Biz imzaları yox, əsərləri dərc edirik...

"Ata ocağı"ndan reportaj
1658
31 Oktyabr 2017, 08:47
  artkaspi.az Xəyalə Rəisin "Ata ocağı"nda bir gün adlı reportajını təqdim edir:
 
  Serial bir dünyadır. Serial asudə zamanımızı səmərəli keçirmək və dünyaya başqa bir pəncərədən baxa bilmək üçün ən ideal vasitədir desək, yəqin ki, yanılmarıq. İnsan övladı əzəldən başqalarının ailə problemlərini, ailədaxili sirlərini öyrənməyə meyillidir. Bəlkə də bu səbəbdəndir ki, bu gün seriala aludə olanların sırasında evdar xanımlarımız üstünlük təşkil edir.
İnsanları ekranlara yaxın edən, onları cazibə dairəsinə salan isə seriallarda nümayiş olunan mövzuların aktuallığıdır. Bu gün Xəzər televiziyasında nümayiş olunan "Ata ocağı" serialı da belələrindəndir. Dram janrında çəkilən serialın ssenari yükü ağır və bu günümüz üçün aktual məsələləri əhatə edir. Serialda baş verən hadisələrlə isə, demək olar ki, yaşadığımız cəmiyyətdəki 10 ailədən birində rastlaşırıq.
 

 
  Belə ki, "Ata ocağı" serialında üç ailə tipi nümayiş olunur. Ailənin təməlində isə əlbəttə ki, ata dayanır. Serialda nümayiş olunan ailələrdən biri Nazimin ailəsidir. Nazim çox sərt atadır. Övladları səhv və ya düz hərəkət etsələr də, ataları onlara etiraz edir. Hər kəs bu atanı bu qədər sərt olmağa görə qınayır, ancaq övladlarının etdiyi hərəkətlərə baxanda, görürük ki, əslində ata düz hərəkət edir. Onun məsələlərə özünəməxsus baxış tərzi var. Digər bir ailə Mehmanın ailəsidir. Bu ailə bir qədər imkanlı ailədir. Mehman tamam başqa bir istiqamətdə övladlarına tərbiyə verir. O, övladları ilə dost münasibəti saxlayır, onların qayğılarına qalır. Serialda üçüncü ailə isə Niyazın ailəsidir. Bu, serialdakı ən bədbəxt ailədir. Niyaz içki düşkünüdür. Dostları ilə içir, həyat yoldaşını incidir və böyük bir bədbəxtlik baş verir.
  Xəzər televiziyasında yayımlanan sözügedən serial kifayət qədər reytinq toplayıb. Həftəiçi hər axşam evimizin qonağı olan "Ata ocağı" serialının çəkiliş prosesinə bu  dəfə də biz qonaq olduq.  Bizim qonaq olduğumuz səhnə isə Niyazın ailəsində yaşanan səhnəyə təsadüf edirdi. Çəkiliş prosesi Yasamalda, köhnə binaların birində gedirdi.
 

  Ailə kimi komanda
 

  Gördüklərimiz isə bizdə bir qədər təəccüb oyatdı. Serialın çəkiliş komandası sözün əsil mənasında böyük bir ailəni xatırladırdı. Burada hər kəs öz işini bilirdi və balaca bir evdə 15-dən çox işçi olsa da, onlar bir-birlərinə heç də maneçilik törətmirdilər. Yaradıcı heyətlə söhbətdən aydın oldu ki, serial günlük olduğu üçün onlar zaman qıtlığı çəkirlər və bunun üçün itirəcək 1 dəqiqə belə vaxtları yoxdur. Qızğın iş prosesi nəinki 12, bəzən elə günlər olur ki, hətta 24 saat davam edir. İsti ailə münasibətlərinin hiss olunduğu komandanın iş prosesinə maneçilik törətməmək şərti ilə bizə kənardan müşahidə etmək qalırdı. Rejissor "motor” deyən kimi, otaqda sakitlik hökm sürürdü. Ən xırda səs belə, rejissorun işinə mane ola bilərdi. Bəzən ən gözəl kadrın alındığı məqamlarda belə, çəkilişin getdiyi mənzilin aşağı qonşusunun evindəki təmir səsi hər şeyi yenidən başlamağa səbəb olurdu... Ancaq bununla belə aktyorlar bezmir, yenidən çəkilişə davam edirdirlər.
  Filmin rejissoru Rüfət Şahbazov Niyazla Əzizənin səhnəsini çəkirdi. Yan otaqda aktyorlara göstərişini verərək, digər otaqdakı monitordan onları izləyir, bəzi məqamlarda hansı situasiyalara düşməyin lazım olduğunu deyirdi. Aktyorlar da rejissorun dediklərinə əməl edərək ora öz mimika və jestləri də təbiilik qatmağa çalışırdılar.
  Beləcə, bizim ekrandan 2 dəqiqə izləyəcəyimiz bir kadrın nə qədər zaman və əziyyət bahasına başa gəlməsinin şahidinə çevrildik. Çəkiliş proseslərində yaranan fasilələrdə isə aktyorlarla söhbət etmək imkanı da əldə edirdik.
 
 
 

  İnsanları ağlatmaq istəməzdik
 

  İş adamı Yaşar obrazını yaradan Aslan Şirin deyir ki, hər bölümdə serialdakı obrazı daha da genişlənir və şaxələnir: "Bu mənim Xəzər televiziyası ilə ikinci iş birliyimdir. Artıq seriala yeni personajlar da əlavə olunub. Mən bundan əvvəlki bölümlərdə sırf ofisdə çalışan bir iş adamı idim. Artıq yeni bölümlərdə mənim kim olduğum, ailəmin necə biri olduğu aydınlaşır. Serialın çox maraqlı xətti var. Hər seriyada mütləq ssenaristlərimiz bir partlayış edirlər. Ona görə də "Ata ocağı" çox baxımlı və maraqlı bir serialdır".
  Əzizə obrazının ifaçısı Xatirə Süleymanova ailəsini sevən, həyat yoldaşına bağlı olan, zamanında sevib ailə quran, sədaqətli və sadiq, tipik bir Azərbaycan xanımını canlandırır. O deyir ki, bu gün Əzizənin yerində olan saysız xanımlarımız var: "Əzizə arzulayır ki, ərini içkidən uzaqlaşdırsın, onu içki dostlarından ayırsın. O, əriylə geyim, yemək, gəzmək davası etməyən, sadəcə, uşaqları və həyat yoldaşı ilə birgə mehriban ailəsini arzulayan bir qadındır. Ancaq həyat elə gətirir ki, əri içkiyə aludə olur, evə yad kişilər gətirir. Bu da ailədə soyuqluq yaradır. Ərin içkiyə bu qədər aludəçi olması bir ailənin dağılmasına, bədbəxt bir hadisənin baş verməsinə səbəb olur".
  Xatirə xanımla söhbətimizdə ona "əgər sizin başınıza belə bir hadisə gəlsə, hansı reaksiyanı verərdiniz" sualını ünvanladıq. Cavab verdi ki, insanların hadisələrə münasibəti fərqlidir. Qadın var ki, heç zaman buna dözməz və qəbul etməz, çıxıb gedər: "Qadınlarımıza belə tale arzulamıram. Bizim xanımlarımız xoşbəxt olmağa layiqdir. Dünyanın ən gözəl xanımları Azərbaycan xanımlarıdır. Ən böyük xoşbəxtliyin bizim xanımlara qismət olmasını arzulayıram. Elə mən də Əzizə kimi ailəmin dağılmaması üçün ərimə, onun kaprizlərinə dözərdim. Balalarımı atasız böyütməmək üçün hər cür çətinliklərlə üzləşərdim. Həmişə ailəni dağıdan sevgisizlik olur. Əzizə ilə Niyaz arasında sevgi var. Sadəcə olaraq bədbəxt hadisə nəticəsində Əzizənin balaları ölür və o bunun üçün ərindən imtina edir".
  Əziyyətlərə qatlaşan Əzizənin nə zaman işıqlı günə çıxacağına isə, aktrisa əmin deyil: "Mən özüm ümidliyəm ki, Əzizə nə vaxtsa gözəl günə çıxacaq. Hətta ssenaristə demişdim ki, "Sevil" in Balaş obrazına bənzədirəm bunu". 
Serialda mənfi qəhrəman kimi tanınan, əyyaş Niyaz obrazını canlandıran əməkdar artist Elman Rəfiyev deyir ki, işini bilən, peşəkar insanlarla işləməyin özü bir üstünlükdür. Bu da ona qismət olub: "İlk dəfə rejissorumuz Rüfət Şahbazov bu rolu mənə təklif edəndə, maraqlı gəldi. Çünki tam fərqli obraz idi. Mən xarakterik rolları ifa etməyi çox sevirəm. Hesab edirəm ki, aktyor bir ampluada özünü tanıtmamalıdır, bütün obrazları oynamağı bacarmalıdır. Təbii ki, bu fərqli obraz da məni özünə çəkdi. Bu təklif mənə mayda gəlmişdi və düşünürdüm ki, bunu necə ərsəyə gətirəcəyəm. Teatrda da, kinoda da aktyorun öz istedadını tam şəkildə göstərməsinə şərait yaradan təbii ki, rejissordur. Rejissor çalışır ki, aktyor bu obrazı tamaşaçıya onun istədiyi kimi çatdırsın. Rüfətlə işləmək, həqiqi mənada xoşdur. Çəkiliş qrupu peşəkardır. Burda Rüfət bəy hər detalı o qədər incəliklə işləyir ki..."
  Aktyor canlandırdığı mənfi obrazının onun tamaşaçıları tərəfindən birmənalı qarşılanmadığını da dilə gətirdi: "Son vaxtlar mənə serial aləmində ancaq mənfi obrazları verirlər. Müsbət rollarım da olub. Müəllimlərim həmişə deyirdi ki, mənfi rolu oynayıb tamaşaçı nifrətini qazanmağı hər aktyor bacarmır. Bu obrazı tamaşaçıya necə təqdim edirsənsə, tamaşaçıda istər-istəməz, ikrah hissi oyanır. Mən sosial şəbəkədə insanların yazdığı şərhləri oxuyuram. Bəzi tamaşaçılar həqiqətən inanırlar ki, mən həyatda da beləyəm. Yazırlar ki, sənə bu da azdır, gərək araq butulkasından əl çəkəydin".
 
 
 
 
  24 saata meydan oxuyan komanda
 

  Çəkilişlər bitdikdən sonra rejissorla söhbət etmək imkanı əldə edirik. İşlərinin çoxluğundan şikayət edən rejissorla da söhbətimiz maraqlı keçdi. Uzun illərdir ki, Xəzər televiziyasında müxtəlif mövzularda və janrlarda seriallar çəkən rejissorun sözlərinə görə, "Ata ocağı" serialı indiyədək çəkdiyi bütün seriallardan daha ağırdır: "Artıq iki aydır efirdəyik. Çəkilişlərə avqustdan başlamışıq. Aktyorlar tam xarakterlərini tutublar. Artıq iş öz axarına düşüb. Təkcə mövzu deyil, hətta çəkiliş prosesi də ağırdır. Bir az zamanla mübarizə aparırıq, çünki vaxtı çatdıra bilmirik. Gecə-gündüz işləyirik. Burda hamı həvəslidir. Aktyorlar can qoyurlar. Həqiqətən də kollektiv mükəmməldir. Həm peşəkar, həm də işlərini sevirlər deyə, onlarla işləmək heç də çətin deyil. Yeni gələn nəsil isə peşəkarlara baxıb onlar kimi olmaq istəyir".
  Layihənin ssenarist Valeh Əhmədova məxsus olduğunu deyən rejissor etiraf edir ki, bu günə kimi daha çox sevgiyə və digər mövzulara müraciət etsələr də, bu mövzudan yayınıblar: "Burda isə sevgi var, ancaq əsas başda ata durur. Ailəni heç nəyə qurban vermək olmaz. Bu üç ailə ilə həyat prosesini insanlara göstərməyə çalışırıq. Ailədaxili münasibətlər, insanların xarakterlərini göstəririk".
  Qonağı olduğumuz seriyalar 31-35-ci seriyalar idi. Rejissorla söhbətdən aydın olur ki, onlar süjetləri çəkib, montaj qruplarına göndərirlər. Montaj ustaları kadrların üzərində çalışırlar. Sonra isə bütün komanda ilə birlikdə hazır varianta baxırlar. Rejissor bildirdi ki, həftənin 6-cı günləri səhərə qədər montaj işləri ilə məşğul olurlar: "Montajçılarım da peşəkardırlar. Hər bir rejissor çəkdiyi bir işin montajında iştirak etməlidir".
  Qeyd edək ki, sözügedən serialın aktyor heyətində sevilən, eyni zamanda bu sənətdə özlərini təsdiqləmiş insanlar yer alıb. Onlardan Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfər, Asya Atakişiyeva, Elçin Əfəndi, Elman Rəfiyev, Əzizə Həşimova, Günel Məmmədova, Kazım Həsənquliyev, Kəmalə Mehdiyeva, Mənsurə Əhmədova, Mirseyid Zeynalov, Nəzakət Məmmədova, Rəşad Bəxtiyarov, Şəhanə Yusifova, Ülviyyə Rza, Vahid Orucoğlu, Valeh Əhmədov, Xatirə Süleymanova, Xəyalə Meydanova, Zaur Əliyevi göstərə bilərik. Serialın icraçı prodüseri isə Amiran Babayevdir.