Biz imzaları yox, əsərləri dərc edirik...

Aşiqlər aşiqi, dəlilər dəlisi – Vaqif Bayatlı Odərin yeni şeirləri
213
24 Sentyabr 2018, 09:40
 Artkaspi.az Vaqif Bayatlı Odərin yeni şeirlərini təqdim edir:
 
 


 
 İlahi! Tanrım!
 Bu dağları bir zamanlar
 göyüzünün son qatından
 aşağıya çəkdiyintək
 sən qalxan göyləri də
 bircə anlığa görməkçün
 bu göyü də aşağı çək.
 O Ruhunur, İlahinur qalxan göylər
                       Tanrım! İlahi!
                       Bu göyləri bir zamanlar
                       göyüzünün son qatından
                       aşağıya çəkdiyintək
                       söz qalxan göyləri də
                       bircə anlığa görməkçün
                       son göyü də aşağı çək.
 
 Sözün insan şeirindən Tanrı Şeirinə aşdığı an
 
 Döz, döz, Sözsüz uçmayan, 
 Uçmağa hər an, hər zaman 
 Söz istəyən qanadım, döz,
 Söz insan göyündən yox, 
 Tanrı göyündən qanadlanar,
 İnsan göyündən Tanrı göyünə 
 Aşdığı andan da Söz
                    Göyüzü adlanar.





 
 Cəhənnəmdə də haqq arayanlarçün odərlər nəğməsi
 
 Dünya, dünya, biz də varıq,
 bizi də Tanrı yaradıb,
 lap elə cəhənnəmdə də 
 haqq ararıq, eşq ararıq,
 çox da ki, ayaqyalınıq,
 ancaq özümüzü heç vaxt
 ayaqyalın saymırıq,
 baxın, ayaq dərimiz
 ayaqlarımızda çarıq,
 yeyilir, çarıq azalır,
 demək biz varıq, azalır.
 Çox ucalardan dönürük,
 salavat çevirən əltək
 göyün üzündən enirik,
 günəş bizimlə qalanır, 
 yanıb günəşə dönürük,
 hər an, hər an sevinirik,
 yanımızda bir-birinə
 sarılan dostlar, doğmalar,
 yaramızda, canımızda
 yanan dost qucağından
 sarılan sarıq azalır,
 Daha da bərk qucun, dostlar!
 Biz yandıqca, artır işıq,
 baxın qaranlıq sozalır,
 demək, biz varıq, azalır,
 
 Azərbaycan, sən məni hamıdan dəli,
 hamıdan suçlu, hamıdan güclü edəli
 
 Sən Allahın ən sevimli,
 ən dəli qızı Eşq sözütək,
 sən Eşqin hər an yenidən Allaha
 bir an öncəkindən daha gözəl, 
 daha çiçək görünən üzütək.
 Sən balaca, körpə suların
 yumru-yumru axmağıtək,
 o yumruların yumrulanıb, açılıb, 
 hər an bir daha, bir daha göyə, Allaha
 körpə su sevgisiylə baxmağıtək,
 Sağ ol, mənim dəlidən də dəli yurdum,
 nə  ayağın altındakı yumru torpağa,
 nə başın üstündəki yumru göyə,
 məndən başqa bir kimsəyə
 aman vermədin sənə dəli deməyə,
 sağ ol, mənim ağıllıdan ağıllı, dəlidən dəli, 
 eşqdən də eşqli yurdum,
 ağlamalıdan ağlamalı,
 gülməlidən gülməli yurdum.
 
 Çünki mən səni elə sevdim, elə sevdim
 bu dünyada bir kimsəyə nə dəlilik,
 nə ağıl, nə də eşq qaldı sevməyə,
 sən beləcə, məni bu dünyada
 hamıdan çox sevməkdə suçlu etdin hər an,
 həm də hamını hamıya sevdirməkdə də 
 hamıdan dəli, hamıdan gülməli,                      
 hamıdan güclü etdin, Azərbaycan.
 
 Tək bir dərəsiz, dağsız da 
 Vətən yarım vətən demək

 İllərdi Qarabağ sözünə, həm də dopdoğmaca Vətənimizi qoruyan dopdoğmaca əsgərlərimizə, əsgərlərimizin canındakı muğama, cəngiyə  tez-tez baş çəkən Aqil Abbasa
 
 


 
 Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
 mən elə bilirdim, Sən də o zaman 
 Şuşada həlak olmusan?!
 Deyirlər, bizimkilər çəkiləndən sonra 
 Şuşanı qorumağa qalxan onlarla tar 
 hamısı orada döyüşüb həlak olublar, 
 düşmən hələ də qorxuyla yollara baxır, 
 həm də onlar bizim qayıtmağımızdan çox, 
                  Tarın qayıtmağından qorxur.
 Sən də, sən də  hələ sağsan, sevgililər sevgilisi,
 aşiqlər aşiqi, dəlilər dəlisi sultanım saz?
 Mən elə bilirdim, sən də Şuşada şəhid olmusan,
 səni döyüşlərdə neçə yerdə şəhid olan,
 bütün şəhid ruhlarımıztək elə vurulan an
 yenidən qalxıb döyüşə atılan görüblər,
 qardaşım saz, hər an, hər zaman
 yenidən qılınctək sıyrıl, eşqtək şahlan.
 Tək Qarabağsız yox, bir dərəsiz, dağsız da
 Vətən yarım vətən demək,
 əsgərləri yarım əsgər, generalları yarım general, 
 hətta çiçəkləri yarım çiçək demək,
 ey əlli milyonun göy, qırmızı, yaşıl qanı bayraq,
 hər an göyünə, qırmızına, yaşılına yaraşan
 bayraqlar bayrağı əsgər doğ bizə,
 qanadlan, tək göydə yox, həm də qanımızda aç, uç,
 aç, uç, damarlarımızda bütöv Azərbaycan doğ,
 elə o tay, bu tay, Xəzər qarışıq Azərbaycan 
                                             Xəzərbəycan doğ.    
 
 
 525.az