Biz imzaları yox, əsərləri dərc edirik...

“Azərbaycan” jurnalının 10-cu sayı
282
21 Oktyabr 2019, 10:08
 "Azərbaycan” jurnalının 10-cu sayı oxucuların görüşünə  XÜSUSİ BURAXILIŞ   layihəsi ilə  gəlib. Budəfəki təqdimat  DRAMATURGİYA  ilə bağlıdır. Artıq ənənəyə çevrilmiş bu təqdimatda  yazıçı Anar "Şəhərin yay günləri”  pyesinin personajlarını otuz il sonra bir yerə toplayıb. Budəfəki görüş qış gecəsində baş tutub – Yanvarı qana boyayan hadisələr ərəfəsində.  "Şəhərin qış gecələri” köhnə tanışlarla  görüşdən nələr vəd edir? Maraqlıdır. 

 Əli Əmirlinin  yeni pyesi də  kövrək nostalji vəd edir. Xatirələrdə zamanın izləri haralara gedib çıxmır?..  Sumqayıta sevgili deyən  qadının  duyğularına  nəvəsi  necə baxır?  "Sevgilim Sumqayıt” baxdığımızı görməyi  təlqin edir.
 Firuz Mustafa  "Payız meşəsində vals” birpərdəli pyesində  "rəqs meydançası”nı  Qarabağda – döyüş səhnəsində "qurub”. 
 Mehman Musabəyli  polyak dramaturqu  Slavomir Mrojekdən tərcümə etdiyi "Yay günü” əsərini təqdim edir.  
 Jurnal  bu  bölümündə  yeni bir imza təqdim edir: Nabat Hüseynova. Gənc dramaturq  debütünə "Gümüş əsr” dövrünün personalarını dəvət edib.
 İsa Həbibbəylinin 70 yaşı.  Ədəbiyyatşünas Təyyar  Salamoğlu bu rubrikada "Ədəbiyyat nəzəriyyəçiliyindən ədəbiyyat tarixçiliyinə  və nəzəri – metodoloji məsələlərin həllinə doğru”məqaləsi ilə akademikin  humanitar düşüncənin sərhədlərini genişləndirən səmərəli fəaliyyətindən söz açır.
 Unudulmaz Vaqif Səmədoğlu  yaradıcılığında  sözlə musiqinin  sintezini görmək və göstərmək! Professor  Rüstəm Kamalın "Valsın son akkordu...” essesinin məramını belə də adlandırmaq olar.   
 Tənqidçi Nərgiz Cabbarlı  bu dəfə  "Ədəbi söhbətlər”inə "evin içindən”  İntiqam  Qasımzadəni dəvət edib. 
Günel Natiq  "Ədəbi talelər”də Heminqueyin izinə düşüb.
 Ədəbi prosesdə maraqlı imzaları bu dəfə Vaqif Yusfli və Günay Qarayeva təqdim edirlər. Tural Anaroğlunun "Yad planetli" kitabından söz açılırsa, jurnalda ilk hekayəsi dərc olunmuş  Xanım Aydının "Sərçə”si  diqqət çəkib.
 Əşrəf Veysəlli, Kəramət, Rizvan Nəsiboğlu, Vəliyulla Novruz, Dayandur Sevgin, Xutra Ramazan oxucuları jurnalın  "Poeziya” bölməsində gözləyirlər. 
 Vüsal Nuru da "Kitab rəfi”ni yeniləyib.