Biz imzaları yox, əsərləri dərc edirik...

Aniya üçün – Orxan Saffari yazır
1584
23 Yanvar 2020, 08:55
  Artkaspi.az saytı Orxan Saffarinin yazısını təqdim edir:
 
  Aniya var idi. Qonşu qızı Aniya. Mələksima bir qız. Qüsurluydu həm də. Qüsuru da gözəl idi amma. Üzünün gözəlliyi unutdurdu hər şeyi. Bənizi buludun ağ misalı.
 
  Ah, Aniya, Aniya...
 
  Evlərimiz yan-yana idi onda. Çəpər, hasar yox, qapılarımızın taybatay açıq vaxtı. Gecələr hamının məhəllədə yığışdığı, kişilərin söhbət etdiyi, nərd oynadığı, qadınların qeybət etdiyi, uşaqların da ora-bura qaçışdığı zamanlar. 
 
  Sanki uşaqlıq da bizimlə bərabər böyüdü o gündən sonra... 
 
  Aniya məndən böyük idi. İndi yaşı otuzu keçər. Amma uşaq ki, uşaq. Onun kimi qüsurlu adamlar, adətən, daha təmiz, daha gözəl ürəkli olurlar, axı. Bilmirəm onda da bu qüsurlu olduğuna görə idi, ya özü elə belə idi, amma hər nədirsə, çox gözəl idi.
 
  Sevərdi hamını. Çölə-bayıra da çıxmazdı heç. Balaca pəncərəsindən sevərdi həm də. Elə hey otağının pəncərəsindən baxırdı adamlara. Ora onun öz dünyası idi. Sirli, sevgi dolu  dünyası... 
 
  Hər gün bir sevgi dolurdu otağına. Onunla birgə yaşayırdı orda. 
 
  Mən lap uşaqlığımdan danışıram. Sünnət olunanda onun qırmızı-qara ətəyini geyinmişdim. Bax, həmin o vaxtlardan...
 
  Hər gün bir nəfəri sevirdi Aniya. Məktəbdən gəlirdim, görürdüm ki, pəncərənin qabağında dayanıb adamlara baxır. Çağırırdı məni görcək. Sonra da kimisə sevdiyini deyirdi utana-utana. Mənə də tapşırırdı ki, həmin adama deyim… 
 
  Anidən həmin adam da çıxdımı məhəlləyə, gülə-gülə pəncərənin qabağından qaçıb gizlicə onu sezirdi. Onun pəncərəsindən sevgi çox gözəl idi. İndi düşünürəm, kaş elə onun pəncərəsindəncə sevərdim mən də hamını. O pəncərədə yaşanan bütün sevgilər gözəl idi, təmiz idi. Heç bir məqsəd, çirkliliyə söz ola bilməz. 
 
  Aniyanın pəncərəsi...
 
  Ehhh. Günün birində məni də sevdi. 
 
  Mən böyümüşdüm bir az. Bığım çıxmışdı, boy-buxunum yerində. Mənə də başqası dedi ki, Aniya səni sevir. O gündən məni görcək pəncərədən qaçmağa başladı. Onun hansı hisslər keçirdiyi təsəvvür edirdim. İndi həmin hissləri düşünmək məni xoşbəxt edir. Hamıdan qaçdığı kimi qaçırdı məndən.  O, hamını çox sevirdi. Aniya sevgidənmi qaçırdı?!
  
  Halbuki mən onun sevgisinə gülümsəyirdim onda. Onun sevgi pəncərəsi mənim də üzümə açılmışdı...
 
  "Nə xoşbəxt imişəm bir zaman, Allah"
 
  Dostumu itirmiş kimi oldum mən. Gözləyirdim ki, başqa birini sevsin, sərçə balası kimi təzədən qonum o pəncərəyə. O, özü də sərçə kimi qız idi.  
 
  Sevmədi...
 
  Sonra elə oldu ki, məhəlləmiz çəpərləndi, hasarlar çəkildi. Qapılara günün günorta vaxtı kilid vurdular. İnam, etibar, sevgi nə var idisə, hamısı nənəmizin cehizlik sandıqlarında getdi. Qadınlar evə yığışdı, kişilər çölə çıxmadı. 
 
  Uşaqlar da tez böyüdü nəsə...
 
  Bircə onun ətəyi çıxmadı ağlımdan. Bir də o sevgi pəncərəsi. Sonra o sevgiyə də hasar hörüldü. Qəfil oyanıb gördüm ki, pəncərə yoxdu. Elə Aniyagildə. Köçdülər. 
 
  Sərçələr getmirdi, axı...
 
  O gündən sonra harda qırmızı-qara ətək görsəm, onu xatırlayıram. 
 
  Fonda: Ahmet Kaya, "Penceresiz kaldım, anne...”