Biz imzaları yox, əsərləri dərc edirik...

Aşiqin səcdəgahı sevgilisidir – Asif Ata
770
19 Oktyabr 2018, 08:58
 Artkaspi.az Asif Atanın "Müqəddəslik" adlı məqaləsini təqdim edir:
 
 Dahi aşiqin qəlbində daim bir ehtiras yanar: səcdə qılmaq ehtirası. Aşiqin səcdəgahı sevgilisidir.
 Səcdəgaha səcdə qılmaq, dünyaya, həyata, insana tükənməz inam bəsləməkdir. Səcdə qılmaq – başqasında ən ülvi, ən ali bir məna tapmaqdadır.
 

 
 ...Səcdə qılmaq – dünyanı sirli, möcüzəli bir varlıq kimi görmək, dərk etməkdir.
 Əsl insan heyrətə layiqdir. Səcdə heyrətdən doğur. Səcdə qılan adamın ürəyində atəş sönməz, ehtiras tükənməz. Gözlərində heyrət işığı azalmaz. Səcdə qılmaq – bir şəxsin timsalında bəşəriyyətə qovuşmaqdır.
 Səcdə qılmaq – təmizlənmək, ucalmaq, munisləşmək, müqəddəsləşmək deməkdir. Müqəddəsliyə qovuşan kəs kiçiklikdən, cılızlıqdan, bayağılıqdan, bəsitlikdən uzaq olar.
 Müqəddəsliyə qovuşmaq – dünyanın qədrini bilməkdir. Bütün nemətlərin qədrini bilməkdir: gülün, çiçəyin, dostluğun, məhəbbətin...
 Müqəddəslik ülvilik əlamətidir. "Gül incədir” – deyəndə biz gülün bir cəhətini dərk edirik. "Gül gözəldir” – deyəndə biz gülün ümumi mənasını anlayırıq. "Gül müqəddəsdir” – deyəndə onun saflığını, ülviliyini, ucalığını dərk edirik.
 Məcnun daim səcdəqılandır, dahiyanə pərəstişkardır. Leyli onun səcdəgahıdır. Məcnun pərəstişkarlığında çox böyük bir özünütəsdiq vardır. O, səcdə qılmaqla öz mənəvi aləmini büruzə verir, özünü ali səviyyədə təsdiqləyir. Bu təsdiqləmə məqamında pərəstişkarlarla səcdəgah hansı bir nöqtədəsə birləşir.
 Leyliyə pərəstiş etməklə Məcnun kiçilməmiş, əksinə, yüksəlmişdir. Qeysin Məcnunluq şöhrətində pərəstişkarlığın payı çoxdur. Leyli Məcnun üçün böyük bir dünyaya çevrilmişdir. Bu, yeni müqəddəsliyin yaranması deməkdir.   Məcnunun böyüklüyü həmin dünyanı kəşf etməsində, ona əbədi bağlanmasındadır. Təbiidir ki, bu dünya qəhrəmanı əhatə eləyən aləmdən tamamilə fərqlidir və Məcnun faciəsi – həmin dünya ilə öz dünyası arasındakı ziddiyyətdən doğmuşdur.
 

 
 Şübhə yoxdur ki, başqalarının Leyli haqqında təsəvvürü ilə Məcnunun Leyli haqqında təsəvvürü arasında yerlə göy qədər fərq vardır. Bu da təbiidir. Məcnun Leyliyə adi bir şəxs kimi yox, böyük bir dünya kimi baxır. Bu dünyanın öz məntiqi, öz qanun-qaydaları, öz meyarı vardır.
 Əsl məhəbbət – insanın başqasının gözündə bir dünyaya çevrilməsidir. Məhəbbət müdrikliyi və şairanəliyi elə bundadır.
 Məcnun Leyli haqqında düşünərkən həmişə böyük və kamil bir dünya haqqında düşünür. Bu dünyada, bu aləmdə hər şey məhəbbətdən xəbər verir.
 Nə üçün Məcnun heyvanat aləmində özünə, öz məhəbbətinə yer tapır, ancaq insanlar arasında yox? Niyə Məcnun insanlardan qaçır? Çünki onu əhatə edən adamlarda məhəbbətə səcdə qılmaq meyli yoxdur. Çünki insanlar məhəbbətdə müqəddəslik axtarmırlar. Məcnunun məhəbbət aləmində qəmin də, fəryadın da, sevincin də, kədərin də, hicranın da, vüsalın da mənası tamamilə başqadır. Burada aşiq qəmi ən yüksək müdriklik kimi qiymətləndirilir.
 
 Ya Rəb, bəlayi eşq ilə qıl aşina məni!
 Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
 Az eyləmə inayətini əhli-dərddən,
 Yəni ki, çox bəlalarə qıl mübtəla məni!
 Olduqca mən götürmə bəladan iradətim,
 Mən istərəm bəlanı, çün istər bəla məni!
 
 Məhəbbətin məntiqi adi, bəsit şüurun məntiqinə ziddir. İnsan da bəla istəyərmi?
 Bu necə aləmdir ki, burada rüsvaylıq – ən böyük şöhrət, əzab – ən böyük nəşə, fəryad atəşinə yanmaq isə ən böyük hünər sayılır? Bu necə sevgidir ki, vüsal səadətinə ehtiyac yaranmır, çünki onlar bir-birinin qəlbində, düşüncəsində yaşayırlar.
 
 Sənsən hala tənimdə canım,
 Gözdə nurim, ciyərdə qanım,
 Məndən bəri eylədin məni sən,
 Ərzə kimi eyləyim səni mən.
 
 Getdikcə Məcnun üçün hər şey dəyişir. Çıraq da, ay da, bulud da, gecə də, ulduzlar da bir anda dəyişilir, məhəbbətdən söhbət açan rəmzə çevrilir. Onlarda aşiqlik nişanəsi peyda olur. Onlar adilik dairəsindən çıxır, yeni, qeyri-adi məna kəsb edirlər.
 Bulud "fəryad” timsalı, gecə "zülmət içində yol itirən matəmzadə”, dəvə "başı açıq, ayağı yalın” sevdazadədir. Bunların hamısına qəhrəman məhəbbətin gözü ilə baxmışdır.
 

 
 Yerlə göy, canlı ilə cansız birləşmişlər. Məhəbbətlə təbiət arasındakı məsafəni qısaltmış, təbiət insana, insan isə təbiətə çevrilmişdir. Həyatda bir-birindən uzaq olan hadisələr yaxınlaşmış, qəlbin və ağlın əhatə dairəsi genişlənmiş, sonsuzlaşmışdır.
 Məhəbbət insanlara çox adi, lakin daim unudulan bir hikməti xatırlatmışdır: dünyada nə varsa, bir-birinə qohumdur, pərvanə ilə aşiq arasında doğmalıq, yaxınlıq vardır.
 Bu həqiqəti bəzən biz unutsaq da, məhəbbət bizi yenidən ona qaytarır, dünya gözümüzdə böyüyür, müqəddəsləşir.