Biz imzaları yox, əsərləri dərc edirik...

Allah cəzamı verdi! – Gi de Mopassan
1873
13 İyun 2019, 12:54
  Artkaspi.az Gi de Mopassanın "Belflover ana" hekayəsini təqdim edir:
 
  Bu köhnə xatirələr çox qəribədir, onlardan yaxa qurtarmaq olmur. İndi sizə danışacağım xatirə heç bilmirəm yaddaşıma necə həkk olunub. Həyatım boyu çox bədbəxt hadisələr görmüşəm, amma Belflover ananın üzü hələ də gözlərim önündən getmir. Mən hələ 10 yaşım olan vaxtlardan onu tanıyırdım. 
  O dərzi idi, hər çərşənbə günü bizə gəlirdi. O vaxt biz böyük malikanədə yaşayırdıq, evimizin yaxınlığında fermalar yerləşirdi. Kəndimiz balaca deyildi, ona kiçik şəhər demək olardı. Kəndimizdə böyük kilsə vardı, qırmızı kərpicdən tikilmiş bu kilsənin ətrafı evlərlə əhatələnmişdi.

 
 

  Hər çərşənbə günü Belflover ana səhər saat 6-da, ya da 7-də bizə gəlir, dərhal ona ayrılmış otağa gedir, öz işinə başlayırdı. O, ucaboy, arıq, saqqallı qadın idi. Hə, saqqallı. Onun üzü tamam tüklü idi, qat-qat yubka geymiş jandarma oxşayırdı. Üzünü hər yeri tüklü idi. Burnunun üstündə, burnunun altında, burnunun ətrafında, çənəsində, yanaqlarında tük vardı. Qaşları da qalın, uzun və qıvrım idi. Adama elə gəlirdi, qaşları bığdır, səhvən gözlərinin üstünə yapışdırılıb.
  O yeriyəndə axsayırdı, yox, başqa adamlar axsadığı kimi yox, tamam fərqli axsayırdı. Yeriyəndə sanki tullanırdı. Onun yerişi tufanda hərəkət edən gəminin hərəkətinə bənzəyirdi. Bir əlini normal ayağının üstünə qoyar, sonra irəli tullanırdı, amma azca irəli əyilib bir az qabağa tullanırdı. Başına həmişə yekə ağ şlyapa qoyurdu. O tullana-tullana yeriyəndə lentlər də atılıb-düşürdü. 
  Mən Belflover ananı çox istəyirdim. O gələndə özü ilə qalın başmaq gətirirdi, içi yun başmaq. Otağına girən kimi mənə deyirdi ki, o başmaqları geyin, ayaqlarıma soyuq olmasın: soyuq havada beyinə qan getmir. 
O, paltarları tikəndə, mələfələri yamayanda mənə maraqlı şeylər danışırdı. Gözləri zəif gördüyünə görə eynək taxırdı. 
  Danışdıqlarına qulaq asanda mənim uşaq qəlbim kövrəlirdi. Belflover ana mənə kənddə baş verənlərdən danışırdı. Bir dəfə mənə tövlədən qaçıb Maletin dəyirmanının yanında dayanıb çaydakı qayıqlara baxan inəkdən danışmışdı. Yaxud kilsənin zəng qülləsində gedib yumurtlayan toyuqdan söz açırdı. Kənd sakini Cean Pilanın qəribə itindən də danışmışdı. Bir gün yağışdan sonra onun şalvarını ipə sərirlər ki, qurusun. Şalvar quruyan kimi it gedib şalvarı götürüb sahibinə verib. O, mənə bunları elə danışmışdı ki, onlar əbədi olaraq beynimə həkk olunmuşdu, əzbərlədiyim şeir kimi heç vaxt yadımdan çıxmır.
  Bir gün mən yenə də onu görmək üçün ona ayrılmış otağa getdim. Ora getməzdən qabaq qulluqçularla evimizin yaxınlığındakı meşəyə gedib fındıq yığmışdıq. Həmin gün olan hadisəni elə xatırlayıram elə bil dünən baş verib. 
  Mən onun otağının qapısını açanda gördüm ki, həmişə oturduğu stulun yanında yerə uzanıb. Qolları yana açılmışdı, bir əlində iynə vardı, o biri əlində mənim köynəyim. Normal, uzun ayağında mavi corab vardı, həmin ayağını stulun altına uzatmışdı. Eynəyi gözündən düşmüşdü, divarın dibində işıldayırdı. Mən qışqıra-qışqıra otaqdan çıxdım. Qulluqçular, valideynlərim qaça-qaça otağa girdilər. Bir neçə dəqiqə sonra eşitdim ki, o ölüb. 
Mən sakitcə qonaq otağına getdim, yekə bir kreslonun arxasında gizlənib ağlamağa başladım. Orda çox qaldım, gecəyə qədər. Birdən atamla anam içəri girdilər, əllərində də lampa. Onlar məni görmürdülər. Sonra həkimin səsini eşitdim. Onlar mənim valideynlərimlə söhbət edirdi. Atam həkim dalınca dərhal adam göndərmişdi. Həkim qoca dərzinin ölüm səbəbini deyirdi, mən heç nə başa düşmədim. Qulluqçumuz həkimə biskvit və şərab gətirdi. O şərabdan içib söhbətə başladı. Mənə elə gəlir onun danışdıqlarının hamısı yadımdadır.
  Həkim köks ötürüb dedi:
 

 
  – Ah, yazıq qadın! Mən bu kəndə ilk dəfə gəldiyim gün onun ayağı sınmışdı. Mən heç əlimi yumağa macal tapmamış dedilər ki, bir qızın ayağı sınıb, mütləq getmək lazımdır. O vaxtlar onun 17 yaşı vardı, o çox qəşəng qız idi! Çox qəşəng! Mənə inanmırsınız? İndi sizə danışacağım hekayəni hələ heç kimə deməmişəm. Bu sirri iki nəfər bilir, bir mən, bir də başqa bir şəxs. İndi o ölüb, ona görə sizə bu haqda danışa bilərəm. 
  Mən burda işləməyə gələndə cavan bir müəllim də gəlmişdi kənd məktəbinə. O yaraşıqlı idi, əsgər kimi boylu-buxunlu idi. Çox qızlar bu cavan müəllimi sevirdi, ancaq o onları bəyənmirdi. Bir yandan da o direktordan, qoca Grabudan çox qorxurdu. Direktor çox əzazil kişi idi.
  Qoca Grabu məktəbdə Belfloverə də iş vermişdi, o qızlara dərzilik öyrədirdi. Məktəbə gələn cavan müəllim onu sevirdi. Qız da ona vurulmuşdu. Onlar ilk dəfə məktəbin yanında yerləşən fermanın ot tayasında görüşməyi qərara alıb. Belflover işdən çıxıb özünü elə göstərir ki, guya evlərinə gedir, amma gedib ot tayasının başında oturub sevgilisini gözləyir. Bir azdan oğlan da gəlib çıxır, o qıza sevgi dolu sözlər demək istəyəndə Grabu tayanın aşağısında peyda olur:
  – Sigisbert, orda nə edirsən?
  Cavan oğlan qorxur ki, direktor onları bir yerdə görər, nə deyəcəyini bilmir, ağlına gələni deyir:
  – Müsyö Grabu, gəldim ki, otların üstündə dincələm. 
  Taya çox yekə imiş. Sigisbert qorxmuş qızı bir az o tərəfə itələyib deyir:
  – Tez ol, gizlən! O bilsə məni işdən qovacaq! Tez ol! 
  Aşağıda dayanan direktor pıçıltını eşidib deyir:
  – Deyəsən, sən orda tək deyilsən.
  – Yox, mən təkəm. 
  – Axı sən kiminləsə danışırdın.
  – And içirəm ki, mən burda təkəm, müsyö Grabu! 
  – Mən indi ora çıxıb baxaram, görüm düz deyirsən, yoxsa yalan, – Grabu belə deyib fənər gətirməyə gedir. 
  Direktor fənər gətirməyə gedəndə qəzəblənmiş oğlan qıza hirslənir:
  – Sənə dedim ki, gizlən! İstəyirsən işimi itirim? Mənim çörəyimə bais olursan! Tez ol, gizlən! 
  Direktor əlində şam tayaya çıxanda qız oğlana deyir:
  – Mən yerə tullanacam. Direktor gedən kimi gəlib məni apararsan. 
  Grabu tayanın başında oğlandan başqa heç kimi görməyəndə çox təəccüblənir.
  Yarım saat sonra müsyö Sigisbert mənim yanıma gəlib başlarına gələni danışdı. 
  Qız tayanın yanında yıxılıb qalıbmış, ayağı sındığı üçün yeriyə bilmirmiş. Mən onu gətirməyə getdim. Güclü yağış yağırdı. Mən o bədbəxt qızı faytonumla evimə gətirdim. Onun sağ ayağı 3 yerdən sınmışdı. Yazıq qız şikayətlənmirdi. O elə eyni sözü təkrar edirdi:
  – Allah cəzamı verdi! Allah cəzamı verdi!
  Mən köməkçimi qızın rəfiqələrinin yanına göndərdim, özümdən bir şey quraşdımışdım. Dedim qızın rəfiqələrinə desin ki, sürətlə gedən fayton mənim evimin qabağında onu yıxıb, onun ayağı sənıb. Qızlar mənim sözümə inandılar. Jandarmalar da neçə ay hadisəni törədən faytonçunu axtardılar.
  Demək istəyirəm ki, bu ölən qadın o vaxt qəhrəman kimi hərəkət edib. Sevdiyi oğlanın işdən çıxarılmasına razı olmayıb, özünü tayadan atıb.
  O görüşdən sonra heç vaxt görüşə çıxmadı. O qız qarıdı. O əsl qadın idi, sədaqətli! Əgər mən ona pərıstiş etməsəydim bu hekayni sizə danışmazdım. O bu həyatda olanda heç vaxt bu hekayəni kimsəyə danışmadım. 
  Həkim sözünü bitırəndə anam ağladı. Atam da bir neçə söz dedi, yaxşı eşidə bilmədim.
  Sonra onların üçü də otaqdan çıxdı. Mən də kreslonun dibində oturub hönkürdüm. 
  Az sonra pilləkəndə taqqıltı eşitdim. Qulluqçular Belflover ananın meyitini aşağı düşürürdülər. 
 
  İngilis dilindən tərcümə edən: Sevil Gültən