Biz imzaları yox, əsərləri dərc edirik...

Bağışla – Emil Rasimoğlunun şeiri
200
05 Mart 2021, 14:34
 Artkaspi.az saytı Emil Rasimoğlunun  şeirini təqdim edir:
 
Yalqız yaşadığım evin
qapısını tapıram şəkillərin arasından
və döyürəm;
söykəndiyim bütün ağaclar gizlənir it səsindən,
qağayı dimdiyindəki kibrit qutusundan...
Bir rəssamsa 
filmə çəkilməmiş
ömür axtarmağa başlayır körpələr evində.
 
Beləcə...
Heç təqvimdə iməkləyən
pilləkənlər də böyümədi, dostum...
Düşüb arxamca qaçır üzümü tanıyan ayağı palçıqlı qırışlar
...və qışqırır:
Bağışla,
bağışla,
tor qurub işıq dirəklərinə Tanrı...
 
 
 

Görürsənmi...
bizi bu dayanacaqda akvariumlar da tərgitdi,
yarpaqları itkin düşmüş yürüklər də.
Göz yaşlarına söykənmə,
barmaqlarımdan gizlədirəm skripkamın yaşını,
skamyaların dəfn yerini...
 
...və unutma,
unutma ki,
qapılar hər iki tərəfdən qıfıllana bilirsə,
demək, sən uşaqlıqda oynadığın topun
çiçəklədiyi günə qədər azadsan.
 
Get,
get bir ocaq qala tərk edilmiş notların otağında...
Daha sevgi qovuşmaq üçün yox,
bir-birini unutmamaq üçündür...
Günəşi qar,
qarı su,
suyu od unutduğu kimi...
 
...Bilirəm, bu saat
sən dən səpirsən göy üzünə, qollarına xatir
Mənsə
hələ də
gözümü çəkmirəm cüt rəqəmlərin yuvasından...
...və birdən
qonşu evdə yaşayan qocanın
öz qarısına dediyi sözü eşidirəm:
Bağışla,
heç sən də,
heç sən də qalmamısan yadımda!