Dünya uşaq ədəbiyyatı və uşaq filmlərinin şah əsərlərindən hesab
edilən "Çarlinin şokolad fabriki” ("Charlie and the chocolate factory”) romanının
tarixçəsi ilə bağlı yeni faktlar aşkarlanıb. "HuffingtonPost”-da yer alan
xəbərə görə, dünyanın ən uğurlu və orijinal müəlliflərindən Roald Dahlın xanımı
Lissi Dahl "BBC RADİO 4”-ə verdiyi açıqlamada həyat yoldaşının dünyaca məşhur
əsəri haqqında bəzi faktlar açıqlayıb. Onlardan ən diqqətçəkəni isə xanım
Dahlın baş qəhrəman haqqında dedikləri olub: "Roald əsəri yazanda oradakı Çarli
"balaca qara oğlan” kimi təsvir olunmuşdu. O, bir çox məhrumiyyətə məruz qalmış
qaradərili, kasıb ailənin ağıllı oğlu idi. Əsər çapa hazırlananda yenidən geri qaytarıldı və Roald Çarli ilə bağlı bütün
səhnələri, nüansları dəyişərək ona ağdərili qəhrəman kimi yenidən həyat verdi.
Səbəbini bilmədim, amma çox təəssüfləndim”.

Təbii ki, xanım Dahlın verdiyi məlumat araşdırılıb. Roald Dahlın
bioqraferi Donald Starrok bununla bağlı açıqlama verib: "Roaldı qaradərili
qəhrəman yaratmaq fikrindən ədəbi agenti yayındırıb. Əsərin çapa getməyə hazır
versiyası ilə tanış olan agent yazarı gündəmdə bu məsələnin çox qabardıldığına,
qaradərili qəhrəmanla əsərin bu qədər alternativ arasında diqqət çəkməyəcəyinə
inandırıb”.
Əsərin orijinal versiyası ilə tanış olan Starrok deyib: "Düzdür,
balaca qəhrəmanlar necə təqdim edilirsə edilsin, sevilirlər. Mən orijinal
versiyanın ciddi fərqlə üstün olduğunu düşünmürəm. Bəlkə də, Çarlini artıq
sarışın balaca kimi sevmişik”.
Hazırladı: Elcan Salmanqızı