Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan və qırğız nəsrində yuxugörmə motivi – Aytac Abbasova yazır
1725
21 May 2020, 10:16
 Artkaspi.az saytı filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovanın "Azərbaycan və qırğız nəsrində yuxugörmə motivi” adlı yazısını təqdim edir:
 
 Tarixən Azərbaycan və qırğız xalqları arasında sıx tarixi-mədəni və sosial-siyasi əlaqələr mövcud olmuşdur. Ortaq ədəbi-mədəni, etnoqrafik, bədii-estetik, mifik və folklorik xüsusiyyətlər və digər humanist dəyərlər bu iki xalqı həmişə birləşdirmiş, türk dünyası içərisində özünəməxsus mövqe qazandırmışdır.
Azərbaycan və qırğız xalqları digər türkdilli xalqlar kimi ortaq mədəniyyətə malikdirlər. Azərbaycan-qırğız ədəbi əlaqələrinin ortaq xüsusiyyətlərini yazılı ədəbiyyatdan daha öncə şifahi xalq ədəbiyyatı özündə əks etdirir. Bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyətə malik olub minillik tarixi-mədəni hadisələri özündə qoruyub-saxlayan "Kitabi-Dədə Qorqud” və "Manas” dastanları hər iki xalqın müdrikliyinin, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. Hər iki dastan türk xalqının daim vətənpərvər olduğunu, ədalət və azadlıqsevər olduğunu bütün dünyaya nümayiş etdirir. 
 Çağdaş dövrümüzdə Azərbaycan-qırğız ədəbi əlaqələrinin möhkəmlənməsində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun xidmətləri böyükdür. N.Tağısoy qeyd edir ki, "Çingiz Aytmatov xoşbəxt sənətkarlardandır. Çünki yazdığı hər bir əsər sanki bütün xalqlardan və millətlərdən olanların həyatını, dünyagörüşünü, fəlsəfəsini, duyumunu, ona münasibətini əks etdirir, onları maraqlandırır”.
 1980-2000-ci illər Azərbaycan nəsri ilə Qırğız nəsrinin görkəmli nümayəndələrinin yazdığı əsərlər arasında ortaq cəhətlər mövcuddur. Bu cəhətləri meydana çıxaran ciddi səbəblər vardır. Hər iki xalqın sənətkarları eyni quruluşda – sovet dövründə yaşamış və yazıb-yaratmış, həm qırğız, həm Azərbaycan xalqı repressiya ilə cəzalandırılmış, daha sonra müharibənin ağır sınağı ilə üz-üzə qalmışdır. Hər iki xalqın yazıçıları etnik kökəncə türkdür və bu amil onların yaradıcılığına ciddi təsir edən faktdır. 
 
 

 
 Hər iki xalqın ədəbi əlaqələrinin inkişafında keçirilən beynəlxalq elmi konfransların, bağlanılan müqavilələrin mühüm əhəmiyyəti vardır. Azərbaycanda bir çox elm adamları tərəfindən qırğız dilinin və ədəbiyyatının araşdırılmasında, ortaq xüsusiyyətlərinin ortaya çıxarılmasında təqdirəlayiq işlər görülmüşdür. Belə ki, Adil Cəmilin "Manas eposu və türk dastançılıq ənənəsi” araşdırması, N.Tağısoyun türk xalqları ilə bağlı məqalələri, eyni zamanda "Etnos və epos: keçmişdən bugünə” kitabı, Abdiyev Taalaybekin "Türkiye Türkçesi ile Kırgız Türkçesindeki bazı unutulmuş ortak sözler” adlı məqaləsi, E.Quliyevin "Türk xalqları ədəbiyyatı” kitabı, həmçinin türk xalqları ədəbi-mədəni əlaqələri istiqamətində araşdırmaları böyük elmi əhəmiyyətə malikdir. 
 Azərbaycan-qırğız şifahi və yazılı ədəbiyyatında olan yaxınlıq ortaq mifik təfəkkür və düşüncə ilə bağlı olan bir ədəbi hadisədir. Həm folklorda olan motivlər, obrazlar, süjetlər, həm də əsərlərdə baş verən hadisələrin mövzu və zamanı hər iki xalqın vahid təfəkkürü, düşüncəsi, inancı, adət-ənənəsi, eyni siyasi quruluş və tarixi hadisələrin cərəyan etməsi baxımından bir-birinə yaxındır. Yazılı ədəbiyyatda çağdaş dövrü əhatə edən zaman kəsiyində bir neçə müəlliflərin adlarını qeyd edə bilərik ki, həmin müəlliflərin əsərləri demək olar ki, Azərbaycan yazıçılarının əsərləri ilə mövzu, mifik obraz, motiv və folklorizmin işlənməsinə görə oxşarlıq təşkil edir. Yusif Səmədoğlunun yaradıcılığında "Qətl günü” romanı ilə Ç.Aytmatovun "Gün var əsrə bərabər” və "Çingiz xanın ağ buludu” əsərləri mövzu, ideya və motiv, obraz baxımından bir-birinə yaxındır. Hər iki müəllif tarixin qədim qatlarından gələn mifə müraciət etməklə əsərin əsasən gizli qatlarını öz oxucularına göstərir. Zamanın, cəmiyyətin hadisələrini, pozulan nizam-intizamın səbəbini, keçmişini və gələcəyini ifadə edir. Bu mənada bədii əsərin yaranmasında kollektiv təhtəlşüurun struktur vahidi kimi yuxugörmə motivi diqqəti cəlb edir. 
 İbtidai təfəkkürün təzahürü olan yuxugörmə və yuxuların yozulması bütün dövrlərdə insanların düşüncəsində mühüm yer tutmuş və bu gün də bu davam edir. Qədim inanclar bir-birinə yaxın xalqların təfəkküründə vahid element kimi eyni funksiya və motivdə yaşayaraq günümüzə qədər öz aktuallığını qorumuşdur. Xüsusilə də türk xalqlarına məxsus insanların inanc və mifoloji təfəkküründə yuxu ortaq bir motiv kimi həm şifahi, həm də yazılı ədəbiyyatda işlənməkdədir.
 Yuxu zamanı insanın zehnində canlanan düşüncələr türk xalqlarında bir-birinə yaxın sözlərlə adlanır. "Divani lüğəti-it türk” əsərində "tüş”, "Kitabi-Dədə Qordud” dastanında "düş”, Başqırd və Tatar türkcəsində "töş”, Kırğız və Özbək türkçəsində "tüş”, Kazax türkcəsində "tus”, Türkmən türkcəsində "düyş”, uyğur türkcəsində "çuş”, Türkiyə türkcəsində "rüya”, Azərbaycan türkcəsində isə "yuxu” kimi işlənməkdədir. 
 Yüz illərdir ortaya çıxan yuxu motivləri ilk olaraq şifahi xalq ədəbiyyatında öz aktuallığı və daimi yaşaması ilə diqqət çəkib. "Kitabi-Dədə Qorqud”da "Salur Qazanın evinin yağmalanması” və "Qazlıq qoca oğlu Yeynək” boylarında qəhrəmanlar başlarına gələcək hadisələri yuxuda görürlər. Məhəbbət dastanlarında (yuxuda butavermə), nağıllarda, hekayələrdə və xalq inanclarında yuxu motivi həmişə vacib bir ünsur kimi işlənmişdir.
Ortaq mifoloji kökənlərlə bağlı olan yuxular ortaq motivlərin də yaranmasına gətirib çıxarır. Bu baxımdan Azərbaycan və qırğız, o cümlədən türk xalqlarının bir çoxunda dastan söyləyən aşıqlara öz sənətlərinin yuxuda verilməsi, ilahi bir qüvvənin onu seçməsi və dastançılığa bu cür başlaması ilə bağlı çox sayda yazılı hekayə və məlumatlar vardır. Manas dastanında göstərilir ki, Manasaçıya dastan söyləmək yuxuda verilir və bu onun üçün müqəddəs bir vəzifə hesab olunur. Bunun üçün ona sənətin bəzi sirləri də öyrədilir. 
 "Manasçılar ümumilikdə yuxularında qırx igiddən birini görürlər.  Bir manasçı birdən çox yuxu görə bildiyi kimi, heç yuxu görməyən manasçılara da rast gəlinir. Mansçıların gördüyü yuxuların sayı neçə olursa olsun yuxuları bir-birinə bənzəyir, hətta bəzilər eyni olur. Manasçı Döölötbek Sıdıkov yuxusunda Sayakbay Karalayevi görür. Onun köməyi ilə "Manas”  və qırx igidi tanıyır. Üç yaşında "Manas”ı əzbərdən bilir, amma on yaşında Ümöt Döölötbekov artıq hər kəs qarşısında "Manas”ı söyləyir. "Manas”ın ona yuxuda öyrədildiyini deyir, ancaq on yaşına çatanda onu söyləməyə icazə verildiyini bildirir”. Beləliklə, həmin adama yuxuda "buta” verilmiş hesab olunur”. Bu inancın əsas kökü isə "Şaman/Qam” mifologiyasından gəlir. Belə ki, şaman olmağa hazırlaşan biri yuxuda ölmüş bir şamanı görür və gördüyü şəxs ona şaman olmasını söylər. Azərbaycan və Qırğız dastanlarında da yuxuda aşıqlıq verilir və həmin şəxs ustad bir aşığa/manasçıya çevrilir. 
 Azərbaycan və Qırğız mifologiyasında yuxugörmələr mühüm bir yer tutur və bu motivlərin yozulması ortaq simvollara malikdir. Yuxuların özünəməxsus gizli və kodlaşdırılmış bir dili vardır. Bədii əsərlərdə də bu ortaq qədim köklərə gedib dayanan yuxular insanları bir zamandan digər bir zamana aparır. 
 D.Zeynalova yazır ki, bədii ədəbiyyatda yuxugörmə aşağıdakı funksiyaları yerinə yetirir: 
 "Yuxugörmə həmişə qəhrəman haqqında bilavasitə anlaya biləcəyimizdən daha çox məlumat verir; obrazın psixologiyasını, onun "mən”inin gizli məqamlarını açmağa kömək edir”; 
 "Yuxugörmə yalnız qəhrəmanın deyil, həm də cəmiyyətin (hətta dünyanın) gələcəyindən xəbər verir; həm qəhrəmanın, həm də dünyanın gələcəyini proqnozlaşdırır”; 
 "Yuxugörmə oxucunu yalnız qəhrəmanın deyil, həm də yazıçının özünün şüuraltına, yaxud şüursuzluq sferasına yaxınlaşdırır”. 
 Məlum olur ki, ayrı-ayrı dövrlərdə yazıçılar yuxugörmədən öz yaradıcılıqlarında müxtəlif məqsədlər görə istifadə etmişlər. Bədii əsərlərə daxil edilən yuxugörmələr geniş və rəngarəngdir. Onlardan bəziləri ədəbi qəhrəmanın subyektiv duyğularını daha dərindən anlamağa kömək edir, bəzən də yuxular bədii mətni daha maraqlı və oxunaqlı etmək üçün istifadə olunur. Bütün hallarda bədii əsərdəki yuxugörmələr yazıçının yaradıcı fantaziyası və real həyatla əlaqəsinin parlaq təzahürüdür. Yuxugörmə bədii vasitə kimi yazıçıya imkan vermişdir ki, öz gizli fikir və hisslərini ifadə edə bilsinlər. Yuxugörmə, gələcək barədə informasiya almaq və proqnozlaşdırmaq üsuludur.
 1980-2000-ci illərdə yazılmış Azərbaycan və qırğız nəsrində yuxu motivi bənzər üsul və funksiyalarda işlənmişdir. Yuxu motivindən qırğız yazıçıları daha çox tarixi romanlarda tez-tez istifadə ediblər. Qırğızıstan tarixi bioqrafik romanlarında bu motiv tarixi şəxsiyyətlərin gələcəyi ilə bağlı işlərdə, hətta rəsmi mənbələrdə də istifadə edilmişdir.
 Ç.Aytmantovun "Gün var əsrə bərabər” (1980) adlı romanında Ukubalanın görmüş olduğu yuxu psixoloji olaraq insanların davranış xüsusiyyətlərini göstərə bilir. Hamilə olan Ukubala altun məkrə balığını yuxuda görür. "Guya, balıq onun dövrəsində üzürmüş, Ukubala da onu tutmaq istəyirmiş. İstəyirmiş ki, balığı tutub təzədən suya buraxsın, nəsə onu əlinə almaq, onun gövdəsinin ağırlığını duyandan sonra buraxmaq... Ukubala o balığı tutub o qədər saxlamaq istəyirmiş ki, hətta yuxuda onun ardınca qaçırmış. Balıq isə quyruq ələ verməmiş, Ukubala yuxudan oyanıb bir xeyli sakitləşə bilməmişdir”. Ukubanın yoldaşı Yedigey bu yuxunu hamilə bir qadının yerikləməsi kimi yox, "tanrının istəyi” kimi qəbul edir və bunun üçün də altun məkrə balığını tutub Ukubalanı arzusuna çatdırır.
 Ç.Aytmatovun "Qiyamət” (1986) romanında balaları insanlar tərəfindən öldürülən və yuxusunda balalarını görən qurd Akbarın yuxusu psixoloji vəziyyət içərisində görülən bir yuxudur. 
 K.Usanbayevin "Ormon Xan” (1999) adlı romanında atası Kalgul Bay oğlu Ormanın xan seçilməsindən əvvəl bir yuxu görür. Yuxuda oğlu Ormon əlində tüfənglə bir təpədə oturur. Bu yuxunu Kalgul Bay "Oğlun böyüyəndə bir xan olacaq, ancaq xanlığı uzun sürməyəcək” şəklində yozar. Ormon Xanla əlaqəli başqa bir yuxu, Qazax xalqının qəhrəmanı Narenin qızı Uulbalanın yuxusudur. "Uulbala yuxusunda ayı qucaqlayıb Orman xana ərə gedəcəm deyib və bu niyyət ilə yola çıxar. Yolda Alıbek adlı bir şəxslə tanış olur və Alıbek onu Ormon Xana gətirir”. Beləliklə, Uulbala Orman xanla evlənir. Yuxu onun gələcək qismətini göstərir və Uulbala arzusuna çatır. 
K.Osmonaliyevin "Köçmöndör Kagılışı” adlı romanda da yuxugörmə motivi ilə rastlaşırıq. Qazaxıstan xanı Kenesarinin qırğızlara səfərindən əvvəl qardaşı Bopukanın yuxusu maraqlıdır. Hər iki xalq Qırğızıstan-Qazax müharibəsinin olmasını istəməmələrinə baxmayaraq, şərait buna səbəb olur. Romanda isə yuxu müharibədə baş verən hadisələrlə bağlıdır. Bu məlumat yuxu şəkildə xalqın yaddaşında qalır, müəllif bunu Bopukanın yuxusu kimi oxuculara göstərir. 
 Tölögön Kasımbekovun məşhur "Sıngan Kılıç” romanındakı Nüzüb obrazının yuxuları da maraqlıdır. Nüzüb yuxu görür və falçıları çağırır ki, gördüyü yuxu barədə düşünsünlər. "Mən böyük bir dağın başında gəzirdim. Bir dağdan başqa bir dağa keçirdim. Əlimi bir dağdan digərinə uzadırdım. Bu nə deməkdir? Daha çox şey görə bilmədim, sadəcə oyandım”, – deyir. Falçılar isə onun yuxusunu "sənin vəzifən, nüfuzun artacaq”, – deyə yozurlar. Nüzüb "Gücüm çox artacaq, mən bir xan olacağam, xan”, – deyə inanır. Bu yuxudan sonra Nüzüb yerində dayana bilmir və böyük bir hədəfə doğru gedir. Qırğızların Hokanda səfərinin vaxtı gəldiyini düşünür. Yuxudan aldığı güc təsirilə Nüzüb xalqının gələcək taleyinə də təsir edir.
Göründüyü kimi, Qırğız nəsrində yuxu motivi qəhrəmanın gələcək taleyi, ömrü, ölümü, düşüncələri və həqiqətən aparan yolunu bədii vasitələrlə ifadə edir. Bəzi əsərlərdə yuxu təkcə bir qəhrəmanla bağlı olmayıb bütövlükdə xalqın, insanların gələcək talelərini də həll etməyə qadir olur. 
Azərbaycan ədəbiyyatında isə İsmayıl Şıxlının "Ölən dünyam” (1995), Yusif Səmədoğlunun "Qətl günü” (1987), Mövlud Süleymanlının "Köç” (1980) və s. romanlarında bədii obrazın psixoloji vəziyyətinin açılmasında yuxu motivindən məharətlə istifadə edilmişdir.
 İsmayıl Şıxlının "Ölən dünyam” romanında dünyagörmüş "Ömər koxanın yuxusu yalnız bədii detal deyil, həm də müstəsna mühitdir, çünki aşkarda baş verən hadisələrə münasibətdə tamamlayıcı keyfiyyət daşıyır”. 
Qeyd etmək lazımdır ki, yuxugörmə təkcə qəhrəmanın gələcək taleyini müəyyənləşdirməyə, yaxud da psixoloji xarakterini aydınlaşmasına xidmət etmir, həm də bütövlükdə tarixin gedişatını proqnozlaşdırır. Bu zaman yuxu açıq-aydın siyasi çalar kəsb edir. "Ölən Dünyam” romanında əsas qəhrəmanlarından olan Ömər koxanın gördüyü yuxu yalnız onun özünün deyil, cəmiyyətin də taleyində həlledici rol oynayır: "Bilirəm. Yuxumu görmüşəm. Mən bir azdan şər qarışanda haqq dünyasına qarışacam. Sənə iki vəsiyyətim var. Biri odur ki, mən öləndən sonra çalış araya qan düşməsin. Onsuz da dünya qana çalxalanır. Belə getsə, deyəsən, adamları bir-birinin üstünə qaldırıb üz-göz edəcəklər. Araya qırğın salacaqlar...” Qocanın gördüyü yuxudan çıxış edərək, belə bir vəsiyyət etməsi onun qarşıdan gələn hadisələrdən uzaqgörən bir müdrik kimi narahat olmasının əlamətidir. 
 Yusif Səmədoğlunun "Qətl günü” (1987) romanında yuxu motivini daha qabarıq şəkildə görə bilərik. Yuxugörmələr "Qətl günü” əsərinin süjet xəttinin qurulmasında mühüm rol oynayır. Əsərdə qəhrəmanların gördüyü yuxuda təsvir olunanları gerçəkdə baş verən hadisələrdən ayırmaq çətindir. "Bu yuxugörmədən bədii vasitə kimi istifadə edən yazıçı həm də daxili mənəvi harmoniyaya, həqiqətə aparan yolları göstərir. Əsərdə insanların yuxu işığının olmasından bəhs olunur, gələn insan bunun həqiqətən olub-olmamasını anlaya bilmir” (Günel Əhmədova).
 Ümumiyyətlə, bir çox hallarda yazıçılar öz bədii məqsədlərinə nail olmaqdan ötrü yuxugörmədən bir vasitə kimi istifadə edirlər. Belə ki, bədii ədəbiyyatda yuxugörmə həm də qəhrəmanın psixoloji xarakterinin açılmasında həm yazıçıya, həm də oxucuya kömək edir. Yuxugörmədə şüurun qeyri-real aləmlə əlaqəsi güclənir, əsrarəngiz sirlər içərisində olan qəhrəmanı anlamaqdan ötrü mövcud şərtilikdən kənara çıxmaq tələb olunur. 
 "Qətl günü” romanında canavarın yuxusunda ağacın yarpaqlarının saralıb töküldüyünü görməsi dünyanın düzəninin pozulmasına işarə edir. Yəni Salahovun və digər bəd niyyətli insanların törətdiyi hadisələr dünyanın ahəngini pozmuşdur. Buna görə də canavar belə insanlardan uzaqlaşıb tək-tənha qalmışdır. Digər bir hissəsində "canavar yuxuda iri sarı yarpaqlar görür və bu yarpaqların arasından onun gözlərinə bəyaz saçlara bənzər təmiz və ilıq gün işığı düşür, yuxuda olan qoca canavarın ürəyi həsrətlə çırpınırdı”. Bu insanların pis əməlləri ilə qaranlığa boğduğu bir dünyada işığa həsrət qalan canavarın ümid işığı idi. Nə vaxtsa hər şeyin yaxşıya doğru düzələcəyinə bir ümid idi. 
 Romanda yuxu motivi daha maraqlı bir məqamda  yuxunun insanlara xəbərdarlıq etməsi idi. Əsərdə "Kirlikir xəstənin yuxusuna girib ona xəbərdarlıq edir. Xəstəyə həqiqətləri söyləyir. Səməndərovun insanları zəhərləyib pul qazandığını, pis əmələri ilə insanları məhv etdiyini bildirir. Yuxuya qədər hər kəs tərəfindən sakit və hörmətli adam kimi tanınan Səməndərov haqqında bundan sonra bütün həqiqətlər ortaya çıxır”.  Yuxu insanları əməllərindən çəkindirmək, keçmişi onlara xatırlatmaq, yaddaşda olanları gələcək hadisələrlə əlaqələndirmək kimi funksiyaları da yerinə yetirir. 
 Mövlud Süleymanlının "Köç” (1980) romanında yuxu motivi ilə elə ilk səhifədə 6 yaşlı balaca bir uşağın – İmirin yuxusu və bu yuxunun adi bir yuxu olmadığı ilə rastlaşırıq. "İmir bir il idi yuxusunda burulğana düşürdü. Göydü, sudu, qurudu, haraydısa, bir quyunun ağzıydı, min cür boya bir-birinə qarışa-qarışa İmir də içində yumurlanıb-yumurlanıb dörd oynayırdı. Əlləri, ayaqları, üzü-gözü əyilənə kimi fırlanırdı”. İmir yuxusunda gələcəkdə olacaqları proqnozlaşdırır. Özünü yuxu və real həyatın qarışdığı bir mühitdə görürdü. Gördüyü yuxular təkcə İmirin deyil, digər insanların da taleyinə təsir edirdi. Həmçinin yuxunu görən və ona inanan da təkcə İmir deyildi, əsər boyunca Qanıq və Qoşqar nəslinin bütün insanlarının yuxu gördüyünü və həmin yuxuya inandığına şahid ola bilirik. "Hamı yuxudan oyanmışdı. Günü yaşamağa başlamışdılar. Yuxusunda qismət görən qalxıb bazarlığına gedirdi, su görən təzə iş başlayırdı; hanaçı hana qururdu, əkinçi əkinə çıxırdı, səpinçi səpinə. Yol görən gedənini gözləyirdi, qan görən qovuşuq gözləyirdi. İlan görən evdən çıxmırdı ki, Qanıq evinin qəzəbinə keçəcək”. Əsərdə verilən bu parçada müəllif yuxunun şifahi xalq ədəbiyyatında mövcud olan inancdan da istifadə etmişdir. Bildiyimiz kimi, Azərbaycan, eləcə də Qırğız folklorunda yuxularla bağlı qəlibləşmiş qədim inanclar mövcuddur. Bu inanclara görə "yuxuda su görən aydınlığa çıxacaq, görəcəyi iş uğurlu olacaq”. "Yuxuda qan görmək qovuşmaq deməkdir” yəni uzaqda olan, həsrətini çəkdiyin insana qovuşmaq mənasında işlənir. İlanla bağlı yuxu yozmalarda isə bəzən "yuxuda ilan görmək yeni yola, səfərə çıxmaq”, bəzən də "düşmənlə üz-üzə gəlmək” mənasında işlənir. A.Xürrəmqızının yazdığı kimi, qədim insanlar yuxunu "gələcək barəsində bir işarə, bir siqnal kimi qəbul etmiş, onun həyatı dəyişmək imkanında olmasına inanmışlar”.
 Romanda iki gəncə - Alay və Çəmənə "buta”nın yuxuda verilməsi də təsadüfi deyil, bu ilahi bir qüvvənin, gücün yuxu vasitəsi ilə çatdırılmasıdır. Qoşqar evindən Bəklin oğlu Alay düşmən olduqları Qanıq evindən Qutluğun qızı Çəməni yuxuda görüb almağa gedir. Real həyatda görmədiyi qızı ondan digər qızların arasından tapmağı tələb edəndə Alay qızların yanından keçib, tövlədə gizlətdikləri Çəməni tapır. "Yalnız yuxularda görülən bu cür işlər, yuxularda açıla bilən bu cür sirlər qarşısında Qanıq evinin ayıq camaatı quruyub qalmışdır”. Alay və Çəmənə yuxuda verilən buta onları qovuşdurana qədər sanki ilahi bir qüvvə tərəfindən qarşıya çıxan bütün maneləri keçməkdə köməklik edir.
 Azərbaycan-qırğız nəsrinə aid bədii əsərlərin təhlilindən belə bir nəticəyə gəlmək olar ki, nəsr əsərlərində bir çox hallarda yazıçılar öz bədii məqsədlərinə nail olmaqdan ötrü yuxugörmədən bir vasitə kimi istifadə edirlər. Hər iki türk xalqına məxsus 1980-ci illərdən bəri yazılan bədii əsərlərin bir neçəsinin təhlilində aydın şəkildə görürük ki, qədim insanının mifik təfəkküründən gələn yuxugörmə motivi ortaq düşüncə və əski inanclara malikdir. K.Q.Yunq yazır ki, "elə yuxular var ki, onlarda yuxu görənə də məlum olmayan mifoloji motivlər görünür”.
 Qeyd etdiyimiz əsərlərdə yuxugörmənin qəhrəmanın psixoloji xarakterinin mühüm tərkib hissəsi olması ortaq xüsusiyyət kimi göstərilə bilər. Yuxugörmədə şüurun qeyri-real aləmlə əlaqəsi güclənir, əsrarəngiz sirlər içərisində olan qəhrəmanı anlamaqdan ötrü mövcud şərtilikdən kənara çıxmaq tələb olunur. Həmçinin, Azərbaycan-Qırğız yazarlarının əsərlərində yuxugörmə təkcə qəhrəmanın gələcək taleyini müəyyənləşdirməyə, yaxud da psixoloji xarakterini aydınlaşmasına xidmət etmir, hətta bütövlükdə tarixin gedişatını proqnozlaşdırır.