Biz imzaları yox, əsərləri dərc edirik...

Alban məbədinin ahı və Məkkədən gələn "Quran" - Rafael Hüseynov yazır
190
30 Noyabr 2020, 17:43
 Artkaspi.az saytı Rafael Hüseynovun "Alban məbədinin ahı və məkkədən gələn "Quran"" adlı yazısını təqdim edir:

Qarabağ haradan başlayıb, harada qurtarır?

Bu sualın doğru və dolğun cavabını verməkçün Qarabağın hansı sərhədlər içində yerləşdiyini bilmək azdır.
Əslində, mahiyyətcə Qarabağın ölçüsü Azərbaycanın özünün hüdudlarından da çox-çox genişdir.
Məgər "beşik" deyəndə yalnız körpəykən sığışa bildiyimiz xırdaca yuvanı düşünməklə kifayətlənmək olarmı?
Beşik hər insançün həm özünün başlanğıcının, həm başlanğıca qədər gələn şəcərəsinin, həm də sonra davam etmiş yolunun nişanəsidir.
Söz yox, Yurdun hər qarışı əzizdir. Amma Vətənin o yerləri ki, oralar əcdadımızın ilk beşiyi olub, Qobustan, Azıx, Gəmiqaya, alovu heç vaxt sönməyən Suraxanı... və neçə-neçə bu qəbil əzəli və qutsal məskənimiz ki, elə ən ulu dədə-babalarımıza ana qucağını əvəz edib, - onların dəyəri, mənası, əlbəttə, daha yüksəkdir.
Qarabağı vəsf edənlər ona adətən lap çoxdan dillərə düşmüş bir bənzətməni qoşublar: "Musiqi beşiyi".
Yox, Qarabağ təkcə musiqimizin beşiyi deyil, ilk insanımızın, bütövlükdə Adəm övladının ilk beşiklərindəndir.
Axı milyon-milyon yarım illik zaman parçasının izlərini özündə hifz edən Azıx mağarası tək Qarabağın deyil, elə Azərbaycanın, bütövlükdə bəşərin bu gün torpaq üstündə var olan ilk beşiklərindəndir, yurdumuzun və Qarabağın göz önündəki "doğum şəhadətnaməsi"dir!
Elə ilk beşik olduğundandır ki, minillər, yüzillər boyu bu füsunkar yerlərdə mədəniyyətimizin də bulaqları qaynadı, millətimizin imzasına çevrilən qatar-qatar abidələr yaradıldı.
Düşməninsə ilk hədəfi elə bu imza idi.
Torpağa sahib çıxmaq istəyən qəsbkar ən əvvəl bu imzanı silməyə çalışırdı.
Pozub yerində öz eybəcər, qəlp imzasını atmaq istəyirdi.
Səbəbsiz deyil ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev illər boyu ən müxtəlif beynəlxalq kürsülərdəki çıxışlarında, yüksək səviyyəli danışıqlarında, pırtlaşıq Qarabağ düyününü açmaq yolundakı ən güzəştsiz müzakirələrdə mütləq söhbətin bir səmtini əsir torpaqlarımızda babalardan bizə saxlanc olan irsə yönəldirdi, bu sərvətlərdən nigaranlığını bəyan edirdi.
Və millətinin mədəni irsi və keçmişinə həssas, canıyanan münasibətdə də Prezident İlham Əliyev elə əsl atasının balasıdır ki, var!
1969-cu ildə unudulmaz Heydər Əliyev Azərbaycana rəhbərliyə başlayanda oçağkı Sovet İttifaqında qabaqda getməyənlərdən olan respublikanın qayğıları çox idi və onu dirçəltmək, irəlilətməkçün görüləsi mühüm işlər də nə qədər desən. Ancaq Azərbaycanın yeni cavan rəhbərinin qol çəkdiyi ilk sərəncamlardan biri maddi-mədəni abidələrimizin araşdırılaraq yenidən siyahıyaalınması haqqında olmuşdu. Çünki yaxşı anlayırdı ki, hər xalq, illah da mədəniyyət üstündə köklənmiş Azərbaycan üçün maddi-mədəni irs, abidələr təməldir, yalnız keçmiş deyil, həm də müasirlikdir, təkcə tarix yox, həm də çağdaş siyasət, ən mötəbər özünütəsdiq, özünüifadə vasitəsidir.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi tamamlanandan sonra azad olunmuş yurdlarımıza etdiyi hər səfərindən sonrakı hər çıxışında qəlb ağrısı ilə şəhərlərimizin, kəndlərimizin büsbütün tar-mar edildiyini, bir salamat tikilinin qalmadığını söyləyirsə, onu daha çox ağrıdan yalnız uçulub-dağıdılmış müasir binalar deyil.
Özü də vəd edir, biz də əminik ki, yeni, dəfələrlə qəşəng binalar da inşa ediləcək, körpülər də tikiləcək, yollar da salınacaq.
 
 

Lakin yerlə-yeksan edilmiş qədim qəsrləri, qalaları, minillər, yüzillərlə Qarabağın düzənlərində dikəlmiş qocaman daş heykəlləri, 70-dən artıq türbəni, yer üzündən silinmiş tarix dolu 150 məzarlığımızı, Mir Möhsün Nəvvabın öz əliylə həyətinin divarlarına çəkdiyi və artıq divarla birgə yox edilmiş rəsmləri... və nə qədər belə incini nə sayaq dirildəsən?
Axı o yadigarların hər biri bu millətin, bu yurdun çöhrəsinin cizgiləri idi.
... Prezident İlham Əliyev sükan arxasındadır, təbii ki, Vətənin əsarətdən qurtarmış bu yaralı, həndir-hamar yolları ilə getmək, indi, düşməni xar edəndən sonra sərbəst irəliləmək bəxtiyarlıqdır. Amma sağa baxır, sola baxır, ürəyindən qara qanlar axır: "Vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub, biz hansı vəhşilərlə üz-üzə idik, biz hansı vəhşiləri məğlub etmişik. Bütün dünya bunu görməlidir.
Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıblar, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Biz Ağdam şəhərinə də jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edəcəyik. Qoy gəlsinlər, görsünlər".
Xatırlayıram. Dağlıq Qarabağdan qayıdan əcnəbi diplomatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri Ümummilli lider Heydər Əliyevə Şuşa məscidindən qopmuş  kiçik bir kaşı qırığı gətirmişdilər.
Heydər Əliyev heç bir söz demədən xeyli o Vətən qəlpəsinə baxdı, köks ötürdü və təsəvvür eləyirdim həmin anlarda qəlbi necə göynəyir, hissləri necə tarıma çəkilib.
Gövhər ağa məscidinin minarəsindən qopmuş üstü naxışlı bu kaşı parçasını  gətirən diplomat öz aləmində bəlkə də fikirləşib ki, bu, bir xoş ovqat yaradan hədiyyə kimi qavranılacaq.
Ancaq düşünün ki,  Heydər Əliyev kimi qürurlu, əzmli, güclü bir insana Vətənin ayaq basa bilmədiyi hissəsindən daşı-torpağı yadigarlıq kimi yadlar gətirir.
Oxşar ağır hissləri Prezident İlham Əliyev də yaşayıb. Və yəqin ki, bir dəfə yox. Dəfələrlə!
2020-ci il noyabrın 23-dür, 27 illik həsrətdən sonra Prezident İlham Əliyev Ağdama birinci dəfə gəlib və bir kədərli xatirəsini də bölüşür: "Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə ikən o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən fikirləşirdim ki, gün gələcək, biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Prezident İlham Əliyev də, millətimiz də xoşbəxtlərin xoşbəxtidir ki, könül dağlayan bu duyğuların hamısı bizimçün artıq keçmişdir, arxada qalmış qarışıq və qorxunc röyadır.
Bütün bu bel bükən, ruhu məngənədə imiş kimi sıxan işğal illəri boyunca daim cavabsız suallar beynimi gəmirib: axı biz kimsənin pisliyini istəməyən, nəcib, mərhəmətli, zəhmətkeş, dinc xalqıq, nədən bunca müsibətlərə düçar olduq, nə qəbahətimiz varmış ki, Tanrı bizə əzazil, iyrənc, elə özlərindən başqa heç bir düşmənə də arzulanmayacaq düşmən nəsib elədi?
Yeganə cavabım budur ki, İlahi bizi ağır sınaqlardan, əzablardan keçirə-keçirə saflaşdırırmış, təvəkkülə alışdırırmış, bir olmağı öyrədirmiş, millətləşmənin yaşamasan əzbərləyə bilməyəcəyin dərslərini verirmiş.
Mükafatımız Qələbəmiz oldu, mükafatımız Bütövləşən İstiqlalımız, nəhayət ki, Vətən boyu hər yerdə dikələn Bayrağımız oldu!
Belə mükafatlara layiq olmaqçün həm də durmadan çalışmaq, çarpışmaq, mübarizə aparmaq gərəkdir.
Və Prezident İlham Əliyev bu mübarizələrin daim önündə olub. Bəzilərini hamımız görmüşük, eşitmişik, bəzilərini isə artıq üstündən məğlubluq kölgəsi çəkilmiş xalqına özü indi açır: "Mən bu məsələ ilə məşğul olan vasitəçilərə dəfələrlə demişdim ki, siz buna diqqət yetirin. Siz indi bu məsələnin sülh yolu ilə həll olunmasından danışırsınız. Amma biz bunun tam əksini görürük. Görürük ki, Azərbaycan irsi bu torpaqlarda silinir, Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdılır, bizim bütün tarixi-mədəni irsimiz silinir, yeni xəritələr tərtib edilir. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma "Dağlıq Qarabağ respublikası"nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilir. Ermənistan xarici dillərdə nəşr etdiyi kitablarda, bukletlərdə qondarma qurumu təqdim edərkən işğal olunmuş bütün torpaqlar əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak edərkən də eyni hərəkətləri edirlər. Yaxşı, bəs necə olacaq, siz deyirsiniz ki, bu, sülh yolu ilə həll ediləcək".
Müqəddəs Kitabımız təsdiqləyir ki, Allah hər şeyi bilən, görən, eşidəndir.
Noyabrın 23-də 27 illik məşəqqətdən sonra, nəhayət ki, rahat nəfəs alan Ağdama təşrif gətirən Prezident İlham Əliyevin viran qoyulmuş bu şəhərdə ilk ziyarət etdiyi yer Cümə məscidi oldu.
Qarabağdakı 68 məscidimizdən yalnız 4-nü elə gözdən pərdə asmaqçün, həm də yarıuçuq vəziyyədə saxlamış, qalanını məhv etmiş ermənilər gərək bunun da fərqində olaydılar ki, Allah Evini dağıtmağın da cəzası onların insan yurdlarını viran qoymaq cəzalarına qovuşaraq zaman-zaman çox müsibətlərinə bais olacaq.
Prezident İlham Əliyevin Məkkəyə hər səfərində dilində və ürəyindəki duaların əvvəlincisi həmişə bu olmuşdu ki, torpaqlarımızı azadlığına qovuşdura bilsin, Pərvərdigar ona qapı açsın ki, Müqəddəs Ocaqdan gətirdiyi "Quran" nüsxələrini işğaldan qurtulmuş yurdlarımızın məscidlərinə ərməğan etsin.
Böyük Yaradan eşitdi o duaları: "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Quran-i Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.
Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax bu tarixi günləri yaşayırıq".
Həmin hər şeyi bilən, görən, eşidən Allah ucalardan seyr edirdi və görürdü axı azərbaycanlı Onun Evinə gəlib və bu Evə məhəbbətlə, sayğıyla qədəm basıb, bəxşişlə gəlib, ən Müqəddəs məkandan gətirdiyi ən Müqəddəs Kitab sovqatı ilə gəlib.
Əlbəttə məmnun idi!
Amma hər şeyi bilən, görən, eşidən Allah həmin ucalardan Kəlbəcəri də seyr edirdi axı, oradan çıxıb gedən erməniyə də baxırdı.
Erməni Xudanın Evini - Xudavəng məbədini talayaraq gedirdi.
Bir məbəd 700 ildən artıqdır varsa, on üçüncü əsrdən bəri insanları özünə cəzb etməkdə qalırsa, deməli, onun üstündə Allahın əli var. Ona sataşan xeyir tapmaz, dilsiz zənn etdiyi o məbədin ahından, qəzəbindən, qarğışından qurtulmaz.
Ermənilik bu alban monastırını birinci dəfə 1836-cı ildə çar hökumətinin əliylə qəsb edib öz adına çıxmışdı.
O ilin yazında imperator Birinci Nikolayın fərmanı, ardınca da Senatın  əsasnaməsi ilə bağışlanmaz ədalətsizlik törədilir, dərin tarixi, zəngin ənənələri olan Alban Katolikosluğu verilir erməni Qriqorian Kilsəsinin tabeçiliyinə və fəaliyyəti dayandırılır.
Belə sağalmaz yaraların zoqqultusu heç zaman kəsilmir. Ermənilik köhnə yaranın qaysağını bir də sıyırdı. İndi də bu yerlərdən birdəfəlik çıxıb gedərkən gözlərini qan tutmuş ermənilər vaxtilə haqqını yedikləri Alban Həvari Kilsəsinin daşını-divarını yığıb belinə şələləməyə gücü çatmasa da, zənglərini çıxarırdı, bər-bəzəyini sökürdü, ikonalarını qoparırdı.
Ermənilərin hər çeşid çırpışdırmalarını hamı görmüşdü, axırı Allahdan da oğurluq elədilər.
O məlunlardan bir əsas fərqimiz də məhz elə budur - onlar Allahın Evini qəsb edərək, yolub-yoluşduraraq gedir, biz Allahın incidilmiş Evinə əlimizin sovqatı ilə, Xaliqin insanlığa ali töhfəsi olan,  üstünə Məkkə nuru qonmuş Kitabının nüsxəsi ilə gəlirik.
Sən bəd əməl törədəndə, şeytanla birləşəndə səbirli Allah gəlib qolundan yapışan deyil. Gərək sonra başına gələnlərdən özün nəticə çıxarasan, barmağını dişləyəsən ki, bu qulaqburması nəyə görəymiş.
Noyabrın 24-də ermənilərin Kəlbəcəri tərk etməsinə qoyulan əlavə vaxtın da axırıncı günü bitirdi. Və onlar digər kəndlərdə etdikləri kimi, Çərəktardakı bütün evlərə, məktəbə, gözə dəyən hər şeyə od vurub son nəfərəcən oradan çıxdılar.
Amma iş-işdən keçəndən sonra bəlli oldu ki, sən demə, onlar buradan çıxmamalıymışlar. Çünki 1992-ci ildə Ağdərə rayonu Azərbaycan dövlətinin qərarı ilə ləğv ediləndən sonra onun kəndləri Ağdam, Tərtər və Kəlbəcər arasında bölünmüşdü. Lakin əldə olunan razılaşmaya görə, ermənilərin işğal altındakı rayonları təhvil verməsi sovet dövründəki inzibati ərazi bölgüsünə əsasən aparılmalıymış. Yəni hələ ki bu və bir neçə kənd, o sıradan Çərəktar, qalır Rusiya sülhməramlılarının nəzarətində.
Qışın günündə özlərini beləcə qoydular evsiz-eşiksiz, məktəbsiz, yer-yurdsuz. Allah onların başqalarına etdiklərini öz əlləri ilə öz başlarına gətirdi ki, bəlkə bundan sonra ev yıxmağın və yaxmağın nə demək olduğunu anlayalar.
Görəsən, qandılarmı niyə belə oldu? Görəsən, sonra təpələrinə yağacaq bundan beşbetər bəlalar onlara başa sala biləcəkmi niyə Allah onlardan üz döndərib?!
Hər şeyi bilən, görən, eşidən adil Allah Onun Evini yağmalayıb gedənin cəzasını əsirgəmədiyi kimi, Onun Evinə "Quran" gətirənin də savab əməlinin mükafatını çox gözlətmədi.
On min yox, yüz min yox, milyon illərlə yaşatdığı Azıxı yenə qorudu və Mağaradan qəsb edilmiş sərvətləri də təzədən həqiqi sahibinə - Azərbaycana qaytardı.
Qələbə sevincli noyabr günlərində Xocavənd rayonunun Azıx kəndindəki boş evlərdən birinə baxış keçirən hərbçilərimizi hədsiz fərəhləndirən hadisə baş verir - 90 qutu tapırlar. Üstündə "Azıx" yazılması diqqətlərini çəkir. Bəlli olur ki, bunlar hamısı arxeoloji qazıntı nümunələridir. Çoxu qədim fauna qalıqları olan bu qiymətli sərvəti alimlərimizin araşdırması üçün yubanmadan Bakıya yollayırlar.
Yəqin ki, müharibə erməniləri belə vəlvələyə salmasaydı, əcnəbi arxeoloqların qazıb çıxardığı bu sərvətlərin qablaşdırıldığı həmin qutuların hamısı az sonra İrəvana ötürüləcəkdi.
Kim bilir, hələ indiyədək nə qədərini də daşıyıb aparıblar.
Təşvişlə buraları tərk edəndə qutuları götürməyə girəvə tapmayıblarmı, ya qutulara məsul olan kim, ya kimlərsə bura yetişənəcən gəbərdilibmi, fərqi yox, yazını Göydəki Kişi Özü bildiyi kimi Yazıb və Niyyəti də daha bir erməni haramının baş tutmasına Fürsət Verməməkmiş.
Görkəmli fırça ustası Elmira Şahtaxtinskayadan düşündürücü bir tablo da yadigar qalıb. Rəssam ilahi fəhmlə Azıxın əsas fəlsəfəsini və tarixdəki mənasını tuta bilib, Mağaranı ana bətninə oxşar təsvir edib.
Hələ 1960-cı ildə böyük Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun kəşf etdiyi bu əsrarəngiz mağarada 1968-ci ildə təqribən 350-400 min il əvvəl yaşamış gənc xanımın çənə sümüyü tapılandan sonra Azıxın dünyadakı 3-4 ən qədim yaşayış məskənlərindən olması ehtimalı tam sübuta yetdi. Azıxantrop elmdə yeni səhifəyə çevrildi.

Bu milyonu aşan yaşı boyunca Ana Mağara nələr doğmadı, qoynundan nə qədər balalar və bəlalar keçmədi?!
Düşmənin murdar pəncələri altında qalan Azıx uğrunda savaşlara Avropa Şurasında hələ 2000-ci illərin əvvəllərində başlamışdıq. Azıxla bağlı o dövrdə ayrı-ayrı illərdə və müxtəlif münasibətlərlə 5 sənəd hazırlamışdım. 2001-ci ilin 27 iyununda (9147), 2003-cü ilin 13 oktyabrında (9977) və 2005-ci ilin 26 aprelində (10518) ingilis və fransızca nəşr edilərək yayılan sənədlərdə tək Azərbaycanın yox, əslində, bütün avropalıların olan bu təbiət abidəsinin nadirliyini təsdiqləyən bilgilər verir, onu erməni vandalizmindən qorumağa çağırırdım. 2007-ci il oktyabrın 4-də təqdim etdiyim "Ermənistan tərəfindən işğal edilmiş Füzuli rayonunda Avropa insanının ən qədim yaşayış məskəni olan Azıx mağarasında Azərbaycan alimlərinin tədqiqatlar aparmasına imkan yaradılması zəruriyyəti" adlanan 11417 saylı sənəddə ölkəmizdə Azıxla bağlı aparılmış elmi araşdırmalardan, alimlərimizin xidmətlərindən, Mağaranın UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsi üçün Azərbaycanda artıq müvafiq sənədlərin hazırlanmasından bəhs edilir, hər cür beynəlxalq nəzarətdən kənarda qalan erməni hərbi birləşmələrinin dünya əhəmiyyətli bu misilsiz abidəni atəşaçma təlimləri keçirilən poliqona döndərməsi barədə həyəcan təbili çalınır, belə dözülməz halların qarşısını almaq üçün Avropa Şurası Nazirlər Komitəsindən öz səlahiyyətləri çərçivəsində qəti addımlar atması istənilirdi.
Sonra, görünür, erməniləri başa salan oldu, duyuq düşdülər ki, burada mənimsəməli qədim tarix var, əsl özününküləşdirmək girəvəsidir. Şəksiz ki, qırxayaq lobbilərinin əli ilə Böyük Britaniyadan, İspaniyadan, Fransadan və digər ölkələrdən arxeoloq alimləri də gətizdirərək, onları da cinayətlərinə şərik qoşaraq guya müştərək tədqiqatlar aparmağa başladılar.
Vaxtındaca buna da etiraz edən ayrıca sənəd hazırladım, Parlament Assambleyasında çıxışlar etdim, məsələni ictimailəşdirdik, beynəlxalq arenaya çıxartdıq.
Fəqət belə məlum olur ki, Ermənistan Mağaranı eşməyi çoxlu qüvvə cəlb etməklə səsə salmadan xəlvəti aparırmış və bunun da səsi 2016-cı ilin avqustunda Nyu Yorkda, ABŞ-ın məşhur "Springer" nəşrlər evində Yolanda Fernandez-Jalvo, Levon Yepiskopyan, Tanya Kinq və Peter Endrüssün redaktəsi ilə 40 müəllifin yazdığı 15 məqalədən ibarət irihəcmli, bir neçə min tirajla buraxılan kitabla çıxdı və hətta həmin məcmuənin o ilin noyabrında Xankəndidə təmtəraqlı təqdimatını da keçirdilər.
Ancaq sən saydığını say, gör fələk nə sayır!
Ermənilər can hayında tələm-tələsik əsarətdə saxladıqları ərazidən çıxanda məhz Allahın iradəsiylə Azıx mağarasından oğurladıqları ələ keçdi, saxtakarlıq həyat və düşüncə tərzləri olan ermənilərin illər uzunu əlləşib-vuruşub törətdikləri tarixi fitnəkarlıq bir anın içində puç oldu, sabah onları və onlara qoşulmuşları ifşa etməkçün İlahi Özü Yardım Əlini Uzatdı.
Azıx mağarasına ermənilərin etdiyi bir pislik də var. Yan-yörəsini, içərilərini minalayıblar ki, sabah ora girəni ölüm qarşılasın.
Azıx mağarasının o yarasına da çarə qılınacaq. Bəs görən, bu iblisliyin cəzasını Pərvərdigar günah sahibinə necə göndərəcək?
Erməni zəbt olunmuş ərazilərimizin bizsiz qaldığı illərdə oradakı 2600-dən çox tarix və mədəniyyət abidəmizin ya tamam axırına çıxıb, ya erməniləşdirib, ya ya da şikəst edib.
Məscidlərimizi dağıtmaları, təhqir etmələri bir yana, orta əsrlərdən qalan 20 alban kilsəsini də erməniləşdiriblər.
Çıxhaçıxda bir zibillərinin də üstü açıldı. Xaçkarlar düzəldən sexləri varmış. Qədim erməni qəbri başdaşısı adı ilə öz Saxta Tarix Emalatxanalarında istehsal edilən bu daşları basdırırmışlar torpağa, bir müddət qalıb köhnələndən sonra daşıyırmışlar zəbt edilmiş ərazilərin müxtəlif kənd-kəsəyinə.
Hələ tam dağıdıb qurtarmadıqları qəbiristanlıqlarımızda ölülərimizin qəbirüstü nişanələrini yox edəndən sonra gətirdikləri xaçlı daşları calayırlarmış köhnə məzarlara. Adını da qoyurmuşlar elə qədimlərdən buralarda yaşamış ulu babalarının məzarı. Hələ tam dağıtmadıqları 250-yədək qəbiristanlığımızı elə bu çirkin məqsədlə saxlayırmışlar.
Buna bənzər bir paxırlarının üstü 1980-ci illərin sonlarında, Gəncəbasardan qaçdıqları əsnada açılmışdı.
Bu üzü üzlər görmüşlərçün təfavütü yoxdur, alban olsun, ya alman. Harda tini düşdü, nəyə tamah saldı, qapazlamalıdır.
Göygöl rayonundakı məzarlıqda üstü xaçlı köhnə alman qəbirlərinin baş və sinə daşlarındakı yazıları çapıb-yonub itirir, yerinə guya 150 ildən də qabaq vəfat etmiş bir erməni adı ovurmuşlar. Yəni biz köhnədən buranın sakinləri və sahibləriyik.
Hələ tam saxtalaşdırıb qurtarmağa macal tapmadıqları, bir tərəfində pozulub qurtarmamış almanca köhnə yazılar, o biri tərəfində ermənicə təzə yazılmağa başlayan ad, soyad, tarix.
Hamısı lentə də alınıb, fotoları da çəkilib. Zamanında Strasburqda o sənədləri alman deputatlara da paylamışıq ki, dirilərdən oğurlamaqdan gözləri doymayıb ölülərin də "cibinə girən" bu goreşənləri yaxşı tanısınlar.
Bu əxlaqın, bu mənəviyyatın (daha dəqiqi: bu əxlaqsızlıq və mənəviyyatsızlığın) yiyəsi olan ermənilər və ermənilik indi də yaxa cırmağa başlayır ki, bəs biz gedəndən sonra Qarabağdakı xristian məbədlərinin taleyi necə olacaq?
Və Prezident İlham Əliyev Kəlbəcər təbrikini söyləyəndə özləri kimi riyakar havadarlarını da ermənilər və erməniliyə qataraq ağızlarının şapalağını yaxşı vurdu: "Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq?
Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki təhqir edilib, donuzlar saxlanılıb. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı.
Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir.
Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur.
Bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda".
Azərbaycan insanı bax bu yerdə durub televizoru qucaqlayır, ekranın yanağından öpür!
... Namaz qılanda alın yapışdırılan, canamaza bükülərək evin yuxarı başında saxlanan möhür hər torpaqdan düzəldilməz ki!
İslamı zamanında ölkə-ölkə aparanlar çox uzaqlara baxmağı bacaran müdrik insanlar olublar. Biliblər ki, gəldikləri yerlərdə axıracan qala bilməyəcəklər, gün yetişəcək, buralardan köçlərini çəkməli olacaqlar. Amma elə ediblər ki, dilləri burada qalsın, elə ediblər ki, özləri buralardan çıxıb gedəndən yüzillər ötəndən sonra da qərib məmləkətlərin insanları onların torpağından, onların seçilmişlərinin əbədi uyuduqları yerlərin torpağından düzəldilmiş möhürü öpməyi, deməli, o torpağa səcdə etməyi, baş əyməyi şərəf saysınlar. Məkkə, Mədinə torpağı kimi, İmam Hüseynin qovuşduğu Kərbəla torpağı kimi, İmam Rzanın tapşırıldığı Məşhəd torpağı kimi.
Torpaqlar itirib illərcə onun tamarzısı olandan sonra biz hər qarış yerimizin qədrini indi daha artıq bilirik.
Torpağımızı bunca şirin, bunca sevimli, bunca doyulmaz edən həm də zərrə-zərrə ona qarışmış, bizliyimizin mayası olan mədəniyyətimiz, irsimizdir.
Arzulayıram ki, ölkəmizin qədim, hər birimizçün əziz olan guşələrindən götürülmüş pak torpaqdan düzəldilən "Vətən möhürü"müz olsun.
Sadə, ancaq nəfis hazırlanan o möhürləri alaq, hər birimiz onu təbərrük kimi evimizdə saxlayaq.
Xalqımızda bərəkətə and içmək adəti var. Olsun, amma bərəkətlərin ən ucası olan Ana Vətən torpağına and içmək, "Torpaq haqqı!" andını yaddaşlara həkk etmək barədə də düşünək.
Hər birimizin evində, iş yerində saxlanacaq həmin "Vətən möhürü"nə, həmin bərəkətə, həmin müqəddəsliyə əl basıb and içək, onu öpüb gözümüzün üstünə qoyaq və bu milli səliqəni övladlara aşılayaq ki, onlar da həmin ənənəni artıq təbii bir vərdiş kimi özlərindən sonrakılara ötürsünlər.
 
Vətənə and olsun!!!
25 noyabr, 2020



Xəbər lenti