Biz imzaları yox, əsərləri dərc edirik...

ARTKASPİ-nin “mətbəx"i
1862
16 Fevral 2018, 09:34
 Artkaspi.az Cahan Seyidzadənin "ARTKASPİ-nin "mətbəxi" adlı yazısını təqdim edir: 

 

 
 "Artkaspi” mənim üçün doktorantura imtahanlarına hazırlaşdığım, gələcəyin qeyri-müəyyənliyi və taleyin bilinməzliyindən gileyləndiyim bir vaxtda və heç gözləmədiyim anda doğulub. Doğulub deyirəm, çünki "Fərid Hüseynlə görüşüb işlə bağlı təfərrüatları müzakirə etdiyimiz vaxt öyrəndim ki, yeni bir sayta işə düzəlirəm. Beynəlxalq Mətbuat Mərkəzində yerləşən o isti, şirin, balaca məkana daxil olub yerimlə tanış oldum. 
 
 

 ...İşimiz çox idi: əlimizdə olan yazılar, məqalələr redaktə olunmalı, həmçinin, Azərbaycan və Dünya ədəbiyyatını əhatə edən böyük bir kitab fondu sayta yerləşdirilməli idi. Ayrıca yeni müsahibələr alınmalı, reportajlar hazırlanmalı, yeni yaranacaq olan saytın qısa müddət ərzində özünü təsdiq etməsi və "mən də burdayam” deyərək digər ədəbi portallara meydan oxuması üçün ciddi cəhdlə çalışması, fərqli, yeni, müasir ədəbiyyatın maraqlarına cavab verəcək layihələr lazım idi. İşimiz bununla da bitmirdi. Bütün materialların sistemə salınıb, konkret müəyyənləşmiş vaxt cədvəli əsasında paylaşılması da ən az saytın səsini duyurması qədər vacib məsələlərdən idi. Lakin qısa zamanda hər şeyi yoluna qoyduq. Fevralın 17-si 2017-ci il tarixində "Artkaspi” portalı digər ədəbiyyat saytlarından heç də geri qalmayacaq bir şəkildə rəsmi olaraq fəaliyyətə qoşuldu. 
 

  Müsahibələr
 
 Mənim üçün "Artkaspi”də işlədiyim vaxtların ən maraqlı anlarından biri təbii ki, müsahibələr idi. Müsahiblərimizlə baş vermiş ən maraqlı hadisələri yenidən xatırlamaq özüm üçün də çox xoş olacaq. İlk başlarda hər nə qədər müsahibə almaqdan qorxsam da, Şair, "Orxan Fikrətoğludan müsahibə alacağıq” deyəndə, uzun müddət özümə gələ bilmədim. Uşaqlığımdan bəri televiziyada maraqla izlədiyim zəhmli, ciddi və lakonik cümlələriylə hər kəsin sevimlisinə çevrilmiş "Köhnə Azərbaycanlı” Orxan Fikrətoğluya sual hazırlamaq həyəcanımı ikiqat artırırdı. Açığı özümü o qədər inandırmışdım ki, elə bildim Orxan müəllim otağa daxil olan kimi sakit və soyuqqanlı şəkildə "Vaxtınız xeyir, sizin Köhnə Azərbaycanlı Orxan Fikrətoğlu” deyərək özünü təqdim edəcək və çox vaxt itirmədən müsahibəyə başlamağı təklif edəcək... Amma Orxan müəllim otağa daxil oldu, çox mehriban və gülərüz tanışlıqdan sonra vaxt itirmədən "Fərid, təzə hekayəmi oxumusan? Bu gün çıxıb” dedi, sonra da üzünü mənə tutub "siz mənim kitablarımı oxumusunuz?” deyə soruşdu. İkimiz də bir-birimizə baxdıq, mən sualı təsdiq cavabı versəm də, şair hekayənin həmin gün çıxması faktını səbəb gətirib inkar elədi. İlk müsahibəmiz xeyli maraqlı olmuşdu. Ki başqa ədəbi saytlar da bu müsahibəni öz portallarında yerləşdirdilər. Lakin məsələnin ən maraqlı tərəfi müsahibə çıxan günə qədər Orxan müəllimin gecə və gündüz müxtəlif saatlarda zəng vurub yazıyla maraqlanması idi. İş o yerə gəlib çatmışdı ki, otaqda olduğu müddətdə şairə zəng gələn kimi soruşurdum ki, "Orxan müəllimdir?”, şair də, sakit-sakit başını tərpədib təsdiqləyirdi.
 
 

 
 
 İkinci ən maraqlı müsahibimiz məşhur "Platon müsəlman olub” fikriylə bir neçə müddət söz-söhbətə səbəb olan, qalmaqallı müsahibənin müəllifi Əsəd Cahangir idi. Əsəd müəllimlə olan müsahibənin ən yadda qalan tərəfi şəkil çəkdirmə mərhələsi idi. İlk müsahibədə "Kaspi” yazılan divarın fonunda Əsəd müəllimin əlləri havada, düşüncəli göründüyü 2-3 şəkil çəkmişdik. Əsəd müəllim sonradan etiraz etdi ki, o şəkillərdə əlim havadadı, çox aqressiv görünürəm, hamı elə biləcək əsəbiləşmişəm (həqiqətən də, əsəbləşmişdi). Lakin vaxtın azlığına görə məcbur müsahibəni o şəkillərlə verdik. Elə bildim ki, məsələ bununla da bitdi... Əsəd müəllimin yazıları saytımızda vaxtaşırı getdiyi üçün baş redaktorumuz bir gün dedi ki, Əsəd müəllim yeni yazıları üçün şəkil çəkdirmək istəyir, köhnələr xoşuna gəlmir. Ona köməklik edərsən. Bir gün Əsəd müəllim gəldi. Mən yenə də "Kaspi” yazılan divarın fonunda nə az, nə çox Əsəd müəllimin yaxından və uzaqdan ayaq üstdə, oturduğu yerdə, sağa baxdığı, sola baxdığı, qəzet oxuduğu, kitabı vərəqlədiyi, gülümsədiyi, ciddi olduğu, düşüncəli göründüyü, pencəkli, pencəksiz və s. formalarda olan düz 67 şəklini çəkdim. Təxmin edərsiniz, heç birini tam ürəkdən bəyənmədi.
 
 
 
 Lakin birtəhər cəmi 3 şəkli digərlərinə nisbətdə bəyəndi və dönə-dönə tapşırdı ki, bu üç şəkli qarışdırmayım, düzgün işarələyim və yazılara bu şəkillərdən birini yerləşdirim. Sonradan yenidən yoldan yığıb dedi ki, o pencəksiz şəklimlə, düşüncəli göründüyüm şəkli də çıxar, elə bilərlər ki, nəyinsə fikrin edirəm. Bircə o bayrağın yanında olan şəklim qalsın... Razılaşdım və bu şəkil məsələsinin burada bitdiyinə özümü inandırdım. Amma deyir sən saydığını say, gör fələk nə sayır. Yorğun bir iş gününün sonuna yaxın özüm üçün çay süzməyə gedirdim ki, Əsəd müəllim qapının ağzında məni haqladı. Hal-əhval tutandan sonra dedi ki, burdan keçirdim dedim gəlib təzə şəkil çəkdirim, o birilər heç ürəyimə yatmır. O bayraqla olan şəkildə aypara tam düşməyib. Allahdan gizli deyil, sizdən nə gizlədim, utanaraq və çəkinə-çəkinə yalandan dedim ki, "Əsəd müəllim, telefonumu itirmişəm, burda da sizin şəklinizi çəkmək üçün başqa bir vasitə yoxdur. Başqa bir vaxt gəlsəz, mütləq çəkərik”. Yaxşı ki, sonradan jurnalistlərə ev verilməsi məsələsi gündəmə düşdü, yeni şəkil çəkdirmək də Əsəd müəllimin yadından çıxdı...
 
 

 Şəkil mövzusunda narahatlıq keçirən, kaprizləri olan digər müsahiblərimiz də var idi, təbii ki, lakin mən orada çalışdığım müddətdə Əsəd müəllimin rekordunu təzələyən olmadı...
 Maraqlı müsahibələrdən biri də Qulu Ağsəslə olan idi. Fərid Hüseyn, Aytac və mən Qulu müəllimdən müsahibə aldığımız yerdə, birdən qapı açıldı, Dayandur Sevgin otağa daxil oldu, səs yazısına əhəmiyyət vermədən Qulu müəllimlə öpüşüb görüşdü, üzbəüzdəki boş stulda oturdu və başladı ədəbiyyatın son vəziyyəti ilə bağlı müsahibimizə suallar verməyə. Sonra da dedi ki, istəsəz bu yerləri də müsahibəyə əlavə edərsiniz. Üçümüz də mat-məəttəl bir-birimizə baxdıq...
 

 
  Perspektiv vəd edən kollektiv
 
 

 

 İşçilər barədə söhbət açmaq istərdim. 

 

 
 Məncə, qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, "Artkaspi”nin hər zaman özünəməxsus işçiləri olub. Məsələn, Xatirə Nurgül daha çox həssaslığı, sakitliyi, eləcə də saytın texniki məsələlərində və admin paneldə etdiyi işimizi yüngülləşdirən "kəşfləriy”lə yadda qaldı. Xatirə xanımın maraqlı bir vərdişi də var idi ki, eşitdiyi hər hansı söz, ifadə və ya bir şəxsi həmin dəqiqə "Google”da axtarışa verirdi. Bəzən işimizin olmadığı vaxtlarda ordan-burdan söhbətimiz zamanı hər hansı bir ifadəni işlədən kimi şairlə bir-birimizə baxırdıq ki, Xatirə xanım indicə "google”da axtarışa başlayacaq. Elə də olurdu.
 


 – Redaksiyamızın sonbeşiyi Aytac Quliyeva isə gözəl zümzümələri, işi çətinə düşəndə əcaib səslə "lanet olsun, ahbab” deyib bizi yorğun olmağımıza baxmayaraq güldürməsi və bu ifadəni hələ də çətin vəziyyətlərdə işlədəcək qədər dilimizə düşürməsi ilə özünü sevdirsə də, ən əsası işinin çox olduğu günlərdə başını klaviaturadan qaldırmaması, çay, kofe təkliflərini rədd etməsi, yalnız və yalnız oxuduğu yazıya fokuslandığı üçün tez bir zamanda Aysuyla ikimizin müəllifi olduğumuz "İkinci Fərid Hüseyn” ləqəbiylə tanınmaqdan yayına bilmədi. O, redaksiyamızın balaca qızı idi, hamımız da ona valideyn qayğısı ilə yanaşırdıq. Lakin onun sözə qulaq asan övlad olmağa heç fikri yox idi
 


 Aysu Kərimova isə türklər demiş, "ciddi vaka” idi... Mən məzuniyyətdə olduğum vaxt gəlmişdi, həmin günlərdə nəsə öyrənmək üçün nazikcə yazdığı "Salam, Cahanxanım, necəsiniz? Bağışlayın narahat edirəm” kimi ismarıcların altında başqa bir qızın olduğunu ilk andan hiss etmişdim.
 
 
 
 Yanılmadım, tanış olduğumuz ilk gündən min ilin tanışı kimi doğmalaşdıq. Murathan Mungan demiş "bütün qadınlar kimi bir-birimizi yaralarımızdan tanımışdıq” çünki... Amma yaralarımızdan çox bizi yaxınlaşdıran zövqlərimiz, sənət və bir çox mövzularda eyni fikirdə olmağımız, ən əsası isə möhtəşəm yumor ortaqlığımız idi.
 
 

 Bu kollektiv barədə danışarkən təbii ki, "Çəhrəyı eynəkli xanım”ı, yəni Günel Şamilqızını unutmaq günah olar. Hər nə qədər iş yoldaşı ola bilməsək və eyni otağı bölüşməsək də onun da ən qısa müddətdə "Artkaspi”yə adaptasiya olmasından əminəm... İlk günlərdən qazandığı ləqəb Günel xanımın da artıq "kollektivin hədəfində” olması faktını təsdiqləyir.
 
 

 
 
 "Bayramlar”
 
 Bu ifadəni adının çəkilməsindən xoşlanmayan şair "kəşf etmişdi” və bizə görə özünün məzuniyyətdə, xarici səfərlərdə olduğu vaxtları ifadə etmək üçün işlədirdi. 
 Amma etiraf etməliyəm ki, bu bayram günlərinin bitməsini ən az başlaması qədər səbirsizliklə gözləyirdik. Çünki bilirdik ki, dönüşdə şair bizə mütləq maraqlı kitablar və şirniyyat payı gətirəcək, səfərdə gördükləri barədə maraqlı təəssüratlarını danışacaq. Qızların da adından deyə bilərəm ki, əsl bayram baş redaktorumuzun gedişindən çox dönüşü idi...
 
 
  Sön söz əvəzi
 
 "Artkaspi” mənim üçün yeni dünyanın qapılarını açan bir açar idi. Elə bir dünya ki, özüylə yeni-yeni həyəcanlar, təcrübələr, nəticələr, tanışlıqlar, ən əsası isə yeni bir ailə gətirdi. Elə bir ailə ki, hamının pəncərəsiz olmasından gileyləndiyi "yuva”dan uçduqdan sonra belə diqqətini, sevgisini məndən əsirgəmədi... Nəzərlərini üzərimdən çəkmədi, əllərimi buraxmadı...
 
 

 "Artkaspi” mənim ilk iş yerim, ilk təcrübələrimi qazandığım ünvan olub...
 "Artkaspi” mənə Fərid Hüseynin bağışladığı xeyli dəyərli kitab qazandırıb...
 "Artkaspi” mənə dəyərini heç nəylə ölçə bilməyəcəyim dostlar ərməğan edib...
 VƏ...  
 "Artkaspi” məni ən sevdiyim yazıçıyla görüşdürüb, bəzən səhvlərimi görməyi və onlardan nəticə çıxarmağı öyrədib, bəzən də, yox, bəzən yox, elə "hər dəfə bağışlayıb”, könlümü alıb, həyatımda heç vaxt gülmədiyim qədər güldürüb...
 İnanıram ki, hələ bundan sonra qucağına alıb sardığı, saracağı bütün insanları güldürməyə, sevindirməyə, onlara da yeni dünyaların qapısını açmağa davam edəcək. Mən də bu yolda "ilk”imə – "Artkaspi”yə, onun baş redaktoruna, bir-birindən istedadlı işcillərinə , uğurlar arzulayıram...