Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan ədəbiyyatında "orta əsrlər": tarixi-nəzəri konsepsiya və bədii sistem kimi – Nizaməddin Şəmsizadə yazır
3571
11 İyul 2019, 14:01
 Artkaspi.az saytı Nizaməddin Şəmsizadənin "Azərbaycan ədəbiyyatında "orta əsrlər": tarixi-nəzəri konsepsiya və bədii sistem kimi" yazısını təqdim edir:
 
 Orta əsrlər (orta çağlar!) ayların, illərin, əsrlərin tarixi-xronoloji düzümü və məzmunu deyil. Hərçənd ki, bu möhtərəm tarix illər tərəfindən elə belə də qəbul olunur. Onları daha çox faktlar maraqlandırır. Mənim münasibətim isə belədir: tarixdən çox böyük çətinlikə tapılmış bu əsl dəyərli faktı qeydə almaq kifayət deyil, işin müəyyən hissəsidir. 
 İşin mahiyyəti - elmi obrazı və nəzəri dəyəri həmin faktın tarixi məzmununu və təkamül məntiqini açmaq, faktı tarixi fəzasında görməyi bacarmaqdır. Biz "orta əsrlər"ə də tarixin böyük bir zaman kəsimi kimi yox, müəyyən və çox ciddi problemi kimi baxırıq. Həm tarixi əsərlərə, həm də ədəbiyyatşünaslıq tədqiqatlarında tez-tez bu məsələyə müraciət olunur, istər tarixi-ədəbi şəxsiyyətlərdən, istərsə də epoxial mərhələlərdən bəhs edilərkən "orta çağlar" anlayışı gündəmə gəlir. Ona görə də biz çox zaman dəxli oldu-olmadı, gündəmə gətirilən, bəzən neytral (daha dəqiq desək, fikir boşluğunu doldurmaq üçün işlədilən!) problem kimi istinad olunan "orta əsrlər" anlayışını iki əsas parametrə - tarixi-nəzəri konsepsiya və bədii sistem kontekstində bərabər olan konsepsiya kimi nəzərdən keçirməyi elmi fikir üçün zəruri bildik. Xüsusən müasir dövrdə bu ona görə vacibdir ki, qloballaşmanın bir çox mənfi təsirlərin milli müəyyənliyə və bəzən tarixiliyə (həm problem, həm də metodoloji prinsip kimi!) göstərir.
 
 

 "Orta əsrlər"i tarixi konsepsiya kimi müəyyənləşdirmək üçün dəqiq meyar mövcud deyil. Şərq və Qərb tarixləri bu suala müxtəlif cavablar verir. Məsələn, ingilislərdə orta əsrlər XVII əsrin ortalarında - "çəpərləmələr" dövründə başa çatır, "qoyunun ayağı qızıldandır" həqiqətini dərk edən ingilislər manifakturiyalar yaratmağa başlayırlar. Rəsmi Avropa tarixşünaslığında bu barədə müəyyən fikir mövcuddur.
 Azərbaycanda tarixi "orta əsrləri"in sərhədləri dəqiq təyin olunmayıb. Ümumiyyətlə, ictimai elmlər sahəsində anlayışların dəqiq (və mütləq) hüdudları haqqında fikir söyləmək çətindir və bu iddiada olmaq elmi yanaşma kimi özünü doğrulda bilmir.
 Nüfuzlu "Azərbaycan tarixi" (Ən qədim zamanlardan XX əsrədək" -  I cild. Bakı, Azərnəşr. 1994) əsərində "Orta əsrlər dövrü. V fəsil Azərbaycan ilkin feodalizmi dövründə bölməsinin "feodal münasibətlərin bərqərar olması" adlanan birinci paraqrafın ilk sətri belədir: "III-V əsrlərdə Azərbaycanda feodalizmə xas iqtisadi münasibətlər bərqərar oldu (s.170). Beləliklə, fedolazimi ilkin təşəkkülü orta əsrlər dövrünün başlanğıcı kimi qəbul olunur. Bu həm də Azərbaycan ədəbi dilinin təşəkkül dövrü hesab olunur.
 "Azərbaycan xalqı eramızın IV-VII əsrlərində bu ərazidə qədimlərdən məskun olan türk qəbilə və tayfa birlikləri əsasında formalaşmamıza başlamış və ümumxalq Azərbaycan dili də məhz bu dövrdə, məhz bu zəmində yaranmışdır... Azərbaycan dilinin artıq IV-VII əsrlərdə formalaşdığına şübhə yeri qoymur" (Zeynalov F. Azərbaycan dilinin mənşəyi məsələsinə dair "Azərbaycan filologiyası məsələləri". II buraxılış. Bakı, Elm, 1984. c. 29). "Ədəbi dilimizin ilk abidəsi" (Tofiq Hacıyev) "Kitabi Dədə Qorqud" eposu da məhz bu dövrün hadisəsidir. 
 Bizim fikrimizcə, tarixdə orta əsrlər bir konsepsiya kimi Azərbaycanda ilk böyük feodal dövlətinin yaranması ilə bağlıdır. "IX əsrin 60-cı illərində xilafətdə başlanan yeni ixtişaşlardan istifadə edən Heysəm ibn Xalid özünü Şirvanın müstəqil hakimi (şahı) elan etdi və mərkəzi hökumətlə əlaqəni kəsdi. Beləliklə, Şirvanın istiqlaliyyəti bərpa edildi... Dövlətin paytaxtı əvvəlcə Şirvan, X əsrin birinci rübündən etibarən Yəzdiyyə (Şamaxı) şəhəri olmuşdur" (Azərbaycan tarixi. C.274).
 Şirvanşahlar dövləti Azərbaycan dövlətçilik tarixində zirvə təşkil edən üç dövlətdən (Şirvanşahlar, Atabəylər, Səfəvilər!) birincisidir. Bu dövrdə Azərbaycanda nisbətən az davam edən, feodal müharibələri (xüsusən monqol hücumları!) nəticəsində tez dağılıb süquta uğrayan dövlətlər də olub. Məsələn, Sacilər dövləti, Salarilər dövləti, Şəddadilər dövləti, Rəvvadilər dövləti və sair. Bir qədər irəli gedərək qeyd edək ki, IX əsrin 60-cı illərindən XIX əsrin 60-cı illərinə qədər - 10 əsr Azərbaycan tarixində "Orta əsrlər" dövrü olmuşdur. Sivil dünyanın heç bir dövlətində "orta əsrlər" bu qədər uzun sürməyib, bu, bir sıra səbəblərlə, xüsusən feodalizmin davamlılığı ilə bağlı idi. "XIX əsrin 50-60-cı illərin Azərbaycanda feodal-iqtisadi münasibətlərin süquta uğraması və yeni kapitalist münasibətlərinin inlişafı ilə xaraktetizə olunur" ("Azərbaycan tarixi" c.595).
 "Orta əsrlər" və onun xarakterini izah etmək üçün daha iki faktı qeyd edək: Atabəylər dövləti XII əsrin 30-cu illərində meydana gəlmişdir. "XIII əsrin 30-cu illərində Azərbaycanda tarixi hadisə baş verdi - Azərbaycan Atabəylər dövləti meydana gəldi" ("Azərbaycan tarixi". C. 299) Atabəylər dövləti təxminən bir əsr (1136-1225) hakimiyyət sürmüş oldu.
 Atabəylərdən əvvəl Azərbaycan bir əsr (119 il) Qıpçaq tayfasına mənsub Səlcuq imperiyasının hakimiyyəti altında qaldı. Xüsusilə Sultan Məlik şahın zamanında bu imperiya öz parlaq dövrünü yaşadı. Səlcuqlular islam dinini bütün türklər arasında yayılmasını həyata keçirdilər. Məhz bu illərdə türklər İslam dinini yaşatdı. Bu zaman digər önəmli hadisə baş verdi: XI əsrin birinci yarısında səlcuqluların gəlişi ilə türk tayfalarının Azərbaycana axını başlandı. Birinci axın Sasanilər dövründə Dərbənd keçidi ilə (III əsr) baş vermişdi və bu axın yerli türk tayfalarını - kutiləri, lullubiləri aborigen bir xalq kimi gücləndirmişdi.
 Nəhayət, üçüncü dövlətçilik mərhələsi: XIII əsrin sonlarından Səfəvilər tayfa halında (Ərdəbil dövrü!) təşəkkül tapmağa başladı, 1447-ci ilədək formalaşdı. "Səfəvilərin Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda hakimiyyət dövrü 1736-cı ilə qədər götürülməlidir" ("Azərbaycan tarixi" c.392). Səfəvilər imperiyası yaranana qədər mövcud olmuş Ağqoyunlu və Qaraqoyunlu dövlətləri də tarixdə - orta əsrlərin mahiyyətində müəyyən rolu olmuşdur. Həm qaraqoyunlular, həm də ağqoyunlular türk tayfaları olmağa binaən Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamışlar.
 "Orta əsrlər"in tarixi xarakterini səciyyələndirən bir sıra qlobal əlamətlər (olaylar!) mövcuddur:
 1. İslam dininin meydana gəlməsi və türklərin (Səlcuqların!) sayəsində onun yayılması: bu ədəbiyyata, fəlsəfəyə və mədəniyyətə yeni mövzular gətirdi. "Oğuzlar İslam dinini qəbul edənə qədər totemlərə və şamanizmə sitayiş edirdilər" (Azərbaycan tarixi. C. 289).
 2. "914-cü ildə 500 gəlmənin hər birisində 100 nəfər olmaqla Azərbaycanın Xəzər sahillərinə 50 ailədən artıq rus gəldi. 938-ci ildə ruslar 38 gəmidə Bakı sahillərinə gəldilər. Şirvanşah Mənuçöhr ibn Yəzid onlarla vuruşdu və məğlub oldu" ("Azərbaycan tarixi" c.286). 944-cü ildə onlar Kür çayı vasitəsi ilə Bərdəyə gəlib şəhəri işğal etdilər. Azərbaycanda bədnam rus işğalı başladı.
 3. Uzun müddət Azərbaycan ədəbiyyatını və mədəniyyətini Abbasilər sülaləsinin hakimiyyəti (750-1258) zamanında formalaşmış ümummüsəlman mədəniyyəti kontekstində inkişaf etdi. Ümummüsəlman mədəniyyəti özündə ərəbi zehniyyəti, farsın lisanı və estetik sistem idi.
 Hülakü xan (1258-1265) 1258-30-cu ildə Azərbaycanı, 1255-ci ildə Bağdadı istila etdi və 500 ildən artıq (756-1258 - N.Ş.) hökm sürən Abbasilər xilafəti süquta uğradı. ("Azərbaycan tarixi", c.325). Bundan sonra anadilli-türkdilli Azərbaycan ədəbiyyatına keçid dövrü (XIII-XIV) başlandı.
 4. Monqolların Azərbaycana hücumu: "monqollar 1220-ci ildə ilk dəfə Azərbaycana yürüş etdilər" ("Azərbaycan tarixi" c.322) Azərbaycan Hülakülər (Elxanilər) dövləti yarandı.
 Azərbaycan "orta əsrlər"inin tarixi-siyasi mürəkkəbliyini təsəvvür etmək üçün təkcə belə bir faktı göstərmək kifayətdir ki, "1387-1392-ci illərdə Təbrizə 17 dəfə hücum edildi və 14 hücumun nəticəsində şəhər bir feodal qrupundan digərinin əlinə keçdi". ("Azərbaycan tarixi" c.331). Yerli feodallar monqollara qarşı durmaq əvəzinə bir-birinə qarşı durdular, bundan istifadə edən Əmir Teymur 1392-ci ildə Təbrizi, bir qədər sonra isə Bağdadı işğal etdi.
 Azərbaycanda ədəbi-tarixi təkamülünə əsaslanaraq belə nəticəyə gəlmək olar: dövlətçiliyin möhkəm olduğu dövrdə ədəbiyyat və mədəniyyətdə çiçəklənmə - bədii - fəlsəfi cəhətdən inkişaf mərhələsi yaşayır. Əfzələddin Xaqani və İmadəddin Nəsimi Şirvanşahlar dövlətinin, Nizami Gəncəvi Atabəylər dövlətinin, Mövlanə Məhəmməd Füzuli Səfəvilər imperiyasının yetişdirdiyi dahilər idi. Füzuli poeziyasının kədəri Səfəvilərin süqutundan (türkün türkü məhv etməsi!) qopan tarixi kədər idi.
 5. Nəhayət "Orta əsrlər" keçidi ədəbi-fəlsəfi baxımdan təmin edən qlobal hadisə sufizm (təsəvvüf) idi. IX əsrdən bəri bəşəriyyətin düşünən zəkalarını məşğul etmiş sufizm üçüncü xəlifə Osmanın dövründə mali-bərabərsizliyə etiraz əlaməti olaraq yaranıb. Hakimiyyət müqəddəsliyini itirir, adamlar Allahı yox, dünya malını sevməyə başlayanda dünya malından imtina edən, dünyaya bağlanmamaq üçün dünyadan uzaqlaşan ilk zahidlər insan bədəninə əziyyət verən az yun xirqə geyinib tənhalığa çəkildilər və öz xanəgahlarını yaratdılar. Bu, sufizmin asketizm mərhələsi idi. Zahidlikdən irfanın süfizmə keçid sufizmin tarixində ən böyük mərhələdir. Sufizmin müasir görkəmli tədqiqatçısı, Miçiqan Universitetinin professoru A.Knış "Musilmanskiy mistizm" (2004) kitabında yazır ki, orta əsrlərdə sufi olmayan şair yox idi. Fəqət sufizmin tarixində mərhələ yaratmış üç böyük şəxsiyyət olub.
 Əbu Həmid əl Qəzzali (1058-1111).
 İmam Qəzali Xorasan yaxınlığındakı Tus şəhərində anadan olub. O, sufizmdə ən böyük ziddiyyəti həll edib. Şərqdə yunan fəlsəfəsini nüfuzdan salaraq sufizmi islam texnologiyası ilə birləşdirməyə nail oldu. Onun sufi baxışları "Fəlsəfənin mərkəzi", "Filosofların ziddiyyətləri" əsərlərində əksini tapıb. Dünyada sosializm nəzəriyyəsinin banisi, məşhur filosof İbn Xəldun yazırdı ki, Məhəmməddən sonra peyğəmbər seçmək lazım gəlsəydi, onda İmam Qəzali seçilərdi.
 2. "Əş şeyx əl Əkbər" ləqəbi ilə tanınmış Mühiddin ibn əl Ərəbi (1163-1240) İspaniyada doğulub, 37 yaşında Məkkəni ziyarət edib. İbn Ərəbi "Müdriklik abidəsi", "İstəklərin şərhi" kitablarında, "Məkkə fütuhutları" çoxcildliyində vəhdəti vücudun əsasını qoyub: cüzdə küllü dərk etmək!
 3. Azərbaycan alimi, cəmisi 33 il yaşamış Şeyx Mahmud Şəbüstəri (1287-1320) sufi fəlsəfəsi ilə poeziyasını sintez etdi. Onun "Gülşəni raz" əsəri "Sufizmin açarı" hesab olunur. Əsər 1317-34-cü ildə Xorasan alimi Seyid Hüseyn Hərəvinin (1246-1320) 15 çətin sualına şeirlə cavabı kimi yazılıb. Şərq-türk ədəbiyyatında sufizmin dahi əsərləri məşhurdur: Əhməd Yəsəvinini (1103-1167) "Divani hikmət", Sənai Qəznəvinin "Qəqiqətül-Həqaiq", Fəridəddin Əttarın (1119-1230) "Məntiqut-Teyr", Cəlaləddin Ruminin (1207-1273) "Mənəviyi-Məsnəvi", "Divani Şəms Təbrizi", Yunis Əmrənin (1240-1320) "Risalətül Hüsniyyə", Marağalı Övhəddinin (1274-1338) "Cami cəm" və nəhayət, Nəsiminin, Xətainin, Mövlanə Məhəmməd Füzulinin poeziyası ilahi məhəbbət dastanı "Leyli və Məcnun" poeması. Azərbaycan ədəbiyyatında sufizmin klassik dövrü Oğuz-Səlcuq mədəniyyətinin intişar tapdığı XIII-XVI əsrlərdir. 
 
 ***
 Ədəbiyyat tarixində "qədim dövr" Nizami Gəncəvinin yaradıcılığı ilə başa çatır. Azərbaycanda ədəbi-bədii "orta əsrlər" XIII-XVIII əsrləri əhatə edir.
 Bundan sonra bir də 1258-ci ildə Abbasilər hakimiyyətinin (ən mükəmməl xilafətin!) süqutu nəticəsində vahid (və monolit!) ümumüsəlman mədəniyyəti sistemi dağılır və Azərbaycan ədəbiyyatında (poeziyada) tədricən türk-xalq şeiri üslubuna keçid baş verdi. Anadilli klassik poeziyanın korifeyləri - Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, dahi Mövlana Məhəmməd Füzuli meydana gəldi və M.P.Vaqiflə yekunlaşdı. Orta əsrlər (XIII-XVIII) Azərbaycan ədəbiyyatı tarixində 27 böyük şair yetişib. Bunlardan beşi - Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif  ədəbi dil, novatorluğu, bədii-fəlsəfi məzmun baxımından ədəbiyyat tarixində mərhələ yaratmış sənətkarlardır.
 Avropa renessansı "orta əsr mədəniyyətindən yeni mədəniyyətə keçid dövrü idi" (Əziz Mirəhmədov). Əvvəlcədən qeyd edək ki, həm intibah, həm də sufizm universal bədii sistemdir. Onlar bir bədii metodun və ədəbi cərəyanın hüdudlarına sığmır. Antik yunan mədəniyyətinin yenidən dirçəlməsi mənasında XIV əsrdə İtaliyada başlayıb (Daitle və Peterarka!) XVI əsrdə İngiltərədə U.Şekspirlə yekunlaşıb, bədii-estetik zirvə məqamını bulub. Şərq intibahı Ə.Firdovsi və Ö.Xəyyamın yaradıcılığı ilə (X-XI əsrlər) başlayıb dahi Nizami Gəncəvi irsində zirvə məqamına yüksəlib. "Xəyyam Şərq renessansının Daitlenidir" (Əli Nazim).
 Antik Yunan fəlsəfəsi və mədəniyyəti ərəb-islam mühitində - Abbasilər xilafəti zamanında yenidən qəbul və şərh olunduqdan sonra Avropaya keçib (Qolenişev - Kutuzov "Dante predvozrojdeybe" 1958). Beləliklə, Avropa renessansına görə Şərq elm və mədəniyyətinə borcludur.
 Şərq intibahı bütün orta əsrlər elm, ədəbiyyat və mədəniyyətini qavramış və təxminən min ilə XIX əsrin ortalarına qədər (bir qədər sönük!) davam etmişdir. (Nəbati, Seyid Nigari təriqəti!)
 XX əsrin mütəfəkkiri Əli bəy Hüseynzadə deyirdi ki, "Nə qədər ki, biz Avropanı öz beynimizdə həzm etməmişik, o çağadək avropalıların mədəsində həzm olunmaq zorunda qalacağıq". Avropanı "öz beynində həzm etmiş" dahi Azərbaycan türkü Nizami Gəncəvi olmuşdur. O, möhtəşəm "İsgəndərnamə" poemasında (xüsusən alimlərlə söhbət və utopik cəmiyyət idealı!) antik yunan elmini fars dilində yazmağa binaən bütün Şərqin sərvətinə çevirdi. Nizamidən dörd əsr sonra Kompanella utopik "Günəş şəhəri" əsərini yazdı...
Bizim fikrimizcə, heç zaman məğlub olmayan fateh İsgəndər Azərbaycan alimi Zərdüştün dahiyanə "Avesta" əsərini görüb bu təfəkkür qarşısında sarsılmış və məğlub olmuş, qısqanclıqdan tarixi bir cinayət etmiş - "Avesta"nı yandırmışdır.
 İbn Sinanın, Biruninin, İbn Rüşdün, Bəhmənyarın, Əl Fərabinin, Nizaminin, Füzulinin, Nəvainin, İbn Xəldunun fəlsəfəsi intibah və sufizmin, bütövlükdə "orta əsrlər"ni ideya-fəlsəfi məxəzləri idi. "Orta əsrlər" bu elmi-nəzəri arieal üzərində bərqərar olmuşdur.
 Bir mühüm amili də unutmayaq: Şərq, o cümlədən, Azərbaycan poetik sistemlərini - nəzəri poetik anlayışlarını ("Qəvaidə-ədəbiyyə"nin!) formalaşmasında "Əruz vəzni"nin (VIII əsr. Xəlil ibn Əhməd!) böyük rolu olmuşdur. Əruzla bərabər Şərqdə, o cümlədən, türk ədəbiyyatlarında mövcud olan "Ümumi-ədəbi"yə 17 elm daxil idi: Onlar bədii fiqurların və şairlərin sənətkarlığını formalaşdıran vacib qəliblər, şeiri cilalayan vasitələr idi. Bu mənada "orta əsrlər" poetikasının konseptual səviyyədə yazılmasına böyük ehtiyac var.
 "Poetika şeiri bir sənət növü kimi öyrənən elmdir" (Xəlil ibn Əhməd VIII əsr) "Orta əsrlər" Azərbaycan ədəbiyyatı bəzi istisnalarla lirik növün janrlarında təkamül prosesi keçirib. Ona görə də poetik janrlar nəzəriyyəsi bizdə çox inkişaf edib. Azərbaycan şeir nəzəriyyəsində janrlar və onların bədii-poetik sistemi çox mühafizəkardır. Bu, həm feodalizmin uzun sürməsi ilə, həm də əruz kanonları ilə bağlıdır. Əruzun bəhrləri (təfilələr!) VIII əsrdə - Xəlil ibn Əhmədin "Kitab-əl ayn" (767) necə idisə, indi, XXI əsrdə də elədir. "Quran" kimi "Əruz"da ehkamdır və əsl sənətkarlıq da elə bundadır ki, ehkamları dağıtmadan, əruzun poetik sisteminə əsaslanaraq gözəl şeir yazasan. Əruz əslində, ərəb (və ərəbdilli) poeziya əsasında qurulub. V əsrdən başlanaraq işlədilir. Fəqət, dahi Füzuli həm ərəbcə, həm də farsca, həm də türkcə əruzla şeirin (qəzəl və qəsidənin) məzmunca ən kamil və bədii cəhətdən ən parlaq nümunələrini yaratmışdır. (Mən ADMU-da aktyorluq fakültəsinin tələbələrinə 15 il əruz dərsini M.Füzuli qəzəlləri əsasında demişəm!) Əruz "vəznlərin tərəzisi"dir (Ə.Nəvai "Mizanül-övzan" adlandırmışdır.)
 Əruzla yazılmış ilk türkcə əsər Yusif Xas Hacib Balasaqunlunun "Qutadqu-bilik"  (1069) poemasıdır. Əruz çox mürəkkəb riyazi poetik sistemdir.
 Bir neçə cəhəti də qeyd edək: "orta əsrlər"də hələ Abbasilər dövrünün ənənələrinin davamı olaraq tərcümə sənəti inkişaf etmişdir. "XV-XVI əsrlərdə əvvəlki dövrlərə nisbətən tərcümə sənəti yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur" ("Azərbaycan ədəbiyyatı tarixi" 6 cild, III c. Bakı, "Elm" 2009, s.160). Tərcümə sənəti ədəbiyyatı - poeziyanı həm ideya-fəlsəfi məzmun baxımından, həm də bədii forma nöqteyi-nəzərindən dil-üslub və yeni formalar hesabına inkişaf etdirirdi.
 Nəhayət, "Orta əsrlər" üçün ədəbi-bədii baxımdan səciyyəvi olan bir qlobal məziyyəti də deməliyik, XVI əsrdən başlayaq: türk təmayüllü folklor-xalq poeziyası vüsətli inkişafa başlayır, şeirdə heca vəzni əruzla bərabər səviyyədə (bəlkə də artıq!) yer alır. Bayatı, qoşma, gəraylı, təcnis kimi lirik şairlər ön plana keçir, dastanlar yaranır...

525.az