xalq özü qabığına yad olan "məhsul”ların hüceyrəsinə, varlığına daxil olmasına mane olur. Yad cisim təmas edir və təsirsiz qalır. Bir müddət sonra isə yaddaşlardan silinib gedir. Silinib getməyənlər isə mədəniyyətimizin ünsürünə çevrilir, xalqı təmsil edən atributlara dönür, yüzilliklər boyu yaşamağa haqq qazanır. Bunlar isə xalqın dəyərlər sistemini yaradır. 
 
 

 Dəyərlər sistemi cəmiyyət tərəfindən tarazlanır. Cəmiyyət seçicidir. Süzgəcindən keçirir. Orqanizminə lazım olanları qəbul edir, olmayanları özündən kənarlaşdırır. Cəmiyyət eyni zamanda tənzimləyicidir. Özünə görə qanun və qaydaları vardır.  Bu məsələ müasir dövrdə mentalitet düşüncəsi ilə ifadə edilir.Mentalitet uyğunluğu milli məzmun və dəyərə görə markalaşdırır bir növ. Bu həqiqəti danmaq mümkün deyil. Çağdaş, modern, qlobal və s. kimi moderinliyi ehtiva edən sözlər həyatımızın bir parçasına çevrilsə də,dəyərlər sistemi nöqteyi-nəzərindən kənarda qalır. Məsələn, bu elə bir şeydir ki, Bakıdan Tiflisə gedəndə ayağımızı qoyduyğumuz ilk gürcü kəndində milli atmosferin, gürcü millətinə xas dəyərlərin fərqinə varırıq və yaxud Tehran şəhərinə qədəm basanda hiss edirik bunu. Eləcə də digər ölkələrə səyahət zamanı... Son bir əsrin ən mötəbər mövzularından biridir modernlik. Ancaq Avropa belə, xalqların milliliklərini ortadan qaldıra bilməyib. Tam tərsi, daha çox kökə bağlılıq ortaya çıxıb. Mədəniyyəti əmələ gətirən dəyərlər sisteminə bağlılıq, dil və din vəhdəti. Məgər Qərbin "ədalət sistemi” bunun ətrafında birləşməyibmi? Bu baxımdan istənilən halda dəyərlər sistemini ortadan qaldırmaq mümkün deyil. Bu xalqın ruhudur, düşüncə şəklidir, həyatı qavrama  tərzidir, nizamıdır və təbii ki, varlıq səbəbidir.
Müharibədən sonra, xüsusən, 2021-ci ilin ilk həftəsində yaşadığımız müəyyən hadisələr cəmiyyət olaraq xalqın dəyərlərini təmsil edən və ya edildiyi düşünülən bəzi məsələləri yenidən nəzərdən keçirmək ehtiyacını ortaya çıxartdı. Burda əsas faktor şəxsiyyətlə əlaqəli deyil. Məncə,rezonans doğuran məqam ona verilən kaloritli adla əlaqəlidir. Baş verən hadisə bir deyil, bir çox insanı narahat edirsə,  bu məsələnin əhəmiyyətini göstərir. Dilimizdə bu halı ifadə edəcək bir çox sözlər və ifadələr vardır. Məsələn, "mənliyimə toxundu” ifadəsi. Mənəviyyata, dəyərlərə təhqir qarşısında bir çox insanların – cəmiyyətin hayqırışını ifadə edir bu ifadə. Fərdin qınaq obyektinə çevrilməsinə səbəb isə cəmiyyətin o ada verdiyi dəyərdir. Cəmiyyət fərdin bu vəzifəni yerinə yetirə bilmədiyini və o titula layiq olmadığını düşünür.
 Cəmiyyətdə dəyərləri tənzimləyən müəyyən instansiyalar mövcuddur. Cinayətlərdə, etik çərçivəyə sığmayan hadisələrdə şəxsin indeksi mütləq diqqət mərkəzindədir. Cəmiyyətin ali maraqları vardır. Ona görə də bu maraqlara əks dəyərləri, anlayışları və əməlləri qəbul etmir. Polis cinayət edə bilməz, müəllim rüşvət ala bilməz, həkim andı poza bilməz. Niyə bir polisin qətl törətməsini cəmiyyət qəbul etmir və yaxud bir müəllimin təcavüzü və ya təcavüzkar davranışı cəmiyyətin qınaq obyekti, qəbul edilməz prinsipidir? Əlbəttə ki, sualın cavabı çox bəsitdir. Vəzifə alidir. İnsani dəyərləri isə ondan alidir. 
 Vətən müharibəsi cəmiyyətdə daha böyük oyanış və birliyə səbəb oldu. İtikilərimiz və həmrəyliyimiz gələcək minilliklərə elitar bir mədəniyyəti miras qoydu. Güclü əsgər, ordu məfhumu bu  müharibə ilə yenə xalqın ruhunda öz ehtişamlı taxtını qurdu, cəmiyyətinin həssas kodlarına daxil oldu. Söz olmaqdan çıxıb dəyər ifadə edən bu məfhumlar sahib olduğu yerə geri döndülər, yenidən layiq olduqları dəyər səviyyəsinə yüksəldilər. Türkün ordu-millət anlayışıyla birləşdilər. Bu məfhum xalq üçün rəmzi bir məna daşısa da, reallıqda ordu hüquqi dövlətin varlığıdır. Dövlət ordunun varlığına bağlıdır. Onu təmsil edən ən güclü arqumentdir.Müharibə dövründə əsgərinə qayğı göstərən xalq postmüharibə dövründə də əsgərinə qucaq açdı.Hamı səfərbərdir bu yolda.
 Mədəniyyət xadimləri, mədəniyyət mənsubları xalqın arzularına işıq tutan, ruhuna qida olan şəxslərdir. Bu baxımdan Azərbaycan mədəniyyəti kifayət qədər zəngindir. Ancaq bütün dünyada olduğu kimi,indi müsiqi sahəsi də digər sənət sahələri kimi böhran içindədir. Bəlkə də forma dəyişdirib. 50-100 il sonra bu dövrün korifeyləri kimlər olacaq? Həyat tərzi, dünyaya baxışı, elitarlığı ilə örnək şəxslər kimlərdir?Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Niyazinin, Vaqif Mustafazadənin təmsil etdiyi sahələr artıq dahilər yetişdirmir. Dövrlər arasında müqayisə aparmaq məntiqlidir. Elitar sənət və yaxud elə sənət elitar olmalıdır. Onun fərqləndirici xüsusiyyəti məhz bunlardır:tamlıq, gözəllik, ecazkarlıq, mürəkkəblik. Sənəti məhz bu kimi anlayışlarla tərif etmək mümkündür. Günümüzdə bu kriteriyalara cavab verən əsərlər, səslər varmı? Bu tənqidçilərin işidir. Ancaq aydın bir məsələ var ki, sənət adamı örnək şəxsdir. Son dövrlərdə müəyyən adlarla fərqləndirmələr edilib: "Xalq artisti”, "Əməkdar İncəsənət xadimi”. Bu ad sənətçinin sənətinin aliliyi deməkdir. Həm sənətinə verilən dəyərdir, mükafatdır, həm də xalqın gözündə yüksəldiyi yerdir, məqamdır. Sənətçi ona verilən adla həm də öhdəlik götürür. Xalqın sənətçisi olmaq Xalqın dəyərlərinə sahib çıxmaqdır.   
 Dövrü əlamətdar edən hadisələrdir. Həssas bir dövr yaşayırıq. Tarixin elə bir məngənəsindən keçirik ki, hamının öhdəliyi var. Hamı ağır bir yükün altındadır. Cəmiyyət olaraq yükü paylaşsaq, ağırlığın bərabər bölünəcəyinə inanıram. Vətən təəssübkeşliyi, milli dəyərlərə hörmət vəzifəsindən asılı olmayaraq, hər bir vətən övladının borcudur.Coğrafi şəraitimiz də daima ayıq-sayıq olmağımızı tələb edir. Əsgər sərhəddə yatsa, nə olar? İndi hamımız əsgərik öz sahəmizdə və cəbhəmizdə. Fəhlə, alim, tələbə, həkim, müəllim, məmur və bütöv millət olaraq... Milli maraqlarımızı, dəyərlərimizi qorumaq üçün də əsgər sayıqlığı lazımdır! Bu, zərurətdir.

 
 
 

Xəbər lenti