Biz imzaları yox, əsərləri dərc edirik...

“Azərbaycan” jurnalının oktyabr sayında
423
14 Oktyabr 2020, 11:33
 Üz qabığına  bu dəfə milli birliyimizin "Qarabağ Azərbaycandır!” nidasını çıxaran "Azərbaycan” jurnalı Böyük Zəfər yürüşünə səsləyir. Sözün tribunasında 85 yaşlı şairin misraları bayraq əvəzi dalğalanır:

Hoydu, igidlərim, düşmənə qarşı!
Qisas qiyamətə qalmasın gərək! 
Doğma yurdumuzun bir qarışı da
Yağı tapdağında qalmasın gərək!  

 Əvəz Mahmud Lələdağın bu çağırışına səs verən Ülkər  Nicatlı  da uçulmuş qalaları dikəltməyə misra-misra daş daşıyır.
 "Həqq mənəm! " söyləyən Mənsur olmuşam”  – səngərindən boylanan Barat Vüsal özünü bir də belə nişan verir;
 Ucalığım budur mənim,
 Sözüm, qələmim boydayam.
 Vaqif Aslan, Ramiz Kərəm, Zabil Pərviz, Zaur İlhamoğlu, Aysel Nəsirzadə, Müxəmməd Haqverdi də oktyabrın şeir ovqatına rəng qatıblar.
 Yazıçı Varis "Qızıl cib saatı” romanında London arxivlərindən tutmuş Qarabağ torpağınadək, tarixin izinə düşüb. Xalq yazıçısı Kamal Abdulla belə düşünür ki, bu roman "Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardmçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması  çox yaxşı olardı”.
 "Televizor”  ssenarisində Elçin nəsrinin  oxucuları yazıçının "tarixdən ibrət götürmək” mesajını  bir daha dinləyəcəklər.
 "Debüt”də Fuad Novruzlunu tanımağa "Buxarlanma” kontent-hekayəsi  bələdçilik edəcək.
 Publisistika rubrikası çox maraqlı və dəyərli bir yazı  təqdim edir.  "Türk –İslam mədəniyyətinin cüt gücü:şeir və musiqi”  araşdırmasında  Nizaməddin Mustafa da ən böyük dəyərimiz olan birlikdən bəhs edir.
Yazıçı Anarın dostlar və dostluqların qiyməti ilə bağlı  düşüncələrinə ünvan seçdiyi adlar: Rüstəm İbrahimbəyov, Mənsur Vəkilov, Əkrəm Əylisli "Üç yazı” essesində.
 Tənqid və ədəbiyyatşünaslıq rubrikasında da üç məqam var. Dastan poetikasından roman texnikasına keçidi Pərvanə Bəkirqızı Kamal Abdullanın yaradıcılığında izləyir. Arzu Hacıyeva Əbədi Qayıdış mövzusunu atası Əşrəf Hacıyevin bir hekayəsində incələyir. Xalidə Mete isə Türk dastanlarında möcüzəvi gücün semantikasından söz açır.
 Vüsal Nuru vədinə sadiqdir: "Kitab rəfi”nə yeni maraqlı nəşrləri düzüb: ustad ərəbşünas, professor Əli Əsgər Məmmədovu, Mahmud Erol Kılıçı, Sərdar Amini, Güləmail Muradı, İmam Cəmillini kim oxumaq istəsə, buyursun jurnalı vərəqləsin.

Xəbər lenti