Biz imzaları yox, əsərləri dərc edirik...

Anna Axmatovanın Stalinə məktubları
1002
21 Sentyabr 2018, 08:28
   Çox hörmətli İosif Vissarionoviç!

  Sizin mədəni qüvvələrə, əsasən də yazıçılara qayğıkeş münasibətinizdən xəbərdar olduğum üçün Sizə bu məktubla müraciət etmək qərarına gəldim. 23 oktyabrda Leninqradda Xalq Daxili İşlər Komissarlığı tərəfindən ərim Nikolay Nikolayeviç (Rəssamlıq Akademiyasının professoru) və oğlum Lev Qumilyov (Leninqrad Dövlət Universitetinin tələbəsi) həbs ediliblər. İosif Vissarionoviç, onların nədə günahlandırıldığını bilmirəm, amma Sizə and içirəm ki, onlar nə faşist, nə də əksinqilabçı cəmiyyətlərin üzvləri deyillər.
 
 
 

  Mən inqilabın başlanğıcından bəri SSRİ-də yaşayıram, ağlım və qəlbimlə bağlı olduğum ölkəni heç zaman tərk etmək istəməmişəm.
  Leninqradda tamamilə tək yaşayıram və tez-tez uzunmüddətli xəstəliklə mübarizə aparıram. Yeganə iki yaxın insanın həbsi mənə artıq dözə bilməyəcəyim bir zərbə vurur.
Sizdən xahiş edirəm, İosif Vissarionoviç, ərimi və oğlumu mənə qaytarın, əminəm ki, buna görə heç kim, heç zaman peşman olmayacaq.
 
  Anna Axmatova
 
  1 noyabr 1935
 
 
***
 
 
  Çox hörmətli İosif Vissarionoviç!
  Sizdən mənim bədbəxtliyimə qarşı mərhəmət diləməyə haqqım çatırmı?
  6 noyabr 1949-cu ildə Leninqradda oğlum tarix elmləri namizədi Lev Nikolayeviç Qumilyov həbs olundu. İndi o, Moskvadadır (Lefortovoda).
 
 
 
 

  Mən artıq qocalmışam, xəstəyəm və yeganə oğlumla ayrılığa dözə bilmirəm. Oğlumun geri qaytarılması üçün Sizə yalvarıram. Mənim ən böyük arzum onu Sovet elminin inkişafı yolunda çalışan görməkdir. 
  Vətənə xidmət mənim kimi onun üçün də müqəddəs borcdur.
  Anna Axmatova

  24 aprel 1950-ci il

  Leninqrad, Fontanka, 34, m.44
 

Tərcümə edən: Xatirə Nurgül