Biz imzaları yox, əsərləri dərc edirik...

“Aləmin nəfəsi: Nəsimi” Kayserini məftun etdi – Xəyalə Rəis yazır
139
24 Aprel 2019, 11:41
 Artkaspi.az saytı Xəyalə Rəisin "Aləmin nəfəsi: Nəsimi” adlı yazısını təqdim edir: 
 
 Ölkəmizin nümayəndə heyəti 14-cü dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatr festivalında uğurlu çıxışı ilə yadda qaldı.
 Teatr böyük bir kütləni arxasınca aparmaq gücündə olan nadir sənət növlərindəndir. O sənət ki, milli mədəniyyəti, mənəvi dəyərləri, mənsubiyyətimizi məhz bu sənət vasitəsilə təqdim etmişik, edirik və dünya durduqca edəcəyik də. Mədəniyyətimizi beynəlxalq arenada tanıtmaq üçün ən gözəl vasitələrdən biri də məhz teatrdır. 
 
 

 Aprelin 15-də Türkiyənin Kayseri Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən və 14-cü dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatr festivalında ölkəmizi Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri təmsil etdi. 15 aprel – 4 may tarixlərində baş tutan Beynəlxalq Teatr Festivalında iştirakımız Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təbliğat Turizm müşavirliyinin dəstəyi ilə baş tutdu. Layihənin Azərbaycan üzrə rəhbəri, tərtibatçısı və dekoratoru, tanınmış rəssam Günay Mehdizadənin təşkilatçılığı ilə baş tutan festival çərçivəsində böyük bir sənət bayramı yaşandı. 
 İştirakçıların meydan yürüşü ilə başlayan festival Kayserinin mərkəzi küçələrində davam etdi. Yürüşdə Kayseri teatrsevərləri, xaricdən təşrif buyurmuş teatr məktəbləri, liseylərinin nümayəndələri bir amal uğrunda meydana çıxdılar. İştirakçılar səhnə geyimləri ilə meydan küçəsində böyük bir yürüş edərək Kayseridə teatr bayramı yaşatdılar. Bu yürüşün səsi-sədası nəinki Türkiyə, hətta Avropa mediasından da eşidildi. Yürüşə xarici ölkələrdən qatılan iştirakçılar arasında Azərbaycan nümayəndə heyətinə xüsusi önəm verildi. 
 
 

 Yürüşün sonunda Kayseri Böyükşəhər Bələdiyyə başqanı Dr.Memduh Büyükkılıç festivalda iştirak edən xarici ölkələrin nümayəndələri ilə qəbul etdi. Məktəbliləri bu layihədə görməkdən məmnunluq hissi duyduğunu dilə gətirdi. Dr.Memduh Büyükkılıç incəsənətə, teatra böyük maraq göstərdiyini, bir ölkənin tanınması üçün onun mədəni həyatına baş vurmağın vacibliyini qeyd etdi. Sonra bütün xarici qruplar adına layihənin Azərbaycan üzrə rəhbəri tərtibatçısı Günay Mehdizadəyə təşəkkürünü bildirərək sənətin universal birləşdirici gücünün hər şeydən qüvvətli olduğunu vurğuladı. 
 G.Mehdizadə çıxışında bu festivalda olmaqdan məmnunluq hissi duyduğunu qeyd etdi, belə mötəbər layihənin bir parçası olmağın əhəmiyyətindən danışdı. O, festivalın açılışında bələdiyyə başqanından sonra 4 ölkə – Azərbaycan, Kıbrıs, Gürcüstan, Bosniya və Herseqovinanın adından səhnəyə çıxaraq iştirakçıları salamladı: "Teatr böyük bir kütləni öz arxasınca apara bilən, birbaşa insanların qəlbinə yol tapan əsrarəngiz sənət növüdür. Nə xoş bizə ki, festivalda öz tamaşamızla çıxış edəcəyik. Belə mötəbər bir layihədə olmaqdan məmnunluq hissi duyuruq”.
 Yürüşdən sonra bələdiyyə başqanının festival iştirakçıları ilə ilk görüşündə Memduh Böyükkılıç Günay Mehdizadəyə "Təşəkkürnamə” və hədiyyələr təqdim edərək azərbaycanlı şagirdlərin bu festivalda iştirak etməsinə görə minnətdarlığını bildirdi.
 
 

 Festival çərçivəsində Azərbaycandan təşrif buyuran komanda heyətinə xüsusi diqqət və qayğını hiss etməmək mümkün deyildi. Belə ki, şagirdlərə Kayserinin gəzməli-görməli yerlərinə səyahət etmək imkanı yaradıldı. Elə bir səyahət ki, bu səyahətdə şagirdlərimiz dünyanın digər ölkələrindən gələn həmyaşıdları ilə ünsiyyət qurdular. O cümlədən, Kayserinin tarix qoxan küçələri, üzü nurlu insanları, mədəniyyət nümunələri ilə tanış oldular. Festival çərçivəsində kayserili, eləcə də xaricdən gəlmiş şagirdlərlə qarşılıqlı münasibətlər quruldu, digər ölkələrin tamaşalarını izləmək imkanı yaradıldı. 
 Azərbaycandan gələn heyətə göstərilən diqqət və qayğı bununla kifayətlənmədi. Belə ki, bağlanış günü layihənin kuratoru Günay Mehdizadənin əsərlərindən ibarət sərgi keçirildi.  Festivalın son günü tamaşaların nümayiş olunduğu Kayseri Şəhər Teatr binasının girişində sənətçinin sərgisinin açılışı baş tutdu. Sərgidə Kayseri şəhərinin ziyalıları, tanınmış sənət nümayəndələri, eyni zamanda Anadolu agentliyi də daxil olmaqla türk mediasının nümayəndələri iştirak edirdi. Rəssam milli-mənəvi dəyərləri özündə əks etdirən tabloları ilə Azərbaycanın tarixini, nənələrimizin hazırladıqları təamları, milli ənənələrimizi ziyarətçilərə nümayiş etdirmiş oldu. Nümayiş olunan əsərlərdə rəssamın yaradıcılığı boyu miniatür ənənələrinin milli çalarları öz əksini tapmışdı. Əsərləri izləyən türk sənət camesinin nümayəndələri qədim miniatürlərlə bir tarixi mədəniyyəti əks etdirən əsərlər yaratmağın hər bir rəssamdan milli bədii-fəlsəfi dəyərlərinə, Şərq və müsəlman mədəniyyətinə dərin bələdçilik tələb etdiyini vurğuladılar. Günay Mehdizadənin müxtəlif mövzulu əsərlərində həmin əski ənənələrə yaxınlıq, onların müasir təfsirinə meylin duyulduğunu bildirildi və bu ənənənin davamçısı olduğu üçün rəssamı təbrik etdilər. Sərgidə iştirak edən nümayəndə heyəti adına Günay Mehdizadə, Gimnaziyanın direktoru Aytən Əhmədova, teatr şöbəsinin müdiri Hicran Sadıqzadə festivalın təşkilatçılarına – Kayseri Böyükşəhər Bələdiyyəsi İcra Hakimiyyətinin mədəniyyət işləri üzrə dairə başqanı Salih Özgüncü və Kayseri konservatoriya müdiri Gökan Küpeyə əllə toxunmuş qədim Azərbaycanın xalçasını və milli atributlarımız əks olunan hədiyyələr bağışladılar. 
 
 

 Festivalın son günü, sərgi nümayişindən sonra çoxdandır danışılan və gözlənilən tamaşanı izləmək imkanı əldə etdik. 5 gün davam edən festivalın son gününə Azərbaycan tamaşasının salınması təsadüfi deyildi. Bu o demək idi ki, repertuardakı ən maraqlı tamaşa ilə festivala son veriləcəkdi. Festival məhz Azərbaycandan gələn komanda heyətinin tamaşası ilə, bayram ab-havası ilə bağlandı. Azərbaycan nümayəndə heyətinə çıxış üçün söz verilən festival, şagirdlərimizin ifası ilə sona yetdi.
 İncəsənət Gimnaziyasının şagirdləri festivalda Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı hazırlanmış "Aləmin nəfəsi: Nəsimi” tamaşasını nümayiş etdirdilər. İncəsənət Gimnaziyasının rəhbəri Aytən Əhmədova, Gimnaziyanın teatr bölməsinin rəhbəri Hicran Sadıqzadə, tamaşanın rejissoru Elnurə Vəliyevanın səhnə əsərini xüsusi həssaslıqla hazırladıqları hər məqamdan aşkar idi. Səhnə əsərində rolları Vəliyev Aliulla (Nəsimi), Namazlı Fidan (Aişə), Həsənzadə Almaz (Fatimə), Quluzadə Rufiz (Nəimi), Salmanzadə Məhəmməd (dərviş) ifa etdilər. Lirik janrda hazırlanmış tamaşanın xronometrajı 30 dəqiqə çəkdi. Bu 30 dəqiqə içərisində tamaşaçılar Nəsiminin kim olduğunu bildilər və dünyaya səs salan əsərlərinin necə yarandığının şahidi oldular. Maraqlısı budur ki, tamaşa Azərbaycan dilində səsləndirilsə də, tamaşaçılar onu tam şəkildə anladıqlarını və yaddaşlarında uzun müddət qalacağını vurğuladılar. Zalda əyləşən tamaşaçılar və münsiflər heyəti tamaşanı ayaq üstə alqışladılar. 
 Final gecəsi münsiflər heyəti nümayiş olunan tamaşaları müzakirə etdi və azərbaycanlı şagirdlərin ifasında möhtəşəm bir tamaşa izlədiklərini, onun heç də peşəkar aktyorların ifasından geri qalmadığını bildirdilər. Festival çərçivəsində nümayiş olunan tamaşalar içərisində ölkəmizin təqdim etdiyi tamaşanın tarixilik baxımdan daha önəmli olması və gənc nəslin bunu bilməsinin vacibliyindən danışıldı. Hətta münsifləri heyətinin üzvlərindən "bizim hələ sizdən öyrəncəklərimiz var” deyənlər də oldu. 
 Festival müddətində Azərbaycan truppasının qarşılanması, iştirakı, görüşləri və səhnədəki performansı türk mediasının diqqətindən yayınmadı, festival boyunca Türkiyənin səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçinin bizə göstərdiyi diqqəti Bakıda da hiss etdik. Türkiyənin aparıcı media orqanlarında ən yüksək səviyyədə işıqlandırılan bu festivalın xatirəsi hələ uzun müddət bizimlə olacaq.