Biz imzaları yox, əsərləri dərc edirik...

“Azərbaycan dünyası” beynəlxalq jurnalının təqdimatı olub
57
11 İyul 2018, 17:01
  Sakit Məmmədov adına Rəsm Qalereyasında "Azərbaycan dünyası” beynəlxalq jurnalının növbəti nömrəsinin təqdimatı keçirilib.
 
 
 

  AZƏRTAC xəbər verir ki, jurnalın təsisçisi və baş redaktoru Eldar İsmayılov jurnalın yaranma tarixindən danışıb. Bildirib ki, 1998-ci ildə yaradılmış "Azərbaycan dünyası” beynəlxalq jurnalı ölkədə ilk, çoxtirajlı və 3 dildə (Azərbaycan, rus və ingilis) çıxan jurnaldır. Jurnal əsasən azərbaycanlıların xarici ölkələrdə sıx yaşadığı ərazilərdə yayılır. Jurnalın məqsədləri və vəzifələri vətəndaşlıq həmrəyliyinin və beynəlxalq sülhün möhkəmlənməsinə-dirilməsinə yönəldilib. O cümlədən həmvətənlərin birləşməsinə, onların hüquqlarının və ictimai maraqlarının müdafiəsinə, Vətən və türk dünyası ilə əlaqələrinin genişləndirilməsinə istiqamətləndirilib.
  "Azərbaycan dünyası” diasporumuzun görən gözü, danışan sözüdür!”, -deyən natiq vurğulayıb ki, jurnalın səhifələrində müstəqil Azərbaycanın, eyni zamanda, vətəndən kənarda yaşayan (Avropa, Rusiya, MDB ölkələri) yurddaşlarımızın uğurları işıqlandırılır. Jurnal "Dədə Qorqud” mükafatının, sülh naminə "Vətən Övladı”, "Qızıl ürək” və "Mehriban ana” ordenlərinin təsisçisidir. Jurnalın idarə heyətinin fəxri üzvləri akademiklər, ziyalılar və görkəmli ictimai-siyasi xadimlərdir.
  Tədbirdə Pravoslav kilsəsinin rəhbəri Aleksandr ata, Alban-Udi xristian icmasının sədri Robert Mobili, Xalq Rəssamı Sakit Məmmədov, rəssam-memar Şahvələd Məmmədov, Bakı Dövlət Universitetinin dosenti Elza Mollayeva və başqaları Azərbaycanda multikultural dəyərlərdən, tarixən bu sahədə əldə olunan nailiyyətlərdən, dinlərarası dialoqa xüsusi diqqət yetirilməsindən, bu fonda Azərbaycanımızın yeni inkişaf mərhələsinə qədəm qoymasından söhbət açıblar.
  Sonda tibb sahəsində tanınmış həkim-ginekoloq, 70 illik mənalı ömrünün 40 ildən çoxunu bu sənətə həsr etmiş Tahirə Əliyarzadəyə "Dədə Qorqud” Fondunun təsis etdiyi "Qızıl ürək” ordeni təqdim olunub.