Biz imzaları yox, əsərləri dərc edirik...

Başına daş salmaq – Biz niyə belə deyirik?
1442
23 Fevral 2018, 11:32
  artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri,"qanadlı sözləri" anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik" kitabından bəzi parçaları təqdim edir:
 
 
 

  Başına daş salmaq

  Başqa sözlə: məhv etmək, çıxarmaq, xərcləyib qurtarmaq.
  İfadənin həqiqi mənası dini bir rəvayətlə əlaqədardır. Rəvayətə görə, 570-ci ildə – Məhəmməd peyğəmbər anadan olan ili xristian həbəşləri məşhur fil yolu ilə Kəbəni dağıtmağa gedirdilər. Çünki onlar ziyarət (həcc)  yeri olaraq Səna şəhərində kilsə tikdirmişdilər və Kəbənin artıq hesab edirdilər. Həbəşlərin qoşununda çoxlu fil var idi və getdikləri yol da fil yolu hesab olunurdu.
  Allahın əmiri ilə əfsanəvi əbabil quşları cənnətdə olan mərciməkdən kiçik, xırda daşları dimdiklərinə alıb Kəbə üzərinə yürüş edən həbəş qoşununun üstünə uçur, hər filin başına daş salırdılar. Fillərinin başına daş salınmış həbəşlər Kəbədən əl çəkməli olurlar. Tarixdə buna görə də həmin il "fil ili” adı ilə məşhurdur. 
  Məhəmmədə quranda bu yürüş haqqında belə demişdilər: "Görmədinmi , Allah filləri gətirənləri neylədi?! Onların üzərinə əbabil quşları göndərdi”.