Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan və Rusiya kitabxanalarının birgə layihəsi - “Hamının qələbəsi”
522
11 Avqust 2020, 15:26
 Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Rusiyanın Amur Vilayətinin Blaqoveşensk şəhər Kitabxanası ilə birgə növbəti beynəlxalq layihə - "Hamının qələbəsi” layihəsinə imza atıb.
 MKS-dən AZƏRTAC-a bildirilib ki, layihə, İkinci Dünya müharibəsi dövründə Sovet-Yapon müharibəsi zamanı və Yaponiyanın Kvantun ordusunun məğlubiyyəti ilə başa çatan Mancuriya strateji hücum əməliyyatının 75 illiyinə həsr olunub.

 Məlum olduğu kimi, faşizmin məğlubiyyətindən sonra SSRİ 1945-ci il avqustun 9-da Yaponiya ilə müharibəyə başlayıb. Nəticədə Çinin şimal-şərqi, Şimali Koreya, Cənubi Saxalin, Kuril adaları Sovet Ordusu tərəfindən azad edilib.
 Yaponiyanın məğlub olması ilə İkinci Dünya müharibəsi sona çatıb. Ordunun tərkibində Azərbaycanın oğul və qızları da qəhrəmanlıq göstəriblər.
 Mancuriya strateji əməliyyatının 75 illiyinə həsr olunmuş interaktiv plakatın titul vərəqində iki interaktiv nöqtə yerləşdirilib. Onlardan biri izləyicini Yasamal rayon MKS-nin, ikincisi isə Blaqoveşensk şəhər kitabxanasının saytları ilə tanış edir. Burada hər iki kitabxananın fəaliyyətinin müxtəlif sahələri barədə ətraflı məlumat əldə etmək olar.
 İkinci səhifədəki xəritənin üzərində altı sarı interaktiv nöqtə yerləşdirilib. Həmin nöqtələrdə həmvətənlərimizin Mancuriya əməliyyatında iştirakı əks olunub.
Plakatdakı bir sıra məlumatlar Rusiyanın Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin materiallarından götürülüb.
İnteraktiv plakatda köməkçı nöqtələr də mövcuddur.