Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri
715
05 İyul 2018, 09:28
  Artkaspi.az Namidə Bingölün 120 yaşlı Azərbaycan kinosuna həsr etdiyi məqaləni təqdim edir:
 

 
  "Bu kino ki var, bu çox qəlizdir. Həm qəlizdir, həm də vacib…”. Hər halda, "Bəyin oğurlanması” filmində mərhum aktyor Səməndər Rzayevin təkrarsız səsi ilə dediyi bu sözləri çoxumuz xatırlayırıq. Amma mövzumuz "Bəyin oğurlanması” filmi ilə bağlı deyil. Ümumilikdə Azərbaycan kinosunun yaranma tarixi ilə bağlıdır.
Kino aləmi maraqlı olduğu qədər, həm də mürəkkəbdir. Müxtəlif insan taleləri, dövrün tarixi hadisələri lentə alınır. Aylar, illər, əsrlər keçsə də, insan hafizəsinin unutduqları kino lentinin yaddaşında qalır. Məsələn, bir məqam var ki, çoxlarımız tez-tez onu yaşamalı oluruq. Sovet dövründə çəkilən filmləri izləyəndə məkanların köhnəliyi "nostalji” təsiri bağışlayır. Köhnəliklə yeniliyin harmoniyasını Azərbaycan filmlərindən izləməyin isə ayrı gözəlliyi var. Elə isə Azərbaycan kinosunun 120 illiyinə birgə nəzər salaq.
 
  Azərbaycan kinosu necə yarandı?!
  1898-ci il. Bu rəqəm çoxlarımıza qəribə görünə bilər. Halbuki, bizdən bir əsrdən də uzaq olan  bu tarixdə Bakıda ilk kinosüjetlər göstərilməyə başlayıb. Bu tarixdə milli kinomuz öz yolunda ilk addımlarını atmağı bacarıb. Bir məqamı da qeyd etmək lazımdır ki, 1898-ci ildə nə Türkiyədə, nə də İranda kino çəkilməyib. Dövrün çətinliklərinə, təlatümlərinə baxmayaraq, Azərbaycan kinosu inkişaf yolunu seçə bilib.
  Təbii ki, ilk Azərbaycan kinosu ilə bağlı araşdırmaları tanınmış kinoşünas Aydın Kazımov üzə çıxarıb. Onun arxivdən əldə etdiyi mənbələrə görə, Bakıda nümayiş olunan ilk kinosüjetlər fransız fotoqraf A.M.Mişon tərəfindən çəkilib. "Bibiheybətdə neft fontanı yanğını, Balaxanıda neft fontanı”, "Şəhər bağında xalq gəzintisi” kimi süjetlər olub. Aydın müəllim axtarışlarını davam etdirərkən süjetlərin göstərilmə tarixini əks etdirən afişanı da əldə edə bilib. 1898-ci ilin 2 avqustundan başlayaraq Azərbaycan kino tarixinin yaranma vaxtı müəyyənləşib. Təbii, bu müəyyənləşsə də, rəsmi kino günü kimi qeyd olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 2000-ci ilin 18 dekabrında mərhum prezidentimizin imzaladığı sərəncama əsasən, 2 avqust Azərbaycan Kinosu Günü kimi qeyd olunur. 
  Bundan başqa, 1915-ci ildə Tiflisdə çəkilən "Neft və milyonlar səltənətində” filmində Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə isə Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilib.
 
 

  Cümhuriyyətimizin süqutundan sonrakı kino tariximiz
  1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsinin (AFKİ) təsis olunması millilik baxımından böyük əhəmiyyət kəsb edirdi. Çünki o dövr üçün bu çox vacib idi. Həmçinin o vaxtlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", və s. kinoteatrlar da var idi.
  1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V.Vallyuzek) adlı bədii film ekranlara çıxarıb. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməyiblər. Çünki Şərq ritmləri, rəngləri zənginlik baxımından çox seçilir.
 
  Müstəqillik dövrümüzün zəngin kino tarixi
  Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bugünkü Azərbaycan kinosunun müstəqillik dövründəki inkişaf yolundan danışarkən maraqlı məqamları qeyd edib: "Kino mədəniyyətin o sahəsidir ki, orada sürətli inkişaf gedir. Azərbaycan kinosu hər zaman inkişaf yolunu seçib. Azərbaycan kinosu artıq özünün islahatlar mərhələsinə başlayıb. Bu gün Azərbaycan filmləri dünyanın 50-dən çox ölkəsində göstərilir. Müstəqillik dövründə çox maraqlı filmlərimiz çəkilib. Təbii ki, bu filmlərin ərsəyə gəlməsində görkəmli rejissorlarımızın rolu xüsusi qeyd olunmalıdır. Hüseyn Mehdiyev, Ayaz Salayev, Yavər Rzayev, Elçin Musaoğlu, Şamil Əliyev kimi rejissorlarımız müstəqillikdən bu yana çox məhsuldar işləyirlər. Müstəqilliyimizdən danışırıqsa, ümummilli lider Heydər Əliyevin adını xüsusi qeyd etməliyik. Çünki bir dönəm oldu ki, Azərbaycan kinosu durğunluq dövrü yaşamaq məcburiyyətində qaldı. Müstəqilliyimizə qovuşan zaman Azərbaycan kinosu dirçəlməyə başladı. Təbii ki, kino sahəsinə Heydər Əliyevin dəstəyi yüksək idi. Bu illər ərzində azərbaycanlı rejissorlar bir-birindən maraqlı kinolar çəkib.
  Müstəqillik dövrü Azərbaycan kinosunun "Yarasa”, "Güllələnmə təxirə salınır”, "Sonuncu dərviş”, "Ovsunçu”, "Qisas almadan ölmə”, "Haray”, "Yaddaş”, "Fəryad”, "Hər şey yaxşılığa doğru”, "Yalan”, "Əlvida, cənub şəhəri”, "Arxada qalmış gələcək”, "Dolu”, "Nabat” və bir çox nümunələri müasir kinomuzun yeni nəfəsidirlər. Müstəqillik dövrümüzün daha bir uğurlu rejissoru var ki, çəkdiyi filmlərində ulu öndərimizin obrazlarını yaradıb. Tanınmış kinorejissor olan Vaqif Mustafayev Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmlər çəkib. "General”, "Birinci”, "Moskva. Kreml”, "Lider”, "Tale”, "Əsl məhəbbət haqqında” və digər filmləri böyük tamaşaçı marağına səbəb olub.
 
 

  Prezident İlham Əliyevin isə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı, kino sənətinin sürətli inkişafına böyük təkan oldu. Bir məqamı da qeyd etmək istərdim, ola bilsin ki, çəkilən filmlər gələcəkdə kino kimi tamaşaçını cəlb etməyə bilər. Amma bu filmlərdə millətimizin kimliyi və gələcək nəslə böyük mənəvi dəyərləri əks olunub. Filmlərimizdə əks olunan əxlaqi və mənəvi dəyərlərimiz gələcək nəsillər üçün çox yaxşı informasiyadır. Bu filmlərin xalqımızın mədəni tarixində qiyməti yoxdur. Zəif və sifarişlə çəkilmiş filmlər isə tarixin səhnəsindən silinib gedəcək. Baxmayaraq ki, kinomuz mürəkkəb dövr yaşayıb, amma tarixin səhnəsindən silinməyib. Çünki hər addımda dövlət qayğısı ilə rastlaşırıq. Onu da deyim ki, Azərbaycan kinosu tarixində çox istedadlı nəsil gəlir. Bu nəsli qorumalıyıq”. 
  Müşfiq Hətəmov Azərbaycan kinosunun inkişaf baxımından ən şanlı dövrlərinə də toxunub: "XIX əsrin sonlarında Azərbaycan kinosunun əsası qoyulur. Amma XX əsrin 20-ci illərində Azərbaycanda çəkilən filmlərdə bizim adlar görünməyə başlayır, milli kadrlar yetişir, özümüzə aid mövzulara toxunulur. Azərbaycan kino sənətində milli kadrların hazırlığına da bu vaxtdan başlanılıb. Bu zaman milli rejissor və aktyor kadrlarına ehtiyac vardı. Amma nə edilməli idi?! Belə ki, 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edilib. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxuyublar. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorlar, eləcə də Q.M.Lemdeq, V.R.Lemke, A.V.Qalperin, və başqa kinooperatorlar dəvət olunublar, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb ediliblər. AFKİ sonralar, 1926-1930-cu illərdə "Azdövlətkino”, 1930-1933-cü illərdə "Azərkino”, 1933-cü ildə "Azfilm”, 1934-cü ildə "Azdövlətsənayesi”, 1935-1940-cı illərdə "Azərfilm”, 1941-1959-cu illərdə "Bakı Kinostudiyası”, 1961-ci ildən isə C.Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyası adlanır”.
 
  1950-80-ci illər isə kinomuzun intibah dövrü kimi tarixə düşüb
  Doğrudan da, 1950-80-ci illər arasında bir-birindən maraqlı filmlərimiz çəkilib. "Bəxtiyar”, "Görüş” , "Uzaq sahillərdə” kimi filmlərimizdə kinomuza yeni aktyor nəsli qədəm qoyub. "Bir cənub şəhərində” filmində kinorejissor Eldar Quliyev öz debütünü yaradıb. Həsən Seyidbəyli ("Bizim Cəbiş müəllim”, "Nəsimi”), Arif Babayev ("Gün keçdi”, "Uşaqlığın son gecəsi”), Şamil Mahmudbəyov ("Şərikli çörək”), Hüseyn Seyidzadə ("O olmasın, bu olsun”, "Dəli Kür”), Tofiq Tağızadə ("Mən ki, gözəl deyildim”, "Yeddi oğul istərəm”, "Dədə Qorqud”), Eldar Quliyev ("Babək”), Kamil Rüstəmbəyov ("Axırıncı aşırım”), Rasim İsmayılov "Sizi dünyalar qədər sevirdim”), Teymur Bəkirzadə ("Yol əhvalatı”) kimi rejissorlar milli kinomuzun inkişafında mühüm rol oynamışlar. Azərbaycan kinosunda uşaq filmlərinin ən yaxşı nümunələrini kinorejissor Əlisəttar Atakişiyev yaradıb. "Bir qalanın sirri”, "Sehrli xalat” kinolentləri bu gün də uşaqlarımızın sevə-sevə baxdıqları kino əsərlərindəndir.
  Kinorejissor Rasim Ocaqov həm də professional kinooperator kimi bir neçə filmdə çalışıb. Rejissor kimi isə "Qatır Məmməd”, "Tütək səsi”, "Ad günü”, "Bağlı qapı”, "Park”, "Özgə ömür”, "İstintaq”, "Ölsəm, bağışla”, "Qətldən yeddi gün sonra” , "Təhminə”, "Həm ticarət, həm ziyarət” filmləri müasir kinomuzun yeni nümunələri idi. Bu filmlərdə sadə insanların obrazları ilə imperiyanın eybəcərliyi kinomotoqrafik dildə nümayiş olunub.
 
 

  Milli kinomuzda yaranan ləngimə prosesinin səbəbləri
  Azərbaycan kinosunun inkişafından danışırıqsa, müəyyən dönəmlər var ki, onları da qeyd etməliyik. Belə ki, 80-ci illərin sonlarından başlayaraq milli kinomuzda çox ciddi problemlər yarandı. Xüsusilə SSRİ-nin dağılmasından sonra, digər respublikalarda olduğu kimi, Azərbaycan kinosu da ciddi böhranla üzləşdi. Vahid mərkəzdən maliyyələşmənin dayandırılması nəticəsində respublikaların
kinostudiyaları iflic vəziyyətə düşmüşdü. 1980-ci illərdən başlayaraq kino sahəsində ləngimə müşahidə olunmağa başlayıb.
  Əməkdar mədəniyyət işçisi, tanınmış ssenarist Yusif Şeyxovun sözlərinə görə, ləngimə müşahidə olunsa da, bu proses çox çəkmədi: "Bu ləngimə daha çox, dövlətin 3-4 il müddətinə kino istehsalına vəsait ayırmaması ilə bağlı idi. Əslində 90-cı illərin ortalarından başlayaraq kinomuzun ən maraqlı dövrlərindən biri başladı. "Özgə vaxt”, "Sarı gəlin”, "Yarasa”, "Hər şey yaxşılığa doğu” kimi filmlərimiz çəkildi. Söhbət sənət baxımdan uğurlu filmlərdən gedir. Filmlərimiz xaricdə göstərilməyə başladı, festivalların yüksək peşəkarlıq mükafatlarını qazandı”.

  Milli kinomuzun inkişafında mühüm rol oynamış filmlərimiz də var
  Son illər yaradılan filmlərimiz beynəlxalq festivallarda uğurla nümayiş etdirilir, yüksək mükafatlara layiq görülür. "Nar bağı” (rejissor İlqar Nəcəf), "Qırmızı bağ” (Mirbala Səlimli), "İçəri Şəhər” (İlqar Safat), "Çölçü” (Şamil Əliyev), "Dərs” (Rafiq Əliyev, Cavid Təvəkkül), "Üçüncü günün adamı” (Babək Şirinsifət), "Qara bağ” (Amil Məmiyev) və başqa filmlər dünyanın nüfuzlu festivallarında nümayiş olunmuş və mükafatlar qazanmışdır. Bunlar, əsasən dövlət sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında istehsal edilən ekran əsərləridir.
  Bu gün milli kinomuz yeni inkişaf mərhələsini yaşayır. Yeni filmlər çəkilir, kadr problemi qismən həll olunub, filmlərimiz beynəlxalq festivallara göndərilir. Təbii ki, indiki mərhələdə kinolarımıza dövlətimizin dəstəyi xüsusi vurğulanmalıdır. Çünki dövlətin bu sahəyə dəstəyi olmasaydı, uğurlarımız da olmazdı.
Azərbaycan kinosu, 120 yaşın mübarək! 
  Yazı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.