Biz imzaları yox, əsərləri dərc edirik...

Allahlıq ideyası nəyə lazımdır? – “Sevdiyim əsər” layihəsi – Cavanşir Yusifli
2232
29 Noyabr 2019, 09:51
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz tənqidçi Cavnşir Yusiflidir. Onun sevdiyi əsər  Albert Kamünün "Yad” romanıdır.
 
 

  – Albert Kamünun "Yad” romanı hansı məziyyətinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
  – Kamünün əsərlərini tələbə vaxtlarımdan oxumağa başlamışam. "Yad”ı vərəqlədikcə hiss elədim ki, hələ belə əsər oxumamışam. Əsərin sadə sintaktik tərkibdə, bu cür təsirli olması, folknervari iki səhifəlik yox, sadə cümlələrlə böyük mətləblərin təlqini və izahı məni heyran eləmişdi. Sonra ayrı-ayrı vaxtlarda bu əsəri bəlkə də 15 dəfə oxumuşam. Romanın həcminin az olması da buna imkan verir.
  Tələbə vaxtlarımdan hissə-hissə əsəri tərcümə etməyə də başlamışdım. Maraqlıdır ki, hər dəfə də onu ayrı bir ləzzətlə oxumuşam. Qaldı ki, əsərin sevdiyim məziyyətləri... Birinci cümlə belədir: "Bu gün anam ölüb. Bəlkə dünən olub bu, xəbərim yoxdur. Qocalar evindən teleqram gəlmişdi: "Anan vəfat etdi. Dəfn sabahdır”.
  Fikir verirsinizsə, elə bil roman başlamamışdan əvvəl hadisələr özlüyündə ilkin nəticəsinə çatıb. Roman başlamır, sanki qəhrəman da, hadisə də öz taleyini artıq yaşayıb. Ona görə də əsərə birbaşa daxil olursan. Bizim vərdiş elədiyimiz təsvirlər yoxdur. Sona qədər də bu üslub qorunur.
  Əsərin ikinci hissəsində isə ekzistensialist qəhrəman dəyişir, dünya haqqında, bu günə qədər olan hadisələr barədə düşünür. "Yad” romanı son dərəcə soyuq, ağrısız cümlələrlə başlayır, burada dərhal iki məqam nəzərə çarpır: ilkin olaraq qəhrəmanın baş verən hadisəyə laqeyd münasibətini görürürük, sonra isə sanki, baş verənlərin təsirindən səsini itirmiş insanın iniltilərini eşidirik. 
  Amma Kamü bunu əsərin kompozisiyasını zərrə qədər də olsun pozmadan edir. Mersonun dilindən nəql edilən təhkiyənin sürəti ən aşağı tempdən ən dəhşətli və qarşısıalınmaz becidliyə qədər damcı-damcı böyüyür, əsərin heç bir yerində bu ritm pozulmur. Əsər geniş qapsamlı bir fəlsəfi diskursu xatırladır. Belə deyək, bu cür texniki nüanslar, o vaxt da mənim diqqətimdən yayınmamışdı. Başa düşürdüm ki, bu nə klassik tipli romanlardan deyil, nə də yeni "roman” üslubundadır. Ümumiyyətlə, Kamü yeni tipli yazıçı idi fəlsəfədən çox insanlara həyatın görünməyən qatlarını sərrast və yeni stilistika ilə anladan, həyata və varlığa dair yeni ideyalar kəşf edib bunları ədəbi mətnlərin şəffaf dili ilə dünyaya çatdıran avanqard üslublu büsbütün yeni yazıçı.

  – Əsərin qəhrəmanı Merso – hamıya yadlaşıb, heç kəsdən heç nə ummur, hətta deyir ki, mən yadamsa, mənə bu insanların duaları da lazım deyil. Bu edama məhkum olunmuş insanın dedikləridir. Amma "Yad”ın müəyyən mənada davamı sayılan "Süqut” romanında qəhrəman xilas üçün bütün mümkün vasitələrə əl atır. Əslində, bu əsərlər bir-birinin davamı sayılsa da, bu cür fərqli məqamlar da diqqətdən qaçmır.
  – Kamü dünya, ölüm, ölümün qaçılmazlığı, absurd və s. haqqında düşünürdü. Bu suallar hətta həyatının son anına qədər onun yaxasını bircə an da buraxmayan müdhiş suallar idi. Hətta Kamü avtomobil qəzasına düşüb ağaca çırpılanda da yəqin ki, o suallar onun beynindən çəkilməyib. Həmin suallarınsa cavabları bir yerdən idarə edilə, bir mərkəzdə toplaşa bilməzdi. Həyat kimi ideyalar da dəyişkəndir.
  Ona görə ayrı-ayrı situasiyaları da Kamü qəhrəmanlarını bu cür vəziyyətlərə salıb dünyanın mahiyyətini açırdı. Bir də ki, bu əsərlərdə absurd ideyasının davamı kimi, hansısa xarakter və situasiya oxşarlığından söhbət gedir, fikir oxşarlığından yox. Kamüdə əsas sütün suallar və yozumların sonu absurda söykənir. Həm də axı yadlaşan insanın çöküşü, məhvi, absurdun labüdlüyü baxımından bu romanları bir-birinin davamı hesab edirlər.

  – "Yad” romanında ittiham olunan müqəssir, "Çöküş” romanında isə ittiham edən – vəkil obrazı var. Sizcə, nəyə görə Kamü mühakimə edən və olunan insanlar fonunda absurd fəlsəfəsini açırdı? 
  – Kamü ideya yazıçısı idi, o bütün "izm”lərdən yuxarıda dururdu. Ekzistensializmi ədəbi rakursdan populyarlaşdırdığına görə bu fəlsəfi cərəyanda ilişib qalmırdı, bu baxımdan onu təkcə absurd fəlsəfəsini açan biri kimi təqdim etmək olmaz. Kamü üçün situasiya, qəhrəmanın düşdüyü vəziyyət ideyaya xidmət edir. Bu səbəbdən onun üçün ideya əsas idi. Amma bu cür mühakimə yolları ilə o, ölüm, Allah, absurd və s. haqqındakı ideyalarını yazıçı kimi yazırdı, özü də birbaşa.
  Yəni elə bil əsas hadisələrdən əvvəlki və sonrakı hissələr atılıb, hadisənin ancaq özəyi qalıb. Kamünü ancaq nəticə maraqlandırırdı, təfərrüatlar yox. Kamü mühakimələrlə obrazın və hadisənin açılması baxımından Dostoyevski ilə müqayisə edilə bilər. Onlar əks paralellərdə bir-birinə bənzəyirlər. Ümumiyyətlə, təsir də, oxşarlıq da belə dolayısıyla olmalıdır, birbaşa yox. Bizim ədəbi tənqidçilər paralellərdən yazanda, az qala, yazıçını eyniylə başqa yazıçıya oxşatmağa çalışırlar. Məsələn, Rafiq Tağı Azərbaycanın Çexovudur-filan. Belə şey olmur axı. Ümumiyyətlə, götürəndə isə, fransız ədəbiyyatında Dostoyevskidən təsirlənmələr çox olub. Kamünun da, Dostoyevskinin də qəhrəmanlarına fikir versəz, onların iç dialoqlarına baxsanız görərsiz ki, əsas mühakimə onların qəlbində gedir.
  Xatırlayaq ki, Avropada burjua münasibətləri formalaşdıqca insanın insana yadlaşması prosesi də güclənirdi. Cəmiyyət bir-birindən təcrid edilən insanlardan ibarət idi və bu sosial anomaliya ekzistensialistləri çox düşündürürdü. Qərbdə meydana gələn insan tipi təkcə müharibələrin şikəst elədiyi kəslər deyildi, o, həm də tək idi, təcrid olunmuş, cəmiyyətdən təbii bir proseslə uzaqlaşmış, yadlaşmış çarəsiz insan idi. Bu ideyasa elə birdən-birə yaranmamışdı. Bu yadlaşma, Dostoyevski "Gizlindən qeydlər” romanında aşkar yazdığı eqoizmin daha faciəvi forması idi. Ancaq ekzistensialistlərdən fərqli olaraq Dostoyevski bu kimi tənhalığı sosial patologiya sayırdı.
 
 

  – Əsərin qəhrəmanı istənilən halda, yaşamağı seçir, o deyir ki: bir dəfəlik ölməkdənsə cəhənnəmdə yanmaq yaxşıdır. Yaxud deyir: "Anam deyir ki, insan heç vaxt tam bədbəxt olmur”. Başqa bir misal: ölüm ayağında belə bir fikrə gəlir ki, ölməkdənsə bu ağır taleyi bir də yaşamağa razıyam. Amma bu cür nikbin, son məqamda da insanı yaşamağa səsləyən fikirlərdən sonra Kamünu nihilist adlandırırdılar, qəribədir deyilmi?
 – Ümumiyyətlə, belə qənaətə gəlmək olmaz ki, obrazlar nə düşünürsə yazıçı da o fikirdədir. Kamü atesit ola bilərdi, amma o, nihilist deyil. Kamüya filosof və yaxud filosof-yazıçı demək, onun əsərlərini anlamamağa bərabərdir. Kamü heç vaxt özünə filosof deməyib, yazıçı sayıb. Necə ola bilərdi ki, bir yazıçı insanı ölümə səsləsin? Kamünün hələ bir yaşı tamam olmamış, Birinci Dünya müharibəsi başlayır, atası hərbi xidmətə çağırılır və döyüşdə aldığı yaradan dünyasını dəyişir. O müharibəni kütləvi ölüm kimi qiymətləndirirdi. Kamünün uşaq ikən atası haqqında öyrəndiyi yeganə şey bu olur ki, bir dəfə kütlə qarşısında icra edilən edam səhnəsində iştirak edərkən möhkəm təsirlənib və ölüm yatağına düşüb.
  "Gilyotin haqqında düşüncələr” adlı essesində bir daha xatırladığı bu hadisə Kamüyə dərindən təsir etmiş və ömrü boyu edam cəzasına qarşı olmuşdu. Ona görə də o qəhrəmanlarını ölümün kandarına, astanasına gətirib düşündürür və hər addımda insanın öldürülməsinə qarşı olduğunu vurğulayırdı. Ölümə qarşı dayanmaq, müharibənin əleyhinə olmaq onun "Taun” romanında da öz əksini tapır. Burada müharibənin xəstəlik kimi insanların axırına çıxması məsələsindən bəhs olunur. 
  Bəlkə də, kommunizmin bu cür tənqidi, onun Sovet kəşfiyyat orqanlarının əli ilə öldürülməsinə də gətirib çıxardı. Yəni, öz həyatında bu cür ağrılı hadisələr yaşamış biri insanı ölümə, nihilistliyə səsləyə bilərdimi? Yox, bu elə onun əsərlərindən də aydın görünür.

  – Kamünün "Yad” əsəri haqqında bir neçə tənqidi məqalə oxudum, roman barədə iki fikir var: Bəzi tənqidçilər deyir ki, bu əsərdə Kamü absurdu yayır, bəzilərisə deyir ki, absurdu tənqid edir. Bəs siz necə düşünürsünüz?
  – Mənə görə hər iki fikir ayrı-ayrılıqda bir mənalıdır, birgə isə doğrudur. Kamünun əsərlərinə bu cür birbaşa yanaşmaq olmaz, çünki onların dediyi cəhətlərin hər ikisi onun əsərlərində var. Əgər belə olmasaydı, Kamünun əsərləri müxtəlif yozumlara imkan yaratmasaydı, onda biz bu gün "Yad” əsərindən danışmazdıq. Bu roman da öz dövründə və sonralar yazılan saysız əsərlər kimi təkqatlı olar, unudulardı. Kamü üçün dünya absurd idi, o düşünürdü ki, nəyə görə insanları ölümə məhkum edib, sonra onlara acımaq lazımdır? Yaxud edam olunacaq insanın halına nəyə görə yanmaq lazımdır, guya digər insanlar ölməyəcəklərmi, hamı doğulduğu gündən ölümə məhkum deyilmi?
  Yaxud elə edam hökmünü götürək, bir insan ömrü nəyə görə bir anlıq qərara qurban getməlidir? Bir insanın ölümünə niyə digər insanlar, hakim, vəkil, prokuror və s. imza atmalıdır, onda Allah və allahlıq ideyası nəyə lazımdır? Edam ediləcəksənsə dua etmək nəyə lazımdır? Ölüm nəyin hesabına başa gəlir, nəyin nəticəsidir? Bütün bunlar absurd düşüncələrdir. Kamü sadəcə qatı realist idi. Ona görə də əsərləri dözülməz təsir bağışlayır. Kamünün romanlarında "ölüm hökmü” oxucuda ədalətin təntənəsi hissini deyil, qətl təəssüratı yaradır. Yəni insanın verdiyi hökm ədalətli ola bilməz.

  Söhbətləşdi: Fərid Hüseyn