Biz imzaları yox, əsərləri dərc edirik...

“Azərbaycan” jurnalının 9-cu sayı satışda
513
13 Sentyabr 2019, 11:12
 "Azərbaycan” jurnalının 9-cu sayı artıq satışdadır.
 İstedadlı şair Adil Cəmilin "Azərbaycan” jurnalının 9-cu nömrəsində dərc olunmuş şeirlərinin ovqatı bu dəfə bir ayrı cürdür; yanan ruhunun pıçıltıları "uzanan ayrılıq ömür qısaldır” deyir, şair obrazının çeşidli təqdimatı "təzəlik eşqinə özünü danma” söyləyir.  

 Bənzərsiz istedadı ilə onun səsinə səs verən Tərlan Əbilovu isə, payızın kədəri yox, yolunu kəsən sözün kölgəsi üşüdür, şair  ürəyini alça ağaclarının ağ təbəssümündə isitməyə çalışır: "keçim, heç duymasın bu dünya məni”.     Süleyman Abdullanın  "Dəniz serenadası altında  hərbi gödəkcə nağılı”    
fərqli bir hava vəd edir.   
 Poeziya rubrikasını  İnqilab İsaq, Kəmaləddin Qədim, Rahil Məmməd, Xaliq Rəhimli, Zahid Avşar Eloğlu, Əyyub Paşa  imzaları davam etdirir.
 "Nəsimi – 650”  xüsusi rubrikasında təqdim olunan "Yeddinci” pyesinin müəllifi İlqar Fəhmidir. O bu dəfə də "istedadın janrı olmur” qənaətinə inandırmağı bacarıb.
 Kamil Əfsəroğlunun "Yuxu” romanının sonunu Nəsr rubrikasında izləyə bilərsiniz.
 "Ədəbi Düşüncələr”də  yazıçı Anar "Yaşamaq haqqı” traktatından yeni fəsilləri təqdim edir.
 Şair Vaqif Bəhmənlini  bu dəfə fərqli ampluada görmək  maraqlı olacaq. O düşüncələrini  "İşartılar” kimi paylaşır.  
 Dramaturgiya rubrikası Elçinin "Sirr”i ilə tanışlıq vəd edir.
 Jurnal akademik Nizami Cəfərovun 60 illik yubileyini Südabə Ağabalayevanın "Nizami Cəfərov: obrazın üslubu, enerjisi və sintez tizfəhmi”  ədəbi-tənqidi essesi  ilə təbrik edir. 
 Professor Qorxmaz Quliyev, həmişə olduğu kimi, "Mirzə Cəlil yaradıcılığı: xaos və kosmosun cazibə sahəsi” məqaləsində də orijinal   təfəkkür və təhlil mədəniyyəti ilə seçilir. 
 Ənənəvi Tənqid və Ədəbiyyatşünaslıq rubrikasında daha iki müəllif  çıxış edir: Lalə Həsənova  müasir Azərbaycan bədii-sənədli nəsrinin problemlərini şərh edir. Yaqub Babayevin mövzusu ədəbiyyat tariximizin məlum səhifələrinə maraqlı başlıqla səsləyir: "Füzulinin imtahanı”. 
 "İsti-isti” rubrikasında  Allahverdi Eminov Yusif Həsənbəyin "Siziflərin qiyamı” poemasının fəlsəfi yükündən söz açır.
 Biblioqrafik xarakterli təqdimata Kitab Rəfində Vüsal Nuru  bələdçilik edir.