Biz imzaları yox, əsərləri dərc edirik...

Ağlımın yox, ürəyimin səsinə qulaq asıram – Fidan İsmayılovanın müsahibəsi
1948
24 May 2019, 10:59
  Artkaspi.az saytı Fidan İsmayılovanın müsahibəsini təqdim edir:
 
  O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH-ının sabaha boylanan bir ümididir. 20 yaşı olsa da, səhnəyə, səhnə də ona yaraşır. Hələ yolun başındadır, aktrisa olmaq iddiasındadır. Universitetin SABAH-ı ilə bu arzusuna addım-addım irəliləyir. Ailəsinin buna razılığı olmasa da, qarşısına qoyduğu hədəfə doğru yol qət edir. Bu yol hər nə qədər çətin, enişli-yoxuşlu olsa da, bütün bunlar gözünü qorxutmur. Deyir ki, səhnə onun üçün müqəddəs bir yerdir. Yetər ki, orada özünü ifadə edə bilsin. Müsahibimiz SABAH-ın 3-cü kurs tələbəsi Fidan İsmayılovadır.
  Fidanı ilk dəfə Səda Tədris Teatrında rejissor Gümrah Ömərin quruluşunda hazırlanan "Hərə bir qəhrəman oldu” tamaşasında görmüşdüm. Sarı saçlı, ala gözlü, bəyaz bənizli, incə, narın bir qızdır. O, bu tamaşada Dilbər obrazına can vermişdi. Və mən "Debüt”ümü tapmışdım.

 
 
 
  – İncəsənətə marağınızın yarandığını nə zaman hiss etdiniz?
  – Uşaqlıqdan bu sənətə böyük marağım var idi və köhnə filmlərə baxanda bu həvəsin məndə daha da arıtdığını hiss edirdim. Gələcəkdə özümü aktrisa kimi görsəm də, bunu ailəmdən gizlədirdim. Çünki bilirdim ki, onlar mənim bu istəyimə qarşı çıxacaqlar. Cəmiyyətimizdə aktrisalara münasibət heç də birmənalı deyil. Məhz bu səbəbdən evdə mənim bu sənətə yiyələnməyimi istəmirdilər. 11-ci sinfi bitirəndə, artıq qərarımı versəm də, bu qərarı anama deməyə çəkinirdim. Dayım mənimlə söhbət edəndə son qərarımı soruşdu və mən məhz aktrisa olmaq istədiyimi bildirdim. Düzdür, anam buna qarşı çıxsa da, dayımın dəstəyi sayəsində mən İncəsənət Universitetinə qəbul oldum.
 
  – Bəs ailəniz hansı peşə sahibi olmağınızı istəyirdi?
  – Bizim ailədə hər kəs müəllimdir, tək nənəm həkimdir. Anam istəyirdi ki, mən də müəllim olum. Ancaq mənim bu sənətə heç bir marağım yoxdur.
 
  – Adətən gənclər daha çox rejissorluğa üstünlük verirlər. Çünki yaradıcı heyəti idarə etməyin daha yaxşı olduğunu düşünürlər.
  – Mənim də rejissorluğa marağım vardı, ancaq mən bunu idarə etmək kimi qiymətləndirmirəm. Bir neçə ssenari də yazmışdım, nələrsə çəkməyə çalışsam da, ürəyimcə olmadı. Sonra gördüm ki, aktrisa olsam, özümü səhnədə daha rahat idarə edə və hisslərimi daha aydın şəkildə ifadə edə bilərəm. Səhnəyə çıxdım və məndə səhnəyə böyük bir sevgi yarandı. İstəyirəm ki, bütün günü səhnədə olum. Çünki səhnəni hiss edirəm. Bunun üçün də "teatr-kino aktyorluğu” ixtisasına qəbul oldum. Hazırda dosent Fikrət Məlikovun kursunda təhsil alıram.
 
  – Bu təhsil olacağında özünüzün hansı xüsusiyyətlərinizi aşkara çıxardınız?
  – Universitetə daxil olanda danışıq qabiliyyətim o qədər yaxşı deyildi. İndi səhnə danışığı müəllimimiz Nadir Hüseynov və Mehriban Zəkizadənin səyləri nəticəsində hiss edirəm ki, aydın şəkildə fikrimi izah edə bilirəm. Əvvəl özünəqapalı biri idim. Hətta bir müddət elə düşünürdüm ki, kənardan insanlar mənə baxır deyə, çölə çıxmayım. Universitetdə müəllimlərimin və çevrəmin sayəsində bu mərhələdən rahatlıqla keçdim və komplekslərimi aşdım. Tamaşaçı qarşısına çıxdıqdan sonra komplekslərim yox oldu.
 
  – Xarici görkəminiz tipik azərbaycanlı xanımı təsiri bağışlamır. Sizdə daha çox Avropa xanımlarının ab-havası var. Yəqin ki, bu, gələcəkdə qurulacaq tamaşalarda müəyyən obrazları oynamaqda sizə daha çox yardımçı olacaq.
  – Xarici görkəm baxımından avropalılara xanımlarına oxşadığımı, demək olar ki, hər kəs deyir. Amma mən bunun fərqində deyiləm və fərqlənməyi də sevmirəm. Xarici görünüşümlə deyil, canlandırdığım obrazlarla fərqlənməyi sevirəm. Misal üçün, sonuncu dəfə "Otello” tamaşasında Dezdomona obrazını canlandırdım və bu obrazdan çox şey öyrəndim.
 
  – Dezdomona sizin xatirənizdə necə bir obraz kimi qaldı?
  – Dezdemona mənim üçün təmiz sevginin, paklığın, saflığın ən bariz nümunəsidir. O, həyata tamam başqa gözlə baxır. Pis niyyətlər, mənfi enerji ondan tamamilə kənardır. Dezdemonanın saflığı mənə çox toxunurdu. Bundan qabaq Fikrət  Məlikovun rejissorluq etdiyi "Dəli yığıncağı” tamaşasında Məşədi Zeynəbi canlandırmışdım. O obrazın da özünəxas xüsusiyyətləri vardı. Ancaq Dezdemona mənim xatirəmdə böyük izlər buraxdı.  
 
 

 
  – SABAH qrupunun 15-20 mart tarixlərində Rusiya Teatr Sənəti İnstitutunda "QİTİS - ustad dərsi” adlı festivalda iştirakı böyük əks-səda doğurdu. SABAH qrupunun orada təqdim etdiyi "Otello əfsanəsi” tamaşası çox bəyənilmişdi. Sizin səfər təəssüratlarınız  maraqlıdır.
  – Festivalda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Moldova, Belarus və Ermənistanın teatr məktəbləri iştirak edirdi. Açığı, səfərə gedəndə içimdə qorxu hiss vardı. Tamaşamızın qəbul edilib-edilməyəcəyini düşünürdüm. Ancaq o ab-havanı görəndən sonra həyəcanlanmağa ehtiyac olmadığını gördüm. Səhnəyə çıxanda qətiyyən Fidan olduğumu xatırlamadım. Tamaşaçılar tamaşanı izlədikdən sonra xoş sözlər dedilər.  Gördük ki, biz heç də o teatrın tələbələrindən geri qalmırıq. Müəllimlərimizdən öyrəndiyimiz biliklər onlardan artıqdır ki, əskik deyil. Əslində Moskvada bu tamaşanın bu qədər yüksək qiymətləndiriləcəyini gözləmirdim.
 
  – Gələcəkdə hər hansı bir teatrda işləmək istəyərsinizmi?
  – Əlbəttə... "Otello” tamaşasından sonra Akademik Dram Teatrından dəvət alsam da, anam razılıq vermədi. O istəmir ki, mən teatrda çalışım. Amma mən özümü yalnız teatrda görürəm. Son bir ilim qalıb. Nə etsəm, bu bir il ərzində edəcəm. Magistraturanı qazanıb, təhsilimi burada davam etdirmək istəyirəm.
 
  – Hədəfləriniz nələrdir?
  – Öz istəyim üzrə davam etsəm, təbii ki, Azərbaycan teatrını beynəlxalq arenada təmsil etmək istəyərəm.
 
  – Bəs Hollivud, məşhurluq?
  – Hollivuda getmək, orda filmə çəkilmək kimi hədəflərim yoxdur.  Maraqlı obrazlarla səhnəyə çıxmaq istəyirəm. Təbii ki, hər kəs məşhur olmaq istəyir. Ancaq baxır, kim necə məşhur olur. Mən məşhur olmaqdan çox hörmətli, insanların sevdiyi, dəyər verdiyi biri olmağa üstünlük verərdim. İstəyirəm ki, tamaşalarımla izləyicilərə nəsə ötürə bilim. Bir müddət qısametrajlı filmlərdə, reklamlarda oynamışam. Ancaq orada səhnədə aldığım o həzzi ala bilməmişəm.
 
 
  – Teatr əziyyəti çox, maaşı az olan bir sahədir. Yəqin ki, gələcək üçün bunları düşünmüsünüz.
  – Əlbəttə ki, bütün bunların hamısını nəzərə almışam. Ümid edirəm ki, getdikcə bizdə aktyorlara, teatr cameəsinə də dah çox dəyər veriləcək. Dünyadakı teatr prosesini izləyirəm. Onlarda aktyorlara verilən dəyəri görürəm və müqayisə belə edə bilmirəm.
 
  – Müasir gənclər daha ağıllıdır. Misal üçün, harda daha çox pul var, ora  meyl edirlər.
  – Mən ağlımın yox, ürəyimin səsinə qulaq asıram. Bilirəm, teatrda işləsəm, maaşım çox az olacaq, bəlkə də o maaşla dolana bilməyəcəm.
 
  – SABAH sizə nə qazandırır, sizi digərlərindən nə ilə fərqləndirir?
  – SABAH bizi təkmilləşdirir, yetişdirir. Hər şey bizim özümüzdən asılıdır. Öz üzərimizdə çalışmalıyıq ki, onların bizdən istədiklərini verə bilək. Misal üçün, götürək sonuncu layihəmizi. Moskvaya getdik, orada dünyaca məşhur bir teatrı gördük, özgüvənimiz artdı. Teatr prosesi ilə daha yaxından tanış olduq. Bu proseslə tanışlığı isə bizə SABAH yaratdı. Digər qruplarda auditoriyamız böyük idi, bu da bizə nəyisə mənimsəməmizdə maneçilik törədirdi. Ancaq burada 8 nəfərik. Müəllim hər kəslə tək-tək işləyir və mən burada daha çox şey öyrənirəm. SABAH qrupuna keçdiyim üçün heç peşman deyiləm. Hətta sevinirəm ki, universitetimizin SABAH-ındayam.
 
  – Kumiriniz kimdir?
  – Əslində bir çox filmləri, tamaşaları izləyirəm. Ancaq oradakı aktyorlar kimi oynamamağa çalışıram. İstəyirəm ki, hər kəs məni filankəs kimi oynayan aktrisa deyil, özü kimi oynayan Fidan kimi tanısın. Bu gün seriallara baxanda görürük ki, bir aktrisa bir serialda necə oynayırsa, digər seriallarda da eynən, burdakı kimi oynayır. Hətta bu, türk filmlərində də elədir.

 
 
  – Səhnə sizin üçün nə deməkdir?
  – Mənə görə səhnə müqəddəs bir məkandır. Çünki səhnə insanı heç zaman aldatmır. Orda sən nəsənsə, osan. Tamaşaçı ilə birbaşa əlaqə qurmaq üçün səhnə müstəsna rol oynayır. Teatr səhnəsi insana insan olmağı öyrədir. Bir insan gəlib tamaşada özünü görürsə, düşünür ki, mən kənardan belə görünürəm.
 
  – Gənc bir aktrisa kimi hər hansı bir teatrda işləməyə başlasanız, orada ilk olaraq nəyi dəyişmək istəyərsiniz?
  – Bizim teatrlarımızın peşəkar, sənətinin sirlərinə dərindən yiyələnmiş aktyorları var. Ancaq indiki aktyorların bəzilərində duyğu yoxdur. Misal üçün, mən bir çox tamaşalara baxıram və o enerjini onlardan ala bilmirəm. Tutaq ki, adi bir tamaşaya baxıram, fasiləni gözləyirəm ki, bitsəydi, durub gedərdim. Ancaq Fuad Poladovun oynadığı tamaşaya baxanda fasilədə belə oturub fikirləşirəm ki, ikinci seans olsaydı, tamaşanı yenə izləyərdim. Universitetdə tələbə həmkarlarımın oynadığı, hazırladığı elə tamaşalar var ki, onları sevərək izləyirəm. Hətta bu tamaşaları peşəkar səhnədə göstərilən tamaşalardan daha maraqlı hesab edirəm.
 
  Söhbətləşdi: Xəyalə Rəis