Biz imzaları yox, əsərləri dərc edirik...

Atam-anamdır tənqidçilərim – Kamil Yaşıl
1152
16 Aprel 2018, 09:11
 Artkaspi.az ədəbiyyatşünas, mütərcim Seyfəddin Hüseynlinin tərcüməsində Türkiyənin tanınmış yazıçısı Kamil Yaşılın "Atam-anamdır tənqidçilərim...” adlı yumoristik hekayəsini təqdim edir:
 

 
Bir yazıçının arvad-uşağı, qardaş-bacısı onun oxucuları ola bilər. Normal şərtlər daxilində, bunun ziyanı yoxdur.
Ancaq yazıçının atası gərək onun oxucusu olmaya. İllah da anası...
Mənimkilər oldular.
Gicgahlarıma qar yağdı. Yayım qışa döndü.
Düz yolda çaşıb qaldım.
Biri dedi: "Analıq haqqımı, südümü halal eləmərəm!..” O biri dedi: "Atalıq haqqımı haram elərəm. Övladlıqdan silərəm. Daşıdığın soyad mənimdir, unutma ha!”
Atamın-anamın sıxdığı qədər heç hökumət sıxmazdı məni.
"Necə, üzümə ağ olursan? Sən məndən yaxşı biləcəksən? Mənim dediyim olacaq, necə desəm, elə də yazacaqsan, vəssalam!”
Yazı-pozunu da ata-ana haqqına caladılar.
"Bir dəfə işimə qarışdın, elmi dərəcəm çıxdı əlimdən, – dedim atama. – İndisə özümə ədəbiyyatda bir cığır açmaqdayam, yenə mane olursan. Üzünə ağ olub-eləmirəm. Ədəbiyyatın, hekayəçiliyin tələbincə yazıram. Bir də, sən mənim hekayəmdəki obraz deyilsən ki! Lap olsan belə, nə dəyişəcək? Onu yazan mənəm axı...”  
"Yoox, olmaz, ola bilməz! Əvvəla, mən niyə orada obraz deyiləm, hə? İkincisi də, sən məni olduğum kimi təsvir etməlisən, dəyişə bilməzsən!”
Gördüm belə alınmayacaq, yazmağın, yazıçılığın başını buraxdım.
"Yaxşı, ata, – dedim, – mən yazıçılıqdan vaz keçdim. Yazmıram daha”.
"Necə yəni "vaz keçdim?!”
Kitablarıma baxdı.
"Bu yazdıqlarından pul qazanırsanmı?”, – soruşdu.
"Yox” demək keçdi ürəyimdən. İstədim deyəm, hələ üstəlik, pulum gedir bunlara.
"Verdiyim xərcliyi naşirlərə yedirdirsən” deməməsi üçün, sözümü dəyişdim.
"Müəllif haqqı alıram”, – dedim.
Razı qalmadı.
"Bu uydurma kitablara görə pul verən naşirin ağlına keçə yamayım, – dedi. – Bu qədər də avamlıq olarmı...”
Dinmədim.
 
 

"Yazıçılığın öz qayda-qanunu var, – dedi. – Yazmırıqsa, o demək deyil ki, yaza bilmirik. Vaxtilə biz də girib-çıxmışıq o məşhur Babi-Aliyə...” (Əvvəllər Türkiyədə mətbu orqanların sıx yerləşdiyi, ədiblərin, jurnalistlərin toplaşdıqları məkana işarədir – Tərc.)
Bu kişi "nəşriyyat sahibi, redaktor, senzor” imiş ki... Heç xəbərim olmayıb indiyəcən.
"Nədir, ay ata, o dediyin yazıçılıq qayda-qanunu” – ağzımı əyib-büzüb dedim bunu. Ağzıma fikir vermədi, səsimdəki hikkəni, kinayəni də duymadı.
"Birincisiii, – dedi, – gərək adam öldürməyəsən...”
"Mən qatil deyiləm, ay ata, – dedim, – yazıçıyam. Həyatın içindəyəm həm də. Bəs həyatda ölüm-itim yoxdurmu? Var. Kimsə kimisə öldürür, mən də bunu yazıram...”
"Olmaaz, onda sən təhrikçi sayılarsan, – dedi. – İkincisiii: gərək mayaya haram qatılmaya, oldumu?”
"Yəni?..”
"Yənisi budur, gərək oğurluq etməyəsən”.
"Oğurluq eləmirəm ki, – dedim. – Nə yazıramsa, hamısı özümündür. Mətnlərarası gedişlər, iqtibasçılıq (intertekstuallıq, pastiş – Tərc.) yoxdur məndə...”
"Ondan danışmıram, – dedi. – Oğurluq-quldurluq olmasın yazdıqlarında!
Üçüncüsüüü: zinadan yazmamalısan, zinakarlığa yer verməməlisən. Heç kimin məhrəminə əl uzatmamalısan. Kimsəni güdməməlisən...”
"Allah, sən saxla! Ay ata, peyğəmbərlikmi verildi, vəhylə "On buyuruq”mu gəldi, nə oldu sənə?”
"Mən bilirəm, – dedi. – Siz yazıçılar, şairlər əvvəlcə məsum tərzdə bir-birinə yaxınlaşdırırsınız adamları. "Səni sevirəm”, "Mən də səni sevirəm...” – dedirdirsiniz. Bir azdan əllər birləşir, sonra baxışlar toqquşur. "Nəhayət, xəlvət bir guşəyə çəkirsiniz onları” deyərdim, amma barı bunusa da eləmirsiniz: eləcə parkın bir tərəfində, yaxud kitabxana küncündə başlı-başına buraxırsınız. Onlar da hər cür qələt qarışdırırlar orada. İndi gəl, tap kələfin ucunu... Bir tərəfdən, kimsə gizlincə telefonla çəkir onları, hədə-qorxuya əl atır. O biri tərəfdən də polis nəfəri gəlib çıxır işin üstünə: "Bu nə əxlaqsızlıqdır belə... – deyir. – Düşün qabağıma, gedirik bölməyə...” Bölməyə aparılanda bütün ölkəyə hay düşür... Jurnalistlər gəlir, əhvalat dönür kriminal xəbərə. İnsanlarda abır-həya qoymursunuz. Yoox, sizin o "eşq” dediyinizin nə hoqqa olduğu hamıya bəllidir artıq. Eşqi-məşqi yığışdırın. Oldumu? Daldaya çəkilmək qadağandır! Bir qız-bir oğlan dalda yerdə baş-başa verən kimi, şeytan özünü yetirir. Şeytan xəbər tutmasa da, siz – yazıçılar çağırırsınız onu. Bu da olmasa, özünüz şeytana çevrilirsiniz yazdıqlarınızla. Dördüncüsüüü: xəyaldan əl çəkib, gerçəyi görməlisən...”
 
 

"Naturalizm, realizm – bunlar ədəbiyyat dərsliklərində qaldı, – dedim, – atacan. Bu anlayışlar hamısı artıq ölüb-gedib. İndi postmodern dövrdəyik. Nə xəyal, nə gerçək? Daha bunları bir-birindən ayırmırıq. Xəyalımız gerçəkdir, gerçəyimizsə xəyal...
"Beşincisiii...”
Anam qayıtdı atama ki, qoy beşincisini mən deyim: "Oğlum, gəl sən özünə yeni bir dil tap-düzəlt...”
"Atam-anam, bəs mən neyləyirdim ki? Mən də elə siz deyən işlə məşğul idim də. Amma gəldiniz, dilimə kilid vurdunuz. Biz – yazıçılar, şairlər əslində yeni bir dil yaratmağa çalışırıq, başqa heç bir şey. Eşq, sadəcə, bəhanədir bizdən ötrü. Təbiət, cəmiyyət, fərd, duyğu, düşüncə – hamısı bəhanədir. İşimiz-gücümüz bir dil yaratmaqdır, amma siz o dilə yox, onunla təsvir edilən mənzərəyə fikir verirsiniz. Sonra da "Anlaşılmazdır” deyirsiniz. "Eyhamlar uğursuzdur” deyirsiniz. "Arqodur, jarqondur” deyirsiniz. "Məcaz” axtarırsınız, amma dilin özünü görmürsünüz.
Axırda durdum ayağa. "Atam, – dedim, – anam, – dedim, – gəlin o istədiklərinizi özünüz düzüb-qoşun, – dedim. – Yumurtasız qayğanaq bişirin. Siz yazın, yəni. Mən yazmaqdan vaz keçdim daha...”
Yaxşımı elədim – bilmirəm. Amma yazıçılığımı ata-anama qurban verdim. Əmdiyi süd burnundan tökülən, övladlıqdan silinən bir adam olmaqdansa, ədəbiyyatdan aralanmağı üstün tutdum. Kaş ki, atamla anam bu dediklərini vəsiyyətə çevirib notariusda təsdiqlətməyələr. Ümidim var ki, bəlkə onlar haqqa qovuşandan sonra yazı-pozuya qayıdam.
Oxuculardan xahişim budur ki, həm məndən, həm də özlərindən ötrü dua eləsinlər.
Məndən ötrü dua eləsinlər ki, ya atamla anam daha işimə qarışmasınlar, ya da dediyim o vəsiyyət məsələsi ağıllarına gəlməsin.
Özlərindən ötrü də dua eləsinlər ki, mənim yazacaqlarımı oxumadan əcəl onları yaxalamasın.